Aşıq ədəbiyyatımızın fədakar toplayıcısı və tədqiqatçısı

 

Ərtoğrol Cavid irsində Azərbaycan aşıq poeziyasının toplanması və tədqiqi işinin də xüsusi yeri var

 

 

Zəngin ədəbi ənənələrə malik Azərbaycan ədəbiyyatı materiallarının, o cümlədən, şifahi xalq sənəti, aşıq yaradıcılığı irsinin toplanması sahəsində misilsiz xidmətlər göstərmiş görkəmli şəxsiyyətlər, zəhməti keçən adamlar arasında böyük vətənsevər şair Hüseyn Cavidin əziz-xələf övladı, bəstəkar, alim Ərtoğrol Cavidin də adı var.

 

Onun vaxtilə gərgin zəhmət hesabına topladığı materiallar ədəbi sərvətimizin qorunub-saxlanması işinə mühüm töhfə, araşdırılması üçün ciddi mənbədir. Gənc tədqiqatçının toplayıcılıq fəaliyyəti dövrün mötəbər və zəhmətkeş alimlərindən, Azərbaycan şifahi xalq ədəbiyyatı bilicisi və folklorşünaslıq elminin sütunlarından biri olan Hümmət Əlizadə ilə birgə gerçəkləşib. Qeyd edək ki, bəzi materialların əvvəlində "Toplayanı Hümmət Əlizadə. Yazıya alanı Ərtoğrol Cavid" qeydləri də bunu tam qətiyyətlə təsdiq edir.

Ərtoğrol Cavid aşıq sənətinin korifeyləri olan Molla Cuma, Aşıq Miskinli Vəli, Aşıq Musa, Aşıq Ələsgər, Aşıq Ələsgərin qardaşı Aşıq Məhəmməd, Ağdabanlı Qurban, Növrəs İman, Zodlu Abdulla, Aşıq Musa, Abbas Tufarqanlı, Hüseyn Bozalqanlı, Aşıq Əmrah, Aşıq Alı, o cümlədən, bəzi el şairləri, aşıq sənətinə yaxın yazan Molla Pənah Vaqif və Qasım bəy Zakir haqqında materialların, çoxsaylı bədii nümunələrin toplanması və yazıya köçürülməsində yaxından iştirak edib. Ə.Cavidin toplayıcılıq və nəşr işində bir özünəməxsusluğu da onun bədii materiallara münasibətdə dəqiqliyi və son dərəcə həssas yanaşması idi. Ə.Cavidin fikrincə, toplanan şeirlər "tematik və formal xüsusiyyətlərə görə sistemlə düzülməlidir". Bu cür tələbi olduğuna görə də gənc toplayıcı özü Molla Cumanın şeirlərini "1. Gözəllər və gözəllik haqqında;  2. Başqa şeirlər; 3. Həcvlər" bölgüsü əsasında tərtib edir və öyrənirdi.

Onun digər bir üstün tərəfi şeir şəkilləri və ayrı-ayrı əsərlər haqqında məlumat verməsindən, onun necə ərsəyə gəlməsi haqda müəyyən fikirlər təqdim etməsindən ibarətdir. Molla Cumanın tərcümeyi-halı ilə bağlı olaraq Ə.Cavid bu məlumatı da verir ki, ona saz götürüb aşıqlıq etməyi yasaq edən Molla Məhəmmədi də həcv etmiş və bu vəsilə ilə aşıqlıq sənətinə gəlmişdi.

Ərtoğrol Cavidin toplama materialları arasında Molla Cumanın "Cəlalı Məhəmməd və Tavat xanım", "Molla Cuma və Aşıq Könlünün deyişməsi", "Sayat bəy və Sayalı xanım (Molla Cuma) əfsanəsi" də qiymətli nümunələr kimi özünə yer tapır. Hər biri haqqında özünəməxsus məlumat da verən Ə.Cavid verdiyi qısa, lakonik məlumatlarla topladığı materiallara bir zənginlik qatır, onları daha artıq bir dəyərə mindirir.

Ərtoğrol Cavid həm də mərhum folklorşünas alim, xalq ədəbiyyatının məşhur bilicisi və toplayıcısı Hümmət Əlizadənin toplayıcılığı sayəsində əldə edilən xeyli sayda qiymətli söz sərvətimizin bir hissəsi olan Aşıq Miskinli Vəliyə aid materialların yazıya köçürəni olub. Burada Aşıq Miskinli Vəlinin gözəlləmələri, deyişmə və bağlamaları, müxtəlif tipli şeirləri özünə yer alıb. "Miskinli Vəlinin şeirləri haqqında" izahlı mətn həsr edən Ə.Cavid burada da bu prinsipi əldə rəhbər tutaraq davam edir ki, "şeirlər çapa hazırlanarkən redaktə edilərək kiçik səhvlər düzəldilməlidir". Gənc tədqiqatçının bu sözləri də diqqətdən yayınmır: "Əlizadə tərəfindən toplanmış bu 32 parça Azərbaycan aşıqlıq tarixindəki revolyusiyaya, tematik yeniliyə, müasir xalq ruhunu öyrənməyə ən münasib əsərlərdəndir". Doğrudan da, Ə.Cavidin izahında yer alan məsələlər elmi cəhətdən səhih olduğu kimi, onun məsuliyyətli və məlumatlı olmasına da işıq tutur. Misraların qafiyə sistemi və bölgüsü ilə bağlı aparılan və təqdim edilən təhlillər göstərir ki, Ə.Cavid bu təhlillər zamanı nə qədər məsuliyyət nümayiş etdirmiş, ziyalı vicdanı ilə davranmışdı. Həqiqətdə də, materialların təhlili ilə bağlı verilən izahlarda misraların bölgülərindəki artıq-əskikliklər haqqındakı elmi şərhlər özünü aydın nümayiş etdirir.

