Kövrək duyğuların poetik ifadəsi
"Keçmişdə
Gəzinti"nin bəzi məqamları
Poeziya
ədəbi estetika mənbəyidir. Bu estetika bir tərəfdən
şairin iç dünyasından, onun öz ideallarını
ifadəsindən, dolub boşalmasından xəbər verirsə,
o biri tərəfdən oxucunun, bütövlükdə
insanın kamilləşməsinə xidmət edir. Və yəqin ki, hər bir şairin dünyaya, həyata
baxışı onun fərdi üslubundan, poetik
düşüncəsindən, yaradıcılıq qabiliyyətindən
asılıdır.
Mən bu qənaətə Şahrun
Süleymanlının "Keçmişdə gəzinti"
şeirlər toplusunu oxuyandan sonra gəldim. Bu şeirlərdə
müəllifin dünyaya fərdi baxışları o qədər
ağıllı bir fəlsəfi düşüncəylə
ifadə olunur ki, bu fərdilik ümumiləşir və o
şeirləri oxuyan hər kəsin baxış
bucağına çevrilir. Kitabın
mündəricatında tematika baxımından ayrı-ayrı
bir neçə bölmədə təqdim olunan şeirlər
ilk baxışdan mövzu müxtəlifliyi təsiri
bağışlaya bilər. Lakin
buradakı bölmələr çox şərtidir və
onlara bələd olduqca bütün mövzuların sevgi
dünyası ilə bağlılığı - bir halda
birbaşa, o biri halda halda dolayısı ilə - aydınca
görünməkdədir. İstər Leyli-Məcnun
eşqi olsun, istərsə də Vətən sevgisi - hamısı bu şeirlərdə
bir nöqtədən qaynaqlanır: içdən gələn
əbədi məhəbbət duyğusundan.
Amma bu
duyğuları orijinal şəklə salan təkcə müəllifin
yaşadığı sevgi hissləri deyil, həm də bu sevginin əbədi
əzabları, əbədi əlçatmazlığıdır.
Müəllif üçün
reallaşmış sevgi duyğulu deyil, sevgi əzabların
varlığıdır. Ona görə də
bu şeirlərin əksəriyyəti "sənsizliyin",
danışan sükutun ifadəsidir. Bir də
yaşaya-yaşaya ölmək, sevgi əzablarından
duyğulanıb həvəslə ölmək.
Kitabda
"Vaqif Səmədoğluya" sərlövhəli bir
şeir var. Müəllif Vaqifə müraciətlə
soruşur:
Nə
çox yazırdın ölümdən,
Nə çox danışırdın ondan.
Bu qədərmi
darıxdın
Bir uzaq
yaşıl adada
Səni gözləyən o sondan?!
Qəribədir, ölümdən çox
yazdığına görə sənətkara "irad"
tutan müəllif özü də poetik düşüncələrində
ölümə çox yer verir. Onun üçün ən
maraqlı mövzu "yaşanmamış sevdalar",
varlığın yoxluğu, gecələrin yoxluğu, gecələrin
tənhalığı kimi məqamlardır. Amma nədən
yazır yazsın, hər sətri obrazlıdır, təsirlidir:
sənsizlik, tənhalıq, ayrılıq, sükut kimi kəlmələr
bu şeirlərin müəllifinə çox əzizdir. Elə "yaşanmamış sevdalar" kimi.
Amma nə qədər əziz olsa da:
Hər
halda can yandırır yaşanmamış sevdalar;
yaşansa peşmançılıqdan,
yaşanmasa "kaş ki"lərdən.
Bu sətirlədəki
realizm nə qədər ağır olsa da, qəbul ediləndir,
çünki hər bir səmimi adam bu sətirlərdəki
fəlsəfi yükün gerçək olduğunu etiraf edər
- istisnasız olaraq hər kəs!
Yenə də "səssizlik, kimsəsizlik". Sevgi anlarının ədəbi
notları:
Sevirəm
kitablara sığmaz səssizliyini,
bir
dünya adam içindəki
kimsəsizliyini, izsizliyini...
Bitməmiş,
gerçəkləşməmiş sevginin
sevdası daha obrazlı ifadələrə yol açır:
Gülüstandır
dörd tərəfim,
Qoxlamağa
bir gülüm yox...
Çatdır məni xoşbəxtlik gətirən bədbəxtliyimə.
