Bakı Dövlət Universiteti müharibə
illərində - (1941-1945-ci illər)
1941-ci il iyunun 22-də Böyük Vətən müharibəsinin başlanması ilə universitetin tədris həyatı tamamilə pozuldu.
Müharibə başlanan gün universitetdə rektor Cəbrayıl
Ələsgərovun rəhbərliyi ilə keçirilən
mitinqdən sonra rektor başda olmaqla 200 nəfər tələbə
və müəllim könüllü olaraq cəbhəyə
yola düşdülər. Rektor vəzifəsinə
Şamil Əliyev təyin olundu. O, bu vəzifədə
1944-cü ilə qədər işlədi. Müharibənin
ilk altı ayı ərzində universitetdən 1385 nəfər,
o cümlədən, 159 nəfər akademik işçi (23 nəfər
aspirant, 1141 nəfər tələbə) müharibəyə
səfərbər edilmişdi. Onlardan 1185 nəfəri kişi, 200 nəfəri qadın idi. Rektorun 15
iyul 1941-ci il tarixli əmri ilə
universitetin bütün fakültələrində
özünü müdafiə qrupları yaradılması, 23
avqust 1941-ci il tarixli əmri ilə isə bütün
fakültələrdə tibb bacıları hazırlanması
üçün 4 aylıq kursların təşkili nəzərdə
tutuldu. 1941-ci ilin dekabr ayının 30-da 125 tibb
bacısından ibarət ilk buraxılış oldu. Gəncləri hərbi işə hazırlamaq məqsədilə
I-II kurs tələbələrinin xüsusi proqram əsasında
110 saatlıq hərbi hazırlıq kursları keçmələri
planlaşdırıldı. III və IV
kurs tələbələri xüsusi proqrama uyğun olaraq hərbi-bədən
tərbiyəsi məşğələləri keçirdilər.
Hərbi hazırlığın və kütləvi
müdafiə işinin daha müvəffəqiyyətlə
getməsi üçün hərbi-bədən tərbiyəsi
kafedrasının müəllimləri universitetin fakültələrinə
təhkim olunmuşdular. Universitetin müəllimləri
və digər əməkdaşları da 110 saatlıq proqram
üzrə ümumi hərbi təlim keçirdilər. 1942-ci ilin iyulunda cəbhədə vəziyyət
ağırlaşanda universitetin bütün tələbələrinə
və ışçilərinə əmr verilmişdi ki,
universitetə əleyhqazla gəlsinlər. Universitetin kollektivi bazar günləri keçirilən
ümumşəhər iməciliklərində fəal
iştirak edirdi.
Müharibənin
tələblərinə uyğun mütəxəsis
hazırlamaq işi olduqca çətinləşmişdi. Cəbhəyə səfərbər edilmiş on minlərlə
mütəxəssisin yerinə qısa müddətdə
başqalarını hazırlamaq lazım gəlirdi. Müharibənin sərt reallıqlarına uyğun
olaraq, universitetin həyatını yenidən təşkil etmək,
tədris və elmi işdə dövrün tələblərindən
irəli gələn dəyişikliklər etmək lazım
idi.
Müharibənin
əvvəllərində yaranmış çox ağır vəziyyət,
müəllim heyətinin xeyli hissəsinin cəbhəyə
getməsi, maliyyə imkanlarının məhdud olması
respublikanın ali məktəblərinin
müvəqqəti olaraq birləşdirilməsini tələb
edirdi. 1941-ci ilin oktyabr ayında ölkə rəhbərliyi
V.İ.Lenin adına Azərbaycan Dövlət
Pedaqoji İnstitutunu universitetlə birləşdirmək
haqqında qərar qəbul etdi. 1941/42-ci dərs ilində Azərbaycan
Qiyabi Pedaqoji İnstitutu, Karl Marks adına Xalq Təsərrüfatı
İnstitutu, Azərbaycan Bədən Tərbiyəsi İnstitutu
və Xarici Dil Müəllimləri İnstitutu da universitetlə
birləşdirildi.