 

Gənc olmasına rəğmən, bu sahədəki fəaliyyətində Ə.Cavidin nə qədər haqlı və elmi cəhətdən düzgün olduğunu aydın müşahidə edə bilirik. Külliyyatının aşıq sənətinə həsr olunmuş ikinci kitabına, yəni 10-cu cildinə Ərtoğrol Cavidin toplayıcılıq etdiyi və yazıya alınmasında xidmət göstərdiyi (Burada görkəmli folklorşünas Hümmət Əlizadənin və materialların yazıya köçürülməsində yaxından iştirak edən Hüseyn İskəndərovun da adlarına rast gəlirik - R.Q.) digər çoxsaylı aşıq sənəti ustadları yer almaqdadır.

 

Qeyd etdiyimiz kimi, Ə.Cavid toplanılan bədii materiallara təhlili münasibətdə yumşaq davranmır, bəzən ən sərt şəkildə təhlil münasibəti göstərir və nöqsanların bağışlanması yolunu tutmur, nöqsanlı nümunələrin olduğu kimi deyil, təshih edilərək bədii yaddaşa keçməsinə çalışır. Bu tədqiqatlardan bəhs edən tərtibçi Gülbəniz Babaxanlı da haqlı olaraq yazır: "İncə poetik duyumu, dərin yumor hissi, eyni zamanda, tədqiq etdiyi materiala bəlkə də sərtlik dərəcəsinə varan ciddi münasibəti Ə.Cavidə imkan vermişdir ki, nəzərdən keçirdiyi poetik örnəkləri elə bir səviyyədə qiymətləndirsin, həmin qiymət indi də öz aktuallığını itirməsin". Doğrudan da, tam yəqinliklə demək olar ki, Ərtoğrol Cavid toplanılan folklor materiallarına, aşıq sənəti nümunələrinə konkret münasibət və təhlildə daha maraqlı və diqqətçəkici olur.

 

O, əsl folklorşünas, ədəbiyyatşünas alim kimi davranır, fikir və tezislər irəli sürür, konkret yanaşma və təhlil istiqaməti müəyyənləşdirir və elə bugünkü elmimiz üçün də əhəmiyyətli olan məhz Ə.Cavidin materiallarla təhlilçi davranış forması və elmi yanaşma metodu və ya üsuludur. Məsələn, Ə.Cavid aşıq sənəti nümunələrindən bəhs edərkən bildirir: "1. Xalq yaradıcılığı iqtisadi-politik həyatdan geri qalmır; 2. Materialı yazan adam bu terminlərin izahını da soruşub qeyd etməlidir (məsələn, "diltərpənməz", "dodaqdəyməz" - R.Q.); 3. Hər şeirin nə münasibətlə söylənildiyini dəxi qeyd etməli; 4. Bu parçaları tema xarakterinə görə ikiyə bolmək olar; ...bioqrafiyasına aid olanlar və onun yazdığı parçalar; 5. Bir çox nağıllar var ki, böyük, maraqlı bir temaya, hadisəyə malikdir, lakin oxucuda təsir buraxmır. Neçin? ...ifadə zəif ikən nağıldakı hadisəni duyma da zəifləyir"; 6. O, insan olaraq azad düşünür, onda demokratik elementlər vardır; 7. ...kiçik hekayənin qiyməti kiçik cümlələrdədir. Hər kiçik cümlə geniş mənaya malikdir" və sairə.

Ə.Cavid özü də təhlili və tədqiqatları zamanı bu tələblərə riayət edir və maraqlı məlumatlar ortaya qoyur. Dədə Ələsgərin məşhur, "Qaytarma" havası üstündə oxunan "Baxtım" rədifli şeiri ilə bağlı yazır: "Aşıq Ələsgərin mal-qarası azardan qırılır. Ona görə də cüt əkmək üçün Kəlbəcər rayonuna gedib dostu Həsəndən bir öküz gətirir. Öküz yolda Ələsgərin qabağından qaçır, atı yorğun olduğundan atdan düşüb öküzün dalına düşür ki, onu tutsun. Nəhayət, özü də yorulur, geri qayıtmağa məcbur olur. Qayıdanbaş atını da itirir. Dərdindən bir ağac dibində oturub istəyir ki, bir qalyan çəksin, lakin əlini cibinə saldıqda baxıb görür, qalyan-kisə də cibindən yox olub, odur ki, sazı çıxarıb baxtının yatmağına belə deyir:

"Ya sevda tapıbsan, ya at alıbsan,

Hardasan, qəflətdən gəl, qoca baxtım.

