Akademik İsa Həbibbəyli missiyası:
azərbaycançılıq, analitiklik və kreativlik
İsa Həbibbəyli müasir Azərbaycan elminin və
mədəniyyətinin korifeylərindən biridir. Humanitar elm sahəsində
şəriksiz nüfuza malikdir və fəaliyyətinin
çoxplanlılığı ilə diqqəti cəlb edir.
Hazırda
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti,
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
direktoru, Azərbaycan Respublikası Milli Məclisinin
deputatı, Milli Məclisin Elm və Təhsil Komitəsi
başda olmaqla, bir çox əhəmiyyətli komitə və
komissiyaların sədridir.
İsa müəllimə bu qədər çətin,
ciddi və məsuliyyətli işlərin etibar edilməsinin
səbəbi keçdiyi həyat yolunda özünü fədakar,
eyni zamanda, istedadlı, təşəbbüskar,
yaradıcı bir insan kimi təsdiq etməsidir. Təhsil illərindən
istedad və çalışqanlığı ilə diqqəti
cəlb edən İsa Həbibbəyli analitik
düşüncəyə malik olduğunu və kreativliyini
Naxçıvan Dövlət Universitetində rektor kimi
çalışdığı illərdə tam
aydınlığı ilə üzə çıxardı və
sübut etdi. Onun rəhbərliyə
başladığı illərdə universitet sovet ordusunun təhsil
üçün bir o qədər də yararlı olmayan
köhnə hərbi kazarmasında yerləşdirilmişdi və
burada yalnız bir neçə ixtisas üzrə müəllimlər
hazırlanırdı. 1996-2013-cü illərdə,
rektorluğu dövründə İsa müəllim
Naxçıvan Dövlət Universitetini təsəvvürə
gətirilməyəcək dərəcədə dəyişdirdi.
Universitet məhz onun təşəbbüskarlığı,
rəhbərliyi və dövlətdən aldığı dəstəklə
yeni korpuslar, laboratoriyaların təchizatı, ixtisasların
çoxşaxəliliyi, müasir tipli tələbə
yataqxanası, elektron kitabxana, yüksək səviyyəli nəşriyyat
və başqa imkanları ilə respublikanın bütün
universitetlərindən yaxşı mənada fərqləndi,
birincilik nümayiş etdirdi. Ermənistanın törətdiyi
münaqişə və torpaqlarımızın
işğalı nəticəsində blokadada olan
Naxçıvanın çətin şəraitdə elm və
təhsil sahəsində beynəlxalq əlaqələrini
inkişaf etdirdi - Türkiyə Cümhuriyyətinin, Fransa,
Misir Ərəb Respublikası, İran İslam
Respublikasının, Rusiyanın bir sıra universitetləri ilə
qarşılıqlı əlaqələr yaradıldı, əməkdaşlıq
müqavilələri imzalandı. Ən əsası
blokadada olan Naxçıvan üçün yüksək səviyyəli
mütəxəssislər yetişdirildi. Naxçıvan
Dövlət Universiteti böyük bir struktur kimi kiçik
universitetlərin birliyinə, ittifaqına çevrildi.
Naxçıvanda
rektor vəzifəsində işlədiyi müddətdə
İsa müəllim elmin, təhsilin, mədəniyyətin
patriarxı kimi tanındı, ziyalıları öz ətrafında
cəmləşdirdi; Azərbaycan Yazıçılar
Birliyinin Naxçıvan şöbəsinin, AMEA-nın
Naxçıvan bölməsinin, teatrın, muzeylərin, mətbuatın
inkişafında öz dəyərli tövsiyələri ilə
yaxından iştirak etdi. MR-in ictimai-siyasi həyatında
da fəal rol oynadı. 1998-2005-ci ildə
Naxçıvan MR Ali Məclisinin, 2005-ci ildən isə Azərbaycan
Respublikası Milli Məclisinin Deputatı seçildi. Akademik İsa Həbibbəylinin
çoxmasştablı fəaliyyəti, analitik-yaradıcı
yanaşmaları, təşəbbüskarlığı nəzərə
alınaraq o, mərkəzə, Bakıya dəvət olundu.
