Azərbaycan ədəbiyyatı tarixinə
konseptual baxışın mükəmməl nümunəsi
Azərbaycanın dövlət müstəqilliyi
qazanmasından sonra bütün digər sahələrdə
olduğu kimi, elm sahəsində də inkişaf və
dirçəliş özünü göstərməyə
başlamışdır.
Xalqın
təkidli tələbilə hakimiyyətə qayıdan Ulu
öndər Heydər Əliyevin uzaqgörən, müdrik qərarı
sayəsində artıq "ölüm fitvası"
verilmiş Azərbaycan Milli Elmlər Akademiyasının
öz fəaliyyətinə yenidən başlaması elm sahəsində
ciddi nailiyyətlərə səbəb oldu. Ulu
öndərin layiqli varisi kimi cənab İlham Əliyevin
ölkə başçısı seçilməsi ilə Azərbaycanda
inkişaf və dinamika yeni mərhələyə qədəm
qoydu. Hərtərəfli inkişaf yeni məzmun
və şəkil qazanmaqla da özünü təzahür
etdirməyə başladı. Bu baxımdan elmi tədqiqatlar
sahəsində müasir tələblər yeni mərhələyə
start verdi. Elm sahəsində
aparılan islahatlar və yaradılan şərait dinamik
inkişafın təzahürünə çevrildi. Bu sahədə yeni nailiyyətlərdən biri kimi
müasirlik çərçivəsində Azərbaycançılıq
ideologiyası tələblərinə uyğun yeni elmi tədqiqatların
aparılması və əsərlərin çapı
xüsusilə təqdirəlayiq oldu. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan
Milli Elmlər Akademiyasının 70 illik yubileyi tədbirində
çıxış edərkən demişdir: "Azərbaycan
Milli Elmlər Akademiyası ölkəmizin intellektual
potensialının möhkəmlənməsinə çox dəyərli
töhfələr vermişdir. ...Bu gün də Azərbaycan
Milli Elmlər Akademiyası ölkəmizin ümumi
inkişafında fəal rol oynayır, alimlər öz elmi
araşdırmalarını apararaq ölkəmizin gələcək
inkişaf dinamikasını sürətləndirirlər. Mən çox istəyirəm ki, Azərbaycan alimləri
gələcəkdə də ölkəmizin hərtərəfli
inkişafında daha fəal rol oynasınlar. Çünki ölkəmizin gələcəyi elmi
potensialın səviyyəsi ilə bilavasitə
bağlıdır". Bu cəhətdən
ölkəmizdə elmin baş məbədi kimi Azərbaycan
Milli Elmlər Akademiyası müasir tələblərə
uyğun milli ideologiya işığında çoxsaylı
yeni nəşrlərlə tədqiqatçılıq və
ziyalılıq vəzifəsini yerinə yetirmişdir.
Son dövrlərdə ortaya çıxan ən təqdirəlayiq
nəşrlər içərisində isə xüsusilə
diqqəti çəkən və daha çox oxucu
marağı qazanan məhz Azərbaycan ədəbiyyatının
qədim dövrlərdən bu günə kimi keçdiyi
inkişaf yoluna nəzər salan oncildlik fundamental "Azərbaycan
ədəbiyyatı tarixi"nın birinci
cildidir.
Adıgedən əsərin hələ sovet
dövründə və ondan öncə də müxtəlif
müəlliflər tərəfindən
hazırlandığı və nəşr edildiyini minnətdarlıqla
xatırlayırıq. Hələ 60-cı illərdə
üç cilddə "Azərbaycan ədəbiyyatı
tarixi" hazırlandığını, dövlət
müstəqilliyinin qazanılmasından sonra 2004-cü ildə
yenə də Azərbaycan Milli Elmlər Akademiyasının
altı cilddə bu nəşri yenilədiyi və davam etdirdiyini
razılıqla qeyd edə bilərik. Söz
yox, dövrə və ideoloji tələblərə uyğun
olaraq hər bir nəşrin özünəməxsus
xüsusiyyətləri vardır. Əlbəttə, hər
bir nəşrin özünün nailiyyətləri və
müəyyən cəhətdən nöqsanları,
çatışmazlıqları da söhbət mövzusu ola bilər. Lakin əhəmiyyətlisi
odur ki, belə nəşrlərin həyata keçirilməsi
üçün lazımi cəhdlər olub və
dövrü üçün öz nailiyyətləri ilə
yadda qalıb. Söz yox, elm sahəsində
aparılan tədqiqatlar və onların müsbət nəticələri
elmi qənaətləri daim yeniləməyə ehtiyac yaradır.