Ya məndən küsübsən, ya qocalıbsan,

Bu sınıx gönlümü al, qoca baxtım..." 

Söz yox, bu izah gənc tədqiqatçının "Hər şeirin nə münasibətlə söylənildiyini dəxi qeyd etməli" tezisinə uyğun müəllif tərəfindən verilib ki, doğrudan da, belə məlumatlar çox əhəmiyyətlidir. Söz yox, belə məlumatlar sənətkarların həyatının öyrənilməsinə geniş stimul verir. Belə nümunələr çoxdur bu materiallar arasında. Məsələn, "El havası" üzərində oxunan "Kəsildi" rədifli şeiri haqqında "Ələsgərin oğlu Bəşirin əlində tüfəng açılıb güllə Ələsgərin əmisi oğlu Rəhimi öldürür. Ələsgər bu faciəli hadisəyə belə deyir", "Aparır" rədifli "Müxəmməs" haqqında "Kəlbəcər rayonunun Qılınclı kəndində Aşıq Ələsgəri bir neçə devlətli aldadıb oxudurlar. Ona boyun olduqları danaları verməkdən vaz keçdikləri üçün Ələsgər bu həcvi deyir", "Ovşarı" havasında  oxunan, deyişmə şəklində yazılan şeir haqqında "Aşıq Ələsgər çar vaxtı - aclıq illərində bir zəmi becərir, lakin içindən məhsul götürə bilmədiyi üçün tarlada olan bir quru kötüyə dərdi halını belə vəsf edir" və başqa bu kimi məlumatlarla bəzi şeirlərin hansı münasibətlə deyilməsinə aydınlıq gətirir.  

Bu materialların əhəmiyyətli məqamlarından biri naxçıvanlı aşıqların - Dəllək Murad, Aşıq Allahverdi, Naxçıvanlı Aşıq Əsmər, Ululu Kərim, Güznüt kəndindən Aşıq Bədəl, Allahverdi Naxçıvanlının (çox güman ki, bu sənətkar toplayıcıların Aşıq Allahverdi kimi tanıtdıqları eyni şəxsdir - R.Q.) də şeir nümunələrindən verməsi və yaradıcılıqlarından bəhs etməsi, onları tanıtmasıdır. Bu məlumatlardan da görünür ki, Naxçıvanda aşıq məktəbi fəaliyyət göstərib.

Toplayıcılar Allahverdiyev Fətulladan iki şeir də təqdim ediblər: "Altı qız" və "Qaçaq Nəbi". Hər iki nümunə olduqca istedadla yazılmış, bədii tələblərə yüksək cavab verən mükəmməl nümunələr kimi diqqəti cəlb edir. Burada təqdim edilən nümunələr azsaylı olsa da, adları çəkilən aşıqlar haqqında avtobioqrafik məlumat verilməsə də, özlüyündə bu materiallar ciddi əhəmiyyət daşıyır və Naxçıvan aşıq mühitinin öyrənilməsi işinə töhfədir.

Beləliklə, bu fikir yenidən öz təsdiqini tapır ki, Ərtoğrol Cavid yaddaşlarda təkcə böyük Azərbaycan şairi, mütəfəkkir Hüseyn Cavidin yadigarı olan bir övlad kimi deyil, həm də xalqına dərin məhəbbətlə bağlı, ona fəal xidmət göstərən, şeir, sənət, musiqi, rəsm, folklor sahəsində ciddi nailiyyətlər qazanmış şəxsiyyət,  istedadlı tədqiqatçı, alim, ədəbiyyat toplayıcısı kimi də mühüm mövqe qazanıb, əbədiyaşarlığa nail olub. Ə.Cavid vaxtilə "ruhun insanda təzahür forması susmaqdır" müdrik fikrinə gəlmişdisə də, müxtəlif sahələrdəki qızğın fəaliyyəti və büruzə verdiyi nadir istedadı bu sükutu pozmuşdu. "Yaşadığı qısa müddətdə onun ədəbi-bədii, musiqi və boyakarlıq sənətinin inkişafındakı rolunu, Azərbaycan xalq mahnıları və folklorunun toplanması və tədqiqi sahəsindəki əvəzsiz xidmətlərini" nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı 18 aprel 2019-cu il tarixli sərəncam da bu görkəmli gənc istedadın şəxsiyyəti və fəaliyyətinə göstərilən böyük ehtiram əlaməti olaraq razılıq doğurur.

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2019.- 4 oktyabr.- S.12.