Sözün öz adamı
Adəm Asnını uşaqlıq vaxtlarımdan
tanımışam. Qonşu Qarabağlar kəndindən idi.
Adını tez-tez eşidirdim. Eyni zamanda, qardaşı Aləm Kəngərlini.
Ataları el arasında usta Qulu kimi məşhur idi. Bunları deməkdə məqsədim odur ki, Adəm
Asnı poeziyaya təsadüfi gələn biri deyil.
Bu imza bir
neçə il bundan əvvələ kimi
mənim üçün Adəm müəllim idi. Adəm Əkbərov. Lakin 2-3 il
bundan əvvəl onun mətbuatda şeirlərini oxumağa
başladım. Bəlkə lap əvvəllər də mətbuatda
nəşr olunurdu, təəssüf ki, mən həmin
yazılarla qarşılaşmamışdım. Mətbuatda oxuduğum şeirləri, haqqında
yazılmış yazılar məndə Adəm Əkbərovun
Adəm Asnıya çevrilməsində böyük rol
oynayan poetik dünyası ilə tanışlığa maraq
yaratmışdı. Bu yaxınlarda isə müəllifin
nəşr olunmuş üç kitabını avtoqrafla mənə
göndərməsi həmin kitablarda yer alan
şeirlərlə, hekayətlərlə, lətifələrlə
tanışlıq üçün yaxşı bir fürsət
oldu. Üst-üstə min səhifədən
çox olan bu üç kitabı oxuduqdan sonra yaranan təəssüratlarımı
oxucularla da bölüşmək istədim.
"Ovqat" və "Duyğuların ifadəsi"
kitabları 2017-ci ildə, "Bir röya həsrətində"
kitabı isə ötən 2018-ci ildə nəşr olunub. Təbii olaraq oxucuda yaranan
"Adəm Asnı kimdir?" sualının cavabında da
bir çox maraqlı həyat hekayəsi dayanır: 1954-cü
ildə Naxçıvan Muxtar Respublikası Şərur
rayonunun (indiki Kəngərli rayonunun) Qarabağlar kəndində
anadan olub. 1977-ci ildə Vilnüs şəhərində
daxili işlər nazirliyinin xüsusi məktəbini bitirib.
Həmin məktəbi fərqlənmə diplomu
ilə bitirdiyi üçün, eyni zamanda, adı məktəbdəki
xüsusi fərqlənmiş məzunların adı
yazılan mərmər lövhəyə həkk olunan ilk azərbaycanlı
kimi ona təyinat yerinin seçimində sərbəstlik
verilib. O isə öz vətənində xidmət etməyi
üstün tutub. Bir müddət xüsusi cəzaçəkmə
müəssisələrində rəhbər vəzifələrdə
çalışdıqdan sonra SSRİ Daxili İşlər
Nazirliyinin Akademiyasına qəbul olub və 1987-ci ildə
oranı bitirib. Uzun illər Ədliyyə
orqanlarında çalışan Adəm Asnı 1991-ci ildə
öz ərizəsi ilə Naxçıvana göndərilib və
Sədərək döyüşlərində düşmənlərə
qarşı vuruşub. 1992-ci ilin
yayında yenidən Bakıya göndərilib, 2006-cı ildə
isə polkovnik-leytenant kimi təqaüdə buraxılıb.
Eyni zamanda, Qarabağ müharibəsi veteranı olan Adəm
müəllim orta məktəb illərindən yazı-pozuya
maraq göstərib, "Gəl baharım" adlı ilk
şeiri hələ ötən əsrin 80-ci illərində
Şərur rayonunun "İşıqlı yol" qəzetində
dərc olunub. Təqaüdə
çıxdıqdan sonra isə zaman-zaman
yazdıqlarını bir yerə yığan Adəm Asnı
bu gün qarşımıza məhsuldar bir şair kimi
çıxır. Həm də müxtəlif
mövzularda qələmə aldığı yüzlərlə
şeiri ilə yanaşı, hikmətamiz təmsilləri,
gündəlik həyatımızda yumora çevrilmiş
hadisələrdən doğan lətifələri ilə.
