Uğurlar davam edir
Yaxud İsveçdə
nəşr olunan əsər
Azərbaycan Dillər Universitetinin
(ADU) Qafqazşünaslıq kafedrasının müdiri,
Nyu-York Elmlər Akademiyasının üzvü,
Özbəkistan Turan Elmlər Akademiyasının
akademiki, Paris Viktor Hüqonun
Dostları Cəmiyyətinin
üzvü, filologiya elmləri doktoru, professor Əsgər Zeynalov özünü beynəlxalq
miqyasda təsdiq etmiş alimlərimizdən
biridir.
O, bir sıra ölkələrdə
keçirilən konfrans
və qurultaylarda, tədbirlərdə iştirak
edib, silsilə məqalələri dərc
olunub. Şübhəsiz ki, onun beynəlxalq miqyasda tanınmasında başlıca
rol xarici ölkələrdə nəşr
olunmuş monoqrafiyalarına
məxsusdur. Azərbaycanlı alimin iki əsəri
Rusiyada (Sankt-Peterburq və Moskva), üç kitabı Amerika Birləşmiş Ştatlarında, Fransa, Almaniya, İngiltərə,
Kanada, Hindistanda isə bir əsəri
çapdan çıxıb.
Tədqiqatçının yaradıcılığına bir sıra dünya
şöhrətli alimlər
yüksək qiymət
verib, əsərlərinə
ön söz yazıblar. Onu qeyd etmək yerinə düşər ki, onun məşhur
"İrəvan ziyalıları"
kitabının Sankt-Peterburq
nəşrinin ön sözü professor Boris Starkov,
Moskva nəşrininki
isə professor Rudolf İvanov
kimi beynəlxalq aləmdə böyük nüfuza malik nəhəng alimlərin qələminə məxsusdur.
Azərbaycanlı alimin əsərləri bütün qitələrə
yayılıb. İnternet saytlarından bəlli
olur ki, dünyanın 30-dan artıq
ölkəsində bu
görkəmli alimin kitablarına rast gəlmək olar. Eyni zamanda, tədqiqatçının
ABŞ, Fransa, Almaniyada
fransız ədəbiyyatı
- daha doğrusu, Hüqo ilə bağlı monoqrafiyaları
haqqında Parisdə fəaliyyət göstərən
Viktor Hüqonun Dostları
Cəmiyyətinin məcmuəsində
yazılar dərc olunub.
Araşdırmaçıların qeyd etdikləri kimi, xristian dünyasının
islam aləminə qənim kəsildliyi bir dövrdə, Ə.Zeynalov çox böyük cəsarətlə,
təkzibedilməz faktlarla
sübut etməyə
çalışdı ki,
Viktor Hüqo islam dinini qəbul edib və müəllifin
həmin monoqrafiyası
Londonda çap olunub. Həmin monoqrafiyaya əsaslanan bosniya-hersoqovinalı alim, akademik Enes Kariç
2017-ci il iyul ayının 1-də Sloveniyada
nəşr olunmuş
"Preporod" qəzetində
"Viktor Hüqo Məhəmməd
Peyğəmbər haqqında"
dərc etdirdiyi məqalədə bir neçə yerdə azərbaycanlı professorun
əsərinə istinad
edib.