Ölkəmizdə dövlət müstəqilliyinin
qazanılması, elm sahəsində həyata keçirilən
ardıcıl müsbətyönlü tədbirlər bu sahədə
də nailiyyətlərin durmadan artmasına istiqamət
vermiş, yeni elmi tapıntılarla zənginləşməsinə
şərait yaratmışdır. Xüsusilə
xalqımız, ölkəmiz üçün daha çox əhəmiyyət
kəsb edən humanitar elmlər sahəsində belə nailiyyətlərdən
daha fərqli şəkildə danışa bilərik.
Artıq müstəqilliyin qazanılması ilə
xalqımızın keçdiyi inkişaf yoluna, onun mədəniyyətinə,
tarixinə, ədəbiyyatına və s. yeni tələblərdən
yanaşılması və dəyərləndirilməsi bir zərurətə
çevrildiyi kimi, açılmamış, qaranlıq qalan
çoxsaylı tərəflərinin də öyrənilməsi
və aşkara çıxarılmasına tələb
artırdı. Məhz belə yeniliklər və yaranan nailiyyətlər
artıq "Azərbaycan ədəbiyyatı tarixi"nin də yenidən nəşr edilməsini zəruri
ehtiyaca çevirmişdi. Azərbaycan Milli Elmlər
Akademiyası da məhz bu zərurəti dəyərləndirərək
vaxtında tamamilə yeni məzmunda belə bir nəşrin həyata
keçirilməsinə nail olmuş və uğurla
tamamlamışdır.
Adıgedən
fundamental əsər AMEA Nizami Gəncəvi adına
Ədəbiyyat İnstitutunda hazırlanıb ərsəyə
gətirilib. Artıq qeyd edildiyi kimi, on cilddə
nəzərdə tutulan fundamental əsərin birinci cildi
işıq üzü görüb və Azərbaycan
şifahi xalq ədəbiyyatına həsr olunub.
Kitabın Baş Redaksiya Şurasının sədri
AMEA-nın prezidenti, akademik Akif Əlizadə, baş redaktoru
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli,
üzvləri akademik Teymur Kərimli və professor Məhərrəm
Qasımlıdır. Kitab akademik İsa Həbibbəylinin
ümumi redaktəsi ilə çapa hazırlanıb. Kitabın məsul katibi filologiya üzrə fəlsəfə
doktoru, dosent Aynur Xəlilovadır.
Kitabın ərsəyə gəlməsində
çoxsaylı alimlərimizin zəhməti vardır. Burada Məhəmmədhüseyn
Təhmasib, Tofiq Hacıyev, Nizami Cəfərov, İsrafil
Abbaslı, Məhərrəm Qasımlı, Nizami Cəfərov,
Aynur Xəlilova, Qəzənfər Kazımov, Sədnik
Paşa Pirsultanlı, Bəhlul Abdulla, Muxtar İmanov, Qəzənfər
Paşayev, Ramazan Qafarlı, Təhmasib Fərzəliyev, Kamil Vəliyev,
Oruc Əliyev, Əfzələddin Əsgər, İslam Ələsgər,
Arif Acaloğlu, Məmməd Əliyev, Azad Nəbiyev kimi alimlərimizin
tədqiqatları öz əksini tapmışdır.
