Azərbaycan Daşkənddəki beynəlxalq kitab sərgisində

 

 

Özbəkistan Prezidenti yanında İnformasiya və Kütləvi Kommunikasiya Agentliyinin (İKKA) təşəbbüsü ilə Daşkənddə "TASHKENT BOOK FEST" Birinci Beynəlxalq kitab sərgi-yarmarkası keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 16 xarici, 30-dan artıq dövlət və özəl nəşriyyat və kitab mağazaları iştirak edib.

Sərgi-yarmarkada Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) də təmsil olunub.

Tədbiri İKKA-nın direktoru Komil Allamconov açaraq beynəlxalq kitab sərgi-yarmarkasının Özbəkistanda keçirilməsinin əhəmiyyətindən danışıb.

Sərgi-yarmarkanın Azərbaycan üçün ayrılmış guşəsində ölkəmizin bayrağı, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi inkişafından bəhs edən kitablar, "Qarabağ həqiqətləri" seriyasından Heydər Əliyev Fondu tərəfindən rus və ingilis dillərində çap edilən nəşrlər, Azərbaycanın tarixi və mədəniyyəti ilə bağlı əsərlər nümayiş etdirilib.

Kitablar arasında AMM-in Daşkənddə özbək dilində çap etdirdiyi nəşrlər, o cümlədən böyük Azərbaycan şairi Nizami Gəncəvinin "Xəmsə"si, İmadəddin Nəsiminin "Cananı sevərmən" kitabı, "Bakı Simfoniyası", "Qədim Şuşa", "XX əsr Azərbaycan poeziyası antologiyası" və başqa nəşrlər yer alıb.

Festivalda Azərbaycan stendi maraqla qarşılanıb, ölkəmizin təbliği ilə əlaqədar müxtəlif nəşrlər sərgiyə gələnlərə hədiyyə olunub.

İKKA-nın direktoru Komil Allamconov, direktor müavini Saidə Mirziyoyeva Azərbaycan milli stendinə gələrək AMM-nin layihələri, həmçinin ulu öndər Heydər Əliyev haqqındakı kitablarla tanış olub, stendi və nəşrləri yüksək qiymətləndiriblər. Məlumat verilib ki, AMM Daşkənddə Azərbaycanın mədəniyyəti, tarixi, incəsənəti ilə bağlı 60-dan artıq kitabkitabça çap edilib.

 

525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.13.