"LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalının
iştirakçıları ADU-da
Azərbaycan Dillər Universitetinin
(ADU) rektoru, akademik, Xalq yazıçısı
Kamal Abdulla "LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalında qonaq olan Avrasiya
ölkələrinin yazıçı-şairləri,
dramaturqları və ədəbiyyat tənqidçiləri
ilə görüşüb.
Görüşdə Polşadan Polşa Yazıçılar
Assosiyasının prezidenti
Kşiştov Şatravski,
Yunanıstandan Beynəlxalq
poeziya festivalının
rəhbəri Coukis Kristos, Çexiyadan İndiana Universitetinin professoru Bronislava Volkova, İspaniyadan pedaqoq, dilçi Raquel Lanseros, Hindistandan Çarlz Uolles Fondunun təqaüdçüsü
Mamta Sagar, Uruqvaydan Latın Amerikası şairi Eduardo
Espina, Rusiyadan Boris Yevseyev, Lyudmila Viazmitinova, Andrey Tsukanov, İrina Makarova iştirak edib.
ADU-nun rektoru Kamal
Abdulla qonaqları salamlayaraq,
onları universitetdə
görməkdən məmnun
olduğunu bildirib. O, qonaqların
ADU-da tələbələrlə
görüşməyi seçdiklərini
deyərək, bunun üçün təşəkkür
edib. Qonaqların nüfuzlu şəxslər
olduğunu bildirən
ADU rektoru rus yazıçısı Boris Yevseyevin
də həmin tərkibdə olduğunu diqqətə çatdırıb.
O, B.Yevseyevin yalnız
Rusiyada deyil, dünya üzrə tanınmış yazıçı,
həmçinin, Bunin mükafatı
laureatı, Jurnalistika
və bədii yaradıcılıq Universitetinin
professoru, Rusiyanın
PEN mərkəzinin vitse-prezidenti
olduğunu vurğulayıb.
Kamal
Abdulla B.Yevseyevə yazıçılarla
görüşün təşkil
edilməsinə görə
təşəkkürünü bildirib.
Yazıçı Boris Yevseyev və digər qonaqlar universitetdə səmimi qəbula görə təşəkkür ediblər. Azərbaycan haqqında müsbət fikirlər səsləndirən qonaqlar festivalın keçirilməsini yüksək qiymətləndiriblər. Festivaldakı mövzuların əhəmiyyətindən danışan iştirakçılar Azərbaycan və dünya ədəbiyyatı haqqında fikirlərini bölüşüblər.
Qeyd edək ki, "Avrasiya Xalqları Assambleyası" beynəlxalq qeyri-hökumət təşkilatları ittifaqının dəstəyi ilə keçirilən festivalın təşkilatçıları Avrasiya xalqlarının "LiFFt" Mədəni Layihələrinin İnkişafına Dəstək Fondu və Heydər Əliyev Fondudur. Genişmiqyaslı maarifçilik layihəsi olan "LiFFt" Avrasiya mədəni məkanının tamhüquqlu tərkib hissəsinə çevrilib. Avrasiya ədəbi festivallarını birləşdirən "LiFFt" 2016-cı ildən etibarən hər il keçirilir. Builki festival 2019-cu ilin BMT tərəfindən elan edilmiş yerli xalqların dilləri ili proqramına və böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr edilib. Festivalın məqsədi Avrasiya ölkələrində yazıçıların və oxucuların yaradıcılıq və dostluq əlaqələrini möhkəmlətmək, vahid Avrasiya ədəbi məkanı yaratmaqdır.
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 4 oktyabr.- S.10.