Kitab ilk səhifələrindən
bizi dərin oxucu marağı ilə çəkən, ona əlavə
dəyər və məzmun qatan maraqlı bir ön sözlə
başlayır: "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri". Ön sözün müəllifi akademik İsa Həbibbəylidir.
Doğrusu, əvvəlki və bir çox əsərlərdən
fərqli olaraq, bu ön söz bütün nəşrlərin
məzmununa işıq tutması və onlara hərtərəfli
aydınlıq gətirməsi ilə fərqlənir. Özü bir monoqrafik tədqiqat əsəri təsirini
bağışlayan ön sözdə ən qədim dövrlərdən
bu günə qədər Azərbaycan ədəbiyyatı
tarixinin inkişafı, qaynaqları, ənənələri və
mərhələləri göstərilib. Heç
cür diqqətdən yayına bilməz ki, görkəmli
alim öz tədqiqatçılıq dəsti-xəttinə
uyğun olaraq dərin elmi ümumiləşdirmələr
aparır, sanballı aparıcı tezislər irəli
sürür, bütövlükdə ədəbi inkişafa
apaydın bir işıq tutmuş olur. Burada
hər şeydən əvvəl tədqiqatın əsas
obyekti olan Azərbaycan ədəbiyyatına sərf-nəzər
edilir, onun tərifsayağı yığcam mahiyyəti əks
etdirilir, səciyyəvi xüsusiyyətləri göstərilir.
Bu mənada burada ilk növbədə:
- Azərbaycan
ədəbiyyatının elmi tərifi və konseptual məzmunu
öz yerini tapır;
- Azərbaycan
ədəbiyyatı tarixi öz səciyyəviliyi,
özünəməxsus xüsusiyyətləri ilə
ümumiləşir;
- Ən qədim
nümunələrdən tutmuş bu günə qədərki
söz sərvəti xalqın milli sərvəti, mirası
olaraq tərifini və yerini tapır;
-
İlkin şifahi söz sənəti nümunələri olan
ovsun, holavar, sayaçı sözlər və s. ilə bərabər
irihəcmli əsərlər, yeni janrlar ciddi ədəbi
nailiyyət timsalında təqdim və təhlil edilir;
- Azərbaycan
yazılı ədəbiyyatının tarixi məsələsi
son elmi tədqiqatlar işığında həllini tapır;
-
Çoxəsrlik ədəbi inkişaf və ənənələr
məsələsi, ədəbi məktəblər və s.
milli varlığın təzahürü və təsdiqi kimi
təsbit edilir. Yazılı ədəbiyyatın
yaranması, ədəbi ənənələr və məktəblər,
xüsusilə ədəbi cərəyanlar və mərhələlər
səlis fikir və ciddi təhlillərlə təsbitini
tapır. Xüsusilə realizmin meydana gəlməsi və
mərhələlər üzrə inkişafı burada
dolğun əks etdirilir;
- Ədəbi
cərəyanların, xüsusilə romantizm və tənqidi
realizmin ictimai fikirdə bir-birini tamamlaması kimi elmi-təhlili
fikirlər daha çox maraq və dəyər qazanır;
- Azərbaycan
ədəbiyyatı tarixində dövrləşdirmə məsələsinə
xüsusi həssas yanaşılması doğru və
dolğun tezislərin irəli sürülməsi və təsbiti
ilə ümumiləşir və s.
