Azərbaycan romantiklərinin yaradıcılığında türkçülük  

 

 

XX əsr Azərbaycan romantiklərinin qidalandıqları iki mənbədən biri Türkiyə idi; buradan gələn romantik mənbənin əsas qaynaqlarından biri isə türkçülük görüşləri idi.

 

Sovet tənqidçi və ədəbiyyatşünaslarının romantikləri iki yerə; mütərəqqi və mürtəcelərə bölməsinin əsas səbəbi də onların yaradıcılığındakı millətçilik, türkçülük və islamçılıq ideyalarının geniş yer tutması idi. Bu dövrü Azərbaycan bədii düşüncəsində millilik və türkçülük mərhələsi olaraq qiymətləndirsək, o zaman mövcud ədəbiyyatşünaslığın münasibətini aydın görmək olar.

 

Türkiyədən gələn türkçülük özünü bir neçə formada göstərirdi; dil, vətən, millət ideyasının poetik dərki. M.Ə.Yurdaqul, T.Fikrət, N.Kamal, M.Ə.Rəcaizadə kimi  şairlərin yaradıcılığında artıq türkçülük görüşləri ifadə olunmağa və getdikcə yayılmağa başlamışdır. Ədəbi türkçülüyün ideya qaynaqları isə daha çox ictimai fikrə söykənirdi. Belə ki, XIX əsrin sonlarında Türkiyədə baş verən ictimai-siyasi proseslər millət, dil, vətən problemini önə çıxardı. Cəmaləddin Əfqaninin (1838-1897) mütərəqqi düşüncəsi, millət və dil birliyi ideyaları ədəbi prosesə də öz təsirini göstərirdi. Osmanlıda yaşadığı illərdə milli vətənpərvərlik hisslərinin aşılanması, milli oyanışın formalaşmasında türk şairlərinə, eləcə də Azərbaycan ədəbi mühitinə təsiri olmuşdur. Ə.Ağaoğlu, Ə.Hüseynzadə, M.Ə.Rəsulzadə, C.Məmmədquluzadə və b. yaradıcılığında C.Əfqaninin fikir və ideya izlərini görmək mümkündür. İnsanları bir-birinə bağlayan faktorlardan ilk olaraq dil birliyini əsas götürür və müsəlmanların milli mədəni müxtəlifliyini önə sürürdü. O, dini və milli birliyi vətəni sevmək və onun üçün çalışmağa yönəldən iki əsasa bağlayırdı. Bu cür yanaşma müsəlman aləmini özünə yenidən baxmağa, dil, vətən, millət amilinə yönəltmək üçün ən yaxşı vasitələrdən biri olur. Onun milli vəhdət fəlsəfəsinin əsasını da məhz dil birliyi təşkil edirdi, dil birliyi milli birliyin əsası kimi götürülürdü. C.Əfqani yazırdı: "Əgər dil birliyi olmasa, milli vəhdətin həqiqi mahiyyəti və həyat gücü ola bilməz. Dil birliyi insanlar arasında çox mühüm əhəmiyyət kəsb edən əsas əlaqə vasitəsidir. O, müxtəlif məzhəbə qulluq edən tayfaları, müxtəlif arzularla yaşayan qəbilələri vahid bir millət bayrağı altına səsləyən, onların gücünü-qüvvəsini birləşdirib bir məqsədə doğru yönəldən, ictimai qüsurları birlikdə dəf etməyə, milli çətinlikləri birlikdə aradan qaldırmağa çağıran, ümumxalq səadətinə nail olmaq, müsibət və bədbəxtliklərdən nicat yolları arayıb tapmaq üçün hamını yekdil, həmrəy olmağa dəvət edən, gözəl yaşayışdan ibarət təzə həyata qovuşduran, vətəndaşlarının əyinlərinə istiqlal paltarı geydirən əsas vasitədir" (Əfqani C. (1997), Milli vəhdət fəlsəfəsi və dil birliyinin həqiqi mahiyyəti// Qurbanov Ş. Cəmaləddin Əfqani və türk dünyası, Bakı, 1997, s. 187). "Millətdən kənarda səadət yoxdur", - deyən C.Əfqaninin təlimində dil yalnız əlaqə vasitəsi olmaqdan çıxaraq daha əhatəli, geniş, sosial-siyasi məna qazanır və milli vəhdət fəlsəfəsinə yeni çalar verir.

