"Mən saralıb-soldum qərib ellərdə..."
Ümgülsüm xanımın
75 İl əvvəl qırılan ömrünə elegiya
Ümgülsüm xanımın ölümündən
75 il keçdi.
Səssiz-səmirsiz, anılmadan,
xatırlanmadan... Amma belə
keçməməliydi. Biz o ölümü işğala, sovet rejiminin milləti köləyə çevirmək
üçün milli
təfəkkür formalaşdıran
aydınlarını repressiya
maşınından keçirən,
cismən susduran istilasına etiraz, üsyan kimi xatırlamalı və xatırlatmalıydıq. Axı Ümgülsüm
Sadıqzadə 1937-ci ildə
repressiya olunan yeganə xanım şairimizdir.
Yazı adamlarını qadın-kişi
qisminə bölmək
fikrindən uzaq olmalıyıq, kimin sözü güclüdürsə,
kimin sözü yaşayırsa, söz adamı odur. Ancaq Ümgülsüm
xanım əbədi yaşamaq haqqını özü - yaradıcılığı
və həyatı bahasına qazanıb.
Onun ömrünü yarıda
qoyan istiqlal sevgisi olub və
Ümgülsüm Sadıqzadə
həm də yeganə xanım istiqlal şairimizdir.
Onun xanımlığının önə
çəkilməsi də
elə bu üzdən, ilk və yeganə olduğundandır.
İndi Ümgülsüm xanım
özü kimi talesiz, ancaq parlaq istedadlı qələm sahibləri - Seyid Əzim Şirvani, Sabirlə eyni məkanda - Şamaxıdakı "Şah
Xəndan" məzarlığında
uyuyur. Cümhuriyyətin
100 illiyində ziyarət
etdiyim istiqlal şairimizi ölümünün
75-ci il dönümündə
də tək qoymaq istəmirəm. Yol boyu təbii ki, onu düşünürəm.
Ümgülsüm xanım əslən
Bakıdan idi və əgər dünyanın düz vaxtı olsaydı, yəqin ki, son mənzili də Bakıda olacaqdı. Onu Şamaxıya aparan 37-nin səmum yelləri oldu. Ümgülsüm xanım Cümhuriyyət
qurucusu Məhəmməd
Əmin Rəsulzadənin
əmisi qızı, yazıçı Seyid Hüseynin həyat yoldaşı idi. Seyid Hüseyni "Müsavat"
Partiyasını üzvü
və Rəsulzadənin
qohumu olduğu üçün Bakıda
güllələdilər. Ümgülsüm xanım
"xalq düşməni"nin ailə üzvü kimi 8 il müddətinə Sibirə sürgün edildi. Sibirin şaxtası və ağır iş şəraiti Ümgülsüm
xanımın sağlamlığını
əlindən alıb
əlil elədiyi üçün sovet hökuməti ona "iltifat" göstərib qalan bir illik
cəzasını ona
"bağışladı". Amma Bakıda yaşamağa
icazə verilmədiyindən
Ümgülsüm xanım
Şamaxıya köçdü.
3 ay sonra - sentyabrın
17-si sürgün həyatının
amansız ağrıları
onun həyatına son
qoydu... Ümgülsüm xanımın ömrünün
cild-cild kitablara sığışmayan acılarını,
iztirablarını bir
neçə cümləyə
sığışdırdığım
üçün özümü
günahkar sayıram.
Onun bir elə məhbəsdə yazdığı gündəliyini
- "Qala xatirələri"ni vərəqləmək
günahımı təsdiqləməyə
yetər... Amma bu fiziki və
mənəvi əzabların
bir-birini üstələdiyi
zamana qədər, bunca ayrılıqlar və ölümlər hələ onları haqlamadan yaşanan günlər vardı ki,
Ümgülsüm xanım onları öz qəlbinin, duyğularının tərcümanı
kimi misra-misra vərəqlərə köçürmüşdü.
Ey Türk, sən ey qəhrəman,
yigit oğlu Turanın!
Şanlı, yüksək babanın
öyüdünü unutma,
Sən də yürü o yolu.
Yürü, əvət, özünü
heç bir şeydən qorxutma,
Yürü, əvət bir
daha təməddünün,
ürfanın
Ülvi
duyğular versin
türkün həssas
qəlbinə,
Hörmət, izzət aldırsın böyük Turan elinə.
Həzin şeirlər müəllifi
kimi xatırlanan Ümgülsüm Sadıqzadə
türkçü, turançı,
istiqlalçı bir türk xanımı idi. "Səs verəlim”,
"Ey türk oğlu", "Əsgər
anasına" şeirlərinin
hər misrasında onun türklüyü,
soy-kökü ilə
necə qürur duyduğu, bu adı necə şərəflə daşıdığı
və bu dəyəri öz oxucusuna ötürmək istəyi aydın görünür.