Bu yığcam girişdən
sonra professor Əsgər
Zeynalovun bu yaxınlarda İsveçin
Malmö şəhərində
"Tryck Holmbergs"
nəşriyyatında işıq
üzü görmüş
"Volter və Hüqonun Şərq dünyası" monoqrafiyasının
üzərinə qayıtmaq
istərdik. 271 səhifədən ibarət
bu kitabda iki dahi fransız
ədibinin Şərq
mövzusunda yazdığı
əsərlər tədqiqata
cəlb edilib. Volterin 1756-cı ildə yazdığı "Millətlərin
adətləri və düşüncə tərzi
haqqında esse" əsərindən geniş
surətdə bəhs
edən ədəbiyyatşünas
alim Azərbaycanla bağlı olan "Astiaq əfsanəsi" və Zərdüştün
"Avesta"sı üzərində
ətraflı surətdə
dayanır. Fransız yazıçısı Astiaq əfsanəsini və Rablenin "Qarqantua və Pantaqrul" əsəri ilə müqayisə aparır və "Avesta"dan müəyyən
parçaların tərcüməsini
verməklə Anketil dü Perronu xeyli qabaqladığını
bildirir. Müəllif
yazır ki, Volter zərdüştliyə
aid yazısında o zamana
kimi eqoistliklə qəbul olunmuş fikirləri, ehkamları
alt-üst etdi: "Bizim cahil tez
inanmağımız nəticəsində
həmişə elə
təsəvvür edirdik
ki, hər şeyi biz ixtira etmişik və hər şey bizə yəhudilərdən
gəlib, nə irsimiz varsa, yəhudilərə məxsusdur;
ancaq qədim dövrü bir az araşdırdıqda hər şey aydınlaşır".
Müəllif göstərir ki, Volterin ən çox ağızdolu, ürək açıqlığı
ilə danışdığı
xalqlardan biri hindlilərdir. O yazır ki, hindlilər beş min il
əvvəl hanskrit və ya sanskrit
dillərində Veda və
Kasta adlı kitablarını yaratmışlar.
Artıq dörd min il əvvəl
onların poeziyası
mövcud idi. Müəllifin fikrincə,
hindlilər dünya mədəniyyətinə əsas
üç yeniliyi bəxş etmişlər:
Avropaya ərəblərin
apardığı onluq
rəqəmi, təmsilləri
və şahmat oyununu.
Əsərdə Volterin Çin mədəniyyətinə xüsusi
vurğunluqla müraciət
etməsi də diqqətə çatdırılır. Ancaq mədəniyyət
harada erkən inkişaf etmişdir sualına ədib yazır ki, Çində yeni məlum olan bir şey Hindistanda
çoxdan mövcud idi. Ədib onu da əlavə edir ki, Pifaqor (təkzibedilməz)
faktlarla sübut edir ki, dəqiq
elmlər ilk dəfə
Hindistanda yaranmışdır.
Fransız mütəfəkkirinin "Yunanlar elm öyrənmək
üçün Pifaqordan
əvvəl Hindistana gəlirdilər" sözləri
də bu ölkənin dünyanın
ən qədim elm və mədəniyyət
mərkəzlərindən olduğunu təsdiq edir.
"Volter və
Hüqonun Şərq
dünyası" əsərində
əsas diqqət çəkən məqamlardan
biri ədibin türk baxışıdır. O, türklərin
təxminən 2500 illik
tarixinə nəzər
salır. "Türklərin, tatarların,
skiflərin eyni kökə mənsubluğunu
nəzərə alsaq,
onda görərik ki, onlar bütün
yer üzünü işğal etmişdilər.
Onların buna mənəvi
haqları da var idi, çünki
onlar hamıdan güclü, sərt və qüvvətli idilər" - deyir.
Volter onu da bildirir
ki, türklərin sərtlikləri əcdadları
skiflərdən qalmışdır.
Türklərin xarakterindən bəhs
edən Volter yazır ki, türklər ifrat dərəcədə məğrurdurlar.
"Türklər həm sərt, həm də mərhəmətlidirlər" - söyləyir.
Əsərdən bəlli olur ki, Volterin müraciət
etdiyi Şərq xalqlarından biri ərəblərdir. Əsərdə
ədibin Məhəmməd
peyğəmbərin həyatı,
onun islam dinini yaradıb yayması üçün
fəaliyyəti, hücumları,
onun özü və banisi olduğu haqqında, Əbubəkr, Ömər,
Osman, Əlinin xalifəliyi, Əməvilər
və Abbasilər sülalələri və
ən başlıca ərəb mədəniyyəti
ilə bağlı fikirləri öz əksini tapmışdır.
Fransız mütəfəkkiri ərəb mədəniyyətindən
ağızdolusu danışır,
onların simasında
Şərq mədəniyyətinin,
elmin bütün sahələrinin Avropanı
bir neçə əsr qabaqladığını
vurğulayır - riyaziyyatın
da, kimyanın da, fizikanın da, astronomiyanın da, ədəbiyyatın da.