 

C.Əfqaninin bu fikirlərinin gənc türklərin və türk ədəbiyyatının inkişafı və formalaşmasında böyük təsiri olmuşdur. Xüsusilə, Azərbaycan romantiklərinə ən çox təsir edən Məmməd Əmin Yurdaqulun onunla görüşləri, söhbətlərindən sonra əsərlərinin dilinin, ifadə tərzinin və mövzusunun dəyişməsi bu təsiri aydın göstərir. M.Ə.Yurdaqul C.Əfqani ilə münasibətlərini bu şəkildə ifadə etmişdir: "Məni o yoğurmuşdur. Əgər ruhların sonsuzluğu və ölməzliyi varsa, deyərdim ki, o, vücudunun ətlərini, sümüklərini torpaqlara buraxmışsa, ruhunu da mənə ərmağan etmişdir. Cəmaləddinin ruhu məndə yaşayır" (Akçura Y. Türkçülük. İstanbul, 1990, s. 110).

 

Onun çap etdirdiyi "Türkcə şeirlər" kitabında toplanan şeirlərin hamısı heca vəznində yazılmaqla yanaşı, vətən, millət haqqında idi. Bu şeirlər sonralar Türkiyə və Azərbaycan mühitində milli marş kimi səslənmiş və özündən sonrakı ədəbiyyata təsir göstərmişdir. "Cəngə gedərkən" şeiri o zaman bütün türk dünyasını dolaşmış və yeni bir ab-hava yaratmışdır:

 

Mən bir türkəm, dinim, cinsim uludur;

Sinəm, özüm atəş ilə doludur.

İnsan olan vətəninin quludur -

Türk övladı evdə durmaz, gedərəm.

...Bu topraqlar əcdadımın ocağı,

Evim, köyüm həp bu yerin bucağı.

İştə vətən, iştə Tanrı qucağı -

Ata yurdum övlad pozmaz, gedərəm. (Yurdakul M.E. Türkce Şiirler. İstanbul, Çağrı Yayın, 2007, s. 29)

 

M.Ə.Yurdaqulun şeirləri XX əsrin əvvəlləri Azərbaycan mətbuatında və yeni hazırlanan dərsliklərdə də yer almışdır. Vətənçilik, türkçülük, milli hiss və düşüncənin poeziyaya ayaq açmasında onun "Türkcə şeirlər" kitabı yeni bir mərhələ başlatmışdır. Bu mərhələyə XIX əsrin 90-cı illərində İstanbulda yaşayan böyük türkçü Ə.Hüseynzadə başçılıq etmişdir. Onun "Sizlərsiniz ey qövmi-macar bizlərə ixvan" sətri ilə başlayan məşhur şeiri türkçülük və turançılıq ideyasının poetik əksi olmuşdur. Bir qədər sonra yazdığı "Arslan ağzı" şeirində də türklüyü təbliğ edir, türk oğluna vətənin dar günündə onu darda qoymamağı aşılayırdı:

 

Vətənimiz bizim islam torpağı,

Torpağımız bizim Arslan yatağı,

Müharibə bizə bir əyləncədir,

Ölüm saçan toplar əl oyuncağı.

Əbədiyyən yaşar türkün bayrağı!

Ölümdən qaçarmı vətən uşağı?!

Üstü də, altı da birdir torpağın!

Yer, gök, dəniz bütün Tanrı qucağı! (Hüseynzadə Ə.Seçilmiş əsərləri. 2 cilddə, II c., Bakı, 2007, s. 19)

 

Həm romantizmin nəzəri əsaslarının hazırlanması, həm dünya romantiklərinin əsərlərinin tərcüməsi, həm də redaktoru olduğu mətbuat orqanları vasitəsilə Azərbaycan romantiklərinin yaradıcılığında türkçülük, vətənçilik ideyalarını yaymışdır. Böyük türk düşünəri Z.Göyalp özünün "Türkçülüyün əsasları" kitabında Ə.Hüseynzadəni ilk türkçülər sırasına aid edərək yazırdı: "...Hüseynzadə Əli bəy Rusiyadakı milliyyət cərəyanlarının təsirilə türkçü olmuşdur. Bilxassə hələ kollecdə (Tiflisdə oxuduğu kollec nəzərdə tutulur - T.Ə.) ikən gürcü gənclərindən son dərəcə milliyyətpərvər olan bir yoldaşı ona milliyyət eşqini aşılamışdı" (Ziya Gökalp, Türkçülüyün esasları. Kültür Bakanlığı, 1990, s.5).

