"Hökmdar
qadınlar"ın Vətən, torpaq sevgisi
Azərbaycan media məkanında Flora Xəlilzadə
imzası var və bu imza
hər kəsə yaxşı tanışdır. Yaxşı tanışdır
ona görə ki, Flora xanım bir yaradıcı şəxsiyyət kimi həm qəzet-jurnal sistemində, həm də televiziyada daim öz sözünü
deməkdədir. Və həm
də nəinki publisistikada, habelə bədii yaradıcılıqda
tanınmış bir
yazıçı-jurnalistdir.
Flora xanımı Azərbaycan
oxucusu və teletamaşaçısı hər
gün izləməkdədir. Yuxarıda qeyd
etdim ki, belə bir yaradıcı
insanı hərkəs
yaxşı tanıyır.
Amma o da var ki,
Flora xanımı hələ
tələbə vaxtından
tanıyanlar içərisində
mən də varam. Ona görə mən
də varam ki, Bakı Dövlət
Universitetinin Jurnalistika
fakültəsində təhsil
almış bu tələbə qızı
fakültənin bütün
müəllimləri tələbəlik
illərində, istərsə
də istehsalata cəlb olunduğu zamandan yaxşı tanıyır. Jurnalistika fakültəsi
peşəkar media kadrları
hazırlayır və
bu sahədə hələ tələbəlik
illərindən özünü
göstərən hər
kəs müəllimlərinin
sevimlisi olur. Flora Xəlilzadə o gündən bu günə bizim fakültəmizin sevimlisidir.
Onun hər publisistik yazısı, hər kitabı bu fakültənin uğuru kimi qiymətlidir və o özü də həmişə bu fikri təsdiqləyir.
Flora xanım indiyədək
respublika miqyaslı bir sıra qəzet
və jurnalda çalışmış, bəzən
redaktor səviyyəsinə
yüksəlmişdir. Son illərdə İctimai televiziyada "Yadigarlar"
kimi ciddi maarifçilik missiyasına
xidmət edən bir proqram formatını
ortaya qoymuşdur.
Flora xanımın çox
sayda publisistik yazıları və kitabları var. Mən bu məqamda onun yalnız bir kitabı - "Hökmdar qadınlar" adlı məqalələr
toplusu üzərində
dayanmaq istərdim. Onun bu kitabını "Vektor"
Beynəlxalq Elmlər
Akademiyası çap
etmişdir. Həm
də ona görə ki, Flora Xəlilzadə bu akademiyanın Şahmar Əkbərzadə adına Beynəlxalq Ədəbiyyat Mükafatına
layiq görülmüşdür.
Mən ilk növbədə
bu kitabın tipoloji xarakterindən danışmaq istərdim. "Hökmdar qadınlar" öz xarakterinə görə elmi-publisistik mahiyyət daşıyır.
Ümumiyyətlə, Flora xanım əksər
əsərlərində elmi-publisistik
üsula daha çox meyl edən yaradıcı şəxsiyyətdir. Onun əsərlərinin
əksəriyyətində mütləq dərin tədqiqata xüsusi meyl var, "Hökmdar qadınlar" isə birbaşa tarixə və onun dərin qatlarına bağlılığı
ilə elmi və publisistik üslubu birləşdirir.
Bu, elə bir
mövzudur ki, mütləq elmi mənbələrə müraciət
tələb edir və müəllif bu müraciətləri ilə oxucunu öz mülahizələrinə
inandırmaq keyfiyyətini
nəzərə almışdır.
Müəllif 17 müsəlman, türk "sultan xanımlar"
barəsində yazdıqlarını
əvvəlcə "Kaspi"
qəzetində silsilə
yazılar kimi dərc etdirmişdir.
İndi isə ayrıca kitab formatında nəşr olunan bu qiymətli yazılar bütöv şəkildə oxuculara təqdim olunur. "Hökmdar qadınlar"
kitabına elmi, bədii mühitdə özünün azərbaycançılıq
ideologiyasına möhkəm
bağlılığı ilə tanınan Sona xanım Vəliyeva maraqlı bir ön söz
yazmışdır. Sona
xanım Flora Xəlilzadə
yaradıcılığında vətənpərvərlik, milli
dəyərlərə xüsusi
diqqəti önə çəkir və bu kitabın əsas mahiyyətini, əhəmiyyətini açır:
"Dünyanın qloballaşan
dönəmində tarixə
qayıdış, tarixi
şəxsiyyətlərin öz xalqları qarşısında xidmət
nümunələrini təqdim
etmək, yetişən
nəslin ənənələrdən
bəhrələnməsi mənasında
çox aktual bir məsələ kimi bu gün
əhəmiyyətlidir". Dəqiq müşahidə və dəqiq qiymətdir ona görə ki, həqiqətən də qloballaşan dünyada milli kimliyin itmə təhlükəsi qarşısında,
müsəlman dünyasına
müasir güc dövlətlərinin açıq
basqıları qarşısında
gənc nəsil özünü, kökünü,
hardan gəlib hara getdiyini bilməlidir.