Artıq Azərbaycanın elm, təhsil, mədəniyyət
sahələrində İsa müəllim çox yaxından
iştirak edir və onun varlığı öz müsbət
nəticələrini göstərir. Azərbaycanın
müxtəlif elmi və mədəni qurumları arasında
yaxın əlaqələrin yaranmasında akademik İsa Həbibbəylinin
müstəsna xidmətləri var; AMEA bu əlaqələri
öz ətrafında mərkəzləşdirib - Akademiya və
Azərbaycan Yazıçılar Birliyi, Akademiya və Akademik
Teatr, Akademiya və universitetlər, orta təhsil müəssisələri,
Akademiya və Respublika kitabxanası və başqa qurumlar
tez-tez birgə layihələr gerçəkləşdirirlər.
Müasir dünyada elmlərarası münasibətlərin
güclənməsinə verilən əhəmiyyət AMEA-da
diqqət mərkəzində saxlanılır; bölmələrin
və institutların birgə tədbirləri keçirilir, tədqiqatlar
əlaqələndirilir. Bu sahədə son illər Akademiya
maraqlı və unikal bir mövzuya həsr olunmuş konfranslar
silsiləsi ilə diqqəti cəlb edir. Bu,
akademik İsa Həbibbəylinin təşəbbüsü, rəhbərliyi
və təşkilatçılığı ilə
keçirilən "Fizika və lirika" konfranslarıdır.
"Fizika və lirika" uğurlu bir formul
olaraq, simvolik mənada humanitar və dəqiq elm sahələrini,
bədii yaradıcılığı, sənətkarlığı
əlaqələndirir. Biri beynəlxalq olmaqla 6
"Fizika və lirika" konfransı keçirilmiş və
hər il davam etdirilməsi nəzərdə
tutulmuşdur.
AMEA-nın
ictimai və humanitar bölməsi üzrə vitse-prezident vəzifəsini
də daşıyan İsa Həbibbəyli Akademiyanın
müasirləşməsi və hazırkı modelinin qorunub
saxlanması, aktivləşməsi sahəsində xeyli iş
görüb. Humanitar və ictimai sahələrə
aid verilən dövlət sərəncamlarının, qərarlarının
yerinə yetirilməsinə rəhbərlik məsuliyyəti
İsa müəllimə aidir. Bundan
başqa, humanitar və ictimai elmlər arasında üfüqi
və şaquli əlaqələr yaratmaq, problemlərin həllində
onların birgə fəaliyyətini və inteqrasiyasını
təmin etmək kimi fəaliyyət proqramlarının
hazırlanması, həyata keçirilməsi məsələləri
də İsa müəllimin vitse-prezident olduğu sahəyə
aiddir. Bu bir gerçəkdir ki, Humanitar və
İctimai elmlərin problemlərə bu qədər fəal
müdaxiləsi, əlaqələndirilməsi əvvəllər
heç vaxt akademik İsa Həbibbəylinin dövründə
olduğu səviyyəyə çatmamışdır.
Azərbaycan
Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin
sədri kimi bu sahədə dövlət siyasətinin
formalaşmasına, elm, texnika, təhsil, peşə
hazırlığı, ixtiraçılıq və patent
hüququ, informatika və informasiyanın mühafizəsi, dil,
din, kütləvi informasiya sahələri üzrə qanun
layihələrinin hazırlanmasına, ekspertlər tərəfindən
rəyləşdirilməsinə İsa müəllimin
uğurlu rəhbərliyi də onun şəxsi keyfiyyətləri
və analitik yanaşmasının nəticəsidir. Hazırlanan qərar və layihələrdə Azərbaycanın
dövlət və milli maraqlarının qorunması diqqət
mərkəzində saxlanılır, dövlətçiliyin
möhkəmlənməsi, elm və təhsilin inkişafı
əsas prioritet kimi dəyərləndirilir.
