Taleyin yazısı
Ümm-ül-Banunun "Min bir gecə"
nağılı
1.
Mən bu
yazını üç dəfəyə - bir-birindən uzaq
və indi həmişəlik bir keçmişdə
qalmış illərin ayrı-ayrı üç
günündə (8 noyabr 1988; 27 mart 2006 və indi - 7 avqust
2019) yazıb, güman edirəm ki, artıq son nöqtəni
qoymuşam və bu 31 (!) ildə Ümm-ül-Banu (Banin) ilə
görüşdüyüm gündən etibarən onun surəti
və taleyi həmişə mənim fikrimdə olub, hər dəfə
də özü ilə qəribə bir hərarət, eyni
zamanda da qüssəli bir duyğu gətirib.
Mən
onun əsl adını bütöv yox, söhbətimiz əsnasında
özünün latın qrafikası ilə yazıb, mənə
göstərdiyi "Ümm-ül-Banu" kimi yazıram və
vaxtı ilə artıq gənc azərbaycanlı qızı
Ümm-ül-Banu yox, Azərbaycan mənşəli fransız
yazıçısı Banin haqqında bir esse yazıb
Moskvada, "Literaturnaya qazeta"da çap etdirmişdim - bu,
Banin haqqında mərkəzi sovet mətbuatında dərc
olunmuş, hərgah səhv etmirəmsə, ilk yazı idi.
O zaman
Banin həmin esseni oxumuş və çox təsirlənmişdi.
Parisdən
mənə telefonla zəng etdi və:
-
Heç vaxt ağlıma gəlməzdi ki, rus sovet qəzeti
(bu ifadə dəqiqliyi ilə yadımdadır: "russkaə
sovetskaə qazeta") mənim haqqımda belə xoş
sözlər dərc edəcək...
Mən
"Literaturnaya qazeta"dakı o yazını da tapıb (26
iyul 1989), yenidən gözdən
keçirdim, sonra axtarıb, Baninlə ilk
görüşümüzlə bağlı, elə o gecə
Parisdə, "Kastelioni" otelində yazdığım
qeydləri tapdım və dediyim o qüssəni də qəzet
vərəqinin həmin sarısı, otel blankındakı tələsik
qeydlərin onilliklərlə ölçülən
uzaqlığı gətirirdi - bir dalğa kimi gəlib
keçən o qüssə hər şeyin daimi bir
keçmişdə qaldığını bir daha təkrar
edirdi.
İnsan
üçün keçmiş - daimidir, gələcək isə
- həm mübhəmdir, həm də payız sarısı
bir müvəqqətilik örtüyünə
bürünüb və Baninlə Paris
görüşümüz, telefon
danışıqlarımız, məktublaşmağımız
- bütün bunlar da o daimiliyin hərdən mürgüləyən,
hərdən də, indi olduğu kimi, oyanan ifadəsidir.
O zamanlar
Ümm-ül-Banudan - taleyin yazısı ilə fransız
yazıçısı olmuş Banindən məktub almaq və
ona məktub yazmaq mənim üçün çox uzaq (və
eyni zamanda, çox da yaxın!) bir möcüzə ilə
ünsiyyətdə olmaq demək idi.
Parisdən
mənə göndərdiyi 26 aprel 1988-ci il
tarixli bir məktubunda Banin yazırdı:
"Sizi bir yazıçı kimi təbrik edirəm. Ramiz Sizin
"Parisdə avtomobil qəzası" kitabınızı
müvəqqəti olaraq mənə verib və mən ona
heyran qalmışam. Sizin yumorunuz, Sizin
fantastik notlarınız və lirik verginiz mənim çox
xoşuma gəlir. "Mahmud və Məryəm"
çox sevdiyim və dəfələrlə oxuduğum
kitablardan birini - "Min bir gecə"ni mənim
yadıma saldı. Sizin bu əsərinizdə mən
Şərqin bütün gözəlliyini, qəddarlığını
və ehtirasını tapdım - Siz bu qəribə, gözəl
və qorxulu dünyanın atmosferini əla təsvir edirsiniz.
Fikirlərimi rus dilində dəqiq və incəlikləri
ilə ifadə etmək mənim üçün çox
çətindir, daha rus dilini yadırğamışam.
Sizin mətnləri oxuyarkən hiss etdiklərimin
hamısını fransız dilində yaza bilsəydim..."
Söhbət
1987-ci ildə mənim Moskvada, rus dilində nəşr
olunmuş "Mahmud və Məryəm" romanım, hekayə
və povestlərimdən ibarət "Parisdə avtomobil qəzası"
adlı bircildliyimdən gedirdi və Banin bu kitabı oxumaq
üçün, o zaman Parisdə, YUNESKO-da işləyən
həmyerlimiz Ramiz Abutalıbovdan götürmüşdü
(orasını da deyim ki, məni Parisdə Banin ilə
tanış edən də Ramiz Abutalıbov olmuşdu).
Oxucudan
gizlətmək istəmirəm, nigarançılıqla dolu və
qarışıq 1988-ci ildə Baninin mənim yazılarım
haqqında söylədiyi bu fikirlər xoş olduğu qədər
də, mənə daxili bir təpər vermişdi, amma indiki
halda mən Baninin məktubundan bu sitatı həmin xoş
sözlərə görə yox, ona görə gətirirəm
ki, əslində, onun özünün - azərbaycanlı
qız Ümm-ül-Banunun həyatı XX əsrin
acılı-şirinli "Min bir gecə"
nağıllarından biri idi.
Baninin adını mən ilk dəfə yetmişinci illərin
əvvəllərində professor Abbas Zamanovdan
eşitmişdim, ancaq nisbətən ətraflı məlumatı
isə mənə memar Mövsüm Əliyev vermişdi. Bütün qanı ilə,
canı ilə antisovet (və geniş mənada milliyətçi!)
bir adam olan rəhmətlik Mövsüm Azərbaycan
Demokratik Respublikasının tarixini gözəl öyrənmişdi
və bizim mühacirət haqqında da xeyli məlumatı var
idi. Onunla aramızda etibarlı bir münasibət
yaranmışdı və mən 1975-ci ildən etibarən
Yazıçılar İttifaqının katibi işləyəndə
(SSRİ-dəki Yazıçılar İttifaqlarının ən
gənc katibi idim) tez-tez gəlirdi,
görüşürdük, M.Ə.Rəsulzadə, F.X.Xoyski,
Ə.Topçubaşov, N.Yusifbəyli, C.Hacıbəyov...
bizim söhbətlərimizin qəhrəmanları idi, hərdənbir
də bu söhbətlərə Araz Dadaşzadə (rəhmətlik
Araz ehtiyatlı adam idi, ancaq Mövsüm onun da
etibarını qazanmışdı), Yusif Səmədoğlu,
böyük riyaziyyatçı dostum Arif Babayev də
qoşulurdu. Mən 1987-ci ildə Xarici Ölkələrdə
Yaşayan Həmvətənlərlə Mədəni Əlaqələr
Cəmiyyəti - "Vətən" Cəmiyətinin sədri
seçildikdən sonra Mövsüm Əliyevlə münasibətlərimiz
işgüzar bir əməkdaşlığa çevrildi və
Mövsüm bizim nəşr etdiyimiz "Odlar yurdu" qəzetinin
aktiv müəlliflərindən biri oldu.
