Ustad publisistikası
Vidadi Babanlının
yaradıcılığı biri digərindən ayrılmaz olan ən azı üç mühüm xüsusiyyətinə görə
böyük ədəbiyyatın
tələbləri səviyyəsindədir
ki, onlardan birincisi həyat həqiqətinə sədaqətdir. Əlbəttə,
sədaqət müxtəlif
cür ola
bilər...
Vidadi Babanlının
həyat həqiqətinə
sədaqəti, hər
şeydən əvvəl,
öz analitizmi, hadisələrin mahiyyətinə
dərindən varmaq istedadı, mürəkkəb
ictimai münasibətlər
spektrini zədələmədən
təhlil (və təqdim) etmək məharəti kimi təzahür edir. Və onun
ədəbi təcrübəsində
həqiqət heç
zaman uydurulmur, sxematik təfəkkürün
gücünə qurulmur,
gəlişigözəl metaforalarla
bəzədilmir, əgər
təbiri caizsə, bütün səciyyəvi
tərəflərilə (və
kifayət qədər
təbii nəzər nöqtəsindən) məhz
kəşf edilir.
Vidadi Babanlı
yaradıcılığının ikinci mühüm xüsusiyyəti özünü
heç bir yüngül, amorf liberalizmə güzəştə
getməyən sərt
humanizmində göstərir. Bu, elə humanizmdir ki, yazıçı təxəyyülünün hansısa
ənginliklərindən deyil,
həyat gerçəklərindən
doğulduğuna görə
olduqca canlı, anlaşılan və inandırıcıdır. Şübhə yoxdur ki, bu, xarakteri etibarilə
həyati olduğu qədər də milli tarixi əsaslara
malik, mükəmməl
(epik!) humanizmdir.
Vidadi Babanlı
yaradıcılığının üçüncü mühüm
xüsusiyyəti onun dolğun, ritmik (və ağayana!) təhkiyəsindən gəlir.
Əlbəttə, oxucular böyük qələm ustasını
ilk növbədə nasir,
romanlar müəllifi
kimi tanıyırlar. Və dünyanın
çoxlu dillərinə
tərcümə olunub
dəfələrlə nəşr
edilmiş "Vicdan susanda" təkcə Azərbaycan ədəbiyyatının
yox, dünya ədəbi-bədii təfəkkürünün
hadisəsi sayıla bilər. Lakin nasirin poeziyada,
dramaturgiyada olduğu qədər publisistikada da şəksiz uğurları barədə
söhbət açmaq
üçün hər
cür əsas vardır.
Vidadi Babanlının
oxuculara təqdim olunan yeni kitabı
yazıçının müxtəlif
illərə, hətta
demək mümkündür
ki, tarixin müxtəlif mərhələlərinə
aid düşüncələrini əhatə edir. Həmin yazılar,
bir tərəfdən,
yarandığı dövrün
sosial, siyasi, mənəvi mənzərəsini,
digər tərəfdən,
müəllifin fəal
mövqeyini bütün
miqyası (və dərinliyi) ilə əks etdirmək baxımından əhəmiyyətlidir.
Əsas da odur ki,
bu, yazıçı
publisistikasıdır. Və mövzu rəngarəngliyi
məhz yazıçı
təfəkkürü mövqeyindən
təqdim olunur. Elə yazılara rast gəlirik ki, qələmə alındığı
dövrün sosial-siyasi
problemlərinin müfəssəl
təhlilini verir, elələri var ki, müəllifə doğma olan bədii yaradıcılıq
məsələlərindən bəhs edir, elələri də var ki, bir
növ, xatirə-portret
səciyyəlidir.
Azərbaycan xalqının Ümummilli
Lideri Heydər Əliyevə həsr olunmuş "Unudulmaz üç görüş"
aşağıdakı sözlərlə
başlayır:
"Xatirələr şirin
olur. Ömür dolaylarında yaddaşa
hopmuş ibrətli görüşlər, hadisələr,
əhvalatlar müəyyən
zaman kəsiyindən sonra beyində yenidən oyanır. İnsan o anları xəyalən bir daha yaşayır..."
Üç görüşdən birincisi
"1982-ci ilin qızmar
avqust ayının axırlarına təsadüf
edir". Bərdə rayonunda pambıq
yığımı mövsümünün
açılışı ilə bağlı keçiriləcək müşavirəyə
dəvət olunan yazıçı böyük
şəxsiyyətlə bağlı
yaddaqalan müşahidələrini
qələmə alir.