İlk
növbədə ədəbiyyatşünas alim kimi
tanınan İsa Həbibbəyli Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna direktor təyin
olunduqdan (2013-cü il) sonra bu İnstitutun həyatında
çox mühüm dəyişikliklər yaranıb. İnstitutdakı süstlüyə və ətalətə
son qoyulub. Sovet rejimi dağıldıqdan
sonra humanitar və ictimai elmlərdə, o cümlədən, ədəbiyyatda
yeni tədqiqatların sistemləşdirilməsi və istiqamətləndirilməsi
işində bir boşluq yaranmışdı, yeni mexanizmin
formalaşması gecikirdi. Azadlıq
eyforiyasına qapılıb, boşluğa düşən bir
qrup tədqiqatçılar elmi normalar və yeniliklərə
laqeydlik göstərir, nailiyyətlər bir-biri ilə əlaqələndirilmirdi.
İsa müəllim vitse-prezident kimi humanitar və
ictimai elmlər sahəsində bu mexanizmin yaranıb, işləklik
qazanmasına rəhbərlik etdiyi kimi Ədəbiyyat
İnstitutunda da əməkdaşların fəallaşması,
tədqiqatların elmdaxili və elmlərarası
inteqrasiyasının təminatının
proqramlaşdırılması və yerinə yetirilməsi
sahəsində xeyli işlər gördü və həmin fəaliyyət
bu gün də uğurla davam etdirilməkdədir. Onun demokratik prinsiplərə əsaslanan idarəçiliyi
hesabına institutumuzda hər kəs öz
araşdırmalarından əldə etdiyi müddəaları
cəsarətlə irəli sürə bilir.
İsa Həbibbəyli ədəbiyyatşünas alim
kimi akademik adını və titulunu lazımınca təsdiq
edib, qoruyur.
O, poetika problemləri, ədəbi-tarixi proses, ədəbi
mühit, ədəbiyyat tarixinin dövrləşdirilməsi,
ədəbiyyat və dövlətçilik münasibətlərində
ədəbiyyatın funksiyası, ədəbi təsir
kateqoriyasının üfüqlərinin yenidən müəyyənləşdirilməsi
istiqamətində apardığı tədqiqatlar və irəli
sürdüyü müddəalarla elmi fikrimizi xeyli zənginləşdirmişdir.
Akademikin yaradıcılığında diqqəti cəlb
edən əsas cəhətlərdən biri onun verdiyi müxtəlif
tipli elmi təsnifatlardır. Nəzəri fikrin əsaslılığı,
ümumiləşdirmə gücü,
fraqmentallığı, elmi yekunu ən mükəmməl
şəkildə klassifikasiylarada üzə
çıxır. Eyni zamanda, alimdən cəsarət
tələb edir, çünki burada müəyyənləşdirilən
tip, şöbə, növ, sahə, istiqamət və digər
nəzəri problemlərin müddəaları birbaşa
müzakirələrə və mübahisələrə yol
açır, dözümlülük tələb edir. Bu məqamda təkcə humanitar baxış yetmir, həm
də riyazi təfəkkür rol oynayır, fərqli elm sahələrinin
metodlarından xəbərdarlıq tələb olunur. Klassifikasiya ümumidən xüsusiyə, xüsusidən
ümumiyə hərəkətliliyi, dinamikanı göstərməklə
irəli sürülən nəzəriyyənin fəlsəfi
təməlini möhkəmləndirir.
