"Sosial media ən çox şeirə
ziyan vurdu"
Türkiyəli yazar
Semih Diri: "İnsanlar gündəlik divar yazılarını,
adi statusları da şeir zənn etməyə başlayıblar"
Türkiyəli
həmkarım Semih Diri ilə 2017-ci ildə İstanbulda
Avrasiya Yazarlar Birliyinin keçirdiyi "Türk Gənc
Yazarlar görüşü"ndə tanış
olmuşdum.
Şeirlərindəki orijinal fikirləri ilə diqqətimizi
cəlb edən şairlə sonralar əlaqələrimiz itmədi
və bu günlərdə Türk dili ilə bağlı
keçirilən beynəlxalq konfrans səbəbindən onu
Bakıda qonaq etdik.
Müsahibimi oxuculara qısaca tanıtmaq
üçün qeyd edim ki, Semih Diri 1992-ci ildə Bursada
doğulub, Hacettepe Universiteti Türk dili və Əədbiyyatı
məzunudur, hazırda Bursadakı bir kollecdə ədəbiyyat
müəllimi kimi çalışır.
- Bu, mənim
Azərbaycana ilk gəlişimdir. 1932-ci ilin 26
sentyabrında Atatürkün təşəbbüsü ilə
ilk böyük türk qurumlarının toplantısı olub.
Onun ildönümü kimi 26 sentyabr Türkiyədə
Türk dili Günü kimi qeyd edilir. Yunus Əmrə
İnstitutu Bilkənd Universitetiylə birgə hər il Beynəlxalq Türk dili Qurultayı
keçirir. Bu il 14-cüsü keçirilən
qurultaya qatılmaq üçün Bakıya gəldim. Bu qurultayın Bakıda keçirilməsinin də
önəmli mənası var. Çünki Azərbaycan dili
türkcəyə ən yaxın dildir. Dilimiz
kimi Azərbaycanla dostluğumuz da hər sahədə davam
edir. Ona görə də bu ölkəyə
gəlmək mənim üçün hər anlamda dəyərlidir.
Uşaqlığımdan bəri əsərlərini
oxuduğum insanların yaşadığı şəhəri,
onların uyuduğu torpağı ziyarət etmək çox
gözəl bir duyğudur. İnsanlar da
çox qonaqpərvərdilər. Türkiyəyə
qayıtdıqdan sonra da bunların şeirlərimə, hekayələrimə
mövzu olacağını düşünürəm, eyni
zamanda, Bakıyla bağlı ayrıca yazı da yazacam.
Özümü
burada heç yad hiss eləmədim. Dil o qədər
yaxındır ki, küçədə kimə
yaxınlaşıb söz soruşsam, o an
cavab verirlər. Bakı gecələri sanki sehirlidir. Xəzər
dənizinin sahilində gəzdim, fərqli və gözəl
duyğular yaşadım. Bakı geniş
küçələri, müasir və zövqlü
binalarıyla çox gözəl şəhərdir. Ən gözəli isə şəhərin öz keçmişini
də mühafizə etməsidir. İçərişəhər
sanki müasir Bakıdan tamamilə fərqli bir dövrdə,
başqa zamandadır.
Bakıya səfərim VI Beynəlxalq Kitab Sərgi-Yarmarkasına
təsadüf etdi.
Üç günlük sərgi-yarmarkanın bir
günündə iştirak etmək, tədbirlərə
qatılmaq fürsətim oldu. Məntiqinə görə
bizim oradakı kitab sərgilərimizə bənzəyir.
Amma ondan fərqlənən bəzi xüsusiyyətlər
də gördüm. Onlardan ən birincisi
odur ki, bu, sadəcə kitab satılan yerdən əlavə,
daha çox kitabı tanıdan, sərgiləyən bir proqram
olmağıdır. Bizdə də bənzəri
olur. Yəni şairlərin imza günləri,
oxucu görüşləri keçirilir. Amma
insanlar daha çox satışa diqqət ayırırlar.