Baninin əsli-kökü
haqqında da, dediyim kimi, nisbətən ətraflı məlumatı
Mövsüm Əliyevdən eşitmişdim və hələ də duman içində
olan o məlumat o zaman əzəməti bütün ölkəni
mühasirəyə almış bir Sistemin nəhəng beton sədlərini
aşaraq gəlib çıxmışdı - o sədləri
ki, haçansa onları dəf etmək, o qalın betonu
yarıb keçmək mənim üçün (və
yalnız mənim üçün yox!) ən azı
yarıfantastik bir istək, bir arzu idi, yəni haçansa bu
istək baş tutsaydı, bu, mənim təsəvvürümdə
elə Baninin özünün həyatı kimi bir
möcüzə olardı...
Və o
möcüzə baş verdi.
Bütün
imperiyaların da insan ömrü kimi başlanğıcı,
zirvəsi və sonu olur -
şeirlərdə yazıldığı, mahnılarda
oxunduğu "ucsuz-bucaqsız" Sovet İttifaqı da
tarixin bu qanunauyğunluğundan kənara çıxa bilmədi,
istisna olmadı və onun qısa (ancaq heç şübhəsiz
ki, tarixi!) ömrü şərəfsizcəsinə sona yetdi.
Banin
fransız yazıçısı idi və bu fransız
yazıçısının hər iki babası keçən
əsrin əvvəllərində var-dövlətləri
yalnız Azərbaycana, yalnız nəhəng Rusiya
imperiyasına yox, elə bil ki, bütün dünyaya
sığmayan (və o zaman, yəqin ki, daimi, əbədi
görünən!) böyük və məşhur Bakı
neft inhisarçıları Musa Nağıyev və Şəmsi
Əsədullayev idi. Şəmsi Əsədullayevin oğlu,
sonralar ADR hökumətində (F.X.Xoyskinin
başçılıq etdiyi üçüncü hökumətdə)
sənaye və ticarət naziri olmuş Mirzə Əsədullayev
ilə Musa Nağıyevin gənc və gözəl qızı
Ümm-ül-Banu evlənmişdilər və hətta 80-ci illərdə
belə Bakının qoca sakinləri o milyonçular toyu
haqqında əfsanələr danışırdı. Ancaq mən
o iki milyonçu toyu barədə ilk dəfə yeniyetmə
ikən - 1950-ci illərin sonlarında
Yazıçıların Şuşadakı
Yaradıcılıq Evində Xudadat bəy Əzizbəyovun
söhbətlərindən eşitmişdim və əlbəttə,
o toy əfsanəsinin iştirakçılarının da,
tamaşaçılarının da ağlına belə gəlməzdi
ki, həmin əfsanə ilə yanaşı, o toyda çox
acı tale yazılarından birinin bünövrəsi qoyulur.
Yeri
düşmüşkən, qeyd edim ki, əsl kübar bir
ziyalı olan rəhmətlik Xudadat bəy "Azərbaycanca-rusca
lüğət"in tərtibçisi idi və 23000 sözdən
ibarət bu lüğətin qiyməti ondadır ki, buraya,
annotasiyasında yazıldığı kimi, "aktiv
lüğət tərkibinə daxil olan sözlərlə bərabər,
danışıq dilində və dialektlərdə işlədilən"
(bax: Bakı, Azərnəşr, 1965) xeyli sözlər də
daxil edilib.
Ancaq biz öz mövzumuza qayıdaq.
İki
milyonçu övladının o izdivacından 1905-ci ildə
Bakıda anadan olan qıza qədim bir ad - anasının
adını qoydular: Ümm-ül-Banu və bu qızcığazın
dünyaya gəlişi özü ilə bir tragediya da gətirmişdi:
gənc və gözəl ana Ümm-ül-Banu doğuş
zamanı vəfat etmişdi.
Ümumiyyətlə,
Musa Nağıyev bir tərəfdən bəxti gətirən
adam idi - saman satan ailəsində doğulmuş, yeniyetmə
yaşlarında belinə palan salıb, Bakı küçələrində
yük daşıyan Musa öz fitri istedadına,
ağlına, bacarığına, fəhminə və bəxtinə
(!) görə dövrünün ən varlı
milyonçularından biri olmuşdu, o biri tərəfdən
isə bu varlı milyonçu bəxti qara bir insan idi - birinci
arvadı Ruhiyyə Seyid qızından (ikinci arvadı isə gürcü yəhudisi
Yelizaveta Qriqoryevna idi) iki övladı olmuşdu -
Ümm-ül-Banu və İsmayıl - və hər ikisi də
gənc yaşlarında vəfat etmişdi. Bundan sonra Musa
Nağıyev qardaşı Ağa Əlinin oğlu Fərəci
övladlığa götürür və bunu da deyim ki, milyonçu
oğlu Fərəc Nağıyev Sovet dönəmində
"kapitalist övladı" damğası ilə daima qorxu
içində məşəqqətli bir aktyor, rejissor həyatı
sürüb.
Ağa
Musa Bakının ən gözəl binalarından birini (mənə
görə isə birincisini!) tikdirib başa
çatdırdıqdan sonra, həmin bina 27 yaşlı
İsmayılın şərəfinə "İsmayilə"
adlandı və ora əvvəlcə əsl milli mədəni-maarif
mərkəzinə çevrildi, sonra o binanın
başına, elə bil, canlı bir varlıq idi, min bir oyun
açıldı, 1918-ci il hadisələri zamanı
daşnaklar "İsmayilə"ni yandırdı, sonra da
orada Birinci Respublikanın - Azərbaycan Demokratik
Respublikasının parlament iclasları keçirildi, daha sonra
isə ora 11-ci rus-bolşevik ordusunun əsgərlərinin
yataqxanasın çevrildi.
Həqiqətən, tikilən qalır - o binada bu gün
AMEA-nın Rəyasət Heyəti yerləşir.
Ancaq biz, deyəsən, yenə mövzumuzdan
uzaqlaşdıq.
İllər keçdi və o qədim Ümm-ül-Banu
adı dəyişib, Banin oldu.
Banin bir məktubunda o vaxt mənim hələ
oxumadığım "Qafqaz günləri" (1943-cü
ildə yazılıb) adlı avtobioqrafik romanından bəhs
edirdi: "Mən o kitabda onların (yəni müasir Azərbaycan
oxucularının - E.) yəqin ki, dumanlı təsəvvür
etdikləri keçmiş bir dünyanı qələmə
almışam: müsəlman milyonçuları
dünyasını və o dünyada, nə qədər qəribə
olsa da, məni Avropa dayələri tərbiyə edirdi. Bir də
ki, inqilab dünyasını və həmin kapitalist aləminin
məhvini qələmə almışam ki, indi o hadisələr
barədə heç təəssüf də etmirəm..."
