Davay
Novella
Namaz, vəfasızcasına
vəfat edən vəfalı həyat yoldaşını dəfn
edəndən sonra bir il tənhalığın
soyuq ağuşunda yaşadı. Qəsəbədə
onun babı dul arvad qıtlığı olmasa da, evlənmədi,
Qızdarbəyinin xatirəsini əziz tutdu.
Qızdarbəyi ona üç qız qoyub getmişdi,
ancaq üçü də ərdə idi. Bir il ərzində
tənhalıqdan cana yığılsa da, Namaz yad
oğullarının qapısını döymədi. Qızları arada bir onun qapısını
döydülər. Növbəylə gəlib
palını-paltarını yudular, yorğan döşəyinin
üzünü təzələdilər. Amma
belə şeylər Qızdarbəyinin yerini vermədi.
Yorğandan
söz düşmüşkən, sidq ürəkdən etiraf
edim ki, gündüzlər Namaz başını
qatırdı, qapıda-bacada qurdalanır, qəsəbəyə
çıxır, çayçıya baş çəkib
çay, xəngəlxanaya keçib pivə içərdi,
içə-içə də domino oynayıb, daşı
daş ardınca düzərdi. Bir sözlə,
gündüzün tənhalığına rəng qatıb
bir təhər dözərdi.
Amma gecələr dözülməz olurdu, ələlxüsus
da Namaz yorğanın altına tək girəndə elə bil
dünya daralırdı, nəfəsi boğulur, iki adamlıq
çarpayıda gen yorğanın altında özünə
yer tapa bilmirdi.
Səhərə qədər o üzünə-bu
üzünə fırlanır, ara-sıra yüngül
mürgüyə gedirdi, mürgüdən səksəkəli
oyanıb, əli ilə qeyri-ixtiyari yanını sinçiləyib
Qızdarbəyini axtarırdı. Əli boşa
çıxanda boğazına top kimi tıxanan qəhərini
udub, böyrünü dəyişirdi.
Bu cür
yorğanaltı iztirablara görə Namazı qınamaq
olmazdı, çünki doğulandan ta gecələr xoş
fısıltısı ilə böyrünü dəyişən
Qızdarbəyi dünyasını dəyişənə qədər
Namaz yorğan altında tək yatmamışdı, - erkən
çağlarında anasının qoynunda yatardı, bir az böyüyüb əlini anasının ətəyindən
üzəndən sonra böyük qardaşı ilə
(ayaq-baş da olsa) bir çarpayını bölüşərdi.
Daha sonra Namaz böyük qardaşını
qabaqladı, vaxtından tez evləndi. Beləliklə,
yorğan altında qardaş istisini köksünə
sığındığı Qızdarbəyinin hərarəti
əvəz etdi.
Qəsəbə camaatı demişkən, Qızdarbəyi
də getdi.
Mən
deməyim, siz deyin, bu cür qoşa uyumağa uymuş, vərdiş
etmiş Namaz ömrünün bu çağında yorğan
altda, özü də iki adamlıq çarpayıda tək
yatmağa alışa bilərdimi?
Alışa bilmədi. Bir ili, bu qəmli
bir ili gecə əzabları içində qovrula-qovrula birtəhər
başa vurdu. Qızdarbəyinin ilini el adəti ilə verib
dedi: Neynim qadası, mən də insanam, məni də ana
doğub, bundan o yana dözə bilmirəm!..
Namazın
bundan o yana nəyə dözə bilmədiyini
hərə öz qəlbinə görə yozdu.
Yozduqlarına görə də hərə bir məsləhət
verdi. Biri dedi, qızlarından birinin evinə
köç, biri dedi, evi sat başqa ev al,
Qızdırbəyinin iyisidi səni sıxır, biri dedi, rəhmətliyin
şəklini böyüt başının üstündən
as... Uzun sözün qısası,
çeşidli tövsiyələr çox oldu.
Deyilənlərin heç biri Namazın beyninə
batmadı. Yalnız Pirverdinin sözü beyninə batdı.
