Kitab ətirli günlərdən qalanlar
2019-cu ilin 27-29 sentyabrı Bakıda "Kitab
bayramı" kimi yadda qaldı. Hər iki ildən bir Mədəniyyət
Nazirliyinin dəstəyilə reallaşan Beynəlxalq Kitab Sərgi-Yarmarkası
hər dəfə bir az da çox
uğurlarla tarixə çevrilir. Fikrimcə,
budəfəki VI sərgi-yarmarkanın əsas uğuru daha
geniş insan kütləsini özünə cəlb etməsi
oldu.
İlk
günündən etibarən geniş auditoriyanın sonsuz
marağını öz üzərinə cəlb edən sərgi-yarmarkanın
sonrakı iki günündə də həmin maraq səngimək
bilmədi...
***
Bakı İdman Sarayı çiçək
açıb sanki. Hələ uzaqdan rəngarəng
afişalar, elanlar, böyük kitab şəkilləri
insanın gözlərini güldürür. İzdiham hələ qapının ağzındaca
"kitab oxuyan yoxdur, kitaba maraq öləziyib" fikirlərini
alt-üst edir. Baxmayaraq ki, elə də
gecikməmişəm, amma məndən tez gələnlər
də var, torba-torba kitablarla İdman Sarayını tərk
edirlər.
Bu gün mənimçün xüsusilə əhəmiyyətlidir. Çünki
bu gün Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı
ilə VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində
dörd gənc yazarla görüş keçiriləcək.
AYB-nin üzvləri, Prezident təqaüdçüləri
Ruslan Dost Əli, Çinarə Ömray və Ruzbeh Məmmədin
yer aldığı görüşdə dördüncü
imza da mənəm. Öncədən sosial
şəbəkələrdə elan vermədiyimizdən,
görüşün təbliğatını
aparmadığımızdan "görəsən, kimlər
gələcək?" düşüncələriylə
kitab stendlərinin arasında gəzirəm. Bir-birindən maraqlı stendlər ölkədə
kitab çapı və poliqrafiyanın son illərdə necə
böyük sürətlə inkişaf etdiyini göstərir.
Valideynlər beşikdəki körpələrini
qucaqlarına alıb, balacaların əlindən tutub gəlmişdilər.
Uşaqların əlindəki nağıl
kitabları çiçək açırdı. Gənclər stendlərə yaxınlaşıb
konkret kitabları soruşurdular, imza mərasimlərində elə
oradaca tanıdıqları yazarlara maraq göstərir,
kitablarını alıb imzaladır, torba-torba kitabla gedirdilər.
Sevindirici haldır ki, axının 80 faizi gənclər
idi.
Günün ilk təqdimatı Azərbaycan
Yazıçılar Birliyinin stendində şair Rəşad
Məcidin "Səbəbi sənsən" kitabı olur. Kitaba
bütün nəsillərdən olan oxucu diqqəti və
marağı insanımızın poeziyaya, xüsusən sevgi
poeziyasına olan məhəbbətinin hələ də
yaşadığını göstərir.
Ondan sonra bizim görüşün vaxtı gəlib
çatır.
Sarayın akt zalına qalxırıq. Gördüyüm mənzərə bir daha sevincimizə
səbəb olur. Zalda gənc yazarlarla
görüşə gələn oxucuların əksəriyyəti
gənclərdir. Görünür, onlar
öz nəsildaşlarını tanımağa daha çox
maraqlıdırlar. Görüş də
onların maraqlı sualları, şairlərin şeirləriylə
daha xoş ovqatda keçir.
Görüşün ardından oxucular üçün
kitablarımızı imzalayıb yenidən sərginin
keçirildiyi məkana gəlirik. Əksər stendlərin
önündə izdiham var. Bu izdihamların əsas səbəblərindən
biri isə müxtəlif şair və
yazıçıların imza mərasimləri, kitab təqdimatları
idi. Məsələn, "Qanun" nəşriyyatının
stendi önündə hələ bizim görüşdən əvvəl
filosof, ədəbiyyatşünas Niyazi Mehdi özünün
yeni əsəri "Altay və Umay"ı imzalamağa
başlamışdı.
Görüşdən sonra aşağıda, monitor
meydanında fərqli təlaş
yaşandığını gördüm. İnsanlar
orada bir izdiham yaratmışdılar. Nə
olduğuyla maraqlanmaq üçün yaxınlaşanda
fransız yazıçısı Jean Christophe Rufinin
kitablarının satıldığını gördüm.
"Qanun" nəşriyyatı tərəfindən
çap olunan kitablara oxucuların diqqəti xüsusi idi.
Səbəbini isə nəşriyyatın əməkdaşı
Nilufər Lətif dedi. Sən demə, bir
neçə dəqiqə sonra yazıçının
"Kral Ziblinin dünya səyahəti" kitabının
imza mərasimi olacaqmış. "Qanun"un təşkilatçılığı ilə
keçirilən bu mərasimin özü də sərgi-yarmarkaya
qarşı olan ciddiyyətin bir nümunəsi idi.
