UNEC Kitabxana İnformasiya Mərkəzi Beynəlxalq Kitab Sərgi-Yarmarkasında
XXI əsrdə günbəgün
artmaqda olan informasiya axını içərisində zəruri
mənbələrin axtarışı,
seçilməsi, qiymətləndirilməsi
vərdişlərinə yiyələnmədən
həyat və fəaliyyətin istənilən
sahəsində uğur
əldə etmək qeyri-mümkündür.
Bu vərdişlərin reallaşması üçün
şəxsin mütaliə
mədəniyyətinin yüksək
səviyyədə olması
mühüm şərtdir. Mütaliəyə sövqetmə - intellektual
inkişafın zəruri
göstəricisi hesab
edilir ki, bu da gələcəkdə
mədəni ünsiyyətə,
doğru peşə seçiminə, faydalı
işlə məşğul
olmağa gətirib çıxarır.
Hazırda böyüməkdə olan
gənc nəsildə
mütaliə mədəniyyəti,
oxu vərdişlərinin
formalaşması istiqamətində
bır sıra təhsil müəssisələri,
kitabxanalar, informasiya mərkəzləri silsilə
layihələr, kitaboxuma
aksiyaları təşkil
edir, kitab bayramları, festivallar, sərgi-yarmarkalar keçirir.
Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyinin təşkilatçılığı
ilə 2019-cu il 27-29 sentyabr tarixində ölkəmizdə böyük
Azərbaycan şairi,
mütəfəkkir İmadəddin
Nəsiminin 650 illiyinə
həsr olunmuş VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası növbəti dəfə kitabsevərlərə möhtəşəm
bayram günləri yaşatdı. Müxtəlif
yerli və xarici nəşriyyat evləri, kitab yayım firma və təşkilatları, poliqrafik
müəssisələr, bir
neçə ali təhsil müəssisələrinin
kitabxanalarının iştirak
etdiyi Sərgi-Yarmarkada
bu il ilk dəfə olaraq Azərbaycan elminin, təhsilinin inkişafında
misilsiz xidmətləri
olan, respublikamızın
iqtisadi gücünün,
müvafiq sahədə
kadr potensialının
artmasında özünəməxsus
yer tutan Azərbaycan Dövlət İqtisad Universitetinin
(UNEC) Kitabxana İnformasiya
Mərkəzi (KİM) də
təmsil olunub.
Mədəniyyət naziri, digər dövlət rəsmiləri, ziyalılar
sərgi zamanı UNEC
KİM-in stendini ziyarət
edərək, kitabxana
fondunda yer almış milli və beynəlxalq nəşrlər, ən yeni kitablar, jurnallar və digər resurslarla yaxından tanış olublar. UNEC KİM-in əməkdaşları Y.Musayev,
F.Nəbiyeva, R.Şükürov
ziyarətçilərə mərkəzin yeni strukturu, fəaliyyət istiqamətləri, gələcək
hədəfləri barədə
ətraflı məlumat
veriblər.
Nümayiş etdirilən Universitetin
görkəmli alim və professorlarının
nəşrlərindən S.Yaqubov
"Statistika", H.Bayramov
"Kompyuter şəbəkələrinin
əsasları", Ş.Quliyeva
"Menecmentin əsasları",
Ə.Ələkbərov "Pul və banklar",
Z.Məmmədov "Bank fəaliyyətinin
əsasları", Ə.Əhmədov
"İstehlak malları
istehsalının ümumi
texnologiyası", M.Fərzəliyev
"Texnoloji maşın
və avadanlıqların
dinamikası", S.Səbzəliyev
"Maliyyə hesabatı",
Q.Abbasov "Mühasibat
uçotu", R.Şahbazov
"Biznesin etikası",
C.Abbasov "Ekonometrika",
beynəlxalq nəşrlərdən
isə BP-nin maliyyə dəstəyi ilə dilimizə tərcümə edilərək
çap edilmiş K.E.Keys "Mikroiqtisadiyyatın
əsasları", O.Blanşard
"Makroiqtisadiyyat", P.K.Kruqman
"Beynəlxalq iqtisadiyyat"
və s. kitablar xüsusi maraqla qarşılanıb. Sərgidə Azərbaycan dilində nəşrlərlə yanaşı,
ingilis, rus, türk dillərində
"Options, futures and other derivatives", "Economics of the
public sector", "Mejdunarodnıe valyutno - kreditnıe otnoşeniya", H.Kerzner
"Proje yönetimi
2.0" adlı kitablar
ziyarətçilərin müraciət
etdikləri, maraqlandıqları
nəşrlərdən olub.