Universitetə
birləşdirilmiş ali məktəblər əsasında
burada beş kafedrası (Siyasi iqtisad, Planlaşdırma,
Əmtəəşünaslıq, Maliyyə və kredit,
Sosialist uçotu kafedraları) olan İqtisadiyyat fakültəsi,
dörd kafedrası (Mülki hüquq, Cinayət hüququ, Beynəlxalq
hüquq, Dövlət hüququ kafedraları) olan Hüquq
fakültəsi, üç kafedrası (İngilis dili,
Fransız dili, Alman dili kafedraları) olan Xarici dillər
fakültəsi, iki kafedrası (Bədən tərbiyəsi
tarixi və İdman kafedraları) olan Bədən tərbiyəsi
fakültəsi yaradıldı.
1941/42-ci tədris ilində universitetdə Fizika-riyaziyyat,
Biologiya, Kimya, Tarix, Filologiya, İqtisadiyyat, Xarici dillər, Bədən
tərbiyəsi və Hüquq fakültələri fəaliyyət
göstərirdi. Bu 9 fakültədə 54 kafedra, 42 kabinet
və laboratoriya var idi. 1943-cü ildə
universitetin əyani şöbəsində 1303, qiyabi
şöbəsində isə 2044 nəfər tələbə
təhsil alırdı.
1941/42-ci tədris ilində universitet üçillik təlim
müddətinə keçdi. Tədris plan və proqramları,
elmi-tədqiqat və siyasi tərbiyə işi yenidən təşkil
olundu, qış tətilləri ləğv olundu. Dərs materialları ixtisar olundu, proqramlara həmin
dövr üçün daha aktual olan mövzular daxil edildi.
1941-ci ildə universitetə birləşdirilmiş Azərbaycan
Dövlət Qiyabi İnstitutunun bazasında universitetin qiyabi
şöbəsi təşkil edildi. Sonralar uzun müddət
Azərbaycan maarifinə rəhbərlik etmiş, akademik Mehdi
Mehdizadə qiyabi şöbə üzrə prorektor vəzifəsinə
təyin edildi.
Müharibə illərində elmi-tədqiqat işləri
də yenidən təşkil olunurdu. 1941/42-ci tədris ilinin sentyabrın 9-da Elmi
Şurada həmin il üçün elmi-tədqiqat işinin
planı müzakirə olundu. 104 mövzunu əhatə
edən planda 24 mövzu hərbi-müdafiə əhəmiyyətli
idi. Universitetin 127 əməkdaşı
elmi-tədqiqat işləri ilə məşğul idi. Az sonra müdafiə əhəmiyyəti olmayan
mövzular plandan çıxarıldı. Rektorluq
və dekanlıqlar elmi-tədqiqat işi planlarının
yerinə yetirilməsinə müntəzəm nəzarət
edirdilər. 1941-ci ilin dekabrın 28-də Elmi
Şuranın iclasında elmi-tədqiqat işlərinin
gedişi haqqında Fizika-riyaziyyat fakültəsinin dekanı
Əşrəf Hüseynov, kafedra müdirləri - professor
Y.Q.Dorfman, dosent P.F.Belonogin, professor L.İ.Yelkin və dosent Bəhram
Mirzəyev məruzə etdilər.
1941/42-ci tədris ilində universitetdə tədris sərt
müharibə dövrünün reallıqlarına müvafiq
şəkildə təşkil edildi. Həmin illərdə
"Marksizm-leninizmin əsasları" fənninin tədrisinə
siyasi tərbiyə sistemində çox böyük əhəmiyyət
verilirdi.
1941-ci ildə
universitetin II-IV kurslarda məşğələlər bir ay
tez - avqustun 1-də
başlandı. V kurs tələbələri
dövlət imtahanı verərək məzun oldular. Həmin
il universiteti 522 nəfər bitirdi. Eyni zamanda, I kursa qəbul keçirildi. Birinci kursa 800 nəfər qəbul olundu. Universitetin əsas binası hospitala çevrildiyindən
o, yeni binalara köçürüldü. Universitet bir-birindən xeyli aralı olan yeddi binada
yerləşdirildi. 1941/42-ci dərs ilində
universitet 1629 nəfər mütəxəssis buraxdı.