Geniş
şəkildə müqayisələr
aparan Volterin milli eqoizmdən uzaq, əsl insana xas olan
böyüklüklə dediyi
yekun sözü, gəldiyi son nəticə
də həqiqəti təcəssüm etdirir:
"Biz yalnız dünən
mövcud olmuşuq. Biz daha yaxşı
işləməliyik, çünki
biz sonuncu gəlmişik,
başqaları isə
daha qədimdirlər".
Onu da ayrıca vurğulamaq lazımdır ki, müəllif Volterin fikirlərini ehkam kimi qəbul etmir, lazım gəldikdə ona öz münasibətini bildirir. Məs: Volterin məşhur hind alimi Aryabaxtanın Şərq dahiləri Əl-Fərabi,
Əl-Cahiz, Əl-Biruni,
Firdovsi, Nizaminin adını çəkməməsi,
türklərin ərəb
xilafətində, Hindistanın
idarə olunmasında
və oradakı dünya şöhrətli
abidələrin, o cümlədən,
Tac-Mahalın haqqında
fransız ədibinin heç bir söz deməməsi müəllifdə təəssüf
hissi doğurur.
"Volter və
Hüqonun Şərq
dünyası" əsərində
Ə.Zeynalov Volterin iki faciəsini də tədqiqata cəlb edib. Bunlardan biri
fransız ədibinin
1732-ci ildə yazdığı
"Zairə" faciəsi,
digəri isə
1767-ci ildə qələmə
aldığı "Skiflər"
faciəsidir. Müəllif onu diqqətə çatdırmağa çalışır
ki, dini ayrılıqlar faciələrə
gətirib çıxarır.
Bu, sanki ədibin
təqdim edəcəyi
böyük hadisələrin
kiçik modelidir.
Bununla o,
əsərdə baş
verən XII əsrdəki
səlib müharibələrinin
XVIII əsrdə yeni hücumlarını görüb
və sanki onların qarşısını
almaq məqsədilə
"Zairə" faciəsini
qələmə alıb.
Əsərdə Volterin "Skiflər"
faciəsi geniş şəkildə təhlil
olunub və əsərdəki bəzi
hadisələr "Kitabi-Dədə
Qorqud" dastanındakı
hadisələrlə müqayisələr
edilib.
Monoqrafiyada Hüqonun Şərq motivləri tədqiqat obyekti kimi götürülüb,
təhlil süzgəcindən
keçirilib. Bir sıra şeirlərdə
Şərq xarakteri əks olunsa da, digər bir qismində İspaniyada ərəblərin
yaratdıqları tarixi
abidələr təsvir
olunur.
Əsərdə təbii ki, daha çox diqqəti cəlb edən Hüqonun islam dinini
qəbul etməsilə
bağlı məqalədir.
Tədqiqatçı bir
çox faktlarla sübut etməyə çalışır ki,
fransız ədibi islam dinini qəbul
etmiş və ömrünün son günlərində
"Qurani Kərimin"
"Əl-Fatihə" surəsindən
"Ehdinas surətil müstəqəm" - "Tanrı,
özün bizə yol göstər" kəlamını deyib ağlayırmış.
Əsərin sonunda fransız alimlərinin professor Əsgər
Zeynalov haqqında fikirləri, Fransa mətbuatında dərc olunmuş yazılar, istifadə olunmuş ədəbiyyat öz əksini tapıb.
Biz zəhmətkeş
alim, səmimi insan, professor Əsgər Zeynalovu Nobellərin vətəni İsveçdə
nəşr olunmuş
"Volter və Hüqonun Şərq dünyası" monoqrafiyası
münasibətilə bir
daha təbrik edir, ona yeni-yeni
yaradıcılıq uğurları
arzulayırıq.
Aynur
SABİTOVA
Filologiya
elmləri doktoru,
professor
525-ci qəzet.- 2019.- 4 oktyabr.- S.10.