Şamdanlı royal və yaxud boz telefon
Hekayə
Qadınlar kişiləri kədərləndirməyin
bir yolunu, bədbəxt eləməyin isə min yolunu bilirlər.
Henrix
Heyne
Deyə bilmərəm, o, bu əhvalatı ya hardansa
oxumuşdu, ya hardansa eşitmişdi, yoxsa özü
uydurmuşdu.
Bilmirəm. Amma bunu hər kim
uydurubsa, çox gözəl uydurub. Deyir, bir dəfə
bütün heyvanlar yığışıb Allahın
yanına şikayətə gedirlər. Deyirlər
ki, ay Allah, bizi də yaradan sənsən, insanları da. Axı insanlar bizi məhv edir, qırır,
axırımıza çıxırlar, bizə bir köməklik
elə. Allah bir qədər
düşünüb deyir ki, narahat olmayın, mən insanlara
bir bəla göndərərəm. Elə
bir bəla ki, onlar özləri bir-birini qırsınlar.
Elə belə də eləyir. Allah insanlara məhəbbət adlı bir bəla
göndərir. Bu məhəbbət adlı bəla -
kişilərin qadınlara olan sevgisi, qadınların da
kişilərə olan məhəbbəti elə bir həddə
gəlib çatır ki... Aləm bir-birinə
qarışır. Bu sevgi virusunun əlindən
kişilər başlarını itirirlər. Qadınlar dəliyə dönürlər. Kişilər öz məhəbbətlərinə
qarşı cavab almayanda ölüm-dirimə qədər
gedib çıxırlar. Qadınlar isə
məhəbbətlərindən bir cavab almayanda intiqama üz
tuturlar. Əlqərəz. Dünya bir-birinə
qarışır. Müharibələr,
qırğınlar, çəkişmələr baş
alıb gedir. Kişilər
üçün varlanmaq hərisliyi, şöhrət,
hökm, hədsiz imkanlar və s... hamısı bir səmtə
yönəldilir. Qadınları cəlb
etməyə, qadınların diqqət mərkəzində
olmağa. Qadınların məhəbbətini
qazanmağa. Bütün bunları
qadınlar təhtəlşüur başa düşür,
görür, anlayırlar ki, hər bir şey elə onlardan,
onları cəlb etməkdən ötrüdür. Təki onların məhəbbətini qazansınlar.
Elə ona görə də bütün bunlara
qadınlar çox asanlıqla şərik çıxır
və tərəf-müqabilini, yəni kişinin bütün
imkanlarını öz bildiyi və istədiyi səmtə
yönəldir. Və bədbəxt
kişilər də bundan əzabla zövq alır. Məmnunluqla əzab çəkir. Bu şirin bəladan xilas olmaq istəmir. Bu
uydurulan əhvalat nə vaxt və kim tərəfindən
uydurulubsa, mən deyə bilmərəm. Amma həqiqətə
çox bənzəyişi var. Yox. Bu, elə
həqiqətdir.
Çünki dünyada baş verən bütün
müharibələr, çəkişmələr,
qırğınlar, çevrilişlər, inqilablar,
hamısı bir səmtə yönəldilib, varlanmaq səmtinə. Şöhrət
səmtinə. Var-dövlət əldə
etmək səmtinə. Bunlar hamısı
da qıza - qadına sahib olmaq üçün sərf edilir və
kişilər bu yoldan çəkinmirlər. Və o gündən bu günə qədər də
hər şey elə belə də davam edir. Homerdən tutmuş ən kiçik şairə,
yazıçıya qədər də bu məhəbbət bəlasını
öz yaradıcılıqlarında yazıblar.
***
Mən heç zaman bu pilləkənləri belə
yavaş-yavaş, belə ürək ağrısı ilə
çıxmamışdım. Belə kədərlə
çıxmamışdım. Mən bu
pilləkənləri vaxtilə birnəfəsə
qalxırdım. Uça-uça
qalxırdım. İndi isə elə bil
ki, dünyanın yeddinci qatına düşürəm.
Dünyanın ən qaranlıq zirzəmisinə
enirəm. Atam vaxtilə bir şeir
yazmışdı.
"Yox düşmürəm, qalxıram".