Bax, beləcə...
Banin
Parisdə, operetta butaforiyasını xatırladan səliqəli
Ryu Loriston küçəsindəki bir otaqlı mənzilində
tək-tənha bir həyat sürürkən də
itirilmiş milyonlarının təəssüfünü
çəkmirdi və burada heç bir yalançı altruizm
yox idi: söhbət dünyanı dərk etmiş bir
hissiyyatdan, düşüncədən, rahat bir ovqatdan gedir.
2.
Azərbaycanda sovet hakimiyyəti quruldu.
Həyat
birdən-birə dünyanın heç bir qanununa
sığmayan bir zorakılıqla "Min bir gecə"
nağıllarının qorxunc səhifələrindən
birinə çevrildi və Ağa Musanın da, Şəmsi
Əsədullayevin də milyonları keçmişdə
qaldı.
O zaman
Ümm-ül-Banunun on beş yaşı
var idi.
"Qafqaz
günləri"nın fransız dilindəki
sonuncu nəşrində (1985) isə on səkkiz yaşlı
gözəl bir qızın - taleyin qovhaqovu ilə Parisə gəlib
çıxmış pulsuz-parasız Ümm-ül-Banunun
fotoşəkili çap olunub.
Bu gün o fotoşəkilə baxmaq çox təsirlidir.
Paris və on səkkiz yaşlı mühacir bir qız.
Mən,
bu fotoşəkilə baxa-baxa, elə bil, Parisin
tanınmaz-bilinməz küçələri ilə
addımlayan o qızı görürəm və birdən-birə,
tamam sürrealist bir hadisə baş verir: elə bil, haradasa
inqilab mahnısı - "İnternosional" səslənir və
sovet vaxtı müqəddəsdirilmiş o təntənəli
inqilab mahnısı bu dəm qüdrətdən, qələbədən
yox, dünyanın acısından, dərdindən-ələmindən
xəbər verir.
Tərcüməçi,
mağaza satıcısı, katibə...
Milyonçular qızının artıq həmişəlik
Paris həyatının beləcə bir
başlanğıcı.
- Bilirsiz,
mən maneken də olmuşam...
Banin bu
sözləri bir gənclik şövqü ilə, səmimi və
ərköyün (!) bir əda ilə gülə-gülə
mənə Ryu Loristondakı o mənzilində demişdi və
o dəqiqələrdə 83 yaşlı o zərif, Avropa təkəbbürlü
və eyni zamanda, Şərq ədalı xanımın
yaşı ilə o sözlərin şövqü arasında
çox məhrəmanə bir doğmalıq var idi.
Bunlar
hamısı, əlbəttə, taleyin oyunu idi və artıq
"Min bir gecə" romantikası yox, real həyat idi və
elə o real həyat yolları da o qızı gətirib
yazı mizinin arxasına çıxardı: Ümm-ül-Banu
fransız dilində yazmağa başladı və qısa
müddətdə bu azərbaycanlı qız Fransa bomondu
arasında nəsrdə (fransız nəsrində!) gözəl
bir bədii-estetik üslubun, stilin müəllifi Banin kimi
tanındı.
3.
Tale yazısı, əlbəttə, sirri-xudadır.
Mən
Şəmsi Əsədullayevin üç qız nəvəsini
tanıyırdım, üçünün də yaşı
səksəni adlamışdı və üçü də
dünyanın müxtəlif ölkələrində,
bir-birindən min kilometrlərlə uzaqdakı böyük
şəhərlərdə yaşayırdılar:
Ümm-ül-Banu Parisdə, Züleyxa Əsədullayeva-Veber
Vaşinqtonda, Məryəm xanım Əsədullayeva Moskvada. Elə bil, tale qlobusu əlinə götürüb
fırladaraq, sərt, hətta amansız bir qələmlə
Yer kürəsində bir-birindən uzaq o qürbət şəhərlərin
üzərinə nöqtə qoya-qoya bu azərbaycanlı
qaçqın qızların yaşayacağı yerləri
müəyyənləşdirmişdi.
Mən
1989-cu ildə ABŞ səfərim zamanı ilk dəfə
Züleyxa xanımla Vaşinqtonda görüşdüm və
o səfərdən bir müddət sonra Mixail Qorbaçovun
göstərişi ilə 1990-cı il 20 yanvar hadisələri
baş verdi və bu hadisələrin obyektiv səbəbləri
və nəticələri ilə bilavasitə tanış
olmaqdan ötrü ABŞ konqresmeni Cim Mudini, fürsətdən
də istifadə edərək, onunla birlikdə Züleyxa
xanımı "Vətən" Cəmiyyəti xətti ilə
Bakıya dəvət etdim.
Konqresmen
Cim Mudi yalnız ABŞ deyil, ümumiyyətlə Qərbin ilk
rəsmi nümayəndəsi oldu ki, "Şəhidlər
xiyabanı"nı ziyarət etdi, 20 yanvar hadisələrinə
obyektiv qiymət verdi - ancaq bu, başqa bir yazının
mövzusudur - Züleyxa xanım isə az qala yetmiş illik
ayrılıqdan sonra ilk dəfə Azərbaycana gəldi və
Bakını küçə-küçə gəzdi, son dərəcə
iti və sağlam yaddaşı onu bu binanın
qabağından o biri binanın qabağına apardı:
"- Bax, Elçin bəy, ordan dönəcəyik,
Hacı əminin (H.Z.Tağıyevin - E.) evinin
qabağına çıxacağıq!.."
"- Bax, bura ilə düz gedək, indi Murtuza əminin
(M.Muxtarovun - E.) binasını görəcəyik!.."
Bu qadın heyrətamiz bir hafizəyə malik idi.
Bu yerdə mən bir maraqlı məsələni də
qeyd etmək istəyirəm.
Hələ
1970-ci illərin ortalarında Abbas müəllim (professor Abbas
Zamanov) mənə "Əli və Nino" romanının
İstanbul nəşrini hədiyyə vermişdi və o
vaxtdan etibarən də mən Qurban Səid (Əsəd bəy)
haqqında məlumat əldə etmək istəyirdim, ancaq bu
roman "mürtəce mühacir əsəri" kimi yasaq
edilmişdi (!), müəllif barədə də heç harda
heç nə yazılmırdı.
Sovet
İttifaqında iki gizli "nəşriyyat" var idi:
"Samizdat" və "Tamizdat".
"Samizdat" - yəni ideoloji baxımdan sovet mətbuatında
çapı mümkün olmayan, senzuranın icazə vermədiyi
əsərlər yazı makinasında yazılır və
qrankalar çox zaman adi iynə-sapla tikilərək,
yayılırdı. "Tamizdat" isə - kitab
qaçaqmalçılığı (kontrabandası) idi və
indiki ibarə ilə desək, gizli biznesə
çevrilmişdi: xaricdə çap olunmuş və hakim
sovet ideologiyasının yaxına baraxmadığı kitablar
gizlincə ölkəyə gətirilir və "altdan"
satılırdı.