1942/43-cü
tədris ilində
tələbə qəbulu çox çətinliklə
keçirildi. 1942-ci ilin aprelindən
ayrı-ayrı müəllimlərin tələbə qəbulu
üçün kənd rayonlarına göndərilməsinə
başlandı. Rayonlara gedən qruplara
fakültə dekanları başçılıq edirdilər.
Bütün səylərə baxmayaraq, həmin il qəbul planını yerinə yetirmək
mümkün olmadı.
1943/44-cü tədris ilində nadir ixtisaslar üzrə
aspirantura hazırlığı keçmək
üçün Moskva Dövlət Universitetinə bir
neçə nəfər göndərmək, habelə ən
istedadlı elmlər namizədlərini təşkil olunan
ikiillik doktorantura üçün seçmək nəzərdə
tutulurdu. Həmin illərdə bir çox ixtisaslar üzrə
Azərbaycan dilində ədəbiyyatın olmaması problem
olaraq qalırdı. 1943/44 və 1944/45-ci tədris illərində
universitetin strukturunda, tədris prosesinin təşkilində
ciddi dəyişikliklər edildi. 1941-ci ildə
bir neçə institutun birləşdirilməsi müharibə
dövrünün ağır şəraiti ilə
bağlı olan müvəqqəti tədbir idi. Odur ki, 1943-cü ilin iyulunda universitetin Bədən tərbiyəsi
fakültəsinin bazasında Bədən Tərbiyəsi
İnstitutu yaradıldı. 1944-cü ilin yanvarında Azərbaycan
Dövlət Qiyabi Pedaqoji İnstitutu, oktyabrında isə
V.İ.Lenin adına Azərbaycan Dövlət
Pedaqoji İnstitutu universitetdən ayrıldı. Universitetin Xarici dillər fakültəsi həmin
instituta verildi. 1945-ci ilin yanvarın birindən
universitetin İqtisadiyyat fakültəsi yenidən bərpa
olunmuş K.Marks adına Xalq Təsərrüfatı
İnstitutunun tərkibinə daxil edildi.
1941/42-ci dərs ilində universitetdə Nəzəri
fizika kafedrası yaradıldı, həmin kafedranın
müdiri vəzifəsinə dosent Rəhmi Həsənov təyin
edildi. Həmin illərdə şərqşünas
kadrların hazırlanması məsələsinə
böyük ehtiyac var idi. 1942-ci il
iyunun 17-də filologiya fakültəsində Şərq
şöbəsi yaratmaq qərara alındı. Filologiya
fakültəsinin Şərq şöbəsi 1943-1944-cü dərs
ilinin ikinci semestrindən fəaliyyətə başladı.
Şöbəyə filologiya fakültəsi
dekanının müavini C.İbrahimov
başçılıq edirdi. Şöbənin
üç kafedrası - 1) Yaxın Şərq
xalqlarının dilləri kafedrası (müdir dosent Ə.Səidzadə),
2) Yaxın Şərq xalqlarının ədəbiyyatı
kafedrası (müdir filologiya elmləri namizədi Həmid
Araslı), 3) Yaxın Şərq ölkələrinin tarixi
kafedrası (müdir baş müəllim M.H.Şıxlı)
var idi.
1943/44-cü ildə yaradılan Neft kimyası
kafedrasına müdir vəzifəsinə professor Yusif Məmmədəliyev
təyin edildi.
1943/44-cü tədris ilində universitetdə
Geologiya-coğrafiya fakültəsi yaradıldı. Fakültənin dekanı vəzifəsinə dosent
Əziz Əsgərov təyin edildi. Fakültədə
Geologiya və paleontologiya kafedrası (müdir dosent Əziz
Əsgərov), Petroqrafiya, mineralogiya və kristalloqrafiya
kafedrası (müdir professor Mirəli Qaşqay) və
Coğrafiya kafedrası (müdir M.Hacınski) yaradıldı.