 

Ə.Hüseynzadə Bakıya dönərkən artıq bir romantik türkçü olaraq böyük bir yaradıcılıq yolu keçmişdi. "Həyat" qəzeti və "Füyuzat" dərgisi onun romantizmi və türkçülüyü təbliği üçün mühüm rol oynayır. "Həyat" qəzetini "cəmiyyət və millət" üçün çıxardığını bəyan edir və axıradək bu prinsipə sadiq qalır. Elə ilk məqaləsi "Qəzetimizin məsləki" baş redaktor yazısında "Türkün hər yerdə tərəqqi və təkamül ilə məsud olmasını arzu eyləriz", - deyə bu "tərəqqi və təkamlü"ün konturlarını müəyyənləşdirməyə çalışırdı. Bunun içərisində C.Əfqaninin bəyan etdiyi "dil birliyi" ideyası da var idi. O yazırdı: "Ülum və maarif əksəriyyət beynində intişar etmək üçün lazımdır ki, millətin öz ana dili məlum və maarif təhsilinə alət olsun. Təbiri axərlə lazımdır ki, millət öz dilinin qədrini bilsin və onun tərəqqi və təkamülünə çalışsın... Türk lisanı bu xüsusda mütəhəddid şəraiti mətlubeyi-camedir" ("Həyat" qəzeti, ¹1) .

 

Ə.Hüseynzadə "Həyat" qəzetinin səhifələrində sıx-sıx dil problemini qaldırır və türklüyə xidmət nümunəsi göstərirdi. "Türklər kimdir və kimlərdən ibarətdir" silsilə məqalələrində türk xalqının keçmişi və bugünü haqqında elmi, maarifçi, siyasi dünyagörüşünü ortaya qoymuş və türklüyü bir irq kimi qələmə vermişdir. "Füyuzat" dərgisində isə türklük daha çox bədii aspektdən öz əksini tapırdı. Romantizmin görkəmli nümayəndələri H.Cavid, M.Hadi, A.Şaiq, Ə.Cənnəti, Ə.Kamal və b. şeirlərində türklük düşüncəsini ifadə edirdi. Onlar Ə.Hüseynzadənin qoyduğu cizgi ilə gedərək əsərlərində türkülük duyğusunu yaşatmağa çalışırdılar. Ə.Hüseynzadənin dil konsepti yaradıcılığa yeni başlayan M.Hadi və H.Cavidin poetik dilinin özəyini təşkil edirdi. M.Hadi "Füyuzat"ın ilk sayından başlayaraq ortaq türkcədə millət, vətən, hürriyyət, türkçülük mövzusunda şeirlərini dərc etdirirdi. "Füyuzat" dərgisinin ilk sayında dərc etdirdiyi "Fünun və maarif" şeirində yazırdı:

 

Biz ol ərbabi-himmət milləti-islamiyanız kim,

Bizim əcdadi-alimiz cahangirani-dövrandır.

Fəzayi-ərşi rüfətdə uçan şahinləriz biz kim,

Şikaristanimiz Əndəlisu Hindu, Çin, Turandır.

Edin dər yad, millət dövri-alül ali-islami,

Şu ədvari-təməddün bizlər üçün ən böyük şandır

("Füyuzat", 1906, ¹1, s. 4).