İstər peşəkar, istərsə də
qeyri-peşəkar oxucu dərhal müşahidə edir ki,
hörmətli akademikin tədqiqində Azərbaycan ədəbiyyatının
dövrləşdirilməsi məsələsi daha ciddi təhlil
mövzusuna çevrilib. Dövlət müstəqilliyindən
sonra meyarların dəyişilməsi şəraitində ədəbiyyat
tarixinin dövrləşdirilməsi daha çox əhəmiyyət
kəsb edib və bu barədə müzakirələr və təşəbbüslər
də olub. Elə əsərin
özündə də qeyd olunur ki, "XX əsrin 90-cı
illərini, bu mənada, əslində, Azərbaycan ədəbiyyatı
tarixini yenidən formalaşdırmaq üçün konsepsiya
axtarışları dövrü adlandırmaq olar". İsa Həbibbəyli məhz bu çətin və
əhəmiyyətli məsələnin üzərinə gəlməklə
bütün təşəbbüsləri və meyarları sərf-nəzər
edərək Azərbaycan ədəbiyyatı tarixinin dövrləşməsi
məsələsinə özünəməxsus yanaşma
edir. Akademik dövrləşmə zərurətinin
yaranmasını beş müxtəlif səbəblə
əlaqələndirərək onların mahiyyətinə də
nəzər salır və bu ehtiyacı bütün məzmunu
ilə ifadə edir. Alimin yanaşmasında dörd prinsip
üzərində dayanılaraq: 1. Azərbaycançılıq
məfkurəsi; 2. Sivilizasiya faktoru; 3. Ədəbi-tarixi
prosesin reallıqları; 4. Azərbaycanda ədəbi cərəyanlar
tezisləri əsas götürülür və dövrləşmənin
zərurəti izah edilir. Azərbaycançılığın
əsaslarını yazan akademik Azərbaycançılıq
prinsipinin üzərində xüsusilə dayanır. Söz yox, uzun illər özgə tələblərdən
və yad ideologiyalardan milli dəyərlərimizə
yanaşılması ədəbiyyat tariximizin də
qeyri-düzgün dəyərləndirilməsilə
müşayiət edilib. Bu cəhətdən
müstəqillik dövrü ədəbiyyat tariximizi yazarkən
bu prinsipin öncüllük, başlıcalıq təşkil
etməsini tam haqlı hesab etməliyik. Məhz bu prinsiplərə
dayanaraq ədəbiyyat tarixinin dövrləşdirilməsi məsələsini
diqqətdə saxlayan alim bu bölgünü
aşağıdakı şəkildə həyata
keçirir:
1. Qədim
dövr Azərbaycan ədəbiyyatı. Etnosdan
eposadək (ən qədim dövrlərdən VII əsrə
qədər).
2. Azərbaycan
yazılı ədəbiyytının ortaq
başlanğıc dövrü (VII-X əsrlər).
3.
İntibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər).
4. Orta əsrlər
Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər).
5. Azərbaycan
ədəbiyyatında erkən realizm dövrü (XVII-XVIII əsrlər).
6. Azərbaycan
ədəbiyyatında maarifçi realizm dövrü (XIX əsr).
7. Azərbaycan
ədəbiyyatında tənqidi realizm və romantizm
epoxası (XIX əsrin doxsanınıcı illərindən Azərbaycanda
sovet hakimiyyətinədək).
8. Azərbaycan
ədəbiyyatında sosialist realizmi dövrü
(1920-1960-cı illər).
9. Milli-mənəvi
özünüdərk və istiqlal ədəbiyyatı mərhələsi.
Modernizm (1960-1980-ci illər).
10.
Müstəqillik dövrü çoxmetodlu Azərbaycan ədəbiyyatı
(1991-ci ildən).
Məhz bu yeni dövrləşmə konsepsiyası ədəbiyyat
tariximizin doğru inkişaf tarixi və mənzərəsini təqdim
etmək baxımından məqbuldur. Bütün
xüsusiyyətlərin nəzərə alınaraq
reallaşdırıldığı bu konsepsiya tam bir qənaət
halı almaqla milli ədəbiyyat tariximizin yazılmasında
bir qanuna, plan-prospektə çevrilir.
"Azərbaycan ədəbiyyatı tarixi"
çoxcildliyinin birinci cildi Azərbaycan folkloruna həsr
olunub. "Azərbaycan folkloru" başlığı
altındakı bölmədə xalqın şifahi söz sərvətinə
ciddi yanaşma, dolğun elmi-nəzəri təhlil, dəqiq
qiymətləndirmə yer alıb. Onun Azərbaycan
xalqının milli düşüncə və
yaradıcılıq tarixindəki dəqiq yeri müəyyənləşdirilir.