Adəm müəllimin ilk kitabları -
"Duyğuların ifadəsi" və "Ovqat" əkiz
qardaşlardır. Eyni ildə, eyni gündə, eyni nəşriyyatda
çapdan çıxan bu əkizlərdən
"Duyğuların ifadəsi" adından da
göründüyü kimi, müəllifin ilk sevinci kimi diqqəti
cəlb edir. Elə mən də ilk olaraq
bu şeirlər kitabı haqqında söz açmaq istəyirəm.
Akademik Nizami Cəfərovun "Həvəskar"ın
peşəkarlığı" adlı ön söz
yazdığı kitab Adəm asnının annotasiyada da bildirdiyi
kimi, "ağır zəhmətinin, yuxusuz gecələrinin,
qəlb çırpıntılarının" nəticəsi
kimi ərsəyə gəlib. Kitabdakı şeirləri
oxuduqca akademikin kitab haqqındakı rəyində qeyd etdiyi bu
fikirlərlə razılaşmalı olursan: "Adəm
Asnının şeirləri ilə tanış olduqdan sonra
ona, özünün təvazökarlıqla israr eləməsinə
baxmayaraq, "həvəskar" deməyə dilim gəlmədi.
Adəm Asnı şairdir... Ənənəvilik
sələflərə ehtiramın, özünəməxsusluq
isə cəmiyyət həyatının yeni təcrübələrinə
istinadın nəticəsidir. Və əminliklə
demək olar ki, Adəm filosofluq etməyə qüdrəti
çatan, bundan çəkinməyən fikir, mühakimə
adamıdır". "Duyğuların ifadəsi"ni oxuyan hər bir oxucu akademik Nizami Cəfərova
qoşulacaq və əminliklə deyəcək ki, Adəm
Asnı şairdir.
Adəm Asnının oxuduğum şeirlərinin
böyük əksəriyyətində kənd həyatı,
Qarabağlar kəndi, kənddə keçən illəri, kənddəki
doğmaları, ümumilikdə isə kənd
saflığı bir boy hündür görünür. Bu barədə
qələmə aldığı şeirlərinin təkcə
adını sadalasam, oxucu heyrətə gələr.
Adəm müəllimin şeirlərinin hər biri
özünü nələrsə yazmağa məcbur etməkdən
uzaq olan ilhamlı, təbli şeirlərdir. Təb isə
onun kölgəsi kimidir. Görünməyən
kölgəsi. İçindəki
işıqdan elə içinə düşən kölgə
kimi. Bir şeirində bu barədə də söz
açıb təbindən danışır:
Mənimlə
birlikdə girir yatağa,
Ta
dağı arana, aranı dağa
Yüz
yol köçürməsə, sakitlik bilmir,
Nə qoyur mən yatam, nə o dincəlmir.
Belə təbli insanın
yaradıcılığında müxtəlif mövzulu
şeirlər oxumamaq mümkün deyil.
Bəzən o şair "çoxbilmişliyi"ndən
də istifadə edir. Özünə xeyli oxucu qazanmağın
yolunu tapır. Bu baxımdan xüsusilə onminə
yaxın əhalisi olan kəndinin qızlarına müraciətlə
yazdığı "Kəndimizin qızları"
çoxbəndli şeiri lap yerində yazılmış
şair şıltaqlığıdır:
Vəfalı,
ismətli, abır-həyalı,
Yaranışdan ənlik-kirşan boyalı.
Quracağı
ev-ocağın dayağı,
Məhəbbətdir
kəndimizin qızları,
- deyən şairin hansı kənd qızı
oxucusu olmaz ki?!
Haqqında bəhs etdiyim kitabında müəllifin
müxtəlif mövzularda, müxtəlif janrlarda şeirlərinə
rast gəlirik ki, bu nümunələrdə o,
özünün də ifadə etdiyi kimi qarşılaşdığı
hadisələrə, həmçinin, ona danışılan
olaylara, ürəyinin diktə etdiyi duyğulara poetik rənglər
əlavə edir. Bir neçə bölmədə
qruplaşdırılmış bu şeirlərin içərisində
"Dördmisralıqlar" da maraqlı poetik mənzərə
yaradır.