Moskvanın məşhur "Kuznetskiy most"
meydançasında SSRİ Yazıçılar
İttifaqının kitab dükanı və o dükanın
da yanında ayrıca bir bədii salon var idi. Bədii salonun
qabağında isə "Tamizdat" alverçiləri
(kitab "farsovşikləri") var-gəl edirdi və mən
də onların daimi müştərilərindən biri idim
(söhbət 70-ci illərdən və 80-nin əvvəllərindən
gedir), Moskvaya yolum düşəndə mütləq vaxt
tapıb, ora baş çəkirdim: mənim kimi etibarlı
(sınaqdan çıxmış!) müştərilərə
kitabların siyahısını verirdilər, annotasiyaları
oxuyurdun, seçdiyin kitabı sifariş edirdin, sabah
da gəlib həmin kitabı alırdın.
Sovet
İttifaqında kitab baha deyildi, ancaq bunun, aydın məsələdir
ki, "Tamizdat"ın kitablarına dəxli yox idi və
uzun sözün qısası, o zaman inanılmaz bir təsadüf
oldu - mən "Tamizdat"dan Əsəd bəyin (kitabda
müəllifin adı rusca "Gssad bey" yazılıb)
1932-ci ildə Riqada (müstəqil Latviya respublikasının
paytaxtında) "Filin" nəşriyyatında nəşr
olunuş 317 səhifəlik "Stalin" kitabına rast gəldim
və o kitabı aldım. Bundan sonra mən bir
müddət Qurban Səid - Əsəd bəy - Lev Nissenbaum
müəmması ilə (bu müəmma hələ də
tam dəqiq cavabını tapmayıb) bağlı
axtarışlar apardım və maraqlananlar mənim 1991-ci ildə
yazdığım "Ədəbi proses. Olum, ya
ölüm?" silsilə məqalələrimə
(üçüncü məqaləyə) baxa bilərlər
("Ədəbiyyat qəzeti", 4,11
oktyabr 1991; eləcə də "Azərbaycan ədəbi tənqidinin
və ədəbi prosesin problemləri", Bakı,
"Çinar-Çap", 2003, səh. 99).
Mən
bütün bunları ona görə yazıram ki, Züleyxa
xanımla söhbətlərimiz əsnasında bir dəfə
ondan soruşdum:
- Siz Lev
Nissenbaum adında bir adam barədə nəsə
eşitmisiz?
Züleyxa
xanım:
- Necə
eşitməmişəm?- dedi. - Lyova Bakıda mənimlə bir sinifdə oxuyurdu.
Və bu
gözlənilmz cavabdan sonra mən onu sorğu-suala tutanda məlum
oldu ki, memar akademik Mikayıl Hüseynov da onlarla bir sinifdə
oxuyub və mən rəhmətlik Mikayıl Hüseynova
telefonla zəng etdim, bu dəfə də onu sorğu-suala
tutdum, ancaq təəssüf ki, nə o, nə də
Züleyxa xanım Lev Nissenbaumun sonrakı həyatı,
yazı-pozusu barədə bir söz deyə bilmədilər, hər
ikisi yalnız bunu deyirdi ki, Lyova çox ağıllı, zirək,
dərrakəli oğlan idi.
Ancaq biz yenə uzaqlara getdik.
Mən Vaşinqtonda da, Bakıda da Züleyxa xanımla dəfələrlə
görüşmüşəm, onun evində də, bizim
evimizdə də dəfələrlə söhbətlərimiz
olub və hər dəfə də bu yaşlı
qadının (80-i keçmişdi) hafizəsinə (və
enerjisinə!) heyrət etmişəm. Züleyxa xanım da dayısı
qızı Banin kimi miniatür bir xanım idi, amma Baninin zərifliyi
müqabilində, Züleyxa xanımda bir codluq, Baninin
kübarlığı müqabilində Züleyxa xanımda
bir ötkəmlik var idi və daxili enerjisi yerə-göyə
sığmayan, yaşına meydan oxuyan bu impulsiv qadın hələ
də işləyirdi, Pentaqonun (!) hansısa kurslarında
türk dilindən dərs deyirdi, doğrusu, bir az da
amerikanlaşmışdı.
- Mənə
"Züleyxa xanım" demə, xanımsız, ancaq
"Züleyxa" de, vəssalam! - deyirdi,
ancaq mən hər dəfə də o "xanım"
sözünü ixtisara salmağı unudurdum.
Həmin
ilk səfərində Züleyxa Əsədullayeva
Bakını küçə-küçə gəzdi, hər
şeylə maraqlandı və onun iti gözlərindən,
müşahidələrindən heç nə
yayınmırdı, fikrinə gələni də
ağına-bozuna baxmadan üzə deyirdi, elə buna görə
də, yadıma gəlir, "Vətən" Cəmiyyətindəki
görüşlərdən birində üzünü ictimai
xadimlərə, görkəmli elm və mədəniyyət
adamlarına tutub dedi:
- Diqqətlə
sizə qulaq asıram. Ağıllı
adamlarsız. Bəs necə oldu ki, bu
yetmiş ildə bu məmləkəti bu günə
saldız?!
Bu sual əsl
Züleyxa xanım sualı idi - bu sualda keçmiş
milyonçu qızının qəfil və sərt bir
dönüklüklə əks istiqamətə
çevrilmiş keşməkeşli, əzablar, əziyyətlər
və macəralarla dolu 70 illik həyat tərzini ifadə edən
kin-küdurət də, şəxsi-qərəzlik də,
daxili ağrı-acıların doğurduğu dəruni bir təəssüf
də var idi.
Banin isə belə aşikar tendensiyalı sual verə
bilməzdi.
Banin təbiəti etibarilə filosof idi.
Züleyxa isə praqmatik idi.
Mən Banini ilk dəfə görəndə heyrət
etmişdim ki, necə olub, bu kiçik cüssəli qadın
bizim bu fani dünyada bu qədər məşəqqətlərdən
sonra belə bir yaşa gəlib çatıb?
Mən Züleyxanı ilk dəfə görəndə
fikirləşmişdim ki, bu kiçik cüssəli qadın
bizim bu fani dünyadan, öz nəsl-nəcabətinin məşəqqətlərindən
intiqam alaraq əbədi yaşayacaq, heç vaxt ölməyəcək.