İlk elmi məqalələrindən başlayaraq, fərqli
münasibət və elmi nəticələr sərgiləyən
alim, hələ birinci monoqrafiyasında üzərində tədqiqat
apardığı mövzu ilə bağlı yeni tipli bir əsər
meydana gətirərək özünün ədəbiyyatşünas
kimi gələcəkdə görəcəyi işlərin
perspektivlərini canlandırır. Yazıldığı
dövrdən elmi nailiyyətə və istinad qaynağına
çevrilən bu əsərdə - "Romantik lirikanın
imkanları"nda (Bakı, Yazıçı 1984) sistemli təsnifatlarla
rastlaşırıq. XX əsrin əvvəllərində
yaranmış romantik lirikanın mövzu dairəsi, ideya
istiqaməti, lirik-poetik formaların inkişafı, məcazlar
sistemi, üslubla bağlı məsələlər tədqiqatın
əsas problemlərinin sistemini təşkil edir və müəllif
bu problemlərin də ayrı-ayrılıqda təsnifatını
aparır. Həmin təsnifatlarda diqqəti
cəlb edən əsas cəhət isə alimin gətirdiyi
yeniliklər və dəqiqləşmələrdir. Məsələn,
"Romantik lirikanın mövzu dairəsi və ideya istiqaməti"
fəslində istiqamətlərin tipoloji klassifikasiyası belə
müəyyənləşdirilir: "1. Sosial-fəlsəfi
lirika. 2. Əxlaqi-tərbiyəvi, yaxud maarifçi lirika. 3. Aşiqanə məhəbbət lirikası".
Diqqət yetirdikdə, hər bir ifadədə ədəbi
mənzərəyə uyğun dəqiqləşmə
özünü göstərir. Bu təsnifatda
müəllifin əxlaqi-tərbiyəvi, yaxud maarifçi
lirika, eləcə də aşiqanə və məhəbbət
lirikası ifadələrini qoşa şəkildə istifadəsi
təsadüfi deyil; çünki hər bir istiqamətdəki
ifadələrin birgəliyi həm də fərqləndirmələrin
göstəricisidir. Həmin eyniliklər və
fərqliliklər isə tədqiqatda öz ifadəsini
lazımi səviyyədə tapa bilir. Hər
bir istiqamətə dair tədqiqlər belə öz daxili
bölgüsü ilə bir çox yeni müşahidə və
münasibətləri əks etdirir. Məsələn,
sosial lirikanın içərisində vətən
lirikasının, romantik vətən lirikasının
içində peyzaj lirikasının tutduğu yer konkretləşir.
Baxmayaraq ki, klassik şeirdə şəhər
peyzajının əsas olduğu şəhrəngiz şeirləri
var idi, məhz bu tədqiqatda ilk dəfə ədəbi-nəzəri
fikrimizdə şəhər peyzajından bir bədii-nəzəri
anlayış kimi XX əsr romantik Azərbaycan poeziyasına
istinadən İsa Həbibbəyli söz açdı.
"Poetik formalarda novatorluq" fəslində ədəbi
mühitin faktlarına söykənən yeni təsnifatlarla
rastlaşırıq. Xüsusilə, "Yeni poetik formalar"
istiqamətininin nəzəri əsaslandırılması
zamanı müəlifin nə qədər zəngin bədii
faktlarla işləməsinin, geniş nəzəri biliklə
yeni elmi mülahizə və müddəalarla
çıxış etməsinin bir daha şahidi oluruq.
Müəllif yalnız təsnifat verməklə kifayətlənmir,
həm də ədəbiyyatşünaslığın
struktrunda yeni istiqamətlərə yol açır. Problemə əlaqəli
və sistemli yanaşma o qədər yeni şaxələri
üzə çıxarır ki, mövcud mənzərənin
heç də indiyədək qəbul edilmiş vəziyyətdə
olmadığının şahidi oluruq.