Pirverdi nə
dedi?
Pirverdi
dedi, özünü damın altında tənhalığa
yedirtmə, evlən, sənə nə olub, şükür
Allaha, əl eyləsən, əllisi gələr!
Pirverdi də bir vaxt dul qalmışdı. Necə deyərlər,
başına gələn başmaqçı olar... Arvadın
duluna nə var!... Kişinin dulu müsibətdir!..
Namaz,
düz deyirsən, deyəndə, Pirverdi sözünü davam
etdi, dedi, bir gözünü aç, qəsəbəyə
boylan, barmağını kimə bassan, gələr, yox deməz!
Namazın
üzünün gün kimi açıldığını
görən Pirverdi bığaltı qımışaraq əlavə
etdi:
- Birini sənin
üçün gözaltılamışam...
- Kimi
deyirsən?
-
Qurbanın dulunu, Tükəzbanı...
- Tələsmə,
qoy hələ, sən demişkən, qəsəbəyə
boylanım, ərlik qadınları nəzərdən
keçirim, bəlkə ondan da münasibini tapdım.
Namaz bunu
Pirverdini yalansıtmaq üçün dedi. Boylanmışdı
da, tapmışdı da.
Nə vaxt boylanıb tapmışdı?
Sözün
düzünü bilmək istəyirsinizsə, deyim:
Hələ Qizdarbəyinin yeddisində qadınlar rəhmətliyin
şəklini ortalığa qoyub ətrafında cərgə
ilə oturub gah ağlayıb, gah da xosunlaşanda, Namaz
onların arasından birini, ta söz ki açıldı
deyim, rus qızı Tanyanı seçmişdi.
Bu sarışın gəlini əvvəllər də dəfələrlə
görmüşdü. Amma ədalət xətrinə deyim ki,
Qızdarbəyinin sağlığında ona müştəri
gözü ilə baxmamışdı. Ancaq öz evində,
arvadının hüzurunda qadınların arasında gün
kimi parlayan Tanyanı görən kimi
gözaltılamışdı, Allah günaha yazmasın, hətta
bir anlığına onu Qızdarbəyinin
qızdırdığı, hələ tam soyumamış
yorğanaltında da təsəvvür etmişdi.
Tanya bu qəsəbəyə
bir neçə il öncə əri ilə
birgə gəlmişdi. Əri ilk baxışda
ciddi adama oxşayırdı. Fəqət
qısa zaman ərzində yerli vuranlara qoşulub əyyaşlaşdı.
Günlərin bir günü isə yoxa
çıxdı. Bilmədilər
öldü, bilmədilər qaldı. Sonradan
məlum oldu ki, Tanyadan xəbərsiz Rusiyaya qayıdıb,
orada spirt içib ölüb.
Ancaq bu xəbərdən sonra bir müddət yas saxlayan
Tanya getmədi, qəsəbədə qaldı. Məktəbdə
xadimə işləyirdi, işindən razı idi, qəsəbədə
təkəm-seyrək, bir-iki kəlmə rusca kəkələyənlərə
demişdi, hara gedim, vətəndə də məni gözləyən
yoxdur.
Belə hallarda necə deyərlər, qəsəbə
sakinlərinə toyda-vayda qaynayıb qarışsa da,
başıbatmış bir kəlmə belə Azərbaycan
dilində öyrənə bilməmişdi. Bəlkə də
bu ətrafda rusca qırıldadanların təqsiri idi, Tanya
onların hesabına başını girləyə bilirdisə,
əlavə dilə nə ehtiyac?
Namaz da rus dilini bilmirdi, daha doğrusu, bildiyi yeganə
sözü çıxmaq şərtilə, heç bilmirdi. Məhz həmin o söz də
sonradan Namazın karına yetdi.
Tanya qəsəbə arvadlarına qoşulub ilə də
gəlmişdi. Qızdarbəyinin yeddisində və
qırxında olduğu kimi, ildə də Namazla Tanyanın
göz baxışları ani olaraq bir-birinə sataşdı.
