Şəxsiyyət və səmimiyyət
Şair dostum Oqtay Rzanın əziz xatirəsinə
... Qonşu məktəblərdə oxuyurduq, Oqtay məndən dörd yaş böyük idi. O vaxt Salyan rayon mərkəzi kitabxanası ilə uşaq kitabxanası bir binada yerləşirdi. Mən yaşıdlarımla kiçik qonşu otaqdan boylanıb mərkəzi kitabxananın oxu zalına baxanda orada bizdən böyükləri - Əliağa Kürçaylını, Ağacavad Əlizadəni, Xəlil Rzanı görürdük. Oqtay onlardan 5-6 yaş kiçik olsa da, kitabxanadakı ədəbi birlikdə iştirak edirdi. Hələ beşinci sinifdə oxuyanda rayon qəzetində şeiri çap olunmuşdu. Bu balacaboy, civə kimi bir yerdə qərar tutmayan, xoşsifət oğlan mənə simsar görünürdü. İkimiz də atasız böyüyürdük. Onun ali təhsilli müəllim atası repressiya qurbanı olmuşdu. Oqtay sonralar mənə "Açıq məktub"unda yazacaqdı:
Oxşar taleyə bax - hər ikimizin
Uşaqlıq çağımız Muğanda keçib.
Döyüb qapımızı yetimlik bizim,
Başımız üstündən tufan da keçib.
Maddi-mənəvi sıxıntılar, ehtiyac onu sındıra bilmədi, səylə oxudu, o vaxt respublikada məşhur olan Azərbaycan Sənaye İnstitutunun (indiki Neft Akademiyası) geoloji kəşfiyyat fakültəsini fərqlənmə diplomu ilə bitirdi, dissertasiya müdafiə edib geologiya-mineralogiya elmləri namizədi alimlik dərəcəsinə layiq görüldü. Uzun illər Azərbaycan Dövlət Pedaqoji Universitetində coğrafiya fənnini tədris etdi. Və heç vaxt qələmi əlindən düşmədi, "Geoloq-mineroloq, müəllimlik mənim peşəm, şairlik isə taleyimdir", - dedi.
Geoloq kimi doğma Azərbaycanı qarış-qarış gəzdi, Böyük və Kiçik Qafqaza təşkil olunan axtarış-ekspedisiyalarında iştirak etdi. Kəşfiyyat səfərlərinə xüsusi önəm verən Oqtay ərazisi Yer kürəsinin altıda bir hissəsini əhatə edən keçmiş Sovet İttifaqının ucqarlarına gedib çıxdı. Sakit okeanı, "Antipodlar adası"nı, Kola körfəzindən tutmuş Kamçatkayadək böyük bir ərazini geoloq kimi gəzib dolaşdı. "Geologiyanın əsasları" adlı iki hissəli dərsliyin müəlliflərindən biri oldu, mətbuatda elmi-kütləvi məqalələrlə çıxış etdi. Elmi fəaliyyəti Oqtay Rzanın poeziya aləmini zənginləşdirdi. Ədəbiyyatşünas həmkarları onun şeirlərinin böyük bir qismini "ölkəmizin poetik coğrafiyası" adlandırdılar. Bu qeyri-adi, heyrətamiz poeziya cələngində "Geoloq marşı"ndan başlamış "Gördüm səni uzaqlarda, Azərbaycan!" silsilə şeirləri yer aldı.
Yola salacaqsan min qərinəni
Qəm-kədər qismətin olmasın, Vətən!
Təbiət füsunkar yaradıb səni,
Bircə çiçəyin də solmasın, Vətən! -
deyən, doğma yurduna, ocağına, torpağına, təbiətinə vurğun şairə həmyerlisi, dəyərli pedaqoq, yazıçı-publisist Qulam Sadiq "Oqtay Rza çiçəyi var söz gülşənində" kitabını həsr edib. Və xüsusi vurğulayıb ki, ixtisasca geoloq-mineroloq olan, yəni sözün həqiqi mənasında, yerin altındakı, üstündəki bütün mineralların quruluşunu mütəxəssis kimi gözəl bilən Oqtay Rza bu qanunauyğunluqlara poetik ruh, bədii vüsət verərək oxuculara çox orijinal, bənzərsiz poeziya nümunələri bəxş edib:
Nə qədər sirr, düyün açılır gündə,
Vətəndaş, kəşf elə özünü sən də.
Mineral deyilsən, adamsan, bacar
Gah sərt,
gah yumşaq ol, yeri gələndə.
"Oqtay Rzanın yaradıcılığı" kitabının müəllifi,
tanınmış ədəbiyyatşünas,
yazıçı-publisist Allahverdi
Emin yazır: "Oqtay Rza poziyasında
elmlə-idrakla şeiriyyətin
ittifaqı vardır...
Onun şeirlərində elmi fikirlə bədii pafosun vəhdəti, bir-birini tamamlaması güclüdür".
"Oqtay Rzanın
şeirlərində ictimai-sosial
və mənəvi-əxlaqi
kateqoriyaların qırmızı
xətlə keçdiyini"
xüsusi vurğulayan
Allahverdi müəllim
göstərir ki, şairin poeziyasında İnsan - yaradan, quran, fəaliyyətdə
olan İnsan bədii obraza çevrilir. İnsanda ən ülvi
keyfiyyətlərin şahı
sayılan "Ədalət"
anlamına Oqtay Rza həssaslıqla yanaşır. Bu insani-əxlaqi
meyar əbədi motivdir:
Öz-özünə yaranmayıb
Ürəyimin hərarəti.