Ədəbiyyatımızda əsrlər boyu davam edən
romantik ənənələrin romantizm ədəbi cərəyanında
Qərb texnologiyası ilə sintezləşərək yeni mərhəldə
də inkişafa zəmin verdiyi müddəası ilə
çıxış edən alim araşdırmaya cəlb
etdiyi mətnlərlə yeniliklərin dolğun mənzərəsini
yaradır. Akademik burada da yeni baxış sərgiləyərək,
fərqli, indiyə qədər görmə sahəsindən
uzaqda qalan mənzərəyə diqqət çəkir və
özündən sonrakı tədqiqatçıları həmin
sahəyə dəvət edir. Müəllifin yeni nəzəri
baxışının ortaya çıxardığı məqamlara
diqqət yetirək; yeni romantik ədəbiyyatın məzmununda
aparıcı yeri olan vətən, hürriyyət, millət
eşqindən, şairlərin bu hissləri oyatmaq, tərbiyə
etmək, şüurlara yerləşdirmək cəhdindən
bəhs edərkən istər-istəməz həm
maarifçiliyin, həm də romantizmin yeni tipologiyasına
ehtiyac olması qənaətini formalaşdırır; Şərq
romantikası və romantizm vəhdəti prinsipi ilə
çıxış edərkən də axtarış və
sistemləşdirmələrə yol açır; Qərbdən
gələn poetik formaların qazandığı milli və fərdi
keyfiyyətlərdən söz açdıqda milli zəminin
unudulmaması şərtini şüar deyil, fakt olduğunu
qeyd edir və burada da elementlər sintez olunur, sistemləşdirilir,
nisbi dominantlıq probleminə aydınlıq gətirmək
istiqamətində yeni araşdırmalara yol açır. Bununla, hələ ilk kitabdan İsa Həbibbəylinin
nəzəri görüşlərinin yaradıcılıq
gücünə malik olduğunu görürük. Bu, bir daha yeni bir ədəbiyyatşünaslıq məktəbinin
üfüqdə görünməsindən xəbər verir.
Alimin "Ədəbiyyat nəzəriyyəsi" dərs
vəsaiti də konseptual yanaşma nümunəsi, bu sahədəki
irəli sürülən perspektivlərin proqramı, təsnifatlar
sxemidir. "Ədəbiyyat nəzəriyyəsi"
kitabında İsa Həbibbəylinin ədəbiyyatın
müxtəlif anlayışlarına dair tərifləri və
bölgüləri verilmişdir. Bu,
mükəmməl bir ədəbiyyat nəzəriyyəsi dərsliyinin
modelidir.
İsa müəllimin ədəbiyyatın nəzəri
problemlərinə həsr olunmuş məqalələrində
son dərəcə maraqlı, yadda qalan, yeni araşdırma və
müzakirələrə yol açan təsnifatların
şahidi oluruq. Bu baxımdan onun "Ədəbiyyatşünaslıq
elminin şöbələrinə yenidən baxış"
və "Satira ədəbi növ kimi" məqalələri
işıq üzü gördüyü andan böyük
marağa səbəb oldu. Hər şeydən
əvvəl, bu məqalələrdə gündəmə son
dərəcə aktual problemlər gətirilmişdi. Bu, ədəbi-nəzəri fikrimizin müasir
dünya ədəbiyyatşünaslığının problemləri
ilə inteqrasiya olunması baxımından da yeni və əhəmiyyətli
problemlər idi.
Akademikin nəzəri təsnifatlarında ədəbiyyat
tarixinin və ədəbiyyatşünaslığın
dövrləşdirilməsinin xüsusi əhəmiyyəti
var. Onun bu təsnifatlarının təməli ilk elmi
yaradıcılıq fəaliyyətindən rüşeymləşməyə
başlamışdır.
İsa Həbibbəyli hələ ilk elmi əsərlərində
nümayiş etdirdiyi fakta istinadın vacibliyi məsələsini
ədəbiyyat tarixinin dövrləşdirilməsində də
tətbiq edir.
Alimə görə, ədəbi mühit, ədəbi cərəyan,
üslub, janr əlvanlığı və dinamikliyi, ədəbi
təsir, ədəbiyyat və mədəniyyət, ədəbiyyat
və tarix, ədəbiyyat və dil, ədəbiyyat və fərqli
elm sahələri, eləcə də digər amillər və
s. diqqətlə araşdırılmadan ədəbiyyat
tarixinin dövrləşdirilməsində düzgün elmi nəticənin
əldə edilməsi qeyri-mümkündür.