Tarixilik və zənginlik baxımından diqqəti
cəlb edən Azərbaycan folkloru xalq
yaradıcılığı və milli düşüncənin
bədii əksi, ilkin qaynağı olaraq öz təqdimini
tapır. Azərbaycan folkloru ilə bağlı deyilən
və onu ümumiləşdirən sözlər "Azərbaycan
ədəbiyyat tarixi"nin birinci cildinin əsas,
başlıca səciyyəsini göstərməyə də
imkan verir: "Azərbaycan folkloru xalqımızın milli
özünəməxsusluğunun və milli kimliyinin
damğası-möhürüdür. Azərbaycan
folkloru - milli-mənəvi dəyərlərimizin möhtəşəm
xəzinəsi, müdrik bələdçisidir". Bu
fikir də çox böyük maraq doğuran ifadədir ki:
"Folklor sözün geniş mənasında xalq
müdrikliyinin ifadəsi olduğundan buradakı
irili-xırdalı bütün janrlar bu və ya digər dərəcədə
həmin səciyyəni daşımaqdadır". Bu mənada xalqın ilkin və milli söz sərvəti
olan xalq yaradıcılığının - folklorun
yazılı ədəbiyyatın mənbəyində və
ilkin ədəbi ənənəsində dayanması faktı
öz elmi təhlili və təsdiqini də tapır.
Çap olunan bu ümumiləşdirilmiş əsərin
digər nəşrlərdən bir sıra fərqli,
üstün və özünəməxsus xüsusiyyətləri
vardır. Bu, təkcə əvvəlki nəşrlərdə
olmayan mövzular və ya bölmələri əhatə etməklə
qalmır, eyni zamanda və daha çox əsərin məzmun
qatında özünü göstərir. Struktur
elə qurulub ki, Azərbaycan folkloru bütün
varlığı və məzmunu ilə öz əksini tapa
bilib. Folklor anlayışını əhatə
və ehtiva edən nə varsa, yeni məzmunda öz təqdimini
tapıb və şərh edilib. Burada bədii-fəlsəfi
düşüncənin qaynağını təşkil edən
mifologiyanın da əvvəlki nəşrdə olduğu kimi
xüsusi bölmədə şərh olunması diqqəti
çəkən bir haldır. Bunun bir əhəmiyyəti
də ondadır ki, mif, sözün əsl mənasında, bir
xalqın, etnosun qədim tarixinin mənbəyində
dayanır. Azərbaycan xalqının mifik
təfəkküründən bəhs etməyə imkan verən
mif və onun törəməsi olan əsatir, əfsanə, rəvayət
və sairdən ayrıca bəhs olunması xüsusi
razılıq doğura biləcək bir haldır.
Çünki "mifologiya tarixi-milli mentalitetin meydana
çıxdığı müəyyən dünya modelinin
yaranmasını, strukturunu, yaşama və fəaliyyət
mexanizmini əks etdirir, açıqlayır, nizamlayır... Mif-əsatir hər bir mədəniyyətin həm təməlini,
həm də müasir məzmununu müəyyənləşdirən
ilkin təfəkkür hadisəsidir". Türk
xalqlarının vahid fəlsəfi-bədii düşüncəsi
burada - mifologiyada tam şəkildə öz vahidliyini və
tamlığını təsdiq etdirir. Konkret
nümunələr və müqayisələr təhlilində
məhz bu qənaət uğurlu bir nəticə kimi bölmənin
nailiyyətini təzahür etdirir. Bütün
tarixi inkişaf boyunca yaradılış, varlıq modeli
haqqında düşüncənin bir-birini izləməsi və
tamamlaması isə bölmənin ortaya
çıxardığı digər uğurlu nəticələrdən
biridir. Burada, həmçinin, miflər konkret və son dəqiq
bölgü ilə də təqdim edilir: 1. Kosmoqonik (kosmoloji)
miflər; 2. Etnoqonik (genealoji) miflər; 3. Təqvim mifləri. Bu fikir də
bir qənaəti tamamlayır ki, "...türk-Azərbaycan
mifologiyasının qaynaqları, əslində, qədim və
zəngin türk mədəniyyətinin bütün mətnləridir".