Bu, tamam
yeni bir fəlsəfədir - sevgi fəlsəfəsi: bu anda
müəllif üçün sevgi bədbəxtliyinin
özü elə xoşbəxtlikdir. Belə yerdə Məcnun
yada düşür, Leyli yada düşür:
qovuşsaydılar, dünya qədər, tarix qədər
sevgi misalı ola bilməzdilər.
Bəzi məqamlarda bu şeirlərin
yaratdığı assosasiyalar pessimist də görünə
bilər.
Lakin şeirin bütöv mətni mütləq insanı ani
pessimizimdən uzaqlaşdırır:
...
Bütün dünya mənimçün
Gizli bir dayanacaq.
Orda zaman
da, an da
Qəlbim də dayanacaq.
Burada ismin də, feilin də ortada olması qafiyə
xatirinə deyil, hisslərin, duyğuların poetik
fırtınası kimi qəbul olunur.
Aydındır ki, poeziya özü çox intim
anlayışdır. Və müəllif bu intimliyin bədii ifadəsini
sevgiyə transformasiyası ilə daha poetik şəklini
çəkir: bir şeirdə qadın eşqi, qadın
sevgisi ümumiləşdirilir və biz
aşağıdakı real qənaətə şərik
oluruq:
Bir
qadın sevərsə, getməz, gedə bilməz
Bir
qadın sevərsə "get" deməz, deyə bilməz.
Sevən
bir qadının "get deməsi
"Yalvarıram
yanımda qal!" deməkdir,
"Getdiyin yerə məni də al!" - deməkdir.
Və bu
həqiqətdən sonra müəllif yenə sevginin
özü qəbul etdiyi semantikasına qayıdır:
Bir
qadın sevərsə əgər...
Heç
istəməz başlasın bu sevgi -
başlayan hər şeyin
bir
gün bitəcəyini çox gözəl bilir
çünki.
Əlbəttə,
yenə pessimizm, yenə sonda ümidsizlik! Ancaq
beləsi tipik deyilmi?
Yenə də bu şeirlərdəki orijinal
obrazlılığa qayıtmaya bilmədim. Çünki
aşağıdakı misralar nə qədər paradoksal olsa
da, özünün fəlsəfi yükü ilə bizi cəlb
etməkdədir:
Səssizliyin
batırdı qulaqlarımı...
Yalvarıram
bir az yavaş sus!
Səssizliyin
qulaq batırması və susmağın
"yavaş"lığı nə qədər qeyri-adi səslənsə
də, bir o qədər real görünür, amma
bütün bunları yaşamış kəslərə...
"Keçmişdə gəzinti" şeirlər
boxcasının daha bir sevgi xətti "Vətən
elegiyası" bölməsindədir. Niyə
elegiya? Çünki "elegiya" lirik şeirin kədər
dolu, qəm dolu formatıdır və kitabın bu hissəsində
şeirlərin, az qala, hamısı
düşmən tapdağında qalmış qərib yurd həsrətinin
bədii ifadəsidir. "Fevralda qar
yağar..." şeirində heç bir məkan adı, yer
adı, tarixi faciə ünvanı görünməsə də,
dünyanın soyqırım hadisələri içərisində
öz dəhşətli məzmunu ilə seçilən
Xocalı faciəsi qələmə alınır.
Şeirin ağır məzmununda fevralda - soyuq qış
günündə vəhşi erməni vandallarının
törətdiyi soyqırım və bu soyqırımda
"ölüm beşiyində" güllələnən
körpələrin, "bətnində körpələri"
olan anaların, "torpağa mıxlanan fidanların" fəryadı
yenidən eşidilir və bizi intiqama səsləyir. Şeirin hər sətrində, hər sözündə
fevralda törədilən cinayətin yaddaşlara
çökən faktları var.
Belə şeirlərdə müəllif şairdən
artıq vətəndaşdır, torpaq sevgisi, torpaq dərdi,
yurd kədəri ilə yaşayan bir azərbaycançıdır. "Şuşa"
şeirində olduğu kimi:
Damarımda
qan dayanır,
Bədənimdə
can dayanır,
Saatımda
an dayanır
Şuşa
adı çəkiləndə...
Bu fikirlər bir şair sətirlərindən daha
çox bir qadın fəryadıdır, ərənlərə
bir ana çağırışıdır.
"Vətən üçün elegiya" şeirində
müəllif düşmən tapdağında qalan
Qarabağdan nigarançılığını dilə gətirir.