Ədəbiyyat tarixinin dövrləşdirilməsi
konkret yazıçının yaradıcılığı,
konkret bir mərhələnin xüsusiyyətləri üzərində
aparılan sistemli araşdırma və təsnifat prosesindən
keçməyi tələb edir. İsa müəllim
bu yolu Cəlil Məmmədquluzadənin yaradıcılığı
və XX əsr Azərbaycan ədəbiyyatı üzərində
tədqiqatlar ilə keçdi.
Tədqiqatçı öz predmetinə fərqli
kontekstlərdən nəzər salır. Ədəbi
mühit anlayışına bir kateqoriya kimi yaxınlaşan
alim, mühitin əsas amillərini, şəxsiyyətləri
dövrün aparıcı siması ilə əlaqələndirərək
izah edir. Dahi yazıçının
dünyagörüşünün və
yaradıcılığının formalaşmasına təsir
edə bilən amillərin, yazıçının
özünün fəlsəfəsinin, ideya və
ideologiyasının, mühit və yazıçı,
müasirlər arasında qarşılıqlı əlaqələrin
kompleks proqramını təqdim edən alim yenə də ədəbiyyat
nəzəriyyəsi üçün əhəmiyyətli
olan bir sıra prinsiplərin müəyyənləşməsinə
nail olur. Tədqiqatın
qarşısında duran vəzifələrin təsnifatı
artıq ədəbi mühit və yazıçı probleminə
bütöv baxışı təmin edən nəzəri
proqramdır. Bu tədqiqatla İsa müəllim
ədəbiyyat tarixinin mirzəcəlilşünası, nəzəriyyənin
mühitşünası (həm də ilk
mühitşünas) kimi tanındı; tədqiqat modeli
formalaşdırdı. Ondan sonra Cəlil Məmmədquluzadədən
və ədəbi mühitdən yazan hər bir tədqiqatçı
araşdırmaya İsa həbibbəyli prinsiplərinin təyin
etdiyi trayektoriyadan başladı.
Akademik İsa Həbibbəyli nədən, hansı
mövzudan, kimdən yazırsa-yazsın onun ən
başlıca qayəsi azərbacançılıqdır. Azərbaycançılıq
və elmilik, nəzəri səciyyə İsa Həbibbəylinin
əsas amalı və məqsədidir. Onun
hazırladığı və çap etdirdiyi azərbaycançılıq
konsepsiyası bu istiqamətdə meydana çıxmış
əhəmiyyətli siyasi-ədəbi təlimdir. Bu, İsa Həbibbəylinin yanaşma metodunun
meyarıdır.
İsa Həbibbəyli ədəbiyyat tarixindən yazarkən
də dəqiqləşdirmələri və ümumiləşdirmələri,
təsnifatları ilə diqqəti cəlb edir. Onun bir neçə dildə
işıq üzü görüb, beynəlxalq miqyasda ədəbiyyatımızın
təbliğinə xidmət edən "XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatı" əsərinin
annotasiyasında göstərilir ki, "Kitabda XX əsrin əvvəllərində
yaşayıb-yaratmış Azərbaycan yazıçı və
şairlərinin, tənqidçi və ədəbiyyatşünaslarının
həyatı və yaradıcılığının əsas
tarixləri, tərcümeyi-hal göstəriciləri,
yaradıcılıq yolu öz əksini
tapmışdır". Kitabla
tanışlıq isə annotasiyada vəd olunanın daha
artığı ilə bizi qarşılaşdıraraq
yaradıcılıq yolunun öyrənilməsinin hansı
şərtlər daxilində mükəmməlliyini göstərir.