Geniş bəhs olaraq açılan və
öyrədilən mifologiya anlayışı tam mənasında
Azərbaycan fəlsəfi-bədii düşüncə
tarixini şərh etməyə və mənimsətməyə
istiqamətlənib. Anlatma dili mükəmməl
olan bölmədə "mifoloji görüşlər barədə
hər hansı bir informasiya daşıyan bütün
yazılı, şifahi, təsviri və sair mətnlər
mifoloji araşdırmalar üçün qaynaq təşkil
edir" (s.261). Maraqlıdır ki, bu, "Boz qurd əfsanəsi",
"Kitabi-Dədə Qorqud"dan tutmuş ən müasir
dövrümüzün ədəbi və sənət
nümunələri ola bilər. Əfsanələr, rəvayətlər də
törəmə janrlar olaraq mifoloji təfəkkürün
tamlığına xidmət etməklə onun inkişaf yolu və
davamını təsbit edir.
Ardınca "Arxaik folklor janrları" haqda bəhsin
gəlməsi ardıcıllığı
tamamladığı kimi, bilikləri də zənginləşdirməyə
və məntiqi bağlılıqla vahid anlayış
yaratmağa uğurla xidmət edir. Məlum edilir ki,
"Azərbaycan folklorunda inanclar-sınamalar, ovsunlar, fallar,
andlar, alqış və qarğışlar xalq
yaddaşının bədii əks-sədasının ilkin
janrları kimi qəbul olunur" (s.263). Ədalətlə
demək olar ki, əvvəlki ənənəvi folklor dərslikləri
və vəsaitlərindən fərqli olaraq, burada yeni
anlayışlar haqda da geniş, təfərrüatlı məlumatlar
verilir və terminoloji anlayışlar geniş məzmunda dəqiq
mənada öz təsbitini tapır. Burada
inanclar sisteminə əsaslı münasibətin göstərilməsi
də diqqəti cəlb edən və əvvəlki vəsaitlərdən
fərqli xüsusiyyətini ortaya çıxaran bir haldır.
Əgər mətnləri nəzərə alsaq,
mifologiyanın da, inanclar sisteminə daxil olan inanclar və
ovsunların da ən qədim dövrlərdən əcdadların
həyat, yaşayış və düşüncə tərzinin
təzahürü olduğunu, həm də özündə həyata,
dünya və kainata, ümumən varlığa münasibətdə
bir dərk missiyası daşıdığını
aydın görə bilərik. Buna görə
xalqların qədimliyində mifologiya da, inanclar da bu qədər
əhəmiyyətli rol oynayır. İndi
tam aydınlığı ilə başa düşmək olur
ki, sovet ideologiyası çərçivəsində
yazılan əsərlərdə niyə bu kimi vacib elementlər
özünə yer tapmır, onlar haqqında bəhs olunmurdu.
Bu kitabda ilk dəfə belə anlayışlar haqda geniş bəhs
olunması məhz onun üstün cəhəti və fərqli
keyfiyyətini
nümayiş etdirir.