Burada fərqli mədəniyyətləri
tanıdan müxtəlif ölkələrin də stendlərinə
rast gəldim. Demək olar ki, hər stendin
qarşısında hansısa şairlə,
yazıçıyla görüş keçirilir, imza mərasimləri
olurdu. İnsanlar da buna çox
böyük maraqla yanaşırdılar. Bu
da onu göstərir ki, bu sərgi-yarmarka daha çox
tanıtmaq, maarifləndirmək məqsədi
daşıyırdı. Yazarların
insanlarla iç-içə olmağı və bunun nisbətən
kiçik bir məkanda keçirilməsi sizin
üstünlüyünüzdür. Bizdə
daha böyük salonlarda daha böyük proqramlar
keçirilir. Bu da şair və
yazarları yenə də əlçatmaz edir.
Semih bəyin bu sözləri məni təəccübləndirir. Çünki
Türkiyədəki kitab sərgilərində olan azərbaycanlılar
müsahibimin üstünlük kimi gördüyü bu cəhətləri,
əksinə, tənqid edirdilər. Bunu
ondan da gizlətmədim. Söylədiyi açıqlama
isə məntiqlidir, məncə:
- Fikrimcə,
onlar buna ticarət yönündən baxırlar. O tərəfdən
haqlıdırlar. Kiçik yerdə daha az
iştirakçı olur, daha az kitab satılır. Bizdə Ankaradakı kitab sərgi-yarmarkası
çox böyük bir konqres salonunda keçirilir, məkan
geniş olanda daha çox insan gəlir, daha çox insan gələndə
də daha çox kitab satılır. Mən
nəşriyyatçı olmadığımdan onu dəyərləndirə
bilmirəm. Amma bir şair və oxucu kimi,
xaosun, qarışıqlığın olmamağını
yüksək qiymətləndirirəm.
Azərbaycan
teatrı həmişə maraq dairəmdə olub
Bu səfərimi
anlamlı edən əsas səbəblərdən biri də
teatr ilə tanış
olmağımdır. Teatr göstərməyə
bağlı bir ədəbi mətn olaraq, mənim həmişə
marağımda qalan bir sahədir. Ankarada və
Bursada tez-tez teatrlarda oluram. Tamaşaya
baxmaqdan əlavə, tamaşa haqqında resenziyaları,
teatrla bağlı məqalələri oxumağı da sevirəm.
Azərbaycana gələrkən Kukla
Teatrının binasında Yuğ Teatrının "Lənət"
tamaşasını izlədim. Premyera
olduğundan Azərbaycanın Mədəniyyət naziri və
digər səlahiyyətli şəxslər də gəlmişdilər.
Bu, dövlətin mədəniyyətə
verdiyi önəmi göstərir. Onlarla
bir sırada tamaşa izləmək mənimçün
böyük fəxr idi. Verilən məlumata
görə, teatrın öz binası təmirdə
olduğundan müvəqqəti, o binada, kiçik salonda məskunlaşıblar.
Amma o balaca səhnədə belə
aktyorların çıxışı çox gözəl
idi. Azərbaycan türkcəsini teatr səhnəsində
ilk dəfə eşidirdim. Bu baxımdan da tamaşa həmişəkindən
daha çox zövq verdi. Çünki
qulağıma son dərəcə xoş gəlirdi.
Müsahibimin
şeir və ədəbiyyatla bağlı düşüncələri
hələ ilk tanışlığımızdan diqqətimizi
cəlb etmişdi:
- Mən
universiteti türk dili və ədəbiyyatı ixtisası
üzrə oxumuşam. Buna görə də tənqidi
məqalələr də yazıram. Bakıya
gəlişim də sırf akademik fəaliyyətimin nəticəsidir.