Yazıçı tərcümeyi halını bütün
mühüm faktları ilə təqdim edən müəllif,
eyni zamanda, onların yaşadığı dövrün,
tarixin də "tərcümeyi-halını" unutmur, zəruri
şərt kimi yazıçı və tarix tərcümeyi-halını
bir-biri ilə əlaqədə, vəhdətdə təqdim
edir. Bundan başqa, onların ailə xəttini izləyir, həyat
yoluna nəzər salır, mənsub olduqları "ədəbi
ailələrin", ədəbi məktəblərin içərisində
də tutduqları şəxsi mövqe və ədəbi
taleləri haqda dolğun təsəvvür yaradır.
Ədəbiyyat tarixinin dövrləşdirilməsi ədəbiyyat
tarixinin nəzəri problemidir. Daha doğrusu, nəzəri
konsepsiyasız ədəbiyyat tarixinin dövrləşdirilməsi
mümkün deyil. Müstəqillik
dövründə bu, ədəbiyyatşünaslığımızın
həll olunması vacib olan aktual məsələlərindən
biridir. Dövrləşdirmədə
müəyyənləşdirilən mərhələlər,
eyni zamanda, Azərbaycan ədəbiyyatının qədimliyini,
mədəniyyət sivilizasiyalarının
formalaşmasında rolunu, dünya ədəbiyyatları
içərisində özünəməxsusluğunu,
dinamikliyini, canlılığını, zənginliyini
sübut edir.
Azərbaycan ədəbiyyatını ümumtürk ədəbiyyatının
ayrılmaz tərkib hissəsi hesab edən akademik, eyni zamanda,
ortaq türk ədəbiyyatının dövrləşdirilməsi
problemi üzərində də araşdırmalar aparıb,
layihələr təqdim edir. Qazaxıstanın paytaxtı Astana
şəhərində Beynəlxalq Türk
Akademiyasının təşkil etdiyi Türk dünyası
Ədəbiyyat institutları direktorlarının iclasında
İsa müəllimin "Türk xalqları ədəbiyyatının
dövrləşdirilməsi konsepsiyası" mövzusunda məruzəsi
geniş müzakirə olunmuş və yüksək qiymətləndirilmişdir.
"Geniş müzakirələrdən sonra "Ortaq türk
ədəbiyyatı" dərsliyi üçün ilkin layihədə
təqdim olunan dövrləşmələrin təxmini
bölgüsü əvəzinə akademik İsa Həbibbəylinin
təklif etdiyi türk xalqlarının min ildən çox dövrü
əhatə edən ədəbiyyat tarixinin inkişaf yolunu əks
etdirən 6 mərhələ üzrə dövrləşdirilməsi
haqqındakı prinsiplər məqbul hesab edilib". Ortaq türk ədəbiyyatının dövrləşdirilməsi,
eyni zamanda, bu ədəbiyyatın tarixinin öyrənilməsinin
metodoloji əsaslarını və ədəbi-tarixi prosesin nəzəri
prinsiplərini təmin edir.
"Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" (dövrləşmə) monoqrafiyasında İsa müəllim əsas tədqiqat istiqaməti kimi Azərbaycan ədəbiyyatını götürsə də, müvafiq məqamlarda türk xalqları ədəbiyyatlarında yaşanan tipoloji uyğunluqları da nəzərdən qaçırmır. Eyni zamanda, problemin qoyuluşu ilə əlaqədar milli ədəbiyyatşünaslığımızın formalaşması və inkişaf mərhələləri problemini də tədqiq edir, faydalı elmi müddəalar irəli sürür.