Biz vaxtilə beşinci mərtəbədə Yazıçılar binasında yaşayırdıq. Atam istədiyi yerə (arzusunda olduğu yerə) hər gedişində pillələri düşürdü, amma yazırdı ki, mən bu pillələri düşmürəm, qalxıram. Çünki gedəcəyi yerin həmişə arzusunda olub. Əmin-amanlığını orda tapırdı. Mən indi atamı başa düşürəm. İndi mən də bu pillələri qalxdıqca, elə bilirdim ki, qalxmıram, yerin altına düşürəm, ağrı ilə düşürəm. Yox, mən özümü atamla müqayisə etmirəm. Bu, mümkün olan şey deyil. Amma 20 ildən artıqdır ki, mən bu hissi dərindən-dərinə hiss edirəm, başa düşürəm. Əzabla zövq alıram. Başa düşdükcə də yanıram. Yandıqca da ləzzət alıram. Ay aman, bu binanın bloku nə yaman kədərli imiş, mən heç fikir verməmişəm. Amma vaxt var idi ki, bu blok sanki üzümə gülürdü. Mən heç fikir verməmişdim, bu sürahilərin rəngi də solubmuş ki... Vaxtilə bu binanın bloku adamın üzünə gülərdi. Pillələri ürək ağrısı ilə qalxırdım. Və ürək ağrısı ilə onu da hiss edirdim ki, bir də bu pillələri heç vaxt qalxmayacağam. 5-10 dəqiqədən sonra çıxıb bu binanı əbədi olaraq tərk edəcəyəm. Bir də bu binaya gəlməyəcəyəm. Bunu vahimə ilə hiss edirdim. Və çox böyük ürək ağrısı ilə bunu dərk edirdim. Bu blokda hər şey mənə həm doğma idi, həm də yad idi artıq. Nəhayət ki, çatdım. Dördüncü mərtəbə, mənzil 133. Ağ dəmir qapı. Aman Allah mən heç fikir verməmişdim, bu qapının rəngi də saralıbmış ki. Niyə mən indiyə kimi fikir vermirdim. Binanın bloku da yarımqaranlıq idi ki. Amma vaxtilə mənə elə gəlirdi ki, bu blokdan iri bir çılçıraq asılıb. Hər yan işıqlıdır. Axı niyə? Nə olub indi? Bu mənzilin açarları məndə də var idi. O, evdə oldu, ya olmadı istədiyim vaxt açıb içəri girə bilərdim. Bu evə həmişə ürəklə gəlirdim, ərklə gəlirdim. İndi isə cəsarətsiz, oğrun-oğrun. Qapının zəngini basmağa cəsarətim belə çatmırdı. Elə bil ki, nədənsə ehtiyat edirdim. Bir müddət qapının arxasında dayandım. Gözlərim yol çəkirdi. Və nəhayət ki, bütün cəsarətimi toplayıb, qapının zəngini basdım. Ay aman... Qapının zəng səsi dəyişməyinə dəyişməmişdi, elə əvvəlki zəng idi. Amma vaxtilə bülbül cəhcəhinə bənzəyən bu zəng səsi, indi isə elə bil can verən bir quşun səsinə oxşayırdı.
Qapının o biri tərəfindən bir kişi səsi eşitdim:
- Kimdi? Nə istəyirsən?
- Üzr istəyirəm, mənəm. 10-15 dəqiqə bundan qabaq sizə zəng etmişdim. Yadınızdadır? Demişdim ki, sizinlə görüşmək istəyirəm. Ihı, ıhı. Demişdim sizə ki. Mən həmənki o zəng edən adamam.
- Hə, yaxşı bir dəqiqə gözləyin.
Allah bilir bu bir dəqiqə ərzində mən nələr çəkdim. Mən hara gəlmişəm? Axı, o, niyə belə etdi? Mən Bakıya xaricdən sırağağün gecə gəlmişdim. Bu xəbəri eşidən kimi gəlmişdim. Dəliyə dönmüşdüm. Gələn kimi zəng etdim. Bir gün telefonu götürən olmadı. Nəhayət, evin yeni sakinini tapdım. Dedim ki, bəs görüşmək istəyirəm sizinlə.
Nəhayət ki, evin təzə sakini qapını açdı:
- Eşidirəm. Nə lazımdır?
- Bilirsiz... Heç bilmirəm necə deyim sizə. Mən də uzun müddət bu evdə yaşamışam, daha doğrusu, bu evin keçmiş sakini ilə yaxın münasibətim olub. İndi bilmirəm necə deyim sizə. Mən istəyərdim ki... İcazə verəsiniz bir dəqiqəliyə bu evdə oturum, sonra çıxım gedim. Mən özüm də burda yaşamıram. Xaricdə işləyirəm. Mənim bu mənzillə çox şirin, gözəl xatirələrim olub. Əgər mümkünsə, icazə verəsiniz, sizin qonaq otağınızdakı royalın üzbəüzündəki kresloda oturum, sonra isə çıxım gedim.