Kitablar o qədər sürətlə
satılırdı ki, əməkdaşlar stendi yeniləməyə
vaxt tapmırdılar. Nəhayət, yazıçının
özü göründü. İmza mərasimindən
öncə bir neçə cümləylə oxucuları
salamlayan Rufin Bakı Kitab Sərgi-Yarmarkasında iştirakdan
məmnunluğunu ifadə etdi. Azərbaycanlıların
kitaba bu cür sevgisi fransız yazıçıda təəccüb
qarışıq sevinc yaratmışdı.
***
Ondan bir qədər sonra Azərbaycan
Yazıçılar Birliyinin stendində türkiyəli
yazıçı Bəxtiyar Aslanın "Üç əqrəb
zamanı" adlı hekayələr kitabı təqdim
olunurdu.
Tədbirdə
kitabdakı əsərləri dilimizə
uyğunlaşdıran Eyvaz Zeynalov, Təranə Vahid, Aslan
Quliyev, Narıngül Nadir və Cavid Qədir də iştirak
edirdilər.
Yazıçı
Narıngül Nadir kitabda yer alan "Qar və
düyün", "Qüllə" və "Quyu"
hekayələrini dilimizə çevirdiyini bildirdi.
Yazıçı
Cavid Qədir dedi ki, müxtəlif illərdə Bəxtiyar
Aslanın hekayələri "525-ci qəzet"də dərc
olunub: "Müəllif kiçik hadisələrdən
böyük əsər yaratmağı bacaran
yazıçıdır. Çox şadam ki,
onun bəzi hekayələrini dilimizə çevirmək mənə
qismət olub".
Yazıçı,
jurnalist, kitabın "Ön söz"ünün müəllifi
Təranə Vahid nəşrdə 15 hekayənin yer
aldığını bildirdi, əsərlərin oxucular tərəfindən
maraqla qarşılanacağını dedi.
Həmin gün VI Beynəlxalq Kitab Sərgi-Yarmarkası
çərçivəsində Türkiyənin "TEDA"
proqramının təqdimatı keçirildi.
Qardaş ölkənin Bakıdakı səfirliyinin Mədəniyyət
və təbliğat müşavirliyi tərəfindən təşkil
olunan mərasimdə Bakı Slavyan Universitetinin tələbələri
və digər qonaqlar iştirak edirdilər.
"TEDA"
proqramı haqqında məlumat verən Müşavirliyin rəhbəri
İrfan Çiftçi bildirdi ki, Türkiyə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən həyata keçirilən
layihə türk mədəniyyəti, sənəti və ədəbiyyatının
xarici ölkələrdə təbliğinə xidmət edir:
"İstənilən ölkədən layihəyə təklif
edilən əsərin nəşri üçün maliyyə
vəsaitini Türkiyə dövləti ödəyir. 2005-ci
ildən fəaliyyət göstərən layihə üzrə
bu günədək 2918 təklif dəyərləndirilib və
77 ölkədə 61 dildə ədəbiyyat
yayımlanıb. Layihə üzrə 2017-ci ildə
Azərbaycandan 87 əsərə dəstək verilmişdisə,
2018-ci ildə bu rəqəm 134 olub. Ən çox dəstək
alan və müraciət edən ölkələr
isə Bolqarıstan, Almaniya, Makedoniya, İran və Azərbaycandır".
İrfan Çiftçi qeyd etdi ki, türk dili
dünyanın ən çox danışılan dilləri
sırasında 5-ci yerdədir. Layihənin məqsədi
həm də türk dilini bütün dünyada təbliğ
etməkdir.
Görüş iştirakçıların
suallarının cavablandırılması ilə davam etdi.
***
Festivalın son günü - 29 sentyabrda İdman
Sarayına insan axını daha çox idi. Həmin
gün qatıldığımız ilk tədbir "Qızıl
Kəlmə" mükafatçıları ilə
görüş oldu. Görüşdə
şair, Əməkdar mədəniyyət işçisi Vaqif
Bəhmənli çıxış edərək
"Qızıl Kəlmə" ədəbi
mükafatının Azərbaycan mədəni və ədəbi
həyatında mühüm yeri olduğunu vurğuladı.
Qeyd etdi ki, Mədəniyyət Nazirliyi tərəfindən
2009-cu ildə təsis olunan mükafat çağdaş milli ədəbiyyatın
parlaq örnəklərini dəyərləndirmək,
yaradıcı insanların əməyini stimullaşdırmaq,
qələm sahiblərini yeni və geniş oxucu dairələri
tərəfindən maraqla qarşılanan əsərlərin
yaradılmasına təşviq etmək məqsədi
daşıyır. Dedi ki, bu mükafata layiq görülən
əsərlər müasir Azərbaycan ədəbiyyatının
mənzərəsini ifadə edir. Kitab sərgi-yarmarkası
çərçivəsində belə bir
görüşün keçirilməsinin əhəmiyyəti
qeyd edildi.