1945/46-cı dərs ilindən Filologiya fakültəsində
İncəsənət tarixi kafedrası yaradıldı, həmin
kafedraya professor Mikayıl Rəfili müdir təyin olundu.
Filologiya fakültəsində Jurnalistika bölməsi,
Tarix fakültəsində isə Fəlsəfə şöbəsi
fəaliyyətə başladı.
1943-cü
il dekabrın 18-də SSRİ Xalq Komissarları
Soveti "Qiyabi təhsil şəbəkəsini genişləndirmək
və yaxşılaşdırmaq haqqında" qərar qəbul
etdi. 1943/44-cü tədris ilində Filologiya, Tarix, Hüquq,
Biologiya, Geologiya-coğrafiya, Fizika-riyaziyyat, Şərq və
Kimya fakültələrinin tərkibində ümumi kontingenti
230 nəfərdən ibarət olan qiyabi şöbə
yaradıldı. 1944/45-ci tədris ilinin yay sessiyası ərəfəsində
qiyabi şöbənin Filologiya və Şərq fakültələrində
140 nəfər (48 nəfər azərbaycanlı), Tarix
fakültəsində 99 nəfər (48 nəfər azərbaycanlı),
Fizika-riyaziyyat fakültəsində 40 nəfər (17 nəfər
azərbaycanlı), cəmi 279 tələbə təhsil
alırdı ki, onlardan da 138 nəfəri azərbaycanlı
idi. Qiyabi
şöbənin işində əsas çətinlik Azərbaycan
dilində dərslik və dərs vəsaitlərinin
olmaması ilə bağlı idi.
Universitetdə
fizika və riyaziyyat elmləri sahəsində yüksək səviyyəli
mütəxəssislərin olması onun nəzdində Elmi Tədqiqat
Riyaziyyat və Fizika İnstitutu yaratmağa imkan verdi. Həmin institut 1944-cü
ilin yanvarında fəaliyyətə başladı. Əməkdar elm xadimi, professor Məmməd bəy
Əfəndiyev həmin instituta direktor vəzifəsinə təyin
olundu. İnstitut aktual elmi problemləri
araşdırmalı və respublikanın ali
və orta məktəblərinə elmi-metodik yardım
göstərməli idi. İnstitutda iki bölmə
- Riyaziyyat və Fizika bölməsi var idi. Riyaziyyat bölməsinə dosent Əşrəf
Hüseynov, Fizika bölməsinə professor A.B.Qoqoberidze rəhbərlik
edirdi. İnstitutda 6 nəfər baş
elmi işçi, 8 nəfər kiçik elmi işçi
çalışırdı. İnstituta iki nəfər
yüksək ixtisaslı mütəxəssis - riyaziyyat
ixtisası üzrə Moskva Dövlət Universiteti Elmi-Tədqiqat
Riyaziyyat və Mexanika İnstitutunun direktoru SSRİ Elmlər
Akademiyasının müxbir üzvü, professor V.V.Stepanov və
fizika üzrə Belorusiya SSR Elmlər Akademiyasının
akademiki, professor N.S.Akulov dəvət edilmişdi.
1944-cü ilin aprelində professor Mirəli
Qaşqayın təşşəbbüsü ilə
universitetdə geologiya və faydalı qazıntılar üzrə
ilk muzey yaradıldı.
1944/45-si
tədris ilinin sonuna universitetdə səkkiz fakültə: 1)
tərkibində jurnalistika şöbəsi olan Filologiya; 2) tərkibində
fəlsəfə şöbəsi olan Tarix; 3) Şərqşünaslıq;
4) Hüquq; 5) Fizika-riyaziyyat; 6) Biologiya; 7) Kimya; 8) tərkibində
faydalı qazıntılar kəşfiyyatının geofiziki
metodları şöbəsi olan Geologiya-coğrafiya fəaliyyət
göstərirdi. Bundan əlavə, filologiya, fizika-riyaziyyat, tarix
və şərqşünaslıq ixtisasları üzrə
mütəxəssis hazırlığı həyata
keçirən qiyabi şöbə, aspirantura, Elmi Tədqiqat
Riyaziyyat və Fizika İnstitutu, Azərbaycanın
geologiyası və faydalı qazıntıları üzrə
diyarşünaslıq muzeyi fəaliyyət göstərirdi. Tədris və elmi-tədqiqat işlərinə 47
kafedra rəhbərlik edirdi.