Sərgi iştirakçıları,
xüsusən də sahə üzrə mütəxəssislərin ən
çox soruşduğu
kitablar sırasında
UNEC-in rektoru, professor Ə.Muradov,
professor Y.Həsənli
və professor N.Hacıyevin
"Springer" nəşriyyatında
2019-cu ildə çapdan
çıxmış "World Market Price
of Oil: Impactıng Factors and Forecastıng" (Neftin dünya bazar qiyməti: təsir edən amillər və proqnozlaşdırma)
kitabı yer alırdı.
Ziyarətçilərin sərgilənən
nəşrlər, onları
necə əldə etmək yolları, universitetin yeni dərslik və dərs vəsaitləri, evə kitab verilişi, elektron nəşrlərdən istifadə
qaydaları, UNEC KİM-in strukturuna
daxil olan 24/7 Kitabxananın və digər oxu zallarının iş rejimi barədə suallar UNEC-in nümayəndə
heyəti tərəfindən
cavablandırılıb.
Qürurverici haldır ki,
UNEC-in stendi ilə təkcə sahə üzrə mütəxəssislər,
müəllim və
professor heyəti, tələbələr
deyil, məktəb yaşlı uşaqlar da böyük həvəslə tanış olmaq istəyirdilər. Belə demək
mümkünsə, bu
sərgi yarmarkaların
təşkili həm də gələcəyin müxtəlif sahələri
üzrə mütəxəssislərin
yetişməsi, formalaşması
istiqamətində çox
mühüm bir addımdır.
3 gün davam edən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası çərçivəsində
Azərbaycan Milli Kitabxanasında "Kitabxanalar
mobil informasiya mərkəzi kimi" beynəlxalq elmi-praktik konfransı da təşkil edilib. Türkiyə,
ABŞ, Rusiya, Belarus, Litva,
Latviya, Ukrayna, Qazaxıstan, Tacikistan, Bosniya və Hersoqovina, Özbəkistan,
Moldova, Ukrayna və Başqırdıstandan gələn
Milli Kitabxana rəhbərlərinin, müvafiq
ölkələrin səfirlərinin
və yüksək səviyyəli qonaqların
qatıldığı bu
konfransda UNEC KİM-in əməkdaşları
A.Məmmədova, H.Musayeva
da iştirak ediblər. Konfransın ikinci günündə A.Məmmədova "Azərbaycan
universitet kitabxanaları
sistemində "UNEC modeli":
Nailiyyətlər və
hədəflər" mövzusunda
məruzə edib, yerli və xarici
qonaqların çıxışla
bağlı suallarını
cavablandırıb, təqdimat
böyük maraqla qarşılanıb.
Yarmarkanın son günündə UNEC KİM ailəsi
Təşkilat komitəsi
tərəfindən Diplomla
təltif edilib.
UNEC Kitabxana İnformasiya
Mərkəzi olaraq bu sərgi yarmarkada
iştirakımız universitetimizin
və kitabxanamızın
dəyərli elmi, tədris, ictimai-siyasi və digər nəşrlərini sərgiləməklə
ölkənin elmi-mədəni
həyatında, gənclərin
mütaliə mədəniyyətinin
inkişafında fəal
iştirakını bir
daha nümayiş etdirmiş oldu. Eyni zamanda
ümidvarıq ki, bu sərgi-yarmarka Mərkəzin gələcək
fəaliyyətində yerli
və beynəlxalq nəşriyyatlar, kitab evləri, müəlliflərlə
əlaqələri genişləndirmək
istiqamətində yeni
perspektivlər açacaq.
Adilə
ABDULLAYEVA
UNEC
KİM-in direktoru
525-ci qəzet.- 2019.- 4 oktyabr.- S.7.