Daha sonra
çıxış edən Reyhan Yusifqızı, Yaqub Babayev,
Solmaz Amanova, Şərif Ağayar, Mübariz Örən,
Şahanə Müşfiq, Sadıq Qarayev və
başqaları bugünkü ədəbi prosesdən, ədəbiyyata
olan marağın artırılmasının vacibliyindən bəhs
etdilər. Müstəqil ölkə kimi Azərbaycanda
ədəbiyyatın inkişafına geniş meydan
açıldığı diqqətə
çatdırıldı. Yazarlar, həmçinin,
dövlət tərəfindən ədəbiyyat sahəsinə
və bədii yaradıcılığa göstərilən
diqqətdən danışdılar.
Elə həmin vaxtlarda şair Dayandur Sevgin AYB-nin stendində
“İkinci addım” kitabını imzalayırdı.
Daha sonra
Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli
adına Respublika Uşaq
Kitabxanasının təşkilatçılığı ilə
"Bərpanəşr" layihəsi çərçivəsində
çap olunmuş uşaq kitablarının təqdimatı
keçirildi.
Tədbiri Respublika Kitabxana Kollektorunun direktoru Ələddin
Əsədov açaraq "Bərpanəşr" layihəsi
üzrə işıq üzü görən kitabların əhəmiyyətindən
danışdı. Qeyd etdi ki, nümayiş olunan nəşrlər
ötən əsrin əvvəllərindən 80-ci illərədək
olan dövrdə çap olunan və kitabxananın
"qızıl fond"unda saxlanılan kitablardır. Bu nəşrlərə yenidən həyat vermək
uşaqların dünyagörüşünün və həyata
baxışlarının daha yaxşı formalaşması
üçün xüsusi önəm kəsb edir.
Bildirildi ki, nazirliyin dəstəyi ilə həyata
keçirilən "Bərpanəşr" layihəsi
kitabxanalarda bir nüsxəsi qalmış nadir kitabların
yenidən oxuculara təqdim olunmasında mühüm rol
oynayır. 2016-cı ildən bu günə qədər layihə
çərçivəsində uşaq ədəbiyyatı
üzrə 58 adda kitab işıq üzü görüb.
Onların bir neçəsi Türkiyədə
"Zengin Yayınçılıq" nəşriyyatı tərəfindən
çap olunaraq qardaş ölkənin oxucularına təqdim
edilib. Sərgi-yarmarkada isə layihə
üzrə işıq üzü görən 11 adda uşaq
kitabı təqdim olunur.
AYB-nin stendindəki növbəti təqdimat hərbi vətənpərvərlik
mahnılarının müəllifi, tanınmış
şair Şahin Musaoğlunun idi. O, "aybKitab" layihəsindən
çap olunan "Güllədən biçilən köynək"
kitabını imzalayırdı. Müəllif
keçirilən sərgi-yarmarkanın əhəmiyyətindən
danışdı, bu işdə zəhməti olanlara təşəkkür
etdi.
Sonlara doğru mərhum yazıçı İsi Məlikzadənin
"Qanun" nəşriyyatında işıq üzü
görmüş "Qatarda" kitabı təqdim olundu. Təqdimatda
kitabın nəşrinin təşəbbüskarı,
"Ön söz"ün müəllifi Rəşad Məcid
iştirak edirdi. Yazıçının qızları,
ailə üzvlərinin də qatıldığı təqdimatda
insanların İsi Məlikzadə adına
və yaradıcılığına sevgisi bir daha
özünü göstərirdi. Qeyd edək ki,
"Qatarda" kitabında müəllifin bu günə kimi latın qrafikasında çap olunmayan hekayələri
də yer alıb. Sevinci və fərəhi
gözlərindən oxunan yazıçının
qızı Xatirə Məmmədova kitabın çapında
zəhməti olan hər kəsə öz təşəkkürünü
bildirdi, atasının yaradıcılığına olan diqqətdən
razılığını ifadə etdi.
Sərgi-Yarmarkanın bağlanış mərasimində
kitab bayramına qatılmış nəşriyyat, poliqrafiya
müəssisəsi, kitabxana və digər qurumlara VI Bakı
Beynəlxalq Kitab Sərgi-Yarmarkasında fəal iştiraka
görə diplomlar təqdim edildi.
Beynəlxalq
Kitab-Sərgi Yarmarkasının Təşkilat Komitəsinin qərarına
əsasən sərgidə xüsusi stendi və fəaliyyətinə
görə seçilən
"Teas Press" nəşriyyatı "Ən yaxşı
nəşriyyat" mükafatı ilə təltif edildi.
Şərəf Cəlillinin "Seyid İmadəddin Nəsimi:
həqq idi, həqq söylədi, həq dedi" kitabı isə
"Ən yaxşı nəşr" mükafatına layiq
görüldü.
Beləcə, bir kitab bayramının da sonuna gəldik. Budəfəki sərgi-yarmarkaya insan axını onu da sübut elədi ki, insanımız mütaliəni heç də yadırğamayıb, kitabdan ayrı düşməyib. O oxuyar, əgər ona kitab versən.
Bu cür möhtəşəm işdə zəhməti
olan hər kəsə bir daha təşəkkür edir, belə
tədbirlərin daha tez-tez keçirilməsini
arzulayırıq.
Şahanə
MÜŞFİQ
525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.14.