Amma ən başlıcası şeir və hekayələr
yazıram. Keçən aprel ayında ilk
kitabım çap olundu. "Bir biri bir az"
adlı kitab "Kurqan" Yayınlarında
çıxdı. 4-5 il ərzində
jurnallarda çap olunan şeirlərimi topladıq. Kitabın
adını açıqlayım: "Bir" -
Tanrının vahidliyinə işarədir; "biri" - biz
Tanrıdan gələrək biri oluruq; "bir az"
isə həyatın faniliyinə işarədir. Kitabda iki
mövzu var: birdən gəlib biri olaraq içimizdə
eşq daşıyırıq və bir az
yaşayıb ölürük. Məncə, keçmişdən
bu günə gələn və bu gündən də gələcəyə
gedəcək və bütün dövrlərdə,
yüzilliklər sonra belə aktual olacaq cəmi iki mövzu
var: eşq və ölüm. Mənim şeirim
olmasa belə, inanıram ki, əsrlər sonrakı
insanları da bizimlə eşq və ölüm birləşdirəcək.
Gələn yay isə hekayələrimi kitab halında cəmləşdirməyi
düşünürəm. Onun da adını ilk dəfə
sizinlə paylaşıram: "Ortakənddə bir
asiyalı". Əlbəttə, o vaxta hələ
çox var, amma mən indidən bunu planlamışam. Çünki mənim maraq dairəmdə olan əsas
mövzu mədəniyyət qarşılaşmaları, arada
qalmış insanlardır. Bu kitab da Asiya
ilə Avropa arasında qalmış insanların
psixologiyasını əks etdirən kitab olacaq.
Türkiyənin məşhur yazarlarından Tanpınarın da əsas mövzularından biri məhz budur. O da bizim mədəniyyət olaraq şərqlimi, yoxsa qərblimi olduğumuzu öyrənmək istəyir və bunu "eşikdə qalanlar" deyə şərh edir. Mən bunu Bakıda da hiss etdim. Buranın insanı da Türkiyədəki qardaşı kimi Avropayla Şərqin arasındadır. Və gün keçdikcə, texnologiya irəlilədikcə bu problem daha da dərinləşir. Bu da bizim şəxsiyyət problemimizi ortaya çıxarır. Bizi var edən dəyərlərdən uzaqlaşırıq, özümüzə yadlaşırıq. Mən də bunu hekayələrimdəki obrazlar vasitəsilə çatdırmağa çalışıram.
Şeirlərə gələndə isə indi şairlər sərbəst şeir yazırlar və təəssüf ki, çağdaş insan sərbəst şeiri yanlış anlayır. Sanki ağlına gələn hər şeyi alt-alta yazmaq kimi başa düşürlər. Əslində isə qətiyyən belə deyil. Mənim şeirlərimdəki sərbəstlik vəzn etibariylə belədir, içərisi isə tamamilə türk şeirinə bağlıdır. Yəni mən divan şeirindən, Füzulidən, Bəxtiyar Vahabzadədən, Yaşar Kamaldan, Əhməd Haşimdən də yararlanıram. Çünki mən bir türkəm və bu mədəniyyətlə böyümüşəm. Yazılarımda da bunu mühafizə edirəm. Məsələn, Bakıya gəlmək mədəni hadisədir, gələrkən təyyarədən istifadə etmək isə modern. Mən atalarım kimi atla, dəvəylə gələ bilmərəm, amma Bakıya endiyim andan etibarən türklüyümdəyəm. Şeirdə də belədir. Əruz, hecə vəznindən istifadə bəlkə indi müasir görünmür, amma fikir, duyğu olaraq kökümüzə bağlılığımızı qoruyuruq.
Çağdaş türk ədəbiyyatında şeirlə bağlı çox önəmli nümunələr var. Amma roman və hekayənin daha öndə olduğu bir zamandayıq. Sosial media ən çox şeirə ziyan vurdu. İnsanlar gündəlik divar yazılarını, adi statusları da şeir zənn etməyə başlayıblar. Çağdaş şeirin bir problemi də qütbləşmədir. Mənsə şeiri bütün qütbləşmələrdən daha yuxarıda görürəm və şəxsim adına heç bir qütbləşmədə yer almamaq üçün çalışıram.