Müəllifin Səriyyə və Qızxanım nənələrinə
həsr etdiyi "Nağıl" şeiri isə bir nəvənin
uşaqlıq yaddaşına sadiqlik andı kimi diqqəti cəlb
edir.
Ümumiyyətlə, "Duyğuların ifadəsi"
kitabı Adəm Asnının həqiqi mənada
duyğularının ifadəsinə çevrilməyi
bacarıb. Bundan o tərəfə də keçib və
oxucuların da duyğularına işıq tuta bilib,
onların da dərd-sərini poetik şəkildə dilləndirməyə
nail olub.
"Duyğuların
ifadəsi"nin əkiz qardaşı isə
"Ovqat" adlanır ki, bu da əslində,
ovqatımızı yeniləmək, təzələmək və
fərqli aurada kökləmək üçün araya-ərsəyə
gəlmiş bir kitabdır. "Ovqat" təmsillərdən,
lətifələrdən, müxtəlif yumoristik hadisələrin
bədii dillə ifadəsindən ibarətdir. Təmsillərində özündən əvvəlki
təmsil ustadlarının mövzu əhatəsini genişləndirən,
obrazlar qalereyasını çoxaldan nümunələr yer
alıbsa, yumoristik mətnlər xalq lətifələri ilə
yaxınlıq təşkil edir, bəzilərində isə
ümumiyyətlə şifahi ədəbiyyat nümunəsindən
fərqlənmədən özünəməxsusuluq
yaradır.
Adəm Asnının lətifələri içərisində müasir dövrün mövzuları da geniş əks olunub. Tarixən bizə bəlli olan lətifə qəhrəmanlarını götürən, onları qəhrəman, obraz, xarakter kimi istifadə etməklə yeni nümunələr ortaya qoyan müəllif özünün yaradıcılıq laboratoriyasının çoxşaxəliliyini də nümayiş etdirmiş olur. Bu yerdə onu da qeyd edim ki, Kəngərli rayonunun Qarabağlar kəndində usta Qulunun bir çox lətifələri xalq arasında yayılıb. O usta Qulu ki, Adəm Asnı həmin kişinin ocağında dünyaya gəlib, onun yumor hissi atasından, ailəsindən mənəvi irsi kimi davam etdirilən bir yaradıcılıq manevridir. Çox qısa, bəzən 2 cümləlik lətifələr vasitəsiylə Adım Asnı ironiya ilə yanaşdığı məsələyə elə yumoristik zərbə endirir ki, hədəfə dəymiş ox öz təsirini anındaca göstərir. Necə ki, oxuduğun anda dodaqlarının qaçdığını hiss edirsən.
"Ovqat" kitabına AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev "Adəmin sözü və sözün adəmi" adlı maraqlı bir ön söz yazıb. Müəllifin yaradıcılığını alim dəqiqliyi ilə şərh edən professor Adəm Asnının lətifə yaradıcılığını bu cümlələrlə qiymətləndirir: "Adəm müəllim çox söhbətcil, səbrli, həyatsevər, yumorlu insandır. Xoş və şirin söz-söhbəti ilə, nazik rəftar və davranışı, natiqlik qabiliyyəti, bəlağətli danışığı ilə adamın qəlbinə girir, onun rəğbətini qazanır. Söz sərrafı Adəm müəllim bu lətifələri də böyük həvəslə, böyük səbr və zəhmətlə, işgüzar şəkildə müxtəlif qaynaqlardan, ictimaiyyətdən toplayıb, bəzilərini isə özü düzəldibdir. Müəllifin doğru olaraq qeyd etdiyi kimi, həyatda elə hadisələrə rast gəlirsən ki, elə lətifə kimidir".