 

M.Hadinin yaradıcılığında türkçülük mövzusu şairin Türkiyəyə getməsindən və orada qalmasından sonra intensiv xarakter alır. Əgər əvvəlki şeirlərində daha çox "aləmi-islam", "milləti-islam" ifadələrini işlədirdisə, bundan sonra türk adını işlətməklə qalmır, həm də türklüyün şanını, şöhrətini tərənnüm etməyə başlayır. "Türkün nəğməsi",  "Zəfəri-nahiyəyə doğru", "Əsgərlərimizə-könüllülərimizə", Məfkureyi-aliyəmiz" və s. şeirlərində türklərin türklük və vətən uğrunda apardığı mübarizəni "Türkün tökülən qanları bihudə gedərmi, Diqqətlə düşün, yoxsa bu qan həpsi hədərmi?" - deyə təqdir və tərənnüm edirdi. Cümhuriyyət dönəmində yazdığı "Əsgərlərimizə-könüllülərimizə" 45 beytlik məşhur şeirində türklük və dövlətçilik məfkurəsi ifadə olunur. "Məfkureyi-aliyəmiz" şeirində isə türk aləmində parlayan cümhuriyyətimizin sakinlərini Millət və Vətən uğrunda mübarizəyə səsləyirdi. "Zəfəri-nahiyəyə doğru" şeirində əsgərləri vətən uğrunda, türklük və islam uğrunda döyüş meydanına səsləyirdi:

 

Mərd olan əsgərliyi təqdir edər əzyan ilə,

Əsgər olmaq bir fərzdir hər möminə Quran ilə.

Əsgər olmaq bir şərəfdir, türk üçün, islam üçün,

Əsgəriyyətlə yaşat millət həyatı şan ilə.

... Daima türk oğlu hifz etmişdir öz namusunu,

Əldəki süysu-şücaət, dildəki iman ilə.

Qorxmayız düşməndən əsla, dönsə dünya atəşə,

Hər zamanda etmişiz qovğa qövi-cahan ilə (Ordu marşları, B., 1919, s. 6).

 

Romantiklərdən A.Səhhətin yaradıcılığında türklük, türkçülük həm də vətən mövzusunda davam etdirilir.

 

Avropa mədəniyyətinə aludəçiliyin, bəzən isə təqlidçiliyin olduğu bir zamanda şair millət, türklük təəssübünü gizlətmir, "dahiyi-əzim" adlandırdığı Ə.Hüseynzadənin türklük duyğusunu aşılayırdı. "Müsəlman ürəfaları" şeirində Qərbi yamsılayanları "Türk dilini sevməyir, nə "Həqiqət" nə də "Günəş" oxuyur, Yalandan Homer, Kant, Marks, Bualo deyir", - deyə onları tənqid edirdi. Başqa bir şeirində bu fikrini inkişaf etdirərək  yazırdı:

 

Türklük, islamlıq iddiası ilə,

Öz dilin bilmək istəyən yoxdur.

Əcnəbi ruhunun havasilə,

Vətənin, millətin sevən yoxdur. (Səhhət A. Əsərləri, 2 cilddə, I c., B., Azərnəşr, 1975, s. 125)

 

Romantiklərdən H.Cavidin yaradıcılığında türkçülük daha geniş konseptdə ifadə olunur. Həm poetik dili, həm mövzu və problematikasında türk, türklük ideyası, onun keçmişi, bugünü və gələcəyi başlıca yer tutur. Onun dili, mövzuları ilə yanaşı, obrazları da türk dünyasını təmsil edirdi. M.H.Türkəqul şair haqqında xaricdə yazdığı ilk monoqrafiyasında belə bir doğru qənaətə gəlirdi ki: "Hüseyn Cavidin işlətdiyi türkcə olduqca dadlı və işlənmiş, gözəl bir türkcədir. Şimali və Cənubi Azərbaycan, Türkiyə, Türküstan və s. türk ellərində tək bir münəvvər (ziyalı - T.Ə.) bukumaz ki, Cavidi oxusun, onu anlamasın və onun türkcəsindən zövq almasın" (Türkəqul M. Azərbaycan türk şairi Hüseyn Cavid. B., 2002, s. 64). Doğrudan da, H.Cavidin bu dövrdə işlətdiyi dil yalnız İstanbul ləhcəsilə məhdudlaşmır, ümumi ortaq dilin konturlarını cızırdı. O, yaradıcılığının ilk illərində yazdığı "Hərb və fəlakət" (Anadolu hərbzədələrinə yardım münasibətilə), "Kars və Oltu ətrafında səbəbsiz olaraq alçaqcasına qətl və yəğma edilən məzlumlar için", "Çoban türküsü", "Bilməm kimə" və s. şeirlərində türk və türklük  ruhunu təsvir edir. "Hərb və fəlakət" (Anadolu hərbzədələrinə yardım münasibətilə) şeirində türklüyün keçmişinə gedən şair indi onun qarşısında duran hərbin gətirdiyi fəlakətləri təsvir edərək yazır:

 

... Bunu gördükdə qonşu dövlətlər,

Məmləkətlər, zavallı millətlər

Həp boyun bükdü, türkə yalvardı,

Mərhəmət gördü... canı qurtardı.

