Hər yazının öz
taleyi var...
Tanınmış yazıçı-filosof Firuz Mustafanın "Seçilmiş əsərləri"nin 30 cildliyinin ilk siqnal nüsxələri çapdan çıxıb.
Külliyatda müəllifin pyesləri,
roman, povest və hekayələri, detetktiv, fəlsəfi əsərləri,
şeirləri, publisistik
məqalələri, tərcümələri,
müsahibələri, haqqında
yazılmış yazılar
və digər materiallar yer alır.
Müəllif yaxın vaxtlarda külliyatının kütləvi
nəşrinin reallaşacağına
ümid bəsləyir.
Bununla bağlı
onun oxuculara müraciət kimi nəzərdə tutulmuş
"Hər yazının
öz taleyi var..." yazısını
oxuculara təqdim edirik.
Otuz cildlik seçilmiş əsərlərimin
tam nəşri, nəhayət,
başa çatdı. Amma bilmirəm,
buna heç nəşr demək olarmı? Çünki hələlik hər
cilddən "siqnal",
"qaranquş" və
ya nümunə hesab edilə biləcək məhdud sayda kitab, yəni
bir neçə nüsxə çapdan çıxıb. Kitabların bir
qədər çox sayda və ya
kütləvi tirajla nəşr edilməsi isə bundan sonra artıq Sizdən, sizin tələbinizdən asılıdır.
Doğrusunu deyim ki, mən
bu cildlərin necə yazıldığını
sanki hiss etməmişəm. Başqa sözlə,
çoxu yazı masası arxasında keçən ömrümün
yaradıcılığa sərf
olunan hər bir günü, hər saatı, hər anı mənim üçün bayram olmasa belə,
hər halda əzablı da olmayıb. Ən azı, yazmaqdan
zövq almışam,
ruhən dincəlmişəm.
Amma etiraf edim ki,
yarım əsr ərzində yazılanları
qısa bir vaxt ərzində nizama salmaq, onları sistemləşdirmək,
janrlar üzrə qruplaşdırmaq, çapa
təqdim etmək mənim üçün heç də asan olmadı. Üstəlik, az
qala, bütün yazıların kompyuterdə
yığıcısı, habelə cildlərin mütləq əksəriyyətinin
tərtibçisi, redaktoru,
korrektoru və rəssamı da özüm olmuşam.
Bəli, yorulmuşam. Amma mənən və
ruhən yox, fiziki anlamda.
Bu ona bənzəyir
ki, bağban uzun illər ərzində böyük
bir eşq və həvəslə böyüdüb-bəslədiyi ağacların meyvəsini
yığarkən usanır,
əldən düşür,
bezir.
Əlbəttə, yazmaq həm də enerji itirməkdir. İlk növbədə elə fiziki və zehni enerjini
deyə bilərəm.
Təbii
ki, bu "enerji itkilərinə"
müəyyən mənada
ürək və zəka enerjilərini də əlavə etmək olar.
Yazılarımın bir çoxu it-bata düşüb, bir qisminin yazıldığı
vərəqlər didilərək
sıradan çıxıb. Bir xeyli
yazılarımı, xüsusən
gündəliklərimin əksəriyyətinin
əlyazmasını isə
özüm cırıb
atdım. Niyə məhz
gündəliklərimin? Əvvəla,
belə bir qənaətə gəldim
ki, hər kəsin özəl həyatı yalnız onun özünə məxsus olmalıdır.
İkincisi isə, gündəliklərdə adı
keçən adamların
bir çoxunun bu keçən illər, ən azı yarım əsr ərzində gözümün qarşısındaca
hədsiz dərəcədə
"dəyişikliyə" məruz qalması məndə xəyal qırıqlığı yaratdı.
Bir az
da sadə dillə izah etməyə çalışsam
belə deyərdim: haçansa qulliver hesab etdiklərimin əksəriyyəti tədricən
cırtdana çevrildi,
kiçildi, cılızlaşdı.
Və əksinə. Adamların bu
cür deqradasiyası,
mənən aşınması
məni zaman-zaman sarsıdıb. Beləliklə, ümidlərin çoxu puç olub. Bütün bu ağrılı müşahidələrin sənədli
yazılarda nəşrinə,
yayılmasına nəhayətdə
bir ehtiyac duymadım. Axı, onsuz da mənim əksər bədii yazılarımın
qəhrəmanları məhz
bu cür "metamorfozaya" uğramış
adamlardır. Bu adamları
və ya bu adları "sənədləşdirməkdənsə",
onları "bədiiləşdirmək" daha düzgün deyilmi? Bəli, mən ikinci
yolu tutmağa üstünlük verdim.
Beləliklə, sənədli müşahidələrimin
çoxundan, yəni
"gündəlik"lərimdən könüllü şəkildə
imtina edəsi oldum.
Bəzən mənə deyirlər ki, çox yazırsan. Düzü, mən yaradıcılıq
məsələsində "az" və ya "çox" arasında hansı meyarın, hansı səddin dayandığını
dəqiq bilmirəm.
Bircə
onu bilirəm ki, ciddi yaradıcılıqda
hansısa öhdəlikdən,
plandan söhbət belə gedə bilməz.
