YUĞ-un uğurlu
"Lənət"i
Sentyabr ayı həm də bütün teatrlarda yeni mövsümün başlaması ilə əlamətdardır. Teatr və konsert
müəssisələrinin mövsümə başlaması
isə mədəniyyətin,
incəsənətin yenidən
canlanması deməkdir.
Bəzi teatrlar mövsümə köhnə, ənənəvi
səhnə əsərləri
ilə başladıqları
halda, bəziləri yeni premyeralarla tamaşaların görüşünə
gəlirlər.
Onlardan biri də YUĞ Dövlət
Teatrıdır. Demək olar ki, bütün teatr müəssisələri artıq
sentyabrın ortalarından
mövsümü açdıqları
halda, YUĞ Teatrında
hazırlıqlar davam
etməkdə idi.
Nəhayət, ayın axırında
YUĞ da özünü
"qaranəfəs çatdırdı".
Beləliklə, sentyabrın 28-i V.Şekspirin
"III Riçard" əsərinin
motivləri əsasında
hazırlanmış "Lənət"
tamaşasının premyerası
ilə YUĞ Teatrı
izləyicilərinə "mərhaba" dedi.
Öncədən öyrəndiyimiz kimi,
tamaşa Mədəniyyət
Nazirliyinin sifarişi ilə hazırlanmışdı.
Elə premyerada da Mədəniyyət
naziri Əbülfəs
Qarayev, Nazirliyin İncəsənət şöbəsinin
müdiri İsmayıl
Hüseynov, Teatr sektorunun müdiri Könül Cəfərova,
teatrşünaslar və
media nümayəndələri iştirak edirdilər.
Tamaşanın quruluşçu rejissoru
Xristo Stoyçev, rejissoru Günay Səttarova, bəstəkarı
Əməkdar incəsənət
xadimi Sərdar Fərəcov, quruluşçu
rəssamı Olqa Boseva, geyim üzrə
rəssamı Səadətxan
Ramin, rejissor assistenti Günel Səfərovadır. Pyesi Azərbaycan
dilinə YUĞ Teatrının
aktyoru Xalq artisti Vidadi Həsənov tərcümə
edib.
Kollektiv V.Şekspirin "III Riçard"
əsərini yeni səhnə redaksiyasında
təqdim edib. "Lənət"
adı ilə təqdim olunan səhnə əsərində
Əməkdar artist Sonaxanım
Mikayılova (Marqarita),
aktyorlar Vüqar Hacıyev (Riçard), Zümrüd Qasımova (Kraliça Yelizaveta), Elgün Həmidov (Bekingem) və Natəvan Qeybani (Hersoqinya York, Riçardın
anası, Kölgə)
çıxış edirdilər.
Səhnələşdirmədə lənət mövzusu əsas götürülüb. "Hər bir insan
doğulduğu gündən
lənətlənib. Bu
həyat həqiqətini
anlayanda insan faciə qəhrəmanı
olur".
Tamaşada süjet xətti vertikal müstəvi üzərində qurulub. Vertikal müstəvi
dedikdə pazl oyunu nəzərdə tutulur. Bu o deməkdir
ki, hər bir səhnə özü-özülüyündə məzmuna malik olmaqla yanaşı, həm də assosiativ süjet yaradır. Bu səhnələr bir-birindən
aktyorların eyni anda etdikləri eyni hərəkətlə
ayrılır. Əsərin mərkəzi obrazı olan Riçardın taxt-tac uğrunda əl atmadığı eybəcərlik qalmır.
Dünya
malına həddindən
artıq aludə olan gənc Riçard krallıq uğrunda ən yaxın insanlarını belə qurban verməyə hazırdır.
Qardaşını öldürtdürmək, anasının namusunu rüsvayi-cahan eləmək,
qardaşı övladlarının
həyatıyla oynamaq,
onu taxta çıxaran dostunun həyatına son qoymaq onun üçün çox asan bir işdir.
Əvvəllər o, etdiyi bütün hərəkətlərə haqq
qazandırmağa çalışır. Həyatının belə olmağına, xarakterindəki naqisliklərə
görə hər kəsi, hətta Tanrını da günahlandırır. Çünki onu məhz Tanrı
belə yaradıb.
Ona görə də onun bu əməllərini
sorğulamağa, onu yolundan çəkindirməyə
kimsənin haqqı yoxdur. Əgər kimsə buna cəhd edərsə, aqibəti yalnız ölüm ola
bilər. Axı Riçard artıq
günah işləməyə
öyrəşib. Bütün
əməllərinə bəraət
qazandırmaq üçün
isə tez-tez bu fikri işlədir:
"Bir dəfə günah edəndən sonra nə fərqi
var, ikincini etdin, yoxsa yüzüncünü?"
Deməli, çətini əlin
günaha bulaşana qədərdir. Riçardın isə yalnız əlləri deyil, bütün ruhu da günah girdabına
batıb.
Ancaq əsərin
davamında Riçardın
daxili təbəddülatları
başlayır. O, bu xarakteriylə Tanrı tərəfindən lənətləndiyini
anlayır. Lənətlənmək isə faciədən
qaça bilməməkdir.
Ona görə də başındakı krallıq
tacı belə onu məmnun etməyə yetmir. Daxili çürüyən Riçardı
heç bir bər-bəzək, cah-cəlal
xilas edə bilmir. Anasının, dostunun, qardaşının,
qardaşı arvadı
və övladlarının,
eləcə də neçə-neçə insanların
günahları onun çiyinləri üzərindədir.
Nə qədər inkar etməyə çalışsa
da, bu mənəvi
yükün altında
gün keçdikcə
əzilir, əzildikcə
daxilindəki lənətlənmiş
ruhun səsini yeni-yeni günahlarla batırmağa çalışır.
Bütün bu xaosun içərisindəki tək
qurban isə yenə də insan və insanlıqdır.
Səhnə əsəri YUĞ-a xas sadə dekorasiya ilə yadda qaldı. Rejissor dəyişən zamanı aktyorların hərəkətlərində əks
etdirirsə, onların
ruhundakı məngənəni
dəmir torlardan ibarət üç divarla anladır. Qəhrəmanlar bu torlara pərçimlənib qalıblar,
qurtuluş isə həqiqətin etirafıdır.
Onlar susduqca, ya da
inkar etməyə çalışdıqca o "barmaqlıqlarla" sanki bütünləşirlər. Üsyan edən qəhrəman isə müvəqqəti
də olsa o tordan qurtulur. Demək ki, ruhun qurtuluşu
həqiqətin gözlərinin
içərisinə baxmaqdır.
Bəs bunu nə qədər
insan bacarır?
Səhnə əsəri mükəmməl
aktyor oyunu ilə yadda qaldı. İlk oyun olmağına
baxmayaraq, sanki hər biri öz
rolunu kifayət qədər mənimsəmiş,
özləşdirmişdilər.
Nazir Əbülfəs
Qarayev də tamaşadan sonra əsərin keyfiyyətini
yüksək qiymətləndirərək,
kollektivi təbrik etdi, yeni uğurlar
arzuladı.
Lənətlənmiş insanın faciəyə
məhkum həyat tarixçəsini YUĞ Teatrının səhnəsindən
seyr etmək istəyən hər kəs mövsüm ərzində heç
olmasa, bir dəfə
"Lənət" tamaşasını izləməlidir.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 2 oktyabr.- S.13.