Azərbaycan
folkloruna həsr olunan "Azərbaycan ədəbiyyatı
tarixi" kitabının I cildində müxtəlif
tanınmış alimlərimizin zəhmətkeş əməyi
ilə "Mərasim folkloru", "Əmək nəğmələri",
"Əfsanələr", "Rəvayətlər",
"Bayatılar", "Xalq mahnıları",
"Nağıllar", "Xalq gülüşü",
"Lətifələr", "Qaravəllilər",
"Atalar sözü və məsəllər",
"Tapmacalar", "Meydan tamaşaları", "Xalq
dramları", "Uşaq folkloru", "Qam-şaman
kompleksi", "Qədim türk eposu", "Ozan-qopuz ənənəsi",
"Oğuznamələr", "Kitabi-Dədə
Qorqud", "Aşıq sənəti", "Aşıq
mühitləri", "Aşıq rəvayətləri",
"Ustad aşıqlar", "Qurbani", "Abbas
Tufarqanlı", "Sarı aşıq", "Xəstə
Qasım", "Abdalgülablı Valeh",
"Aşıq Alı", "Aşıq Hüseyn Şəmkirli",
"Aşıq Ələsgər", "Molla Cuma",
"Aşıq Hüseyn Bozalqanlı", "Aşıq
Şəmşir", "Mikayıl Azaflı",
"Dastanlar", "Koroğlu" eposu",
"Folklorşünaslıq" kimi bölmələr və
ya başlıqlar altında Azərbaycan folklorundan bəhs
edilir. Təkcə başlıqlara diqqət
etdikdə Azərbaycan şifahi düşüncə və
söz sənətini mükəmməl ehtiva edən bir
fundamental, əvəzsiz bir əsərin qarşınızda
durduğuna qətiyyətlə inanırsınız. Hərtərəfli bəhs edilən və
bütün təfərrüatları ilə şərh
olunan folklor mühiti xalqımızın zəngin şifahi
söz sənətini təzahür etdirdiyi kimi, qədim və
zəngin bir tarixə, həyat və yaşayış tərzinə
malik olduğunu da təsdiq edir. Burada ayrıca və
genişliklə bəhs edilən "Qam-şaman
kompleksi", "Qədim türk eposu", "Ozan-qopuz ənənəsi",
"Oğuznamələr", "Kitabi-Dədə
Qorqud" kimi bölmələr Azərbaycan xalqının mədəni
irsinin ümumtürk və ümumdünya mədəniyyəti
kontekstində təhlil edilərək yerinin müəyyənləşdirilməsinə
imkan verir. Azərbaycanın dövlət müstəqilliyi
qazanmasından sonra 2004-cü ildə nəşr edilən
"Azərbaycan ədəbiyyatı tarixi" çoxcildliyinin
birinci cildindən fərqli olaraq, budəfəki yeni nəşrə
yeni bölmələr, o cümlədən, "Xalq
gülüşü" (müəllifi Muxtar İmanov),
"Oğuznamələr" (müəllifi Əfzələddin
Əsgər), "Aşıq rəvayətləri"
(müəllifi Aynur Xəlilova), "Aşıq Alı"
(müəllifi Məmməd Əliyev), "Mikayıl
Azaflı" (müəllifi Qəzənfər Paşayev) və
s. kimi bölmələr artırılıb.
Çox razılıqla demək olar ki, əsərdə Azərbaycan multikulturalizmi bütün dolğunluğu ilə ortaya qoyulub. Xalqımızı fərqləndirən və onun nailiyyətini təzahür etdirən səciyyəvi keyfiyyət kimi multikultural dəyərlərin bədii söz sərvəti, eləcə də, düşüncə və yaşayış tərzində təsbiti fonunda əks edilməsi bu əsərin mühüm keyfiyyətlərindəndir. Çünki Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də AMEA-nın 70 illik yubileyi tədbirində çxış edərkən multikultural dəyərlərin tədqiqi və təbliği məsələsinə xüusi diqqət çəkərək demişdi: "Hesab edirəm ki, Azərbaycan alimləri bu mövzu ilə bağlı daha da fəal ola bilərlər. Azərbaycanda multikulturalizmin tarixi, ənənələri, bugünkü reallıqları haqqında elmi əsaslandırmalar və dövlət siyasəti əsasında həm Azərbaycan dilində, həm xarici dillərdə daha da böyük elmi əsərlər yaradıla bilər. Hesab edirəm ki, bu sahədə elmi araşdırmalar həm çox maraqlı, həm də bizim üçün çox faydalı olacaqdır". Bu mənada Azərbaycan alimləri Azərbaycan xalqının zəngin şifahi söz sənətində bir meyar və humanist fərdi keyfiyyət olaraq təzahür edən multikulturalizmi bayatılarda, nağıl və dastanlarda, xüsusilə xalqımızın ana abidəsi, bahadırlıq dastanı və dövlətçilik salnaməsi olan "Kitabi-Dədə Qorqud" dastanında, böyük həyat məktəbi olan, zəngin müdriklik və hikmət xəzinəsi sayılan atalar sözləri və məsəllərdə və digər nümunələrdə fikri-bədii əksini təsbit edərək təqdim ediblər.