Onun küt-küt mənə baxdığını görüb istədim ona hər şeyi anladım, danışım. İstəyirdim deyəm ki, bu evin keçmiş sakini mənim iyirmi il görüşdüyüm qadın olub. Gözümün işığı olub. Mən bu evdə çox olmuşam. Demək olar ki, bu evdə yaşamışam. Evin təzə sakini mənə küt-küt baxıb birdən dedi ki:
- Bu evdə qeydiyyatdasan?
Evin yeni sakinindən içki iyi gəlirdi. Deyəsən, içkiyə meylli adam idi.
- Yoox. Heç bir qeydiyyatım zadım yoxdur. Sadəcə olaraq çox xahiş eləyirəm. İstəyirsiz mən pul da verə bilərəm sizə, axırıncı dəfə oturum bu evdə.
Bir qədər pauza verib, sonra isə.
-
Yaxşı da... Keç içəri.
Mən
bilirdim ki, evin yeni sakini olan bu kişi bu evi
mebel qarışıq almışdır. O isə bu evi dəyər-dəyməzinə
satmışdır. Bakıdan tez qaçmaq istəyirdi.
Türkiyəyə getməli idi. Amma bilirdim ki, özü ilə bacara bilməyəcək.
Hər şeyi dəyər-dəyməzinə
satmışdı. Bircə xatirələri
sata bilməmişdir. Çünki xatirələr
hər ikimzinki idi. Çünki bu xatirələrdə
mənim də öz payım var idi.
İçəri girib dərhal qonaq otağına
keçdim.
Ay aman... Otaqdan azacıq da olsa onun ətri gəlirdi.
Hələ ki, onun ətri bu evdə
qalmışdı. Bu ətrə elə həsrətəm
ki... Otaqda heç nəyə əl dəyilməmişdi.
Hər şey olduğu kimi idi. Həmin o şamdanlı royal, üzbəüzündə
də parçası zolaqlı olan köhnə bir kreslo.
Dərhal çevrilib evin yeni sakininə təşəkkürümü
bildirdim. İstəyirdim onu qucaqlayım,
bağrıma basım. Deyəm ki, nə
yaxşı ki, sən heç nəyin yerini dəyişməmisən.
Nə yaxşı heç nəyə əl
vurmamısan. Hər şey olduğu kimi
qalmışdı. Qəhər məni
boğurdu. Hönkürtümü güclə
saxlayırdım. İndi bu saat bu
dünyada adını bilmədiyim bu kişidən yaxın
adamım yox idi. Çünki həmin
müqəddəs evdə o yaşayırdı.
Bu evin hər küncündə mənim bir xatirəm
qalmışdı. İstər-istəməz qarşı
divara baxdım. Həmin qarşı divarda
mənim şəklim asılardı. İndi isə həmin
şəklin yeri boş qaldığından divar ağ qalmışdı. Yavaş-yavaş
kresloya yaxınlaşıb oturdum. İstəyirdim
royalın qapağını qaldırıb, royalın dillərini
öpüm, qucaqlayım, deyəm ki, axı sən niyə belə
etdin? Axı sən niyə evi satdın?
Evin yeni
sakini nədənsə birdən mənə baxıb
gülümsəyə-gülümsəyə:
- Bəlkə
tanışlığımızın şərəfinə
adama bir əlli-əlli.
Sözünü
yarımçıq kəsdim:
- Üzbəüzdə
kiçik bir mağaza var. Mən bu saat gedim nə lazımsa
alım gətirim.
Dərhal çevrilib qapıdan çıxdım. Qarşı
mağazada satıcılar da məni tanıyırdılar.
Nədənsə hamı mənə kədərlə
baxırdı. Bəlkə də yox, mənə
elə gəlirdi. Bilmirəm. Nə lazımdısa alıb gətirdim. Dedim
ki:
- Sən
yavaş-yavaş iç, mən onsuz da
içən deyiləm.
-
Yaxşı onda gəl tanış olaq. Mənim
adım...
Dərhal
sözünü kəsdim:
-
Xahiş edirəm adınızı deməyin. Məni
düzgün başa düşün. Mən bu evdə
yaşayan başqa adamın kim
olmasını bilmək istəmirəm. Siz
yavaş-yavaş için, mənə fikir verməyin.
O,
heç nə başa düşməyərək,
küt-küt mənə baxırdı.
Mən kresloda oturdum.
