Balalarım
Mənim
şirin balalarım,
Can verirəm, bal alıram.
Adınızı hər çəkəndə
Ağzım dolu bal oluram.
Hər yerdə ağa tək gəzib
Mən sizə
hambal oluram.
Sizdən
giley-güzar olsa
Kar olmuram, lal oluram...
Eldə
hörmət qazansanız
Şişib Rüstəmzal olaram.
Qocalığı sizə verib
Xatirə,
xəyal olaram,
Adıma
Rəhmət gətirin,
Mən sizə
halal olaram.
Fikrət
Qoca getdi demə
Məni
yada sal! Olaram!
04.10.2019
Yaşa, Yaşıl Yer
Kürəmiz
(Mahnı mətni)
Sahilsiz kainatda,
Bu dünyada, həyatda
Mən ən ali
bir canam,
İnsandır atam-anam.
Kainatda ünvanım
Yaşıl Yer kürəmizdir,
Hələ havası safdır,
Hələ suyu təmizdir,
Qonaq bizə
əzizdir.
Gələn qonağa yetər,
Bizim də bəsimizdir.
Nəğməmizdə bir sözdür:
"Gələrsən qadan allam,
Gedərsən yola sallam".
Yenə
də axşam olcaq,
Səmada
yanar ocaq...
Hər ulduz bir diyardı,
Hər biri dostdu-yardı.
Sizdən
kimlər gələcək
Bizdən
kimlər gedəcək...
Bunlar da arzulardı...
Alqış belə görüşə
Qoy kainat boyansın
Nəğmələrə gülüşə.
"Bənövşə bəndə
düşə,
Bizdən
sizə kim
düşə".
Yallı
getsin ulduzlar
Gəlsin oğlanlar, qızlar.
Belə
şənlik olmasa
Qoca dünya
uduzar.
Gənclərin gülüşündən
Bu gecə dan sökülsün
Bizi yaradanın da
Bu gecə üzü gülsün
Aləmə nur tökülsün.
Sevinc qaynayar, daşar,
İnsanlar qucaqlaşar.
Gül yanaqlı körpələr
Güllərin, çiçəklərin
Rənglərini öpərlər.
Kainatda
biz olaq
Sevinc paylayan ordu...
Ulduzlar rəqs eləsin
"Ha yordu, yordu, yordu,
Görək kim-kimi yordu".
Fikrət
QOCA
525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.12.