Kitab iki fəsildən ibarətdir. Hökmdar qadınlar
haqqında yazıların
ayrı-ayrı fəsillərə
bölünməsi mühüm
mahiyyət kəsb edir. Müəllif birinci fəsildə
İslam dövlətlərindəki
qadın hökmdarların,
ikinci fəsildə birbaşa Azərbaycandakı
hökmdar qadınların
həyat və fəaliyyətlərini tədqiq
etmişdir. Müəllif həm də hökmdar xanımları tarixi sıralama ilə qələmə alır. Bu mənada
ilk hökmdar qadın
kimi "Sultan Raziyyə"
oçerki təqdim olunur. "Dehli
müsəlman türk
dövlətinin Sultanı
Raziyyə Xatun İspaniyadan İndoneziyaya
qədər üç
qitənin üzərində
yerləşən müsəlman
dövlətlərində ilk hökmdar qadın olmuşdur". Sonra Flora xanım
onun tax-tac sahibi olmasının maraqlı tarixini bizə təqdim edir. Məlum olur ki, həmin dövlətin hökmdarı Şəmsəddin
İltutənuş bir
neçə oğlunun
içərisində varisliyinə
ümid etdiyi oğlu Nəsirəddinin
- mərhəmətli və
bacarıqlı bir insanın qəfil ölümündən sonra
qızı Raziyyəni
tax-tac sahibi etmişdir. Müəllif tarixi mənbələrdən
qidalanaraq göstərir
ki, "Raziyyə həqiqətən də hökmdarlara məxsus keyfiyyətlərlə seçilirdi.
Qardaşlarından daha çox
cəsur, cəngavər
olmaqla yanaşı, mərd, ürəkli və gözəl qadın idi". Müəllif Raziyyəni belə xarakterizə edir: "Dinin və dünyanın sevimlisi", "Qadınların
dayağı" kimi
adlarla xitab edilən Raziyyə Xatun hökmranlığının
ilk illərində kəsdirdiyi
pulların üzərinə
"...əsrin hökmdarı
Sultan Raziyyə Şəmsəddin
İltutmuşqızı" sözlərini yazdırıb.
Taxta çıxdığı gündən
uzun və yorucu çarpışmalarla
qarşılaşan Sultan Raziyyə
müxtəlif üsyanları
yatırdı, müharibələri
idarə etdi. Deyilənə görə,
qarışıq zamanlarda
Sultan Raziyyə kişi paltarı geyərək xalq arasına çıxarmış.
İslam
dünyasının ilk və
qüdrətli qadın
hökmdarı olan
Sultan Raziyyə dəfələrlə
xəyanətkar qohumlarının,
qısqanc və paxıl əmirlərin zərbələrinə tuş
gəldi. Dedi-qodulardan üzüldü,
amma hökmdar kimi də, dəyanətli
xatun kimi də həmişə öz məğrurluğu
və şücaəti
ilə düşmənlərinə
meydan oxudu".
Təfərrüata varmadan deyə bilərəm ki, Flora xanımın tarixi faktlarında hökmdar qadınların
hər birinin öz xarakteri var. Lakin bu xasiyyətlər
içərisində hökmdar
xanımların, demək
olar ki, hamısında qadınlıqdan,
analıqdan doğan insanpərvərlik, insana,
vətənə sevgi
hissləri dominantlıq
təşkil edir. Məsələn, eyni sözləri
Misir Sultanı Şəcər Xanım, Türkan Xatun, Əbəş Xatun və b. haqqında da demək olar.
Flora Xəlilzadə bir məsələni də qəsdən qabardır: şah saraylarında taxt-tac uğrunda mübarizənin əbədi qüvvələri və bu qüvvələrin çox zaman taxta çıxmaq üçün hər cür hiyləyə, qəsdə əl atmaları. Lakin müəllif daha bir cəhəti publisistik tərzdə həmişə qiymətləndirir: Hökmdar qadınların el arasında nüfuzu və bu nüfuzun insanlıqdan doğan mənbəyi. Məsələn, Misir Sultanı Şəcər xanımın taleyi buna tipik misaldır.
Hökmdar qadınlar haqqında portret oçeriklərin hər birində onların rəhbərlik etdikləri dövlətin yaranma tarixi, yadellilərə qarşı qəhrəmanlıq döyüşləri, qələbələr, məğlubiyyətlər ətrafında da ciddi elmi söhbət açılır. Və bəzən bütün bunları müəllif müasirləşdirmək məqsədilə təqdim edir. Bu mənada "Türkan Xatun" oçerkində bu hökmdar qadının taleyi maraqlıdır. İranın Kirman vilayətindəki Kutluq dövlətinin dördüncü hökmdarı Türkan xatun səltənətin bütün çətinliklərindən keçən, əminamanlığı təmin edən, xalqın vəziyyətinin yaxşılaşmasına cəhd göstərən bir hökmdar kimi ad qazandı, lakin satqınlığın, şərin qurbanı oldu. Amma xalq yaxşıları unutmur. Elə buna görədir ki, taxt-tacı tərk elətdirilmiş olsa da, xalq onu şəhərin ən gözəl yerində - Mədrəsə künbəzinin altında dəfn edir.