Bu əsərin başqa xüsusi bir əhəmiyyəti də ondadır ki, alimlərimiz təkcə xalqın şifahi söz sənətindən yola çıxaraq xalqımızın, bu söz sərvətini yaradanların məhz bu torpaqların ilkin və əzəli sakinləri olmasını tam mənasında təsdiq və təsbit ediblər. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev AMEA-nın 70 illik tədbirindəki çıxışında diqqətə çatdırararq demişdi: "Əlbəttə ki, bizim tariximiz bizim böyük sərvətimizdir. Bizim tariximiz onu göstərir ki, azərbaycanlılar bu torpaqda əsrlər boyu yaşamışlar". Məhz bu söz sərvəti vahid bir həyat, yaşayış və düşüncə ənənəsinə dayanaraq onun əsl sahibi olan Azərbaycan türklərinin bu torpaqlarda yaşayaraq məhz sivilizasiya, mədəniyyət yaratdıqlarını və onun əsl sahibləri olduqlarını təsdiq edir. Uzun və çətin bir zəhmətin bəhrəsi olaraq çap olunan 1072 səhifəlik bu kitab da məhz bu fikrin qəti təsdiqi, yazılı sənədi, mənəvi pasportudur.
Haqqında razılıqla bəhs etdiyimiz çoxcildlik fundamental "Azərbaycan ədəbiyyatı tarixi"nin birinci cildi özündən əvvəlki nəşrlərin xələfi olaraq ən yaxşısı, ondan sonra nəşr ediləcəklərin isə sələfi, yönləndiricisi, zəmini kimi xüsusi qiymətə malikdir. Bu əsər dövlət müstəqilliyimizin inkişaf etmiş bir dövrünü yaşadığımız illərdə xalqımızın milli sərvətinə, onun mənəvi mədəniyyəti və söz xəzinəsinə verilən yüksək dəyər kimi razılıqla qarşılanır. Bu əsər elmi bir nəşr olduğu, alimlər, müəllimlər, tələbələr, tədqiqatçılar üçün olduqca vacib əhəmiyyət daşıdığı kimi, həvəskar oxucular, şifahi söz sənəti ilə maraqlananlar üçün də qiymətli bir əsər, təkrarsız bir mənbə olacaqdır. Bu nəşrin və onun kimi çap materiallarının timsalında xalqımızın dahi rəhbəri Heydər Əliyevin bir fikri tam mənasında öz təsbitini tapır: "Çoxəsrlik tariximizdə xalqımızı yaşadan, qoruyan və bugünkü günlərə gətirib çıxaran amillərdən biri, ola bilər ki, ən əsası, bizim mədəniyyətimiz, ədəbiyyatımız, deməli, şairlərimiz, yazıçılarımızdır. Azərbaycan xalqı tarix boyu insan həyatının bütün sahələrində öz istedadını, biliyini, bacarığını göstərmiş, elmi ixtiraları, qəhrəmanlıq nümunələri, böyük tarixi-memarlıq abidələri və bədii əsərləri, musiqisi ilə parlaq səhifələr yazmışdır".
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun hazırlayıb nəşr etdirdiyi on cildlik "Azərbaycan ədəbiyyatı tarixi"nin birinci cildi mühüm azərbaycanşünaslıq hadisəsidir.
Əbülfəz QULİYEV
AMEA-nın müxbir üzvü
Ramiz QASIMOV
Filologiya üzrə fəlsəfə doktoru,
dosent
525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.16-17.