Müharibə illərində universitet ştatda olan
yüksək səviyyəli akademik işçilərlə
kifayət qədər təmin edilməmişdi. Məsələn,
Fəlsəfə və marksizm-leninizmin əsasları
kafedrasının 16 akademik işçisi arasında cəmi 2
nəfər professor və 2 nəfər dosent var idi. Azərbaycan dili kafedrasında alimlik dərəcəsi
və ya elmi adı olan müəllimlər yox idi, Rus
dilşünaslığı kafedrasının 14
üzvündən yalnız üç müəllimin dosent
elmi adı var idi. Yaxın Şərq dilləri
kafedrasının 11 üzvündən yalnız birinin elmlər
namizədi kimi alimlik dərəcəsi var idi. Digər kafedralarda da vəziyyət belə idi.
Əvəzçilərin sayı isə olduqca
çox idi. 1944/45-ci tədris ilində universitetdə
ştatda olan müəllimlərin sayı 163 nəfər, əvəzçilərin
sayı isə 111 nəfər idi.
1943/44 və 1944/45-ci tədris illərində tələbə
qəbulu kampaniyası mütəşəkkil keçdi. 1943-cü ilin
mayın 14-də universitetin mərkəzi qəbul
komissiyası fakültə dekanları başda olmaqla 36
akademik işçidən ibarət briqadalar və müharibə
əlilləri arasında qəbul keçirilməsi
üçün 27 nəfərdən ibarət briqadalar
yaratdı. Briqadalar məktəblərdə
izahat işləri aparır, yerli mətbuatda
çıxış edir, yuxarı sinif şagirdləri ilə
görüşlər keçirir, hospitallara gedirdilər.
Bu tədbirlər öz nəticəsini verdi
və 1943/44-cü dərs ilində universitetə plana görə
425 nəfər əvəzinə 927 abituriyent qəbul edildi.
1943/44-cü tədris ilində qəbul imtahanları
keçirilmədiyinə görə qəbul olunanların
bilik və bacarıqlarının səviyyəsinin
aşağı olması təhsil prosesində
özünü göstərdi, I kursdan 458 nəfər tələbə
xaric edildi.
1944-cü ildə tələbə qəbulu SSRİ Xalq
Komissarları Soveti yanında Ali Məktəb İşləri
Komitəsinin təsdiq etdiyi yeni qaydalar əsasında
keçirildi.
Qaydalara əsasən, məcburi qəbul
imtahanları bərpa edildi. İmtahanlar
yalnız orta məktəbi əlaçı attestatı ilə
bitirən məzunlara şamil edilmirdi. Onlar
üçün güzəştlər məktəbi bitirdikdən
sonra iki il ərzində qüvvədə
saxlanılırdı.
1944/45-ci tədris ilində universitetə qəbul müvəffəqiyyətlə
həyata keçirildi. 625 yerə 900-dən artıq ərizə
verilmişdi. Həmin il universitetə
767 nəfər qəbul olundu. Qəbul
olunanların yarıdan çoxu kənd rayonlarından gəlmişdi.
Müharibə illəri ərzində birinci dəfə
idi ki, belə güclü tələbə axını
müşahidə edilirdi. Lakin qəbul
olunanların 158 nəfəri dərslərə gəlmədi.
Təzə qəbul olunanların ana dilindən
və ədəbiyyatdan ümumtəhsil
hazırlığı zəif idi. Dərs
prosesində məlum oldu ki, hətta imtahansız qəbul
edilmiş orta məktəb əlaçıları içərisində
də zəif hazırlıqlılar var. Ona görə də
onlara əlavə məşğələlər təşkil
etmək, fərdi məsləhət saatlarının
sayını artırmaq lazım gəldi.
