Dünya ədəbiyyatı mümkündürmü?
essesi
Dünya ədəbiyyatı münasibətlərin,
əlaqələrin internet, sosial şəbəkə
vasitəsiylə sürətli
şəkildə bütün
coğrafiyalara yayıldığı
bir dövrdə, əlbəttə, mümkündür.
Xüsusilə, son illərdə artan
"Digital Humanities" təcrübələri
də bunu dəstəkləyir. Mətnlər rəqəmlərə, simvollara, vizual işarələrə çevrilir.
Yazının rəqəmlər və sxemlər vasitəsilə vizuallaşdırıldığı
bir vaxtda fərqli dillər, əslində, ilk insanın
dil kəşfi zamanı istifadə etdiyi rəsmlərlə birləşdirilməyə, vahid
bir dil altında
ifadə tərzinin yaranmasına təşviq
edilir. Franso Morettinin bu mövzuda araşdırmaları,
Stanford Universitetində istifadəyə
verilən ədəbiyyat
lobaratoriyası, ədəbi
janrların Darvinin təkamül ağacında
olduğu kimi təsnif olunması buna misaldır.
Ədəbiyyat nümunələrinin bənzər
və ortaq xüsusiyyətlərini aşkara
çıxarmaq, təməl
mətinlərin rentgenini
çıxarmaq bəlkə
bizə kömək edir. Ancaq əsaslarla və
nümunələrlə əlləşməyi
sevən biri olaraq bəzən "Görəsən, bunlardan
kənarda qalanlar bizə kömək edə bilməzmi? Bütünə baxanda onda olan detalları gözdən qaçırırıqmı?"
suallarına cavab axtarmaqda olduğumu görürəm. Bu tip bütöv
baxış bucağı
ümumiləşdirməyə gətirib çıxarmaz
ki? Bir əsası bilmək,
çözmək asandır,
onlardan tamamilə eynilik gözləmək təhlükəlidir. Ehtimallarımızı şərtlərlə uyğunlaşdırmağımız
önəmlidir. Lakin fərqləri
də həmişə
ağlımızda tutmalıyıq.
Ədəbi əsərlərin fərdi xarakteristikasını
və eyni zamanda yeni üslub
yarada bilmək bacarığını da
unutmamalıyıq.
Sxemlər və rəqəmlər dünyadakı bütün
ədəbi nümunələrin
xarakterlərini öyrənmək
üçün bizə
ipucu verir, dünya ədəbiyyatı
deyəcəyimiz böyük
sistemi görməyimizə
kömək edir. Bununla belə,
fərqləri mütləq
şəkildə ağlımızdan
çıxarmamalıyıq.
Moretti "Avropa
romanının atlası"nda
qərbli janr hesab olunan romanın
fərqli coğrafiyalar
səyahəti zamanı
yad üslub və folklorun bir-birinə qarışmasınından
söz açır. Bənzər
misalı Adam Kriş hər şeyin beynəlmiləl
status daşıdığı 21-ci əsr romanını
"bəşəri roman" adlandırır. Onun kitabından tanıdığımız
bəşəri roman lokal
məkanı kosmik məkanla birləşdirən,
yer üzündə insan olmaq təcrübəsini
ağıl və bədən üzərindən
təkrar quran, qadın zorakılığı,
insanların kölələşdirilməsi,
siyasi şiddət mövzularını qələmə
alan, eyni
zamanda, qurğuda üslub və tərkib gərginliyini qoruyub saxlayan, oxucunu da bunları
düşünməyə vadar edən bir janrdır.
Dünyada baş verən hansısa siyasi gərginlik, bu gərginliyin bölgələrdəki
təsiri, izləri, insanın bəşəri
dəyərlər üzərindən
izah edilməsi də romanın təməl mövzularındandır. Dünyanı yazmaq, Krişə görə, məhz belə bir işdir.
Digər
tərəfdən də
ədəbi əsərlərin
dünya dillərinə
çevrilməsi, fərqli
coğrafiyalarda kitab bazarında yerini alması, mükafatlara layiq görülməsi də dünya ədəbiyyatına doğru
atılan addımların
ən vacibidir. Bu şəkildə dünya ədəbiyyatının
içində olmaq da dünya ədəbiyyat
sahəsində aktyor kimi, ya da
Pier Burdönün dediyi
sayaq, icraedici olmağın yolunu göstərir. Bu sahədə yazarların,
şairlərin bəşəri
standartlarla buraya necə gəlib çıxması da önəmlidir. Təbii
ki, burada ən önəmli iş ingiliscəyə tərcümə edilməkdir.
Bu da janrlar
arasında bir ierarxiya yaratmış vəziyyətdədir. Dünya ədəbiyyatında
roman öz birinciliyini
bölüşmək istəmir.
Yazarlarla,
naşirlərlə, redaktorlarla,
akademiklərlə bol-bol
müzakirələr edirəm.
Bir dəfə bir yazar mənə, hekayə yazmaq istədiyini, ancaq roman yazmalı olduğunu, roman
yazarsa, ingilis dilinə tərcümə
ediləcəyi ehtimalının
böyük olduğunu
demişdi. Bu da dünya ədəbiyyatına
daxil olmağın yollarını axtaranlardan
sadəcə birinin nümunəsi. Sahə varsa,
qanunlar da var. Dünya ədəbiyyatı
realdır, belə bir xəyal qurmaq da mümkündür,
üstəlik də şahanə ümidlər
verir. Dünyanın fərqli yerlərində
fərqli dəyərlərlə
tərbiyə olunmağımıza
rəğmən bizi bir araya gətirəcək
olan əxlaq, sevgi, şəfqət, mübarizə ruhlu başqa dəyərlər
var. Və bunlar lokallığı aşır.
Yerli mədəniyyətin içində
həbs olunmaqdansa, çeşidliliyin və fərqliliyin zənginliyi ilə məst olmaq dünya ədəbiyyatının təməlidir.
("Notos" dərgisindən
Rəvan Cavid çevirib)
Seval
ŞAHİN
525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.20.