Dövrləşmə konsepsiyasında, faktları dəyərləndirmə, yerləşdirmə prinsipləri bu konsepsiyanın elmi istinad və mənbə kimi imkanlarını genişləndirir. Qədim ədəbiyyat anlayışı və ədəbiyyatlararası ortaqlıqlar, konvergentivlik problemi, erkən realizm məsələsi ilə bağlı irəli sürülən müddəalar hər bir xalqın, xüsusən də türk, Şərq xalqlarının ədəbiyyatşünaslığı üçün əhəmiyyətlidir. 1960-cı illər Azərbaycan ədəbiyyatında modernizmin varlığını əsaslandırmaq, müstəqillik dövrü ədəbiyyatında çoxmetodluluğun mövcudluğunu göstərmək kimi nəzəri məsələlər bütöv postsovet məkanına şamil oluna bilər. Eləcə də, bu tədqiqat modernizmin, dekadentizmin, postmodernizmin və sair ədəbi cərəyanların tipologiyası ilə məşğul olan hər hansı bir ədəbiyyatşünas üçün ciddi elmi qaynaq sayıla bilər.
İsa Həbibbəylinin ədəbiyyat nəzəriyyəçisi kimi fəaliyyətinin əsas istiqamətlərindən birini ədəbiyyat və dövlətçilik problemi sahəsində apardığı araşdırmalar və irəli sürdüyü nəzəri müddəalar təşkil edir. Problemə müstəqil dövlətçilik, milli şüur və milli mədəniyyət, azərbaycançılıq nöqteyi-nəzərindən yanaşan Akademik bu məsələni ya ayrıca tədqiqat predmetinə çevirmiş və yaxud fərqli araşdırmalarında, çıxışlarında onu metodoloji prinsip kimi diqqət mərkəzində saxlayaraq inkişaf etdirmişdir.
Azərbaycançılığın bir ideologiya kimi təşəkkülünü publisistika ilə, ədəbiyyatla, mədəniyyətlə əlaqələndirən İ.Həbibbəyli onun siyasi ideologiyaya və dövlətçilik proqramına çevrilməsini Heydər Əliyevin fəlsəfi konsepsiyası ilə əlaqələndirir, daha doğrusu, Ümumilli liderin kəşfi hesab edir. Ədəbiyyat və dövlətçilik probleminə də bu istiqamətdə yanaşır.
İsa Həbibbəylinin nəzəri görüşlərində ədəbi təsir probleminin yenidən dəyərləndirilməsi, miqyasının genişlənməsi məsələsi ilə bağlı irəli sürdüyü müddəalar və fikirlər də diqqəti cəlb edir. Onun üçün təsir təkcə ənənə və ədəbi əlaqədən ibarət deyil. Problemə həm ənənəvi, həm də müasir multidissiplinar mövqedən yanaşan alim əlaqə probleminin aspektlərinin xeyli genişləndiyini müşahidə edir və özü yeni üfüqlərin daha da açılması üçün elmi, əməli fəaliyyət göstərir.
Akademik İsa Həbibbəyli nəzəri müddəalar irəli sürüb onları uğurla gerçəkləşdirməyi bacaran ədəbiyyatşünasdır. O, ədəbiyyatımızın keçdiyi yolu və gələcək inkişaf istiqamətlərini aydın görə və onun parametrlərini cızıb göstərə bilir. Bu, İsa Həbibbəylinin nəzəriyyəçiliyinin mahiyyətindən irəli gəlir və o, passiv nəzəriyyəçi deyil. Qurduğu konsepsiyanın tətbiqini və fəaliyyət mexanizmini də müəyyənləşdirir; tədqiqat planları, elmi əsərlər, çıxışlar, məruzələr, İnstitutun strukturunun yenidən qurulması, əməkdaşların vəzifələrinin qabiliyyət və istedadlarına uyğun müəyyənləşdirilməsi, beynəlxalq və yerli əlaqələrin yaradılması, elmi araşdırmaların nəşrinin təmini, yeni jurnalların təsisi və s. Bütün bunlar İsa müəllimin nəzəriyyə və praktikanı yüksək səviyyədə əlaqələndirə bilən ədəbiyyatşünas obrazının əsas cizgiləridir.
Tahirə
MƏMMƏD
Filologiya
elmləri doktoru, professor
525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.14-15;20.