1944/45-ci tədris ilinin əvvəllərində
universitetdə 1767 tələbə təhsil alırdı. Həmin tədris ilində
164 nəfər dövlət imtahanı verərək
universiteti bitirmiş, 551 nəfər müxtəlif səbəblərə
görə universitetdən xaric edilmiş, 160 nəfər isə
bərpa edilmiş və ya digər ali məktəblərdən
köçürülmüşdü. Universitetin
nəzdində fəaliyyət göstərən 6 aylıq və
3 aylıq hazırlıq kursları onun tələbə
kollektivi ilə kompleksləşdirilməsinə müəyyən
köməklik göstərdi. Hazırlıq kurslarını bitirənlər
sonra imtahan verib universitetə qəbul edilirdilər. Rektorun
1944-cü il 5 sentyabr tarixli əmri ilə
hazırlıq kurslarının 47 dinləyicisi universitetə
qəbul olundu. azırlıq
kurslarına maraq yaratmaq məqsədilə orada oxuyanlara təqaüd
verilirdi.
1943/44-cü tədris ilinin başlanğıcında əvvəllər
hospitala çevrilmiş bina universitetə qaytarıldı. Rektorluq,
kitabxana, təchizat şöbəsi, təsərrüfat hissəsi
və altı fakültə həmin binada yerləşdirildi.
Auditoriya fondu çatışmadığından 1944/45-ci tədris
ilinin əvvəlindən universitet iki növbədə işləməkdə
ədris və elmi fəaliyyətini davam etdirdi.
1944-cü
il aprelin 8-də SSRİ XKS "Dövlət
Universitetlərində təhsil müddətlərini müəyyən
edilməsi haqqında" qərar qəbul etdi. Həmin ilin
aprel ayının 21-də Azərbaycan SSR XKS "S.M.Kirov adına ADU-da təhsil
müddətinin müəyyən edilməsi haqqında" qərar
qəbul etdi. 1944-cü il aprelində rektor
fakültələr üzrə təhsilin
aşağıdakı müddətlərini müəyyən
etdi: Tarix, Filologiya (şərqşünaslıq şöbəsindən
başqa), İqtisadiyyat və Hüquq fakültələrində
- 4 il, Fizika-riyaziyyat, Kimya, Biologiya, Geologiya-coğrafiya
fakültələrində və Filologiya fakültəsinin
Şərqşünaslıq bölməsində - 5 il.
1944-cü
il iyunun 27-də rektorun əmri ilə
iyulun 16-dan sentyabrın 30-dək yay tətili, 1944/45-ci dərs
ilində oktyabrın 1-də məşğələlərin
başlanması, oktyabrın 11-dən fevralın 20-dək
birinci yarım illik, fevralın 21-dən 28-dək qış tətili,
martın 1-dən iyulun 15-dək ikinci yarım illik nəzərdə
tutulurdu. Məşğələlərin
oktyabrın 1-dən başlanması ölkənin iqlim şəraiti
və sentyabr ayında respublikanın kənd rayonlarında məhsul
yığımı dövrü olması, əhalinin
pambıq, taxıl və üzüm yığımında
iştirak etməsi ilə bağlı idi.
1944/45-ci
tədris ilində yay imtahan sessiyasının nəticələrinə
uyğun olaraq növbəti
kursa 610 tələbə keçirilmiş, 460 tələbə
yeni dərs ilinin əvvəlində akademik borcunu ləğv
etmək şərti ilə keçirilmiş, 103 nəfər
kursda saxlanılmış, imtahan və yoxlamaları verə
bilməmiş 30 tələbə universitetdən xaric
edilmişdi. Dövlət imtahanı və ya diplom layihələri
müdafiə edən 179 nəfərin 164 nəfəri
universiteti müvəffəqiyyətlə bitirdiyi hqqında
diplom, o cümlədən, 28 nəfəri fərqlənmə
diplomu almışdı. 1945-ci ildə ilk dəfə
dövlət imtahanları ilə yanaşı, diplom layihələri
müdafiə olundu. Müdafiə edilən
diplom işlərinin 38-nə "əla", 30-na
"yaxşı" qiymət verilmişdi. Mütəxəssislərin rəylərinə
görə, onların bəziləri hətta namizədlik
dissertasiyası səviyyəsində idi. Filologiya
fakültəsində Kamal Talıbzadənin, Kamran Məmmədovun,
Hökümə Qasımovanın, Tarix fakültəsində
İqrar Əliyevin, A.Əbdürrəhmanovun, Sadıq
Sadıqovun, Geologiya-coğrafiya fakültəsində Qədir
Sultanovun, Biologiya fakültəsində Abdulla Tağızadənin
diplom layihələri ən yaxşı iş kimi qiymətləndirilmişdi.