Bayatılarımızın həsrət, hicran,
ayrılıq ifadə edən sətirlərini yada salsaq, xalq
yaradıcılığının bu formatının elegiya
janrına çox yaxın olduğunu görəcəyik. Müəllif bəlkə
elə bu məqamı xatırlayaraq "Vətən
üçün elegiya"nı bayatı
üstündə səsləndirir:
Dağlarda
duman ağlar,
Ox itər
kaman ağlar,
Kimsəsiz
qalan yurdda
Vaxt ağlar, zaman ağlar.
Beləcə, şairənin elə birbaşa
"Qarabağ bayatıları", "Sarı gəlin"
kimi şeirləri də yurd həsrətinə bələnmiş
bədii nümunələridir. Kitabda sonrakı
bölmədə - "Melanxoliya" hissəsində də
müəllif kədərdən, qəmdən ayrıla bilmir.
Doğrusu, mən bu məqamda müəllifi
qınaya bilmirəm. Əgər xalqın min illərdən
bəri sınaqlardan çıxmış "dərdi
çəkən bilər" deyimini bir də xatırlasaq,
müəllifin Qarabağ, yurd həsrətinə birbaşa
sahibliyi onun öz şeirlərində nikbinliyə çox da
yer verməməsinə haqq qazandırır:
Yağış
yağır bu gecə
Ölmüş duyğularımın unudulmuş məzarına.
Yağış
yağır bu gecə
boyat
hisslərimin çatlayan torpağına.
Yağış
yağır bu gecə...
...
Yağır o məzardakı duyğular
yenidən oyanıb dirilsin deyə...
Şahrun xanımın dünyanın indiki gedişindən nigarançılığı var. "Dünya" şeirində zamanın dəyişməsi, həyata, hadisələrə biganəlik, "yalanın ayaq tutub yeriməsi", yoxsullara kömək əlinin yoxluğu kimi problemlər öz əksini tapır. Bu şeirlərin çoxunun məzmununda təzadlar, paradoksal məqamlar var. "Keçmiş"də olduğu kimi:
Nə bu güntək realdır, nə sabahtək müəmma,
Adını bilmədiyin təzadlı haldır keçmiş.
Unutdun zənn edərsən,
ötüb keçərsən, amma
Bircə sözdən canlanan şirin xəyaldır keçmiş.
Və keçmişə bu nostalji hisslər "Məktəb illəri..." şeirində yenidən canlanıb o dövranı bitirmiş hər kəsi həmin mənalı zaman kəsiyinə qaytarır:
Necə təmiz idik, necə saf idik,
Sevinc tökülürdü gözlərimizdən.
... Bir dünya deməkdi məktəb bizimçün,
Hər kəsin öz gizli guşəsi vardı.
İstəklər tükənməz, arzular çin-çin,
Ümidlər, sevgilər qatar-qatardı.
Şeirin bütün ruhu məktəb illəri keçmiş hər kəsin nostalji hisslərini dilə gətirsə də, sonda Şahrun xanım ünvansız, filansız öz məktəbinə qayıdır və gizli bir səslə bildirir ki, o məktəb:
Dikib gözlərini sonsuz yollara,
O yanıq bağrının göynəyir başı.
Hər il vücudunda yeni bir yara
Orda indi ruhlar gəzir, dolaşır.
Əzizim
Şahrun xanım! Bu sətirlər məni
çox duyğulandırdı. Çünki
mən də o dərdi yaşayanlardan biriyəm. Mənim də bitirdiyim məktəb düşmən
tapdağındadır və bir vaxt ilk sevgilərimizi
yaşadığımız o məktəbdə indi
"ruhlar gəzib, dolaşmaqdadır".
Beləcə,
"Keçmişdə gəzinti" şeirlər toplusu
bütün sevgilərin - gəncliyin qarşılıqlı
sevgisindən tutmuş Vətən, yurd sevgisinədək
bütün sevgilərin fəlsəfi düşüncələrdəki
ifadəsi kimi mənə çox maraqlı
göründü. Və indiyədək heç vaxt şəxsən
özünü görmədiyim, tanımadığım bir
şairənin şeirləri mənə çox doğma gəldi
və o doğmalıq bu yazını qələmə
almağa sövq etdi.
Cahangir
MƏMMƏDLİ
BDU
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 4 oktyabr.- S.11.