Tanya gördü, Namaz
qırmızılığına salıb gözünü
çəkmir, odur ki, yeddidə və qırxda olduğu kimi
qadın başını aşağı saldı.
Arvadın ilindən üç gün, Pirverdi ilə
söhbətindən bir gün keçmiş Namaz qəsəbəyə
çıxdı, gəzə-gəzə məktəbin
qabağına gəldi. Tanya sinif otaqlarını təzəcə
süpürüb, süpürgəni süpürgəliyə
ataraq, üst-başının tozunu
çırpa-çırpa bayıra
çıxmışdı ki, Namaza tuş oldu.
Onların göz baxışları yenə
görüşdü.
Namaz həyacanını gizlədərək bir növ əmranə
tərzdə "Davay!" - dedi.
Tanya dinib-danışmadan onun yanına düşüb,
halal-hümmət arvadı kimi Namazgilə gəldi.
Evə çatanda Namaz bir də "Davay!" - dedi.
Tanya onun üzünə gülümsünüb astanadan
keçdi.
Evdə Namaz üçüncü dəfə "Davay!" - deyəndə
Tanya qollarını çərməyib soyuducunun
qapısını açdı, olan şeylərdən
götürüb qaz sobasının üstündə bir
göz qırpımında xörək bişirdi. Qazanı masanın üstünə qoyub xörəkdən
nimçələrə çəkib Namazın üzünə
şirin-şirin irişdi. Üz-üzə,
diz-dizə oturub yedilər. Namaz, arvad
öləli belə dadlı yemək yeməmişdi.
Həmin gün Namaz iki dəfə də "Davay!"
deməli oldu.
Bir şam yeməyindən qabaq, bir də şam
yeməyindən sonra.
Bu minvalla Namazla Tanya bir söz üstə qurulan ailədə
şad-xürrəm yaşamağa başladılar. Insafən deməliyəm
ki, bu mehriban ailəyə başqa söz və ya kəlmə
lazım olmurdu.
Bu
izdivacı eşidib-bilən qonum-qonşu,
tanış-biliş, elə yeri gələndə Namazın
qızları ilə kürəkənləri də heyrətlə
soruşurdular: Necə dil tapırsınız? O sənin dilini
bilmir, sən də - onun.
Namaz belələrinin
cavabında mənalı-mənalı gülümsünüb
deyirdi:
Arifə bir işarə bəsdir. Əgər
qadın "Davay!" sözünün bütün mənalarını
anlayırsa, əlavə sözə nə zərurət?
Arvad var, min söz desən də birini qanmaz...
arvad da var ki, "davay!" deyən kimi işini bilər.
Etiraf edim
ki, bayaq deyəndə, Namaz rusca cəmi bircə söz bilirdi, bir az qeyri-dəqiqliyə
yol verdim. Namaz bu dildə bir söz də (əgər
ona söz demək olarsa) bilirdi. Onu dar ayaq
üçün, çətin məqamlar üçün
saxlayırdı. Çox nadir hallarda
istifadə edirdi. Bu söz "Nu"
sözü idi.
Bəzən şam yeməyindən sonra Tanya
"Davay!" sözünə məhəl qoymurdu, onda Namaz tədarük
sözünə əl atmalı olurdu. Məsələn,
"Nu davay!" Hərdən də Namaz
"Nu" sözünü "davay!"dan sonra gətirirdi.
"Davay nu!" onda görürdün, Tanya
könüllü-könülsüz tərpəndi, kişinin
şamdan sonrakı istəyinə əməl etdi (Bəlkə
də bu yerdə "tabe oldu" desəm, daha da yerinə
düşərdi).
Amma onu da
hökmən qeyd etməliyəm ki, min bir sınaqdan keçən
həmin "davay!" sözü bir-iki dəfə
özünü doğrultmamışdı, daha doğrusu,
doğrultmuşdu, ancaq məqamın hökmünə
uyğun olmamışdı.
