"Elmin cazibəsi"
kitabı çapdan çıxıb
AMEA-nın "Elm" nəşriyyatında yazıçı-jurnalist və fotoqraf Şirməmməd Nəzərlinin "Elmin cazibəsi" kitabı nəfis tərtibatla çapdan çıxıb.
Kitab AMEA-nın Yer Elmləri Bölməsi alimlərinin nailiyyətləri ilə bağlı müsahibələrdən, elmi məqalələrdən, həmçinin, tarixboyu elmin məfhumlarda və əməli işdə mövcudluğu barədə yazılardan ibarətdir. Müəllif bu mövzularda materialları hər kəsə aydın dildə təqdim edib və uyğun fotolar yerləşdirib.
Elmin populyarlaşdırılması məqsədilə hazırlanmış, elm adamları, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş nəşr "Müsahibələr", "Məqalələr", "Tarixdə elm sözü və elmin özü" fəsillərindən ibarətdir.
Birinci fəsildə AMEA-nın prezidenti, akademik Akif Əlizadə, Adl Əliyev, Abdulvahab Muxtarov, Çingiz Əliyev, Dadaş Hüseynov, Əkbər Feyzullayev, Hətəm Quliyev, Qurban Yetirmişli, Ramiz Məmmədov, Tariel Eybatov, Tələt Kəngərli kimi alimlərlə söhbətlər, ikinci fəsildə "Yorulmaz elm yolçusu", "Elm və poeziya vurğunu alim", "İlahi nemət-dəmir", "Hər kəsin daşı əqiq", "Su təmiz və bol olarsa" və sair məqalələr dərc olunub.
Birinci və ikinci fəsillərdə
yer almış materialların
hamısı son bir-iki
il ərzində ölkə mətbuatında
dərc edilmiş yazılardır. Üçüncü fəsil müsəlman
Şərqində alimlərin elmi nailiyyətlərinə,
elm haqqında deyilmiş
müdrik sözlərə və məşhurların
bilik barədə söylədikləri kəlamlara
həsr edilib. Təqdiredici haldır ki, sonuncu materiallar həm də rus dilində təqdim olunur.
Kitabın "Ön söz"ünün
müəllifi və rəyçisi akademik Fəxrəddin Qədirov,
redaktoru geologiya-mineralogiya
elmləri doktoru Novruz Novruzov, nəşriyyatın direktoru
Səbuhi Qəhrəmanovdur.
Fəxrəddin Qədirov "Ön
söz"də yazır:
"Ş.Nəzərli elmin
populyarlaşdırılmasına fərdi yanaşması ilə fərqləndi. O, öz yolunu təklif etməklə yanaşı, bunu yazıları ilə göstərməyi üstün
tutub AMEA təşkilatlarında
İctimaiyyətlə əlaqələr
şöbəsi məsullarının
həmin təşkilatlarda
işləyən mütəxəssislərlə
birgə elmi yazılar hazırlamaq yolunu nümayiş etdirdi. Əlinizdəki kitab da deyilənlərə bir misaldır. Amma müəllif öz
yolunun yeganə və istisna kimi deyil, sınaq
mahiyyətli olduğunu
da vurğulayır və müzakirə obyekti olacağını istisna etmir".
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 5 oktyabr.- S.13.