Və göstərir ki, "əmək coşqunluğundan
məmnun qalan Heydər Əliyev lap sonda alovlu yekun
nitqi söyləyirdi.
Adamları daha əzmlə
çalışmağa səsləyir,
bol məhsulu itkisiz və vaxtında yığmaqda uğurlar arzulayır, yeni-yeni qələbələrə
ruhlandırırdı. Gəzdiyimiz bütün kolxozlarda, briqada və manqalarda bu hal
eynən təkrarlanırdı.
Amma çox qəribə idi ki, Heydər
Əliyev heç yerdə özünü təkrarlamırdı. Bir dəfə
dediyini dönüb bir də demirdi.
Onun tükənməz söz ehtiyatına, səlis natiqlik qabiliyyətinə heyran qalmaya bilmirdin".
Vidadi Babanlının
bu sözləri nə qədər istedadlı olsa da yalnız bir yazıçının
deyil, həm də peşəkar bir dilçinin müşahidəsinin məhsuludur. Əks halda hər cür "bitmiş bir fikrin" kağızdan oxunduğu bir dövrdə Heydər Əliyevin geniş xalq kütlələri ilə
sovet formalizminin (və hər şeyin bitdiyi barədəki sovet "mif"inin) fövqünə
yüksələn bu demokratizmini bu həssaslıqla ifadə etmək mümkün deyil.
İkinci
görüş üç
il sonra
- 1985-ci ildə Moskvada
Kremlin Qurultaylar Sarayında,
üçüncüsü çox sonralar - 1997-ci ildə Bakıda yazıçının yetmiş
illiyi keçirilən
günlərdə baş
tutur... Bu dəfə telefonla...
Heydər
Əliyevin İsmayıl
Şıxlının dəfninə
gəlişini Vidadi Babanlı, yəqin ki, heç bir kino lentinin
təqdim edə bilməyəcəyi bir emosional dəqiqliklə tarixə yazır:
"Vida iclası təyin
olunmuş vaxtdan çox gec başladı. Hamı Heydər Əliyevin
gəlişinə müntəzir
idi. Göstəriş
vermişdi ki, mərasim onsuz başlamasın... Aeroportdan
saat beş
radələrində qayıtdı.
Son dərəcə üzgün olsa da, fəxri qaraulda dayandı. Hərarətli çıxış etdi. İsmayıl Şıxlının ruhuna
özünün hörmətini
büruzə verdi.
... Onun hər hərəkəti,
hər davranışı
həyat dərsidir..."
Vidadi Babanlının keçən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin əvvəllərində yazıb çap etdirdiyi "Mənim xalqım", "İç yanğısı", "Ziyalı miqyası", "Ruhları incitməyin", "Eloğlularıma tövsiyəm" və digər məqalələri dövrün ictimai-siyasi ovqatını bütün emosionallığı, polemik məqamları ilə birlikdə ümumən obyektiv əks etdirir. Məsələn, 1992-ci ilin dekabrına aid "Cəmiyyət yetimləşir" məqaləsində deyilir:
"... Ziyalıların, xüsusən də yaradıcı ziyalıların onsuz da pis güzəranı indi lap pisləşmişdir. Onların bir paraları artıq dilənçilik həddindədirlər, heç yerdən zəhmət haqqı almırlar... Mən bu acınacaqlı hal barədə dəfələrlə yazmışam. Mətbuat vasitəsilə iqtidarda olan bəyləri dözülməz dolanışığımızdan hali etməyə çalışmışam... Min təəssüf ki, hələ də nə harayımızı eşidən, nə də dərdimizə çarə qılan var. Görəsən, köhnə bürokratlarla hazırkı demokratların fərqi nədə imiş?"
Vətənpərvər yazıçı Vətənin dar günlərində qazanc, gün-güzəran dalınca xarici ölkələrə "köçən", vəziyyətin "düzəlməsi"ni gözləyən, yaxud Vətəndə qalıb ucuz şan-şöhrət üçün hər cür yolu özünə rəva görən, "cüvəllağı ziyalılar"dan da bəhs etməyi unutmur... İstər konkret faktlara münasibətdə, istərsə də kifayət qədər zəngin həyat (və yaradıcılıq) təcrübəsindən irəli gələn ümumiləşdirmələrində onun "haram-halal" tərəzi-mizanı həmişə düz çəkir. Yazıçı, bir tərəfdən, düşmən əlinə keçmiş ərazilərimizin xaraba qoyulduğundan hiddətlənirsə, digər tərəfdən, öz əlimizin də dinc durmadığından gileylənir:
"... Ətraf mühitə biganəlik, sərvətlərimizə sahibsizlik böyük bəladır. Bu bəlanın sonu fəlakətdir. "Qarayazı meşəsi"nə qəddar münasibət həmin sahibsizliyin bir təzahürüdür. Meşə qabaqkı hüsnünü, gözəlliyini itirməklə bərabər, sərin bulaqları, axar suları da qurumuşdur".
