Sevgi evi ürəklərdir
Şair dostum
Əbülfət Mədətoğluna "Bir qadına"
şeirlər kitabının doğurduğu təəssüratla
bağlı açıq məktub
Əziz
eloğlum, ürək və ruh dostum Əbülfət!
Kaş mən bu naməmi Qeyrət və heyrət
qalası Qacardan yazaydım, Sənsə onu Azıx
mağarası ilə üz-üzə, göz-gözə yerləşən
məşhur bir ucalıqda - qoynunda pərvazlandığın
sevimli Tuğunda oxuyaydın. Amma bu, qismətimiz deyilmiş...
Ay sinəsi
dağla dolu
dağlar
oğlu,
dağ
başında gözü yaşlı
tərk
etdiyin;
həm
dünyanı, həm özünü
qucağında dərk etdiyin
Uca yurdda
yıxıldıqca bərkidiyin
kollu
yoxuş,
sığındığın sərt qayalar
bəsin
idi.
Ən
köklü səs,
gərəkli səs
Tuğdan
gələn səsin idi...
Bu
günsə sən
o
dağlardan
qopub gələn,
varlığına çarəsizlik
hopub gələn
daş
kimisən.
Şaxta
vuran
quş
kimisən.
Daha sənin
Uca yurdda
Zirvə
gəzən
nə səsin
var,
nə də
izin.
Yaşamırsan
-
Sürünürsən
ürəyində
dərd
əlindən
dizin-dizin...
Sevimli
peşə və qələm dostum! Bu günlərdə hədiyyə
etdiyin tanış mətbəə qoxusu hələ
soyumamış yeni kitabın məni sevindirdiyi qədər də
kövrəldib ötən xoşbəxt yurdlu günlərimizə
qaytardı. Heç unuda bilmirəm - mənə
bağışladığın "Səməni nəğməsi"
adlı bəyaz duyğu qönçələrin
toplanmış ilk kitabın igid şəhidlər beşiyi
olan Qacar kəndi işğal ediləndən sonra Horadiz qəsəbəsində
ailəmiz sığınan evdə əziz Novruz bayramı
günü hər səhifəsindən Qarabağ
torpağının, doğma Tuğunun əvəzolunmaz ətri-rayihəsi
gələn ən gözəl canlı bir səməniyə
çevrilmişdi...
Bəri başdan deyim ki, əvvəlkilərdə
olduğu kimi, çox incə və nəfis şəkildə
çap edilən yeni kitabın üçün də ad
seçimin uğurludur. "Bir qadına" - yəqin ki, oxucular
üçün də maraqlıdır - kimdir bu qadın
görəsən? "Tanrının
eşq mələyi" şeirin həmin sualın ən
düzgün cavabıdır məncə.
Nəşəmdi,
ahımdı O
Sevgim,
günahımdı O
Yerdə
Allahımdı O -
Ölüncə
yanımdadı...
Həmin
ruhlu şeirləri oxuduqca ilk növbədə çox
yaxşı tanıdığım, nəslinə-nəcabətinə
dərindən bələd olduğum, yurdumuzun ən
ağır qanlı-qadalı günlərində, o cümlədən,
cəbhə müxbiri kimi qələmə və silaha
sarıldığın vaxtlar bütün çətinliklərə
səninlə birlikdə mərdliklə sinə gərən,
doğma kəndini məcburən son anda tərk edən
qadınlardan biri, layiqli övladlar anası, bir çox ən
yaxın dostlarından biri kimi dəfələrlə evinizdə,
xüsusilə tanınmış qələm dostlarım Umud
Rəhimoğlu və Tofiq Qaraqaya ilə birlikdə
işğalına bir neçə gün qalmış
Tuğda halal süfrənizdə ləziz xörəklərini
daddığım sədaqətli, ziyalı xanım-xatın
ömür-gün yoldaşın, əziz bacım gözlərim
önündə canlandı.
Dostun və bir oxucun kimi daxili bir inamla deyim ki, yeni
kitabının və oradakı dərin məna və təsir
gücünə malik incə ruhlu sevgi şeirlərinin lirik
baş qəhrəmanı olmağa daim həyatın ən
amansız tufanları, xəstəliyi ilə
çarpışan, təlatümlü şair ürəyini
fəth edərək, "ruhunda Məcnunluq tumu cücərdən..,
Yandırsan gələrəm! - deyib sənə tel
bağışlayan.., Kimsə bu dəliyə (yəni sənə)
sahib çıxmırsa - onun el verəni" - yəni O
qadın layiqdir.