Kitabda Şəfabəddin Padişah Xatun və digərlərinin həyat tarixçələrindəki belə məqamlar publisistin qələmində dəqiq və təsirli ifadəsini tapıb.
Kitabın ikinci fəsli Azərbaycanda mövcud olmuş hökmdar qadınların həyat və fəaliyyətinə həsr edilir. Burada ilk oçerk Tomris xanım haqqındadır. Müəllif onu belə təsvir edir: "Qəhrəmanlığı əsrlərin dizini qatlayaraq eradan eraya keçən, adı tarixdə dəyanət simvolu kimi əbədiləşən Tomris xatun türk dünyasının şərəf duyduğu və bütün Şərqin fəxarət ünvanı, sərkərdə libaslı, sərkərdə qüdrətli bir hökmdar olub. Onun barəsində müxtəlif əsərlər yazılıb, araşdırmalar aparılıb, hətta əfsanə və rəvayətlər yaranıb, rəsmlər çəkilib, şəninə şeirlər qoşulub, dastanlar bağlanıb. Mövzu yaxınlığı olsa da, məzmun cəhətdən fərqlənən bu yaradıcılıq məhsullarının birləşdirici məqamı diqqəti çəkməyə bilmir: Tomrisə olan ehtiram və məhəbbət".
Flora xanım bu oçerkində tanınmış tarixçi alimlərin, o cümlədən, Azərbaycan tarixçilərinin əsərlərinə müraciət edir. Bizim alimlər Tomrisi cəsur, ağıllı bir hökmdar kimi tədqiq etmişlər. Burada qədim və müstəqil Azərbaycan dövləti olan Midiyanın da mübarizəsi, bu torpaqlara hiylə ilə sahib olmaq istəyən Kişə (?) qarşı cəsarət dolu hünəri və s. məsələlər qələmə alınıb. Mübarizələrdən keçmiş Tomrisin obrazını müəllif sonda belə tamamlayır: "Zaman-zaman torpağımıza, milli sərvətlərimizə yadelli qəsbkarlar həmişə göz dikiblər. Onlara yerini göstərən igidlərimiz arasında qəhrəman qadınların da olması millətimizin, onun övladlarının cəsur və əyilməzliyindən, şərəf və ləyaqətindən, daxili aləmindən və döyüşmək, qalib gəlmək əzmindən xəbər verir. Məhz Tomris bu yurdunu sevən hökmdar olaraq torpağının işğal edilməsinə, ana kimi oğlunun hiylə yolu ilə əsir aparılmasına dözə bilmədi. İki müqəddəs hissin gücünə sərkərdə hünərini göstərdi, ana qisasını aldı. Nəticədə eraları adlaya bilən bir Tomris xatun əfsanəsi yaratdı".
Bu sətirlərin qiyməti bir də orasındadır ki, Azərbaycan torpaqlarının bir hissəsi yenə əsirlikdədir. Belə qəhrəmanlıq nümunələri bizi daha ayıq olmağa çağırır. Bu mənada müəllifin "Xurşudbanu Natəvan" sərlövhəli oçerki daha böyük maraq doğurur. Xurşudbanu Natəvan Flora xanımın haqqında sevgi ilə göz açdığı Cəlaliyyə Xatun, Mehriban Xatun, Taclı Xanım və b. Azərbaycan qadın hökmdarların publisistik obrazlar içərisində daha kövrək qələmlə işlənib. Çünki bu böyük ürəkli, incə mətləbli, hökmdar cəsarətli, şair diləkli bu xanımın qəbri bu gün işğal altında olan Ağdamın "İmarət" qəbiristanlığında uyuyur. Ancaq onun ruhu yediyi çörəyə nankorluğu, qonşuluqda xəyanəti ilə dünyada ilk sırada dayanan ermənilərin işğalı altında sakit uyuya bilərmi? "Xurşudbanu Natəvan" oçerki hər şeydən əvvəl bu sualı qoyur və bizi bu böyük el adamının ruhu qarşısında yeni mübarizəyə səsləyir.
Mən bu yazıda
oçerklərin məzmunu üzərində qəsdən
dayanmadım. Mən o məzmunu oxucunun özünə arxayın oluram. Müsəlman
dünyasının və o cümlədən,
Azərbaycanımızın cəsur, mərd, yurdsevər.
evinə, elinə, ocağına sədaqət dolu
qadın hökmdarların həyatı o
qədər müqəddəs, o qədər
ibrətamiz və o qədər həyatidir
ki, onları yaxından tanımaq üçün mütləq bu
oçerkləri özün oxumalısan.
Könül
NİFTƏLİYEVA
BDU-nun
Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi
kafedrasının dosenti
525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.19.