Adəm Asnının lətifələrində özünün yaratdığı bir obraz da var: Zeyməd. Bu müəllifin nəinki yazılı, həmçinin şifahi ədəbiyyata qazandırdığı maraqlı və yumoristik lətifə qəhrəmanıdır. Həmin qəhrəmanın xalqın yaddaşında nə qədər yaşayacağı isə lətifələrin janrın tələbinə uyğunluğundan doğan yaşarlılığından asılı olacaq. Amma indidən deyə bilərəm ki, Zeyməd çox uzunömürlü bir "kişi" olacaq. Molla Nəsrəddin kimi, Bəhlul Danəndə kimi.
"Ovqat"ın yaratdığı şən əhval-ruhiyyəli ovqatdan fikirlərimə körpü salaraq Adəm Asnının ötən il - 2018-ci ildə nəşr olunmuş "Bir röya həsrətində" adlı üçüncü və hələlik sonuncu kitabı haqqında danışmaq istəyirəm. Kitaba tanınmış şair Əbülfət Mədətoğlu "Fikri, hissi sözə çevirən Adəm" adlı ön söz yazıb və onun bu fikri olduqca sərrastdır: "Mən bir oxucu kimi Adəmin şeirlərində etirafın xüsusi yer tutduğunu böyük hərflərlə yazardım. Yəni onun demək olar ki, əksər şeir çələngində o, sevgini də, vurğunluğu da, torpağa, gözəlliyə səcdəni də etiraf edir".
Altmış beş yaşını geridə qoymuş bir şairin yaradıcılığında didaktik əhval-ruhiyəli, nəsihət xarakterli şeirlərin çoxluq təşkil etməsi təbii qarşılanmalıdır. Ömrün qazandırdığı təcrübələrin nəticəsi kimi ortaya çıxan təəssüratlarını şeirlərində də dilə gətirən Adəm Asnı "Qəbiristanlığa baş çək", "Çalış", "Oğruya", "Ümid", "Kirakeşik biz" kimi şeirlərində əsl ağsaqqal obrazında göz önünə gəlir.
Mən şairin vətən, doğma diyar, doğma kənd haqqında şeirlərindən ətraflı danışmaq istəmirəm. Çünki yaradıcılığında Azərbaycan sevgisi, Qarabağ ağrıları, Naxçıvan sevdası, Qarabağlar kəndi mütəmadi olaraq oxucunun qarşısına çıxacaq. "Gözlərin aydın, vətən" şeiri bu tipli şeirlərin epiqrafı kimi səslənə bilər:
Mərd, igid övladların şərəfli tarix yazır,
Uğurunda hər biri şəhid olmağa hazır.
Başa gəlməyibsə də uğurlar sənə asan,
Hər gün yüksəlişdəsən, hər gün inkişafdasan.
Hər gün daha güclüsən, ötən günə nisbətən,
Gözlərin aydın, Vətən!
Ümumiyyətlə, Adəm
Asnının yuxarıda adlarını çəkdiyim və
bu yaxınlarda mənə göndərdiyi üç
kitabının hər birini diqqətlə oxuduğumu,
böyük zövq aldığımı, oxucuların da bu
şeirlərdən, təmsillərdən, hekayət və lətifələrdən
hədsiz zövq alacaqlarını ifadə etmək istəyirəm.
Adəm Asnı yaradıcılığı göstərir
ki, o, uşaqlıqdan ona verilən istedadı, həmçinin,
uşaqlıq xatirələrini də eyni həsasslıqla
mühafizə edib. Oxucularla görüşə 60 yaşdan
sonra gəlməsinə baxmayaraq, Adəm Asnı sözün
özgəsi deyil, sözün öz adamıdır. Qonşu
kənddən olan həmyerlimə, sözün doğması,
sözün öz adamı Adəm müəllimə möhkəm
can sağlığı və yeni yaradıcılıq
uğurları arzulayıram.
Elxan
YURDOĞLU-MƏMMƏDOV
Filologiya
üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan
Bölməsinin Folklorşünaslıq şöbəsini
müdiri
525-ci qəzet.- 2019.- 4 oktyabr.- S.13.