Bədii tərcümə sənətinin böyük ustası
Olduğumuz məclislərdə, işlədiyimiz yerdə kimlərinsə haqqında
tez-tez eşidirik ki, "yaxşı müəllimdir", "yaxşı
insandır", "müəllim
ikinci valideyndir",
"cəmiyyətimizdə müəllimin rolu danılmazdır"... Bu kimi yanaşma tərzi və qiymətləndirmələr məni
daim düşündürüb,
özüm-özümə bir çox suallar vermişəm.
İşlədiyim Azərbaycan Dillər
Universitetində hər
yeni tədris ili tələbələrə
sorğu yönümlü
verdiyim suallardan biri də: "Sizə dərs keçən müəllimlərdən
kimlərin sizə yenidən dərs deməsini istərdiniz?"
Alınan cavablar həm
düşündürücü və həm də insanın öz seçdiyi peşəsinə olan münasibətləri daha
dərindən təhlil
etməyə, verilən
qiymətlərin obyektivliyinə
görə işinə
ürəklə yanaşmağa
sövq edir. Tələbələrin yenidən auditoriyada
görmək və yararlanmaq istədiyi insanlardan biri də filologiya üzrə fəlsəfə
doktoru, dosent Vilayət Hacıyevdir.
Əvvəlcə Vilayət Hacıyevin
keçdiyi yola qısa nəzər yetirək, sonra isə əldə etdiyi nailiyyətləri və elmi yeniliklərilə
tanış olaq.
Vilayət Hacıyev 1950-ci il aprelin 1-də Qazax rayonunun Sofulu kəndində anadan olub. 1966-1971-ci
illərdə Azərbaycan
Pedaqoji Xarici Dillər İnstitutunun Alman dili fakültəsində
təhsil alıb.
1971-1972-ci illərdə Daşkəsən rayonunda
alman dili müəllimi işləyib.
1973-cü ildən indiki
Dillər Universitetində
çalışır. Uzun müddət
Tərcümə fakültəsinin
dekan müavini və dekanı vəzifəsində işləyib.
1987-ci ildən AYB-nin
üzvüdür. Hazırda Azərbaycan
Dövlət Tərcümə
Mərkəzində idarə
heyətinin sədr müavini, ADU-nun German dilləri
üzrə tərcümə
nəzəriyyəsi və
praktikası kafedrasının
dosenti vəzifəsində
çalışır.
İntensiv işləmək qabiliyyətinə
malik olan Vilayət müəllim alman ədəbiyyatının
bir çox nümunələrini Azərbaycan
dilinə tərcümə
etməsi onun artıq Almaniyada, Avstriyada tanınmasına yol açıb. Öz peşəsini
və ana dilini mükəmməl bilməsi, alman xalqın adət-ənənəsinə,
həyat tərzinə
bələd olması
tərcümə etdiyi
əsərlərdə oxucuda
belə bir təəssürat yaradır
ki, sanki onları ana dilində oxuyur.
Azərbaycan Dillər Universitetinin
Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının
müdiri, professor Sərxan Abdullayev onun haqqında deyir: "Vilayət müəllim hələ gənc yaşlarından tərcüməçilik peşəsinə
maraqla və tələbkarlıqla yanaşdı.
O, bu sənətə
ixtisas kimi yox, peşə kimi yiyələndi. Məhz özünün səyinin
nəticəsi olaraq onu təkcə Azərbaycanda deyil, Avropanın bir çox ölkəsində
tanıyırlar, müntəzəm
olaraq ustad dərsləri keçir, gənc tərcüməçilərin
məsləhətçisinə çevrilib. Azərbaycan ədəbiyyatının
tanınmasında böyük
əməyi var".
ADU İngilis dilinin leksikologiyası və üslubiyyatı kafedrasının
müdiri, dosent Amil Cəfərov isə bu fikirdədir:
"Vilayət Hacıyev
kollektiv və tələbələr tərəfindən
qəbul edilən müəllim, tərcüməçi
olmaqla yanaşı, yaxşı dekan olub. İndiyədək elə bir dekan görməmişəm
ki, fakültənin adı yerinə özünün adı işlənsin. Maraqlı budur
ki, tələbələr
və məzunlar bunu çox qürurla işlədirlər,
sual verəndə hansı fakültəni bitirmisən və yaxud hansı fakültədə oxuyursan?
"Vilayət Hacıyevin fakültəsində".
Bilirsinizmi, tələbə olan hər kəs
yaxşı bilir ki, dekan onun
universitetdə valideynidir,
insan o hissləri duyanda ürəkli, inamlı olur. Bax bu insani keyfiyyətlərinə
görə Vilayət
Hacıyev şəxsiyyəti
təkrarsızdır. Məndən soruşanda ki, Vilayət Hacıyev necə tərcüməçidir, cavabım
belə olur: Vilayətin tərcüməsi,
az qala,
"müəllifi üstələyir
və arxa plana keçirir", çünki tərcümələri
çox dilə yatımlı olur, onun hansı dildə yazılmış
olduğunu aydınlaşdırmağa
çətinlik çəkirsən.
Yalnız güclü bədii
təxəyyülü olan
adamlar belə tərcümə edə bilər.