Güman
ki, Züleyxa xanımın o sualının cavabı (və təqsiri!)
bütün zamanların inqilabında, inqilabların qəddarlığındadır
və o qəddarlığı az-çox duymaq
üçün, istəyirəm, bu dəfə də Məryəm
xanımın göndərdiyi xatirələrindən
kiçik bir parçanı yada salım:
"Üç qardaşım 1920-ci ildən sonra başlanan terrordan canlarını qurtarmaq üçün anamla birlikdə İstanbula qaçdılar. Mən Bakıda xalamla qaldım. Azdan-çoxdan təhsil almışam. Alman, ingilis, fransız, rus, türk, bir də, təbii ki, ana dilimi mükəmməl bilirdim və bu bilgi məndə gələcək həyatımın heç də pis olmaması üçün arxayınçılıq yaradırdı. Mülkümüz əlimizdən alınmışdı. Biz xalamla kiçik bir daxmada yaşayırdıq. Amma hardan biləydim ki, milyonçu qızı olmaq başımıza hələ çox bəlalar gətirəcək. Hamı kimi mən də oxumaq istədim. Hara getdimsə, dedilər, milyonçu qızısan, sənə aramızda yer yoxdur. İşləmək istədim. Dedilər, sənə xalqın malını etibar edə bilmərik. Sobotaj edərsən. Beləliklə, qaldım ac. Məhəlləmizdə bir halva satan arvad var idi. Günlərlə ac qaldığım vaxtlar halva satana yalvarıb bir tikə halva istəyərdim. Arvad da halvanı verməzdən qabaq deyərdi:
- Hə, milyonçu qızı, oyna, oxu, sənə halva verim.
Mən də acından ölməmək üçün küçədəcə qol götürüb oynayar, bildiyim mahnıları oxuyardım, halva satan dəli bir qəhqəhə ilə gülüb çığırardı:
- Ay camaat, baxın, baxın, görün bu cəmiyyət milyonçu qızını nə günə qoyub, bir tikə halva üçün küçədə qol götürüb oynayır!.."
Yadımdadı, mən Məryəm xanımın xatirələrini gecə oxuyurdum və oxuya-oxuya da fikirləşirdim ki, o dəli qəhqəhə ilə gülən, əslində, halva satan arvad deyildi, ən qədim dövrlərdən bu günə qədər zaman-zaman bəşəriyyəti titrədən inqilablar kabusu idi - tale isə Ümm-ül-Banunu da, Züleyxanı, Məryəmi də seçdiyi qurbanlar sırasına salmişdı.
Şəmsi Əsədullayev Nobel qardaşları kimi Finlandiyada, İranda, Türküstanda, Rusiyanın bir çox şəhərlərində neft kontorları açmışdı və Bakıdan başqa, Moskvada, Peterburqda iri mülklər tikdirmişdi, Baxçasarayda türk qızları məktəbi açmışdı, Moskvada "Teatr evi" inşa etmişdi, hətta Kaluqada ona müraciət edən kasıb din xadimlərinə - xaçpərəstlərə belə küllü vəsaitlə yardım edib kilsə tikintisinə kömək etmişdi.
Halva satan qadın da onun nəvəsi ilə məzələnirdi.
Məryəm xanım 70 ildən sonra Züleyxa xanımın ABŞ-dan gəlməsi xəbərini eşidən kimi, Moskvadan çıxıb Bakıya yola düşdü.
Xatirələrində yazır:
"Üç gündən sonra gəlib Bakıya çatdım, amma bilmədim hara gedim, bacımı bu boyda şəhərdə necə tapım. Evə gəldim, qızım dedi ki, Züleyxa xala zəng edib, bizə gələcəyini bildirdi. Xəcalət təri məni basdı: altı nəfərin yaşadığı balaca bir otağa bacımı necə dəvət edim? Yadımdadır, 20-ci illərdə bizim indiki Qoqol küçəsi ilə Nizami küçəsinin tinindəki evimizi müsadirə edəndə dedilər ki, bir ailə on yeddi otaqlı evdə yaşayır, yüzlərlə ailənin isə yaşamağa yeri yoxdur.
70 il sonra biz altı nəfərdən ibarət üç ailə bir otaqda yaşayırıq. Görəsən, günahkar kimdir? Nə isə..."
4.
Mən yenə uzaq Parisə, Ryu Loristanda Baninin evinə qayıdıram, onun söhbətlərini xatırlayıram.
Banin məni evinə çaya dəvət etmişdi və 1988-ci ilin oktyabrında, yağmurlu bir payız axşamı onun o balaca, amma çox xudmani və səliqəli birotaqlı mənzilində oturub, küçə pəncərəsinin şüşələrini, taxta sürahısını döyəcləyən yağış tıkkatıkının müşayiəti ilə Baninlə söhbət edirdik.
Həmin ilk görüşümüzdə Banin sifətindən əskik olmayan zərif və kübar bir təbəssümlə gülümsəyə-gülümsəyə balaca otaqdakı böyük yumşaq kürsünü göstərib:
- Burada Bunin əyləşib! - dedi.- Siz də əyləşin!..
Və o zərif təbəssüm, o yumor ilk dəqiqədən bir məhrəmlik yaratdı: mən əfsanəvi Baninlə deyil, o yağmurlu payız axşamı "Min bir gecə" nağıllarının bir-birini əvəzləyən - xoşbəxt və qorxunc - səhifələrindən çıxıb Parisə gəlmiş Ümm-ül-Banu ilə də yox, Bakıda böyümüş, Azərbaycanın mənim üçün doğma olan ab-havası ilə nəfəs almış, həyatın bütün keşməkeşlərinə baxmayaraq, o ab-havanın təmini damarlarında axan qanında saxlamış, heç kimə kin bəsləməyən, hətta o inqilablar kabusunu belə, zarafatla ələ salan yaşlı (və gənc!) bir xanımla danışırdım.
Baninin daxilindəki milli mənsubiyyət hissi itib getməmişdi və 70 illik Fransa həyatı fransız dilini onun ana dili etmişdisə də, fransız milləti, əgər belə demək olarsa, onun ana millətinə çevrilməmişdi. Ermənistanın Azərbayjana təcavüzü və erməni millətçiliyinin yaratdığı yalançı "Qarabağ problemi" elə ilk günlərdən etibarən Fransada tamamilə birtərəfli siyasi və ictimai dəstək tapmışdı və bu da, aydın məsələdir, həmin ölkədəki zəngin, güclü və nüfuzlu erməni mühacirətinin coşğun (və bizə nümunə olacaq!) fəaliyyətinin nəticəsi idi. Fransa cəmiyyəti yalnız onların informasiyasına əsaslanırdı və buna görə də fransızlarda bu hadisələrlə bağlı başdan-başa yanlış təsəvvür yaranmışdı.