Ümgülsüm xanım türk
ordusunun gəlişinə
həsr etdiyi "Yolunu bəklərdim" şeiri isə hər birimizin qəlbində yaşayan minnətdarlıq hissini ifadə edir.
İştə gəldin, gözlərimin
yaşlarını qurutdun,
Nəvazişin ovunmayan qərib ruhu oxşadı.
Heç
ölçüyə sığınmayan
dərdlərimi ovutdun,
Qara günüm
hilalının işığıyla
parladı.
Artıq
bana nəsib deyil şadlıq,
sevinc-deyirkən
Gəldin,
aldın ürəyimi-ağlama,
gül, - dedin sən.
Azərbaycan tarixinin bir parçası var bu misralarda, türk dünyasının
birliyini, qardaşlığını,
ən çətin məqamlarda bir-biri üçün can fəda
etməyə hazır
olduğunu göstərən
doğmalığı var bu misralarda.
Sən,
bayrağım!
O yüksək şanlarınla
enərkən.
Mavi göyə bir duman gəldiyini
sezdim mən.
Qoynundakı ağ nurlu ay-yıldızın
sönərkən,
Üzərimə doğacaq günəşlərdən
bezdim mən -
deyən, Azərbaycanın
istiqlalı yolunda olmazın zülmlər çəkən, bütün
əzizlərini, doğmalarını
və öz həyatını itirən
bu böyük vətən, millət, bayraq sevdalısı, istiqlalçı
şairimizi unutmağa
haqqımız varmı?
Yazıq səni bayrağım, endirdilər, öyləmi?
Səni
yıxıb devirən
o zəhərli ruzigar,
O haqq yeyən qansızlar,
vəhşilər, tanrısızlar,
Yanar ocağımı
da söndürdülər,
öyləmi?
Ümgülsüm xanımın bütün
həyat hekayəsi sanki bu dörd
misrada öz ifadəsini tapıb. 1920-ci ildə
yazılan bu şeir Ümgülsüm
xanımın o an yaşadığı və
illər sonra yaşayacaqlarından bir soraqdır. Üçrəngli bayrağımızın Parlament binası üzərindən endirildiyi
andan onun həyatı təlatümlər
və sarsıntılarla
keçdi. Bütün
ailəsi və doğmalarının qapısını
döyən həbslər,
sürgünlər, ölümlər...Sürgün həyatının
yeddi ili
Sibirin qan donduran şaxtalarında Ümgülsüm xanımın
öz payına düşdü. Doğrudur, o, Sibirdə deyil,
vətəninin bir parçası olan Şamaxıda dünyasını
dəyişdi. Amma layiq
olduğu dəyər
verilmədiyindən Ümgülsüm
xanım hələ də "sürgün"dədir.
Qızı - yazıçı
Qumral xanım, oğlu - Xalq rəssamı Oqtay Sadıqzadə Ümgülsüm
xanımın kiçicik
bir kitabçada toplanmış şeirlərinin
yenidən nəşr
edilməsini arzulayırdılar.
Onların sağlığında gerçəkləşməyən bu arzu yerinə
yetsə, Ümgülsüm
xanımınn İçəri
şəhərdə yaşadığı
evin qapısına bir xatirə lövhəsi vurulsa, adı istiqlal şairi kimi dərsliklərə salınsa,
onun taledən və bəlkə də bizdən incik ruhu bir
rahatlıq tapar.
Yeganə xanım istiqlal
şairimizin sürgündən
vətənə gerçək
dönüşü də
o günlərdə olacaq.
Kimsəsiz, ot-ələf basmış
məzar başında
xeyli dayanıram. Qərənfillər Ümgülsüm xanımın
sinə daşına yazılmış elə özü kimi məsum, küskün
"mən saralıb-soldum
qərib ellərdə"
misralarını öpür.
Bakıya hava qaralanda çatıram. Axşam qüssə kimi
çöküb şəhərə.
Milyonlarla insanın arasında duyduğun yalnızlıq,
tənhalıq daha ağırdı... Görən
sabah qələmimlə
döyəcəyim qapılar
nəhayət ki, üzümüzə açılacaqmı
deyə düşünürəm
və ürəyimdə
Ümgülsüm xanımın
misralarını pıçıldayıram:
Gəldim
iştə, dərdim
sana söylədim,
Ərzimi dinləyən, soran nerədə?
Nəcibə BAĞIRZADƏ
Bakı-Şamaxı.
19 sentyabr 2019-cu il
525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.20.