İnsanların inamını
öldürməyin
Yaradılanı xoş gör,
Yaradandan
ötəri...
Yunus Əmrə
İnam
öldürmək adam öldürməkdən
pisdir, deyiblər. Belə çıxır ki, ikisi də
cinayətdir, amma biri aşkar, biri gizlin... Birinə cəza düşür, digərinə yox. Hər ikisinin vəbalı ağırdı, birini bəndə görürsə,
o birini Tanrı görür. Nə olsun ki, ortada
cismani ölü yoxdur.
Bəzən ölənə
deyil, öldürənə
təlaşlanırıq birinci
halda (mən hər zaman cinayətin əleyhinəyəm),
amma bəzən kimsə özünümüdafiənin
qurbanı olur, adı da qalır
cinayətkar! Mənəvi cinayətlər də var, bu zaman
inam, etibar, güvən, yaxşılıq
kimi insani hisslər hədəf seçilir, bu adamı səssiz-küysüz,
bıçaqsız, gülləsiz
öldürür, odsuz
yaxır. Hissə-hissə,
tikə-tikə tükədir
insanı onun ali insanlıq
hisslərinə toxunan,
sinir damarları üzərində "gəzişənlər".
Bilə-bilə "mazol"a
basanlar, qəsdən qəsdə duranlar! Vampirdir onlar... Şərt o deyil ki, uzun, köpək
dişləri çıxara,
sanca şah damara!..
... Hər şeyin iki tərəfi var - qaranlıq varsa, işıq olması mütləqdir, pis varsa yaxşı. Maskalılar da var arasında,
öz istəyi naminə əqidəsini dəyişənlər də.
Ən pisi əqidəsizlikdir, hətta yanlış yol seçənin də əqidəsi varsa, deməli, hələ hər şey uduzulmayıb.
Vay o günə ki, əqidən olmaya, onda dönüb olacaqsan buqəlamun.
İndi kimi dindirirsən etibarsızlıqdan, bir-birinə
qarşı inamın
itməsindən danışır,
hətta evdə balaca uşaqlara da bu yöndə
tərbiyə verənlər
var, ailəsindən başqa dostun olmadığı fikri aşılanır saf balalara. Bəlkə özlərinə buraxsaq, daha yaxşı olar?! Nəinki gözləri açılmadan
etibarsızlıq, inamsızlıq
aşılayırıq - bu,
dəhşətdir, məncə.
Kim səpdi bu
şübhə toxumlarını
ürəyimizə, nə
vaxt becərdi, xəbərimiz olmadı.
Səbəb soruşursan, bilən
yoxdur, amma hamı bir-birindən ehtiyatlanır, aldadılmaqdan
qorxur.
Günümüz hadisələrlə doludur,
qulaqlarımız da darı dənləyir xəbər üçün. Təki xoş
xəbər eşidək,
təki yaxşı şeyləri tez görək. Məsələn,
nəqliyyatda hələ
də yaşlı insanlara, uşaqlara yer verən insanlar var, yolpulu
olmayanda yardım edənlər, çətinə
düşəndə əl
uzadanlar, dilənçiyə
pul verənlər və s. Sevinək, insanlıq yaşayır demək! Amma təki saxtakarlıq olmasın, həmin az sayda
olan yaxşı adamları da əməllərinə küsdürməsinlər.
... Orta yaşlı kişi metronun girəcəyində divara
söykənib, yanından
keçib uzaqlaşmamış
da "bəlkə xəstədir, ürəyi
tutub, ya nəsə..." fikriylə
geri dönürəm.
İki qadın da tez
mənə qoşulur.
Qadın:
- Nə olub sizə?
Kişi:
- Astmam tutub...
Mən:
- Dərman qutunuzu verin alıb gətirək.
Kişi:
- Pulum çatmır.
Qadın:
- Nə qədər?
Kişi:
- Dörd manat otuz qəpik...
Qadın
çantasından bir
göz qırpımında
beş manat
çıxarıb kişiyə
verir.
Mən:
- Bəs oldumu?
Kişi
mızıldanır:
- Filan qədər də çatmır.
Mən bayaqdan bəri həm də adamı müşayiət edirəm,
həkim olduğum üçün, necə deyərlər, həm də başqa nəzərlə baxıram
və içimə şübhə sızır
(yenə Allah bağışlasın). Hissim "astma
tutması belə olmur" pıçıldayır
utancaq peşmanlıqla.
Növbəti "beşlik" kişinin ovcuna qonur. Bu zaman
o, yanında olan, DVD-ni qadına təklif edir və əlbəttə, imtina! Yardım təmənna üçün
edilməyib, axı.
Beləcə, ayrılıb yolumuza davam edirik, qadın
bir imkansıza yardımda bulunduğundan məmnun, mən həqiqətlə yalanın
arasında çırpına-çırpına. Yadıma
məşhur Azərbaycan
filmindəki bir epizod düşür: Kimdir günahkar?! Və bir də
bu yaxında yazdığım şeirdən
bir parça:
... Lap elə açıq-aşikar,
Bir yol da qoymur gizlinə.
Sürünə-sürünə gəlir
Düşür əlimə, dizimə
-
Yalana bükülü
adamlar...
Şahnaz
ŞAHİN
525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.21.