Belə bir vaxtda, 1990-cı ilin lap əvvəllərində Fransanın məşhur "Mond" qəzeti, təbii ki, Baninin israrı ilə, onu "Azərbaycan yazıçısı Ümm-ül-Banu" kimi təqdim edir və məqaləsini dərc edir. Banin "vicdanlı və obyektiv bir adam kimi öz hiddətini" bildirərək, fransız oxucuları üçün məsələnin mahiyyətini açır, ermənilərin Qarabağda XIX əsrin əvvəllərində məskunlaşmağı, onların torpaq iddialarının artıq bir xəstəliyə çevrilməsi, daşnakların bolşeviklərlə birləşib irqçilik siyasəti yeritməsi, Azərbaycan xalqını "vəhşi qırğına" məruz qoymaları barədə kəskin və əsaslandırılmış fikirlərini söyləyir. Bu məqalə Baninin - bu liberal əqidə və qələm sahibinin - yaradıcılığında, olsun ki, ən sərt (qəzəbli!) bir yazıdır. Burası da yadımdadır ki, mən onu Novruz bayramı münasibətilə təbrik edəndə çox təsirlənirdi, hiss olunurdu ki, bu təbrik onun üçün çox əzizdir, məktubla mənə "çox şadam ki, Siz məni Novruz bayramı münasibətilə təbrik etməyi unutmamısınız" - yazırdı.
Bəli, bütün bunlar belə idi, amma bütün bunlarla da bərabər, əgər "kosmopolit" anlayışını ali mənada - bəşəri mənsubiyyət mənasında götürsək, Banin - kosmopolit idi.
Unudulmaz dostum, rəhmətlik Fikrət Sadığın bir şeiri yadıma düşür, mövzusu belədir ki, əgər filan şəhərdə soruşsalar ki, haralıyam, deyərəm, filan kənddənəm, Bakıda soruşsalar, deyərəm, filan şəhərdən, Moskvada soruşsalar, deyərəm, Azərbaycandan, əgər haçansa kosmosa uçmuş olsam və orada da məndən soruşsalar ki, haralısan, deyərəm, Yer Kürəsindənəm.
Banin, bax, bu mənada kosmopolit idi, Yer Kürəsinin adamı
idi.
Baxın,
elə ilk söhbətləri əsnasında İvan Bunin onu
adını dəyişməyə (guya Banin - rusca "banə",
yəni "hamam" sözünü xatırladır), rusca
yazmağa sövq etmək istəyir, ancaq bu zərif qadın
Nobel mükafatçısının nüfuzundan və
yaşından qətiyyən çəkinməyərək:
"...mən rus deyiləm və yalnız rus mühacirəti
üçün də yazmıram. Mən
özümü Qərb adamı və Qərb oxucusu hesab edirəm,
əslinə baxsaz isə mən Yer kürəsinin vətəndaşıyam"
- deyir. Daha sonra: "Siz nə üçün istəyirsiniz
ki, mən rus olub, sizin Kaşa, Maşa, Saşalarınızdan
birinə çevrilim? Məni düz başa düşün:
mən rusların əleyhinə deyiləm, bunun əksinəyəm,
ancaq mən - mənəm, özüməm və məni
özünüzə uyğun birinə çevirməyə
çalışmayın" - deyir, hətta onu "rus
şovinisti" adlandırır.
Baninin
Paris mühiti - Rusiya imperiyasından qaçıb Avropanın
mədəni mərkəzində məskunlaşmış
kasıb (və vətənsiz!), amma nəcabətlərini,
kübarlıq adət-ənənələrini qoruyub saxlaya
bilmiş ziyalılardan ibarət idi və Banin özü
yazır ki, bu zümrəyə "balet ulduzlarından
tutmuş ağqvardiyaçılaracan, zadəganlardan
tutmuş yazıçılaracan, din xadimlərindən
tutmuş sərbəst fikirli insanlaracan", "borca
yaşaya-yaşaya memuarlarını yazan və həmin
memuarlarda özlərini tərifləyib həmvətənlərini
rüsvay edən generallaracan" müxtəlif insanlar daxil
idi və belə bir mühit, şübhəsiz ki, Baninin
dünyagörüşünün formalaşmasında
mühüm rol oynamışdı.
O
yağmurlu payız axşamı Banin çay süfrəsi
üçün balaca bir piroq bişirmişdi və fürsət
düşdükcə xüsusi qeyd edirdi ki, bu piroqu
dükandan almayıb, özü bişirib və onun bu piroq sevinci
açıq-aşkar olduğu üçün, mən də
fürsət düşdükcə o piroqu tərifləyirdim
(əslində, elə tərifə də layiq idi). Gözəl
bir oyun havası adamın sümüklərinə düşən
kimi, mənim bu piroq təriflərim də Ryu Loristondakı o
tər-təmiz kiçik mənzildə tənha yaşayan,
amma o tənhalığı heç vəchlə vecinə
almayan Baninin sümüklərinə düşürdü,
ona açıq-aşkar ləzzət edirdi.
Və mən
bu yazını yaza-yaza həmin tələsik bloknot qeydlərimi
vərəqləyirəm.
Banin azərbaycancanı unutmuşdu, rus dilində isə
hərdən şəkilçiləri səhv salsa, xarici tələffüzü
aydın hiss olunsa da, yaxşı danışırdı və
rus dilini beləcə saxlaya bilməsində də, yəqin,
onun yaşadığı həmin o mühacirət mühiti əsas
olmuşdu.
Banin soruşdu ki, Bakıdan Parisə təyyarə ilə
neçə saatlıq yoldur?
Mən
dedim ki, Bakıdan Parisə birbaşa təyyarə yoxdur, əvvəlcə
Moskvaya getmişəm, oradakı Fransa səfirliyindən viza
almışam, sonra Parisə uçmuşam.
Banin:
- Oy-y-y!..- dedi. - Uzun bir yol gəlmisiz... Mən təyyarədən
qorxuram...
Mən:
-
Olacağa çarə yoxdur. - dedim.
Və
birdən Banin daha da canlandı, işığı qətiyyən
sönməmiş mavi gözləri ilə diqqətlə mənə
baxıb, elə bil ki, bir az da sevinclə:
- Siz də
fatalistsiniz?! - dedi və o saat da soruşdu:
- Yungeri oxumusunuz?
Beləcə, söhbət Ernst Yungerdən
düşdü və təəssüf ki, o zaman mən
Yungerin əsərlərini oxumamışdım. Yungerin
romanları da, fəlsəfi əsərləri də Sovet
İttifaqında nəşr olunmurdu və sovet ictimai fikri onu
gah faşistlərə qoşulmuş filosof, gah da kapitalizm cəmiyyətini
tənqid edən (ancaq partiyalı yox, "fərdi mövqe"dən)
yazıçı kimi təqdim edirdi.
Və mən
o söhbətimiz əsnasında bunları Baninə dedim.
Banin heyrət
və təəssüf qatışıq bir ifadə ilə:
- Ernestin
(beləcə, adı ilə dedi) gündəliklərini də
oxumamısız? - soruşdu.
- Yox. -
dedim. - Yadıma gəlir, gərək ki, "İnostrannaya
literatura" jurnalında idi, onun haçansa bir müsahibəsini
oxumuşam, bir də haqqında bəzi yazıları. Ancaq bu qədər.