Bir gecə Namazla Tanya təzəcə şam yeməklərini
yeyib yorğan altına girmişdilər ki, Namaz bayırdan nəsə
taqqıltı eşitdi. Niyəsə həmin səs Tanyanın
qulağına gəlmədi. Namaz pencəyini çiyninə
salıb elə alt paltardaca həyətə
çıxdı, o yan - bu yana boylanıb
səsləndi.
Sol çəpərin dibindən taqqıltı təkrarlandı.
Namaz
hövləng içəri qayıdıb Tanyaya
"davay!" deyə pıçıldadı, yəni
başaltımızdakı baltanı mənə uzat dedi.
Qadın istəmirəm, pıxmışam mənasında etiraz dolu baxışlarla baxdı.
Kişi, "Nu davay!" - yarıpıçıltılı səslə fısıldadı.
Qadın tərpənmədi.
"Davay nu!". Namaz əmr və hiddət qarışıq səslə deyəndə, Tanya yorğanın altındaca alt paltarını soyundu.
Bunu görən Namazın gözləmədən eşqi dombaldı, bayırdakı səs də yaddan çıxdı, balta da...
Axırıncı dəfə belə oldu: Hadisə yenə şam yeməyindən sonra baş verdi. Əvvəlcə onu deyim ki, Namaz ara-sıra ürəyində kəskin ağrılar hiss etməyə başlamışdı. Bu barədə Tanyaya demirdi ki, qadın qorxmasın, - bunu özü belə yozurdu. Əslində demək istəsə də, deyə bilməzdi: "Davay!" sözüylə ürəkdəki ağrıları, sancıları, güman ki, çətin izah etmək olar, qadın nə qədər anlaqlı, qanacaqlı, mərifətli olsa da, bu cəfakeş sözün həmin anda verdiyi mənanı başa düşməyə bilər. - Buna görə də Namaz ürəyindəki ağrıları Tanyaya bildirməmişdi, daha doğrusu, "Davay!" deməmişdi.
Tanyadan xəbərsiz həkimə getmişdi, dərman almışdı, paltar dolabının yuxarı gözünə qoymuşdu, sinəsində ağrı hiss edəndə, oradan götürüb dilinin altına qoyurdu.
Belə ki: şam yeməyindən qabaq Namaz "Davay!" deyib, bu sehrli sözdən sonra bir göz qırpımında süfrəyə gələn xörəkdən yeyib, üstündən pürrəngi çay içib yerinə uzanmışdı ki, (üstünüzə sağlıq) ürəyinin başında həmin kəskin ağrını hiss etdi, özü də bu dəfə elə hiss etdi, elə bildi, ülgüclə kəsdilər. Gördü, durub dolabın yuxarı gözündəki dərmanı götürə bilməyəcək. Odur ki, üzünü Tanyaya tutub dolabın yuxarı gözündəki dərmanı mənə ver mənasında "Davay!" dedi.
Tanyanın yenə tərsliyi tutdu. Üz-gözünü turşudub, rusca nəsə mıdıldadı.
Belə olduqda Namaz "Nu davay!" - dedi.
Qadın etiraz əlaməti olaraq başını
buladı.
"Davay nu!" - namaz həm çəmkirdi, həm
də inildədi.
Tanya işığı keçirib, yorğanı
qaldırıb Namazın yanına girdi.
Könülsüz də olsa, qadın üzütavana
uzanan Namazı qucaqlayıb özünə tərəf
çəkdi.
"Davay!" - Namaz dərmanımı ver mənasında
pıçıldadı.
Tanya isə
bu sözü zamanına və məqamına uyğun
anlayıb onu bağrına basıb öpdü!
"Nu davay!" "Davay nu!" - Namaz son nəfəsini
toplayıb, "ölürəm, ay insafsız, nəfəsimi
darıxdıma" mənasında zarıdı.
Qadın var bədəniylə kişiyə
yapışıb onu daha da sıxdı.
"Davay!" "Davay nu!" - Namaz
xırıltıqarışıq zarıyıb Tanyanın
sarmaşıq kimi sarılan qollarının arasında
keçindi.
İmir MƏMMƏDLİ
525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.23.