Güvəndiyim, inandığım
Ulu qüvvə
ədalətdir.
Amalıma çevirmişəm
Əzəl gündən həqiqəti,
Çünki düzlük bizim
müdrik
Babalardan əmanətdir.
Oqtay Rzanın
elmi fəaliyyətinə,
bədii yaradıcılığına
həsr olunan kitabda ədəbiyyatşünas-tənqidçilərin,
elm-sənət adamlarının
və şairin qələm dostlarının
ürək sözləri
yer alıb. Milli Elmlər Akademiyasının
müxbir üzvü,
professor Ramiz Qurbanov yazır: "Oqtay Rzanın "İşıq sürətilə
uçası olsam"
şeiri elmlə poeziyanın vəhdətinə
ən səciyyəvi
misaldır:
Şan-şöhrət qucmaram, dövlət qucmaram,
Qaçmaram meydandan, mübarizədən;
İşıq sürətilə hələ
uçmaram -
Bir az lazımamsa
bu dövrana mən.
Tanınmış şair-publisist Əbülfət
Mədətoğlu: "Azərbaycan
ədəbi mühitində
elə bir söz sahibi yoxdur ki, Oqtay
Rzanı tanımamış
olsun. Çünki təpədən dırnağa,
bütün canıyla,
qanıyla bir şirinliyin, bir dadın, duzun bütövlüyü
olan Oqtay Rza hər sözüylə,
hər beytiylə, hər bir addımıyla
istər xeyirdə, istər şərdə iştirakından asılı
olmayaraq, ətrafındakıları
özünə cəlb
edir. Hər kəsin diqqət
mərkəzində olur".
Onu yaxından
tanıyanların sözləri
Oqtay Rzanın əsəbi mühitdə
bir şəxsiyyət,
bir şair, bir pedaqoq olmaqla
yerini müəyyənləşdirir. Eyi zamanda,
o, sözün əsl
mənasında xalqına,
Vətəninə, doğulduğu
torpağa qəlbən
vurğun insandır.
Yurdum Odlar diyarıdır,
Bu torpağın balasıyam.
İlhamımı ömür boyu
Vətənimdən alasıyam, -
deyən şairin
"Doğmalıq" şeiri
bu baxımdan xüsusilə diqqət çəkir:
El yaşadır kəlamını
Qorqudun,
Ney tütəyin sirdaşıdır,
tar udun.
Doymaq olmur havasından bu yurdun
Yağışında, çiçəyində
- doğmalıq!
Hər daşında, kəsəyində
- doğmalıq!
Mənə və Oqtay Rzaya eynilə doğma olan yerlərə yolum düşəndə elə
bil onun səsini eşidirəm:
Fəsillər arxada, fəsillər
öndə,
Yaş məhək daşıdır
ünsan ömrünün;
Bizim Qalalı da, sizin Cəngən də
Ağrı-acısını dadıb sərt günün.
Salyanda müqtədir şairimiz Əliağa Kürçaylının
adını daşıyan
küçədə Oqtay
Rzanın qürurla gəzdiyini, özünəməxsus
avazla pıçıldadığı
misraları xatırlayıram:
Bir ucun söykənir Kür sahilinə,
Kimin nəfəsidir
bu həzin külək?
Kürçaylı küçəsi,
əzizsən mənə
Kürçaylı şeirinin son misrasıtək!
Ədəbiyyatımıza solmaz poeziya çələngləri bəxş etmiş Əliağa Kürçaylı, Xəlil Rza Ulutürk, Ağacavad Əlizadənin işıqlı xatirələrini əziz tutan, gözəl ənənələrini yaşadan Oqtay Rzanın şeirimizdə öz ünvanı var. Zamanın və Məkanın fövqündə duran bu ünvan şeirsevərlərin, oxucuların qəlbindədir. Ürəklərdə ucalan heykəlləri uçurmaq mümkün olmadığı kimi ünvanları da silmək mümkün deyil. Nə qədər şeirimiz, sənətsevərlərimiz, qədirbilən oxucularımız var, bu ünvan olacaq və sahibinin adını yaşadacaq.
Unudulmaz şair
dostum, ömrü boyu qəlbi poeziya ilə
döyünən, Şeiriyyət, Şəxsiyyət, Səmimiyyət
rəmzi olan İnsana
həsr etdiyim yazımı görkəmli
yazıçı-publisist Aqil Abbasın
ürək yanğısı ilə söylədiyi sözlərlə
bitirirəm: "Kaş ki,
insanlar Oqtay Rza kimi yaşayıb, Oqtay Rza kimi
öləydi". Ömründə bir
adamın toyuğuna daş
atmamışdı, bir adamın xətrinə
dəyməmişdi. Uşaqla uşaq idi, böyüklə
böyük. Əlli il
ali məktəbdə dərs dedi, bir tələbə ondan incik düşmədi.
Tələbələrin ən sevimli
müəllimi idi. Geologiyanı da şeirlə deyirdi.
Rüşvət nədi, bilmədi. Yalan
nədi, bilmədi. Heç bir günaha da batmadı".
Əlövsət BƏŞİRLİ
525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.23.