Sonra lakin bu mərhəmət, bu aman,

İştə tarix!.. Türkə verdi ziyan.

Qavrulub əski sızlayan yaralar,

Fışqırıb durdu odlu qumbaralar. (Cavid H. Əsərləri. 5 cilddə, I c., B., 2007, s. 65)

 

Türkçülük, türklük ideyaları A.Şaiqin də yaradıcılığından qırmızı xətlə keçir; o, türk oğlunu birliyə səsləyir, "Birləşəlim, türk oğlu, bu yol millət yoludur", - deyə vətənini, dövlətini qorumağa çağırır. Onun özünün tərtib etdiyi "Türk çələngi" kitabında türklüyə aid şeirləri toplanmışdı. "Yeni ay doğarkən" şeirində türkçülüyün bədii salnaməsini yaratmaq istəmiş, türk qiyafəsində alicənab qadın oğlu Yavuzu təsvir etmişdir. Əsərdə türk dünyasının yeddi dövləti yeddi ülkər simvolu ilə obrazlaşır. V.Osmanlı A.Şaiqin bu şeirini türklük mövzusunda yazdığı ən yaxşı şeirlərdən biri kimi təhlil edərək yazır: "Romantik qəhrəmanın belə halda "bən istərəm yeddi ülkər qovuşsun bir-birinə", -  istəyi şairin özünün yeddi Türk dövlətinin birləşməyi istəyidir. Romantik qəhrəmanın yeddi ülkərin birləşib günəş kimi işıq saçması şairin yeddi türk dövlətinin, bütünlükdə Türklərin birləşib nurlanması arzusudur" (Osmanlı V. Azərbaycan romantizmi. Bədii-estetik problemlər. II c., Bakı, Elm, 2014, s. 110).

 

Romantiklərdən Ə.Müznib, Ə.Cənnəti, S.Mənsur, Ə.Kamal, Ə.Səbur və b. yaradıcılığında da türklük və türkçülük ideyası şeirlərin ana xəttini təşkil etmişdir. Ə.Müznibin "Azərbaycan", "Qazi Ənvər paşa", "Öyüd", "Əməlpərvəranə bir xatirə", "Yuğ qığılcımı" və s. şeirlərində türkçülük, vətən, millət anlayışları poetik-romantik təsvir obyekti olur. "Əməlpərvəranə bir xatirə" şeirində türklüyün nişanəsini yüksək qiymətləndirir və ən ali diləklərini ifadə edirdi:

 

Ey türklüyün nişanəsi, yüksəl səmalərə

Yüksəl, səninlə yüksələcəkdir əməllərim,

Yüksəl, başın təmas eləsin ərşi-əkbərə,

Yüksəl, hüzuri-həqqə irişsin əməllərim,

Zira nəbiyi-məqsədimin Cəbrəlisən,

Ülvi diləklərinlə əbədi bir dəlilsən.

Ey türkliyin bu ölkədə yüksək minarəsi,

Ey heykəli-mövbüdü Allahü əkbərin,

Şərqin səmayi-izdə parlaq sitarəsi,

Çirkin əsərini əzmək üçün vəhşi bərbərin

Girdi hilal şəklinə ruhi-Süyüm bikə

Etdi başında min parça, min tikə (Ağayev İ. Əlabbas Müznib: həyatı, yaradıcılığı, əsərlərindən seçmələr. B., 2003, s. 115)

 

Demək lazımdır ki, Azərbaycan romantiklərinin yaradıcılığında türklük, türkçülük ideyaları əsrin dörddə biri qədər yol keçmişdir. 1920-ci ildə bolşeviklərin Azərbaycanı işğalından sonra belə bu ideya C.Cabbarlı, Umgülsüm, Ə.Cavad poeziyasında simvollarla özünə poetik yol tapa bilmişdir. Açıq şəkildə isə türkçülük ideyası mövzu və problematika baxımından H.Cavidin "Peyğəmbər", "Topal Teymur" və b. dram və faciələrində öz əksini tapmışdır. "Topal Teymur" əsərində Teymur türk tarixinin gələcəyini düşünən bir obraz olaraq verilir.