Və həmin
an Baninin gözlərindən bir kin, qəzəb
qığılcımı ötüb keçdi. Yəqin, bu, "Yer Kürəsinin adamı" olan
Banin varlığının dərinlərində
mürgüləyən bir ədavətin - "inqilablar
kabusuna" qarşı, bəlkə də, konkret olaraq
bolşevizmə qarşı genetik ədavətin ifadəsi
idi.
Mən
bilirdim ki, Banin ilə Yunger çox yaxın olublar, o, Yunger
haqqında bir neçə kitab yazıb, bir sıra əsərlərini,
o cümlədən, bir romanını fransız dilinə tərcümə
edib, XX əsrin böyük simalarından biri sayılan bu
alman yazıçı-filosofu da, öz növbəsində,
Banin haqqında çox yazıb.
Sonra söhbət Buninin özündən
düşdü.
Mən
80-ci illərdə "Tamizdat"dan
Baninin indi də kitabxanamda olan "İvan Buninin son
höcəti" romanının rus dilindəki İsrail nəşrini
alıb, oxumuşdum.
Banin o
povesti bu sözlərlə başlayır:
"Mən İvan Buninlə 1946-cı ildə
görüşmüşəm".
1946-cı
ildə artıq Baninin "Qafqaz günləri", "Paris
günləri" kimi romanları çap olunmuşdu və
Paris də artıq yad yox, Baninin fransız dost və
tanışlarının yaşadığı bir şəhər
idi: Kamyu, Sartr, Araqon, Elyuar, Morua, Moriak, Monterlan, Triole, K.Roy, de
Bovuar...
Paris, eyni
zamanda, onun rus mühacir dostlarının da
yaşadığı şəhər idi: İvan Bunin,
Şalyapin, Gippius, Teffi, Berberova...
Nadejda Aleksandrovna Teffi Banindən otuz yaş böyük
idi, amma bu yaş fərqinə baxmayaraq, onlar Parisdə ən
yaxın rəfiqələr olublar. Banin "İvan Buninin son höcəti"ndə
"Mən özüm Azərbayjandanam" - deyə Parisdəki
mühacirətdən bəhs edir: "Ədəbiyyat,
heç olmasa (! - E.), ona görə yaxşı bir şeydi
ki, adamları bir-biri ilə tanış
edir. Ədəbiyyat bir çox qapıları mənim
üzümə açdı, məni müxtəlif
yazıçılarla yaxınlaşdırdı. Ədəbiyyatın sayəsində mən ilk
görüşdən sevdiyim Teffi ilə rəfiqə oldum.
Onun çox iti və acı dili var idi. Həm də ağıllı idi, onunla keçirilən
vaxt həmişə adamı valeh edirdi".
İvan
Bunini də Banin ilə Teffi tanış
etmişdi.
O zaman
Buninin 76, Baninin isə 41 yaşı var idi və yenə də
bu yaş fərqinə baxmayaraq (bəlkə də elə buna
görə!), biz bu gün məxsusi İvan Bunin qələminin
Baninə ünvanladığı otuzdan artıq məktubu
oxumaq imkanına malikik. O məktubların orijinalı Baninin
arxivində idi, böyük bir qismi də "İvan Buninin
sonuncu höcəti" povestində çap olunub.
O məktublar
incə, kövrək insani hiss
lərin
əbədiliyindən xəbər verir və Baninin həmin məktublar
əsasında yazdığı sənədli povesti də
İvan Bunin qələminin ifadə etdiyi o incə, o kövrək
hisslərə layiq bir əsərdir.
Banin:
- Siz
Konstantin Simonovu eşitmisiniz? - soruşdu.
- Əlbəttə.
- dedim.
- Stalinin
adamı idi? - soruşdu.
-
Orasını deyə bilmərəm, - dedim. - Ancaq
yazıçılar arasında ən çox Stalin
mükafatı laureatı idi.
- Ən çox? Yəni neçə dəfə?
- Altı
dəfə.
Banin
gülümsədi:
- Simonovun
gözəl bir xanımı var idi, Valentina Serova. Onlar Parisə gələndə Bunini razı
salmağa çalışırdılar, çox cəhd
edirdilər ki, o, Rusiyaya qayıtsın. Bəlkə
elə bu tapşırıqla Parisə gəlirdilər?
Bilmirəm... Bunin mənə deyirdi: "Artıq Rusiya yoxdur,
Rusiya əvəzində Sovet İttifaqı var".
Və
Banin, görünür, nələrisə yadına salıb,
bir müddət susdu, sonra dərindən nəfəs alıb
yenə gülümsədi:
- İvan
Alekseyeviç Rusiyaya qayıtsaydı, əlbəttə,
xoşbəxt olardı... Ancaq onun Rusiyası daha yox idi... - Bir
neçə an susdu, sonra özü öz
fikrinə düzəliş edərək: - Yoxdur...- dedi.
Yenə
bir neçə an susub, nə fikirləşdisə:
- Bunin, -
dedi. - Stalindən bir neçə ay sonra vəfat etdi,
53-cü ilin 8 noyabrında.
Bunin məktublarında Baninə Azərbaycan dilində
"Canım" ("Djanum") - deyə müraciət
edirdi, "Doroqaə qazel" ("Əziz ceyran") -
yazırdı və bu müraciətlərdə, əlbəttə,
76 yaşlı dünyagörmüş Ustadın - aşiq
Ustadın - xəfif bir təbəssümü də var idi. Bəzən məktublarını
"Vaş pokornıy sluqa Aşik-Kerib" ("Sizin müti
nökəriniz Aşıq Qərib) - deyə
imzalayırdı və bizim məhəbbət
dastanımızın o məşhur qəhrəmanı -
Aşıq Qərib, elə bil ki, Lermontovun qələmindən
adlayıb, Astafyevin "Aşıq Qərib"
operasından, Qliyerin "Şahsənəm"indən
keçib, gəlib, Ümm-ül-Banuya yetirdi.
Şahsənəm gözəl və zəngin bir qız
idi.
Banin
Şahsənəm kimi gözəl idi, amma Şahsənəm
kimi zəngin deyildi: əksinə, sadə bir həyat
sürürdü.
Bu, əlbəttə,
çox çeynənmiş səslənir, amma həqiqət
belədir: zənginlik mənəviyyatda, hisslər aləmində
idi.
Bu o zənginlik
idi ki, halva satan arvadın o dəli qəhqəhəsi
qarşısında mənəvi bir dayağa çevrilirdi.
O mənəvi
zənginlik də, görünür, həmin qorxunc inqilablar
kabusu kimi əbədidir.
Amma
bütün bunlar - mənim təəssüratlarımdır,
Banin özü isə "Qafqaz günləri"ndə
yazır: "Hər dəfə xatirələrin qanadında uşaqlıq
çağlarına qayıdanda heyrət məni
bürüyür... Uşaqlıq çağlarının
yaddaşımın dərinliklərində baş qaldıran
səhnələri sanki mənə aid deyil, sanki onları kimdənsə
borc almışam: heç cürə inana bilmirəm ki, bu
xatirələr mənə məxsusdur. Elə bil, bu hadisələr
mənim başıma gəlməyib, mən onların
arasında yad bir səyyaham..."