Yadıma
gəlir ki, axırıncı dəfə o, bu royalın arxasında
oturub Qriqin "Pergünd" süitasından "Ozanın
ölümü"nü çalmışdı. Mən də kresloda oturub siqaret çəkirdim.
Və ona dedim ki, fərli bir şey çal. Bu
nədir çalırsan? Adamı lap bədbinlik
basır. O isə yarızarafat, yarıciddi:
- Bu, mənim
sənə çaldığım axırıncı
süitadır.
Bir siqaret yandırdım. Hətta o da yadıma
gəlir ki, o, royalda çalanda mənim siqaretimdən
kiçik bir köz bu kreslonun oturacağına
düşmüşdü. İstər-istəməz
həmin o yanıq yerinə baxdım. Həmən-həmənki
idi. Yanıq yeri qalırdı.
O vaxt mən
gülə-gülə təklif etmişdim ki, sabah
usta çağırım kreslonun üst
parçasını dəyişək. O da demişdi ki, qoy
qalsın, hər dəfə baxanda səni yada salacağam. Çünki onsuz da iki gündən sonra sən yenə
də xaricə uçacaqsan. Mən yenə
də tək qalacağam.
Bu şamdanlı royal çox qiymətli royal idi. Yadıma gəlir ki, o,
konservatoriyanı bitirən ili atası bu
royalı Leninqraddan gətirtmişdi. Çox
baha qiymətə almışdı. Qızının
dəlisi idi. Qızının bir
sözünü iki eləməzdi. Qızı
onun üçün hər şey idi. Atası
köhnə kişilərdən idi. Yaxşı
pul qazanan, sağa-sola xərcləyən, gözəl
zövqlə geyinən kişilərdən idi. Bilmirəm, atası o vaxtlar restoran saxlayırdı,
ya da bilmirəm nə işlə məşğul idi, bircə
onu bilirəm ki, çox imkanlı idi. Daşdan
da pul çıxaran kişilərdən idi. Qız-qadın məsələsində
də üstü
yox idi. O da yadıma gəlir ki, bir dəfə tamam təsadüfən
onunla hardasa rastlaşmışdıq. Dərhal üzünə
yana çevirib özünü görməzliyə
vurdu. Ağır adam idi. Aradan
pərdə götürmək istəmirdi. Elə mən özüm də onu görməməzliyə
vurdum.
Royalın üstündə bir tərəfi çoxdan
sınmış boz bir telefon var idi. Bu telefonu atası əsəbləşib
sındırmışdı ki, bir də mənimlə
telefonla danışmasın.
Birdən gözlərimə o göründü. Mənə
yaxınlaşıb yavaş səslə:
- Deyəsən
darıxmısan?
Mən də
istər-istəməz dedim ki:
- Ay aman,
sən hardan gəldin? Əlbəttə,
darıxıram sənsiz.
Həmişəki
kimi əyilib sol üzümdən öpdü:
- Sən
nə yaman xarab olmusan, dəyişmisən. Sınıxmısan.
- Sənsizəm
də. Məni tək qoymusan.
Evin yeni sakini gözlərini mənə zilləyib
baxırdı.
Birdən boğuq bir səslə soruşdu ki:
- Kim
hardan gəlib ki? Sən kimlə
danışırsan?
Hiss etdim
ki, deyəsən, özüm-özümlə
danışırdım.
-
Heç.
Ürəyim dolu idi. Boşaltmağa adam
axtarırdım. Amma ona danışmağın
mənası yox idi. Onsuz da o məni
başa düşməyəcəkdi. Və nə
yaxşı ki, məni heç kim
heç vaxt başa düşməyəcək.
Onun silueti isə yanımda dayanmışdı, mənə
baxıb gülümsəyirdi. - Darıxma, onsuz da görüşəcəyik.
Bilirəm, tez-tez yanıma Türkiyəyə gələcəksən.
Elə mən də sənin yanına gələcəyəm.
"Dirilib
yaşayır sənli günlərim
Sənsiz günlərimin xatirəsində".
Ayağa
durdum, evin yeni sakininə yaxınlaşıb dedim ki:
- Nə qədər
istəyirsiz pul verim, bu telefonu satın mənə. Bir də yataq otağında, kitab rəfində bir
kitab var. Bir də onu. Nə qədər
istəsəniz pul verməyə hazıram. Ya da mən yataq otağına keçməyim, sol tərəfdə
rəfdə qara bir kitab var. Hemenquey. Yataq
otağına özüm keçmək istəmirdim.