 

Cümhuriyyətin qurulması ilə romantiklərin yaradıcılığında türkçülük motivləri artmışdır. Ə.Cavad, C.Cabbarlı, Umgülsüm, Əli Yusif və b. yaradıcılığında türk, türkün tarixi və bugünü təsvir obyekti olmuşdur. Yaradıcılığında türk və türkçülük mövzularını tərənnüm edən Ə.Cavad "Çırpınırdı qara dəniz" şeirində dalğalanan Türk bayrağı ilə fəxr edərək Anadolu və Osmanlı türklərinə sevgisini izhar edirdi:

 

Çırpınırdı Qara dəniz

Baxıb Türkün bayrağına!

"Ah!..." deyərdim,

heç ölməzdim,

Düşə bilsəm ayağına .

Ayrı düşmüş dost elindən,

İllər var ki, çarpar sinən!..

Vəfalıdır gəldi, gedən,

Yol ver Türkün bayrağına!

İncilər tök, gəl yoluna,

Sırmalar səp sağ, soluna!

Fırtınalar dursun yana,

Salam Türkün bayrağına! (Cavad Ə. Seçilmiş əsərlər. Bakı, Şərq-Qərb, 2005, s. 124)

 

Şairin "Mən bulmuşam", "Ey əsgər", "İngilis", "Türk ordusuna", "Şəhidlərə", "Dərdim", "Türk bayrağına", "Yürü, yürü batan günün üzünə" və s. onlarla şeirlərində türk düşüncəsi tərənnüm edilir, türk ordusunun azadlıq mübarizəsi təqdir edilirdi. "Yürü, yürü batan günün üzünə" şeirində yazırdı:

 

Ey Türk, bana sevda çiçək bu şeylər,

Göydə hilal, yerdə sənin sancağın!

Durnalarla göndərdiyim salami

Yetirdimi, sana ninen torpağı?!

Yürü, yürü batan günün izinə!

 

Gülümsəyir doğan Günəş yüzünə! (Cavad Ə. Seçilmiş əsərlər. Bakı, Şərq-Qərb, 2005, s. 127)

Gənc Umgülsümün şeirlərində türk, türklük həyatın özündən doğurdu. Azərbaycan Cümhuriyyəti yarandıqdan sonra türklük bir qədər də artmış, türk dili dövlət dili olmuş, türk ordusu Bakıya gələrək paytaxtı erməni-daşnak-bolşevik əsarətindən azad etmişdi. Umgülsüm "Ey türk oğlu" şeirində türk yurdunda dalğalanan bayrağın şəninə romantik düşüncələrini bildirir, türkün həssas qəlbini alqışlayırdı:

 

Ey türk, sən ey qəhrəman, yigit oğlu Turanın!

Şanlı, yüksək babanın öyüdünü unutma,

Sən də yürü o yolu.

Yürü, əvət özünü heç şeydən qorxutma;

Yürü, əvət bir daha təməddünün, ürfanın

Ülvi duyğular versin Türkün həssas qəlbinə

Hörmət, izzət aldırsın böyük Turan elinə. (Umgülsüm. Əsərləri B., Letterpress, 2010, s. 58)

 

Milli hərəkat dövründə Azərbaycan romantiklərinin ən çox söykəndiyi türkçülük şüuru, ideyası əsas xüsusiyyətlərindən biri kimi ona zənginlik gətirir və dünya romantizmindən fərqləndirirdi.

 

 

Timuçin ƏFƏNDİYEV

Bakı Xoreoqrafiya Akademiyasının rektoru, Əməkdar elm xadimi, professor

 

525-ci qəzet.- 2019.- 4 oktyabr.- S.6-7.