"Son
ümidin çağırışı", "Bizimlə",
"Mən tiryəki seçdim", "Sonra", "Yad
Fransa" əsərlərini də Parisdəki o "yad səyyah"
yazıb, F.Dostoyevskinin "Özgə arvadı"nı da
rus dilindən fransız dilinə o "yad səyyah" tərcümə
edib.
Belə bir söz də gəzir ki, Banin
xristianlığı qəbul edibmiş və mən bu barədə
ondan nəsə soruşmağı düzgün hesab etmədim. Bu yaxınlarda isə Musa
Nağıyevin nəvəsi (Fərəc Nağıyevin
qızı) Dilarə xanım müsahibəsində bunu təsdiq
edir, hətta konkret olaraq deyir ki, Banin katolik idi, ancaq, baxın,
İvan Bunin məktublarında ona: "Doroqaə, prekrasnaə
Maqometanka", ("Əziz, gözəl Məhəmməd
ümməti"), yaxud "Çernaə roza nebesnıx
sadov Allaxa" ("Səmadakı Allah bağının qara
qızılgülü", - deyə müraciətlər də
edir və elə bilirəm ki, o söz-söhbətlər
şayiə də ola bilər, hər halda, İvan Buninin bu
cür müraciətləri məndə həmin
söz-söhbətə şübhə yaradır. Banin xaçpərəst idisə, nə
üçün xaçpərəst Bunin onu "Məhəmməd
ümməti" adlandırır?
Dilarə
xanım başqa bir hadisə də söyləyir: Mirzə
Əsədullayev ikinci dəfə evləndikdən sonra,
ögey ana Ümm-ül-Banu ilə yola getmir və onu, yəni
yeniyetmə Ümm-ül-Banunu özündən 20 yaş
böyük olan istəmədiyi bir nəfərə ərə
verirlər. Sovet hakimiyyəti qurulanda,
Ümm-ül-Banu fürsətdən istifadə edib ərindən
qaçaraq, Azərbaycanı tərk edir və bundan sonra ərə
getmir.
Ancaq Banin
"İvan Buninin son höcəti"ndə ailə
qurduğunu yazır: "O (yəni Bunin - E.) bilirdi
ki, mən ərdəyəm; bilirdi ki, biz bir-birimizdən
ayrı yaşayırıq, hətta ərim heç Parisdə
də deyil". Söhbət
1946-ci ildən - Buninlə ilk tanışlıq
çağlarından gedir və o zaman Banin, özünün
dediyi kimi, evli olub.
5.
Taleyin
yazısı ilə, görünür, şüuraltı hələ
də uyğunlaşmayıb, özünü "yad səyyah"
hiss edən Banin Parisdəki o balaca otağında gülə-gülə
mənə dedi:
-
Hayıf babamın o milyonlarından!..
İndi mənə lazım olardı!..
O
gülüşdə heç yüngülcə bir təəssüf
də yox idi.
Ümm-ül-Banu öz-özü ilə zarafat edirdi.
Banin
taleyinin qəribəlikləri isə davam edirdi: az qala, yetmiş illik ayrılıqdan sonra Banin
öz kitabları ilə yenidən Azərbaycana qayıtmaqda
idi.
Ümm-ül-Banu ömrünün yeni bir
başlanğıcı başlayırdı.
Mən onu Bakıya dəvət etmişdim və Banin də
həvəslə bu dəvəti qəbul etmişdi.
Amma bu səfər baş tutmadı və o, Azərbaycana
gələ bilmədi, elə bil, tale Ümm-ül-Banu ilə
oyununu hələ bitirməyibmiş.
Banin Parisdə avtomobil qəzasına düşdü və onun sağ əli yaralandı, onsuz da zərif və zəif orqanizmi bu qəzadan sonra özünə gələ bilmədi.
Banin daha qələm tutub, yaza da bilmirdi.
Mən bu
qəzadan sonra Bakıdan telefonla ona zəng etdim və Banin
yaşıyla, yatağa düşməsiylə heç
cürə uyuşmayan gənc bir səslə zarafat etdi:
-
Elçin, Parisdə avtomobil qəzası həqiqətən
baş verdi!.. ("Glğçin, v Parije
na samom dele proizoşla avtomobilğnaə katostrofa!..")
Mənim
kitabımın adını oynadırdı...
Banin 23
oktyabr 1992-ci ildə, bizim o görüşümüzdən
düz dörd il sonra 87 yaşında
Parisdə vəfat etdi.
6.
Ümm-ül-Banu, Züleyxa xanım, Məryəm
xanım - bu gün onların üçü də haqq
dünyasındadı.
Onların bu dünyadakı qorxunc və həzin, fərəhli
və qəmgin, sirli və sərt reallıqlarla dolu "Min
bir gecə" nağılları sona yetib.
"Min
bir gecə" nağılları yalnız özündən
əvvəlki minillikləri ifadə etmir, həm də
özündən sonrakı minillikləri ifadə edir.
Bu dünyadakı hər bir insan ömrü, əslində,
bir "Min bir gecə" nağılıdır, sadəcə,
hər bir missiyanın öz məzmunu, öz forması var -
kimin payına nə yazılıb.
Baninin son əsəri yarımçıq qalmış
bir romandır və o roman Məryəm ananın həyatından
bəhs edir.
Həmin romanın əlyazmasını da, bütün arxivini
də Banin Rolf Ştimmer adlı bir alman ədəbiyyat
adamına vəsiyyət edib və beləcə də bu
dünyadakı "Min bir gecə" möcüzə və
müəmmaları ilə dolu missiyasını başa vurub.
Mən onun "İvan Buninin son höcəti" əsərindən
ilk cümləni xatırladım. Həmin povestdəki
son cümləni də xatırlamaq istəyirəm.
Bu,
Hötenin məşhur kəlamıdır:
"Aller Anfanq ist schon" ("Hər şeyin əvvəli
gözəl olur").
7.
Banin artıq Azərbaycana qayıdıb.
Onun əsərləri Azərbaycan dilinə çevrilib
və jurnallarda çap olunur, kitabları nəşr edilir.
Bu əsərlər əsasında pyeslər
yazılır, tamaşalar hazırlanır, filmlər çəkilir.
Onun haqqında araşdırmalar aparılır, məqalələr
yazılır.
Həmin araşdırmalarda, məqalələrdə,
müsahibələrdə onun nəsl-nəcabəti -
babaları, yaxınları bir daha xatırlanır və Banin
savab qazanır.
Mən çox təəssüf edirəm ki, Baninin
bütün bunlardan xəbəri yoxdur.
Ancaq kim bilir, bəlkə də xəbəri var?
8 noyabr 1988 - 27 mart
2006 - 7 avqust 2019.
ELÇİN
525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.8-9-10.