Akademik araşdırma mövzum da modern dövr türk şairlərinin şeirlə bağlı fikirləri, düşüncələridir. Modern deyəndə 1980-1990-cı illərdən bu tərəfi nəzərdə tuturuq. Buna görə də çox şeir oxuyuram. Bəzən bunun şeirimə təsirini görürəm. Ona görə də yazdığım şeiri sonra səsli oxuyuram, əgər hansısa yerdə başqasının səsini eşidirəmsə, o şeiri atıram gedir.
Çox təəəsüf edirəm ki, çağdaş Azərbaycan ədəbiyyatı ilə bağlı elə də bilgi sahibi deyiləm. Amma klassik şairləri, yazarları yaxşı tanıyıram, akademik olaraq da Bəxtiyar Vahabzadə yaradıcılığını araşdırdım. Onu Türk dilinin sabit qalmağı və yaşamağı üçün çalışan önəmli adlarından biri kimi görürəm.
Azərbaycanın Xalq yazıçısı Anarın, demək olar ki, bütün əsərlərini oxumuşam. Özüylə də 2017-ci ildə İstanbulda Avrasiya Yazarlar Birliyi tərəfindən keçirilən görüşdə tanış oldum. Əvvəllər də kitablarını oxuyurdum, amma tanış olandan sonra daha çox və daha fərqli gözlə oxumağa başladım. Türk ədəbiyyatının beynəlxalq arenadakı son dövrlərin ən önəmli, qiymətli yazıçılarından biridir. Onun kitablarında məni özünə çəkən əsas cəhət odur ki, adi insanları xarakter səviyyəsinə qaldıra bilir. O obrazın əslində, sizdən olduğunu bilirsiniz, amma o, insanlığın təbliğatçısına çevrilir. Bu baxımdan mənə Yaşar Kamalı xatırladır.
Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi", "Gözmuncuğu" kimi əsərləri daha çox diqqətimi çəkir. "Gözmuncuğu" postmodernizmin ən gözəl nümunələrindən biridir. Anar obrazları psixologiyaya, psixoanalitikaya söykənir. Avrasiya Yazarlar Birliyi "Bengü" nəşriyyatında onun bir çox kitablarını çap elədi. Demək olar ki, bütün əsərləri Türkiyədə rezonansa səbəb olur. Hətta "Gözmuncuğu" əsəri haqqında geniş bir məqalə də yazmışdım.
Ədəbiyyatın bir tərifi yoxdur.
Mən ədəbiyyat müəllimi olaraq, ən çox bir problemlə qarşılaşıram: ədəbiyyatı konkret tərifi olan bir elm kimi tanıdırlar. Mənsə bunu qəbul etmirəm. Ədəbiyyat bəzən çəhrayı eynəklə həyata baxmaq, bəzən uçurumdan aşağı atılmaq, bəzənsə evin bir küncündə oturub heç nə etməməkdir. ədəbiyyatın tərifi həmin an insanın nə hiss etdiyidir. Tələbələrimə də bunu aşılamağa çalışıram. Elmin özündə belə xəyal gücü lazımdır. Kim olursunuz olun xəyal etməkdən, düşünməkdən vaz keçməyin. İnsanın olduğu hər yerdə ədəbiyyat var. Əslində, tələbələrimdən məmnunam. Bizimlə onlar arasında cəmi 10 yaş fərq var. Onların ən gənc müəllimi mənəm, mənimlə belə fikir ayrılığı yaşayırlar. Bu da bizim yox, sürətlə dəyişən zamanın "günahıdır". Tələbələrimin arasında da şeir, hekayə yazanlar var. Hətta bəzilərini jurnallarda çap eləmişik. Onlarla münasibətlərimdə şair yox, müəlliməm.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.17.