Vilayət Hacıyevin istər gənclər, istərsə
də yaşlı nəsil tərəfindən
qəbul olunması onun özünün gənclik dövründən
tərcüməçilik peşəsinə özünəməxsus
tərzdə yanaşması
və mənimsəməsidir. Hər kəsə
yaxşı məlumdur
ki, onun müəllimliyi və tərcüməçiliyi müasir
gənclər üçün
bir məktəb kimi formalaşıb.
Alman dilini bilən mütəxəssilərin, daha
doğrusu, alman dilindən Azərbayacan dilinə tərcümənin
nəzəri və praktiki məşğul olanların fikrincə onun tərcümələri
orijinal mətnə
son dərəcə yaxın
olur. Başqa sözlə, müxtəlif
dillərin transformasiyasında
ortaq nöqtəni ustalıqla tapır.
Bu sözləri, eyni zamanda, Vilayət
müəllimin Azərbaycan
ədəbi mühitinin
tanınmış simalarının
əsərlərini alman
dilinə tərcüməsi
haqqında da demək olar. Başqa sözlə, onun tərcüməçi kimi
dəsti-xətti burada
da özünü büruzə verir.
Vilayət Hacıyevin tərcümə etdiyi əsərlərin siyahısına nəzər salsaq, onun necə geniş yaradıcılıq spektrinə malik olduğunu görərik və bu əhatəlilik onun bir tərcüməçi kimi çəkdiyi zəhməti konkret ifadə edir. Düzdür, istər söhbətlərində, istərsə də müsahibələrində həmişə "başqa xalqlarda hər müəllifin öz tərcüməçisi olduğunu" qeyd etsə də, bunun nə vaxtsa Azərbaycanda da olmasını arzulasa da, respublikamızda hələ də kifayət qədər orijinaldan tərcüməçilər olmadığından, o, bu qədər çox müəllifin istər ideya-bədii, istərsə də üslub baxımından fərqli əsərlərinə müraciət etməli olub. Remarkın "Zəfər tağı" (1986), Hessenin "Yalquzaq" (1989), Feyxtvangerin "Lautenzak qardaşları" (1990), Kafkanın "Məhkəmə" (2012), Böllün "Bir təlxəyin düşüncələri" (2004), "Və bircə kəlmə də demədi..." (2017), "Kişisiz ev" (2019) romanları, eləcə də Svayq, Lents, Handke, eləcə də digər alman və Avstriya yazıçılarının hekayələri ... Dünya ədəbiyyatına az-çox bələd olan adamlar bu yazıçıların yaradıcılıq maneralarının bir-birindən nə qədər fərqləndiyni yaxşı bilirlər və Vilayət müəllimin bir tərcüməçi kimi ustalığı da bu yazıçıları azərbaycancada öz dil və üslubları ilə "yazdırmasıdır". Başqa sözlə, Remarkın lirik-psixoloji təsvirləri, Hessenin sosial-fəlsəfi dərinlikləri, Kafkanın hələ də cavabı bilinməyən "müəmmaları", Böllün satirası Azərbayacan dilində həmin müəlliflərin fərdi yaradıcılıq üslubları kimi oxucuya çatdırılır. Burda "çatmayan" yalnız mütərcimin üslubu olur ki, bu da, əslində, onun uğuru hesab oluna bilər. Vilayət Hacıyevin bir tərcüməçi kimi "fərdi üslüb"u tərcümə sənəti üçün ən vacib olan söz duyumudur. Elə buna görədir ki, onun tərcümələri oxunaqlı, anlaşıqlı olur.
Vilayət müəllimin keçdiyi dərslər tələbələr tərəfindən yüksək dəyərləndirildiyi kimi, ədəbi mühitin də daima diqqət mərkəzində olub, müxtəlif mükafatlar, həmçinin, orden və medallara layiq görülüb.
2012-ci ildə Frans Kafkanın "Məhkəmə" romanının tərcüməsinə görə "Tofiq Bayram" mükafatına, 2013-cü ildə Frans Kafkanın "Məhkəmə" romanının tərcüməsinə görə Avstriya Federal Elm, Təhsil və Mədəniyyət Nazirliyinin "Tərcümə mükafatı"na layiq görülüb. 2014-cü ildə Avstriya Prezidentinin fərmanı ilə Avstriya-Azərbaycan mədəni əlaqələrinin inkişafında, eləcə də Avstriya ədəbiyyatının tədqiqi və Azərbaycan dilinə tərcüməsi işindəki nailiyyətlərinə görə "Avstriyanın elm və incəsənət sahəsində I dərəcəli fəxri xaç ordeni" ilə təltif olunub. Bunlardan əlavə, Böllün "Kişisiz ev" romanının uğurlu tərcüməsi üçün bu il Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin "Qızıl kəlmə" mükafatına layiq görülüb.
Dəyərli müəllim, gözəl tərcüməçi Vilayət Hacıyevi bu günlərdə qeyd olunan Tərcüməçilər Günü münasibətilə təbrik edir, almandilli ədəbiyyatı bizə və Azərbaycan ədəbiyyatını almandilli oxuculara yüksək səviyyədə tanıtdığına görə ona ürəkdən təşəkkürümü bildirir, yaradıcılığında yeni uğurlar diləyirəm.
Əzim ƏLİYEV
Azərbaycan Dillər Universitetinin
Psixologiya kafedrasının
dosenti
525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.21.