Dostum, "dərdlərin şairi", sənin dərd
bilicisi olmağın bizə yaxşı məlumdur. Qarabağ
torpaqları boyda, Tuğ boyda yanğısı, itkisi olan sən
ruhda son dərəcə həssas bir qələm sahibi bu dərdə
dözüb yaşayırsa, bu özü bir möcüzədir.
Sən bu kədərinlə yerə-göyə
sığışmayanda, baş verənləri duyub
"Ruhunun qurdtək uladığı" anlarda yaxşı
ki, sənə təsəlli verə bilən,
varlığında ən böyük itkilərini tapa bildiyin
"Tanrının eşq mələyi"
adlandırdığın, "eşqimizlə həmişə
sirr olaq" - dediyin O qadın var. Böyük sevgidən
doğan kədərini bir çox şeirlərində, o
cümlədən, "Dan üzü diləyi" şeirində
özünəməxsus obrazlı komik ovqatla ifadə etmisən.
Ərəbzəngi
gülüylə,
Sən məni
dizinə yıx!..
"Sevin" şeirində yazdığın kimi - əgər
belə olsa Yarın bu qələbəsiylə "həm də
dərdin evin yıxmış olacaq".
2012-ci ildə çap etdirdiyin "Mənim kimi sevə
bilsən" kitabındakı şeirlərinin birində
öz donunu tez-tez dəyişsə də, bilicisi olduğun
üçün heç bir dərdin özünü səndən
gizlədə bilməyəcəyini də ustalıqla ifadə
etmisən.
dəyişməsin donunu
üzünü bəzəməsin.
mən
dərdi tanıyıram -
özünü ha bəzəsin.
Mövzuyla bağlı müşahidələrin, istinad
və istifadə etdiyin incə məqamlar, müraciətlər
orijinallığı və qeyri-adiliyi ilə seçilir. Şeirlərinin
yaranışı seçilib sınaqdan
çıxarılmış müqəddəs sayılan
zaman kəsiyi - dan üzü, gecə yarısı, adna,
cümə günü, cümə axşamı və s.
bağlılığı da təsadüfi deyildir. Yaxşı bilirsən ki, məhz həmin günlərdə,
anlarda edilən dualar Tanrı tərəfindən eşidilir,
hasil olur.
Əziz
dost!
Məni kövrəldən, kədərləndirən
şeirlərinin bir çoxunun vida, vəsiyyət xarakterli,
ovqatlı olmasıdır. Mənə elə gəlir
ki, həmin şeirlərini yazanda öz könül
rübabını canından çox sevdiyin "Şikəstə",
"Zabul segah" üstə kökləmisən. Sanki ən ağır, sonu bilinməyən çox
uzaq bir səfərə hazırlaşırsan.
...
Hamıdan yaxın otur
Candan oxu
duanı...
Üzümdəkini
götür -
Görə
bilim bu anı...
Göz yaşı damlasını saxlaya bilmədiyim
"Namaza dur..." vida anıyla bağlı poetik
tapıntılarınla bəstələdiyin simfoniyanın
akkordları qəlbimin ən incə tellərini titrətdi. Vəfalı
ömür-gün yoldaşına kədərli o müqəddəs
anda özünü necə aparmasını, hətta harada,
necə dayanmasına qədər qeyri-adi dəqiqlik və
görücülüklə məsləhət görürsən.
Yazmasam da
şeirdə
Deyim
uyğun yeri də...
Sən
hamıdan geridə -
Namaza
dur...
Acı
taleyi bəzi məqamlarda taleyinə bənzəsə də,
oxşamasın! Kədər hissinin ən sarsıntılı
anlarda ən əziz adamla (Lermontovda bu adam
dostudur, sonda həmin dostlarından birinin gülləsinin
qurbanına çevrilsə belə) bölüşməsini,
belə vidalaşmanı, bu cür dualar oxumanı
böyük rus şairi. M.Y.Lermontovun
poeziyasında izləmişik.
...
Kaş aşa biləydim o zirvələrdən,
Dua
oxuyaraq ağlayardım mən!
Həyat
zəncirini daşa çalardım,
Tufana,
borana qardaş olardım...
Lermontovda
kədər - "fırtına axtarır üsyankar qayıq
- bəlkə fırtına da asudəlik var.., dalğa
doğulsaydım, yalnız cəfakeşləri ağuşuma
alardım... ...qəbrimin üstünə bir xaç, bir də
iri - yonulmamış daş qoyun - qoy tufan meşəni əldən
salanda çağırsın yolçunu o xaç uzaqdan,
oturub o daşın üstündə bəlkə aldı
öz dincini o qərib insan" - həyatı daha gözəl
görmək istəyindən doğan işıqlı kədərdir.