Vidadi Babanlı publisistikası Vətənin həm maddi, həm də mənəvi nemətlərinə istehlakçı, dağıdıcı münasibət göstərənlərə qarşı çıxır. Və bu, Vətənin vətəndaşlardan ümid gözlədiyi dar gününə təsadüf edəndə yazıçı, sadəcə, qarşı çıxmaqla kifayətlənməyib belə hallara (və insanlara) müharibə elan etməkdən çəkinmir:
"Hamı uşaqlı-böyüklü alqı-satqıya qurşanıb. Hərə özünə bir kiçik müəssisə yaradıb, dükan açıb. Bir paraları da küçədə, tində stol qoyub üstünü xırdavatla, spirtli içkilərlə, xarici siqaretlərlə doldurub soyuqda, şaxtada gözlərini döyə-döyə müştəri gözləyir.
... Sizli-bizli papağımızı qabağımıza qoyub fikirləşməliyik. Həyəcan təbili çalmalıyıq. Meşələrimizi də, gəncliyimizi də göz bəbəyi kimi qorumalıyıq. Biri mühitimizin gözəllik və sağlamlıq mənbəyidir, digəri millətimizin sabahı, əbədi mövcudluq zəmanətidir".
Vidadi Babanlının Xalq şairləri Osman Sarıvəlli, Hüseyn Arif, Xalq yazıçısı İsmayıl Şıxlı, görkəmli jurnalist Nəsir İmanquliyev haqqındakı portret yazıları müəllif müşahidələrinin nə qədər dərinliyi, dəqiqliyi ilə seçilirsə, bir o qədər də canlılığı, təravəti ilə diqqəti çəkir. Məsələn, "İyirmi dörd il ötdü" məqaləsində deyilir:
"İsmayıl Şıxlı bizim yüksək mənəviyyatlı, böyük daxili aləmi olan nadir ziyalılarımızdan idi. Təkrarolunmaz şəxsiyyət idi. Artıq iyirmi dörd ildir, o, aramızda yoxdur. Vacib iclas və yığıncaqlardan, mühüm toplantılardan həqiqi kişilərə məxsus səsi gəlmir...
... İsmayılda irsi, əsil-nəsildən gəlmə bəyzadəlik var idi. Gözü, nəfsi tox idi. Əksər həmyaşıdları - qələm yoldaşları kimi hər addımdan istər maddi, istərsə də mənəvi gəlir ummurdu"...
Və bu sətirlərin müəllifinin ümumən Azərbaycan ziyalılığı haqqında danışarkən İsmayıl Şıxlını örnək alması tamamilə təbiidir. Bununla belə o da təbiidir ki, Vidadi Babanlının publisistikasında onun öz şəxsiyyəti də nəinki pərdə arxasında qalır, əksinə, bütün məğrurluğu ilə önə çıxıb mövqeyini, hadisələrə münasibətini təfsilatlı bir cəsarətlə təqdim edir... "Düzlüyün çətin yolu", "Etiraf cəsarəti", "Tənqidçilərə sözüm", "Özüm barədə son açıqlamalar", "İnsafı mürgüləmişləri mürvətə çağırış" və başqa məqalələri bu baxımdan xüsusi maraq doğurur. "Özümlə müsahibəm"ə gəldikdə isə burada yazıçı özünü heç bir tənqidçiyə müyəssər olmayacaq bir miqyasda təhlil edir.
Ümumiyyətlə, Vidadi Babanlı bütün publisistik yazılarında peşəkar olduğu qədər səsmimi, səmimi olduğu qədər peşəkardır... Və əsas da odur ki, bu yazılar yalnız yaxın keçmişin tərcümanı olaraq qalmır, uzaq gələcək barədə də düşünməyə sövq edir...
Nizami
CƏFƏROV
525-ci qəzet.- 2019.- 4 oktyabr.- S.8.