Çünki həmin otaqla bağlı mənim o qədər xatirələrim
var ki. Həm də bilirdim ki, həmin otaqdan hələ
də onun ətri gəlir. Bilirdim ki, yataq
otağında olan iki nəfərlik çarpayıda mən
bir daha yatmayacağam. Bilirdim ki, o, heç
vaxt mən yuxudan duranda mənim çarpayıma qəhvə
gətirməyəcək. Və heç
zaman bu otaqda mənə "sabahın xeyir" sözlərini
deməyəcək. Bilirdim, bilirdim, bilirdim
bir də heç vaxt heç nə təkrarlanmayacaq. Bunları hamısını başa
düşürdüm və sabahlarımdan qorxurdum. Və başa düşürdüm ki, bunların
bir daha təkrarlanmaması mənim üçün ən dəhşətli
bir şeydir. Həm də istəmirdim ki,
mənim kədərlənməyimi, gözlərimin
dolmasını evin yeni sahibi görsün.
Onun tərəddüd etdiyini görüb əlimi cibimə salıb bu köhnə, qırağı çatdamış telefon üçün stolun üstünə 200 manat pul qoydum.
- Bəs edər?
- Yaxşı, telefonu götür.
Telefonu götürdüm. Dedim ki, yataq otağına keçin kitabı gətirin.
Dedi:
-
Kitabları özü ilə aparıb.
Əgər
ev şəraitim imkan vermiş olsa idi, bu
royalı da alardım, bu kreslonu da alardım. Amma... Mənası yox idi.
Evin yeni sakini ilə xudahafizləşdim, bir daha təşəkkürümü
bildirib, qapıdan çıxdım.
Pillələri düşə-düşə fikirləşirdim
ki, bir də heç zaman bu pillələri qalxmayacağam, bir
də heç zaman o kresloda oturmayacağam, bir də heç
zaman o royalı görməyəcəyəm.
Qonşunun qapısı açıldı. Bu qonşu qadın ilə
biz tanış idik. Məni görən
kimi təəccüblə:
- A... o, bəyəm
qayıdıb?
Heç nə demədim. Salamlaşıb
çıxıb getdim.
Telefonu bağrıma basıb, oturmuşam. Bilirəm ki,
bu dəqiqə tək mənim sirdaşım indi bu telefondur.
Bu telefonun dəstəyində o qədər sirlər qalıb
ki... Şəhərin bu başında mən, o
biri başında o. Vaxtilə səhərə kimi telefonla
danışardıq. Bu telefon bir sirr
dağarcığıdır. Yadıma gəlir
ki, bir vaxtlar telefonu bu şamdanlı royalın üstünə
qoyub orda Bramsı çalardı, Bethoveni çalardı, mən
də saatlarla qulaq asardım.
Atası dünyasını dəyişəndən sonra, həyatımıza müdaxilə edən adam yox idi. Elə ikimiz idik. Ümumiyyətlə, bu şəhərdə ikimiz idik. Nəinki şəhərdə, bu dünyada heç kimimiz yox idi. O mənsiz, mən onsuz qala bilmirdik. Bir-birimizi tamamlayırdıq. Mən bilirdim ki, mən ömrümün sonuna qədər yana-yana, qovrula-qovrula yaşayacağam.
Bu dünyada ən çox qorxduğum şey bir atamı itirmək və bir də onsuz qalmaq idi. İkisi də başıma gəldi. Atamı itirdim, onsuz qaldım. İndi öz-özümə fikirləşirəm ki, bu telefonun dili olsa idi nələr danışardı? Nələrdən xəbər verərdi? Bu telefon hətta mənim unutduğum sirləri də bilir.
Mən bu telefonu özümlə diplomatik xidmətdə olduğum xarici ölkəyə apardım. İstəyirdim ki, bu telefonu evdəki telefonun yerinə qoşum. Sonra fikrimi dəyişdim. İstəmədim ki, bu sirlərin içinə bəzi siyasi sirlər də daxil olsun. Ülvi sirlər və siyasi sirlər. Ülvi sirlər hara, siyasi sirlər hara? Siyasət bu telefonun mənəviyyatını korlaya bilərdi. Bircə onu bilirəm ki, bu telefon mənim ömrümün ən son gününə kimi yanımda olacaq. Bunu heç bir nömrəyə qoşmayacağam. Çünki axırıncı dəfə o, mənimlə bu telefonla danışmışdı.
İsfəndiyar
VAHABZADƏ
525-ci qəzet.- 2019.- 4 oktyabr.- S.14-15.