Ay ürək
adamı, gözəl şairimiz, yaz!, amma
səni, yaradıcılığını sevənləri bu
qədər üzmə!
And yerim
olan gülüm,
Küsmə,
başına dönüm!
İçimdə
hər gün ölüm -
məni
yeyir, yazacam!..
Kədərə, dərdə o dərəcədə
bağlısan ki, "tək-tənha qalmasın deyə
özünü onlar üçün qoruyub
saxlayırsan".
Çəkdiklərim
üyüdür məni kirkirəsində...
Dərdim həm də tanıdır məni yer kürəsində.
Özün də gözəl bilirsən və deyirsən
ki, "Əlimdəki Quranla, dilimdəki duamla Allaha
çatır səsim". Bu, əlbəttə
belədir - Uca Tanrı çox gözəl bilir ki, şair səsi
haqqın, ədalətin, xalqın səsidir. Bunun
üçün öz istəklərində bir az da ehtiyatlı ol!
Qardaş,
dost istəyim budur ki, nəhayət gün gəlsin ki,
yazdığın hasil olsun:
... Çaşıb qarşına çıxan, -
Kədər özü üzülsün!..
Kədərinlə ehtiyatlı davran şair! Həyata böyük ümidlərlə baxan gözəl gənclərimiz, məsum, süd qoxulu körpələrimiz var. Qanadlı, əks-sədası sabahdan gələn gur işıqlı poetik çağırışlarını unutma!
Minillik bir sevgi pərvanəsiyəm,
Qanadım yorulmaz, şamım da sönməz!
Hər kəs
mənim kimi sevmək bacarsa,
Nə
dünyadan küsməz, nə də ki, ölməz!
Əziz
dost!
Sənin çoxşaxəli
yaradıcılığın, "Ədalət" qəzetindəki
çoxillik səmərəli fəaliyyətin
yaradıcı gənclərimiz üçün də gözəl
nümunədir. Hər yeni kitabın bu mənada çox
gərəklidir. Hörmətli xalq
yazıçımız Elçin müəllim yeni
kitabında poeziya yaradıcılığını,
oradakı kədər mövzusunu təhlil edərkən barəndə
söylədiyi yüksək fikirlər də bunu sübut
edir: "...bu şair nə yazırsa, ürəklə
yazır, daha doğrusu, ürəkdən yazır".
İncimə
dostum! "İçindəki kədər
selinin yolunu bağladım" - desən də, həmin yolu
bağlaya bilməmisən. Bağlaya bilsəydin, yeni
kitabındakı hesabat ruhlu həyatına son nəzərinin
poetik məhsulu olan "Təəssüf..." şeirində
yazmazdın:
Nə
ayaqda durmağa
nə
axtarış etməyə...
Sevgi Evi də
yoxdu -
Qapısına
getməyə...
Yanılma
dostum, "Sevgi evi" var. Həmin ev səni yaxşı
tanıyan, "minnətsiz qurbanlığım"
adlandırdığın "bəlli kağız və qələm!.." sədaqətinə, qüdrətinə
dərindən bələd olan həssas oxucularının
ürəyidir. "Son bu qədər..." duyğu nümunəndə
özünü dənizdə quma oturmuş ağ
yelkənli həyat gəmisinə bənzətməyin də
təsadüfi deyil, çox söz deyir:
... Qopacam
gəmi tək qumdan,
Durulacaq
onda sular...
Şair həqiqətinə bizim də inamımız
böyükdür. "Arata qoyulmuş şumdan
toplanmış Kədər yuyular"kən də həmin kədərdən
xəstə ürəyi ən amansız düşmənləri
olduğunu bilə-bilə daim yanaşı çəkdiyi
üçün siqaretinin tüstüsü hoparaq dərdinin
acılığını daha da tündləşdirən,
niskilli gözlərinin dərinliyində həyat sevgisi
çağlayan mis rəngli, bizim üçün çox dəyərli
və doğma olan Əbülfət Mədətoğlu
böyüklüyü boylanır.
... Əziz dost! Kaş bu məktubumu Qacardan
yazaydım, Sənsə onu öz orbitində - sevimli
Tuğunda oxuyaydın. O zaman ən mahir qəvvas kimi ruhumuzun ən
keçilməz qatlarına belə baş vura bilən, at
oynadıb atamızın goruna da od vuran bu kəbinli kədərimiz
də olmazdı.
Mahmud
QACAR
525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.22.