Mən indi üst-üstə qalaqlanmış
bu "kağız piramidaya", yəni
"seçilmiş" cildlərimə
baxanda həyəcanlanıram. Axı, bunların
hamısı hərf-hərf
yazılıb. Və
bu hərflər arada mənə maddiləşmiş nəsnələri,
lap elə daş və metal zərrələri
xatırladır. Bu "zərrələr" söz-söz,
kəlmə-kəlmə, cümlə-cümlə
birləşərək o "piramidaları" əmələ
gətirib.
Tam səmimiyyətlə deyirəm, mən özümü heç də "məhsuldar" yazıçılar sırasında görmürəm. Mənə elə gəlir ki, daha çox işləmək, daha çox yazıb-yaratmaq olardı. Amma orasını da deməliyəm ki, başqa sahələrdə "tənbəllik" etsəm də, yazı-pozu məsələsində astagəl olmamışam. Həmişə çox sürətlə yazıram. Gecənin bir aləmində qəfildən yadıma düşən hansısa bir fikri, bir sətri, bir misranı, bir dialoqu, bir epizodu yazmağa ərinməmişəm. Hərdən ağ kağızın üstündə bəziləri səf düzülüb sıralanan, bəziləri pərən-pərən düşmüş sətirlərimə baxanda ürəyimdən ən qəribə metaforalar, təşbehlər keçib. Ard-arda sıralanan bu sətirləri gah torpaq üstə açılan şuma, gah səmada çaxan şimşəyə, gah da ürək ritmlərinin əks olunduğu kardioqrama bənzətmişəm.
İş elə gətirib ki, mən əksər əsərlərimi gecələr yazmışam. Gündüzlər daha çox konkret iş-gücümlə məşğul olmuş, elmi-tədqiqat institutunda çalışmış, redaktorluq etmiş, radio-televiziyada verilişlər aparmış, müxtəlif təhsil ocaqlarında aspirant və tələbələrə mühazirələr demişəm. Daima zəhmətlə yaşamağa üstülük vermişəm. Kiminsə qazancına göz dikməyi, əlinə baxmağı özümçün əskiklik bilmişəm. Bir sözlə, aza qane olmuşam.
Kitablarımın bir qismini hələ Sovetlər dönəmində dövlət nəşriyyatları nəşr edib və müəllif qonorarı verib. Sonrakı mərhələdə əksəriyyəti az tirajla çap olunan kitablarımın əsas "sponsoru" tamaşalardan aldığım qələmhaqqı olub. Sponsor demişkən, Azərbaycan və rus dillərində nəşr edilmiş kitablarımdan bir neçəsinin işıq üzü görməsində adlarının hallanmasını istəməyən xeyirxah dostlarım dəstək verib ki, onlara da öz təşəkkürümü bildirirəm.
Bu cildlərdə toplanan yazıların hər birinin öz taleyi var. Mən bəzi qeydlərimdə bu barədə də söhbət açmışam. Amma indiki halda mənə hələ uşaqlıqdan kitabları sevdirən, hər bir yazıma görə fərəhlənən, bununla yanaşı, məni də fərəhləndirən və yazmağa sövq edən mərhum pedaqoq valideynlərimin adını xatırlamağı özümə borc bilirəm. Cari məişət qayğılarına və problemlərinə, bəlkə də, lazımi səviyyədə diqqət göstərə bilmədiyim ömür-gün yoldaşıma və övladlarıma da təşəkkürüm sonsuzdur. Mən bu əsərləri təkcə lampa işığında deyil, həm də onların ürəklərinin və çöhrələrinin işığında yazmışam.
Mən mənəvi tələbat və onun dialektik inkişafı haqqında bir sıra fəlsəfi əsərlərin müəllifiyəm. Dediyim odur ki, yazdıqlarımın hamısı məhz mənəvi tələbatımın nəticəsi kimi meydana gəlib.
Bu yazılar mənim "sandıq ədəbiyyatına" aid ediləcək yaradıcılıq nümunələrim deyil. Külliyata daxil edilmiş bütün əsərlər dəfələrlə kitablarımda çap olunub.
Mən 30 cildliyimi ənənəvi qaydada "Seçilmiş əsərlər" adlandırmışam. Əslində isə bu əsərlər "seçilmişlərdən seçilmişlərdir".
Və nəhayət.
Artıq dediyim kimi, 30 (otuz) kitabdan ibarət külliyatın hər cildindən ilk nümunələr hazırdır. Bəs, bu cildlər öz "ünvanına", yəni oxuculara çata biləcəkmi? Bəs, bu kitabların çap xərci (hələ digər xərcləri demirəm) öz borcunu ödəyəcəkmi?
Əlbəttə, sivil dünyada yaradıcı adamların bu işlər (yəni kitab satışı, maliyyə, reklam, nəşr, menecer, tərcümə və s.) üzrə köməkçiləri olur. Təbii ki, mənim belə köməkçilərim və "əlavə vasitələrim" yoxdur. Ona görə də imkanlarımı nəzərə alaraq belə qərara gəlmişəm ki, hələlik "siqnal" nüsxələri işıq üzü görən kitablar gələcəkdə istehlaka, tələbata uyğun olaraq nəşr edilsin. Yəni cildlər əvvəldən verilən sifarişin müqabilində çap olunacaq. Rəsmi sifarişə və sənədli müqaviləyə ehtiyac yoxdur. Mənim üçün oxucularımın sözü daha etibarlı və önəmlidir. Mənim üçün SÖZ hər şeydir.
Buyurun, SÖZ sizindir.
Firuz
MUSTAFA
525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.19.