Yeri gəlmişkən qeyd edək ki, onlar
sonradan öz sahələrində görkəmli alim olub
ölkəmizdə elmin inkişafına layiqli töhfələr
vermişdilər. Kamal Talıbzadə və
İqrar Əliyev akademik, Qədir Sultanov akademiyanın
müxbir üzvü, Kamran Məmmədov və Abdulla
Tağızadə tanınmış elmlər doktoru, professor
olmuşdular.
Ümumiyyətlə,
müharibə illərində universitetə 3840 tələbə
qəbul olunmuş, tədris prosesində onların 1875 nəfəri
xaric edilmişdi. 1377 tələbə təhsilini
müvəffəqiyyətlə başa çatdırıb
universitet diplomu almışdı.
Yuxarıda
qeyd etdiyimiz kimi,
universitetdə elmi-tədqiqat işi müharibənin
birinci ilində yenidən təşkil olunmuşdu. Müdafiə və istehsal xarakterli mövzuları
planda əsas yer tuturdu. 1941/42-ci tədris
ilində elmi-tədqiqat işi planı universitet kollektivinin
qüvvələrinin və imkanlarının səfərbərliyi
nəticəsində əsasən yerinə yetirilmişdi.
1942/43-cü tədris ilinin planının tərtibində
müdafiə və xalq təsərrüfatı əhəmiyyətli
mövzuların xüsusi çəkisi
artırılmışdı. SSRİ Elmlər
Akademiyasının Azərbaycan filialı bu planı təhlil
edib müsbət rəyini vermişdi. Universitetin
elmi-tədqiqat işi planı 164 mövzunu əhatə edirdi.
Planın yerinə yetirilməsinə ciddi nəzarət
edilirdi. 1943-cü il fevralın 4-də
Elmi Şuranın iclasında elmi-tədqiqat işi
planının yerinə yetirilməsi gedişi haqqında
fakültə dekanlarının məlumatı dinlənildi. Elmi Şura Fizika-riyaziyyat, Biologiya və Hüquq
fakültələrinin hesabatlarını müsbət qiymətləndirdi.
Planın həyata keçirilməsində elmi
işlər üzrə prorektor Abdulla Qarayevin xidməti
xüsusi qeyd edildi. Abdulla Qarayev həmin vəzifəyə
1943-cü ilin fevralın 2-də təyin edilmişdi.
1942/43-cü
tədris ilində nəşr edilmiş kitablardan Abdulla
Qarayevin "Qan dövranı fiziologiyası", Mirəli
Axundovun "Alman faşizminin irq nəzəriyyəsi və
onun ifşası", Mehdi İrəvanskinin "Qədim
Yunanıstanın tarixi", Məmmədağa Şirəliyevin
"Qazax dialekti", Ə.İ.Azərinin "Fars dili" dərsliyi
və "Fars-rus lüğəti", "Fars dilində
müntəxabat" əsərlərini göstərmək
olar.
Müharibə illərində aparılmış bir
çox tədqiqatlar yüksək tətbiqi əhəmiyyətə
malik idi.
Bunlardan professor Cəbrayıl Hüseynovun və dosent
A.Ağayevin istehsalatda tətbiq olunmuş və hospitalları
az tapılan dərmanla təmin etmiş "Yerli xammaldan
natrium-brom alınması", Abdulla Qarayevin Azərbaycan
hospitallarında yaralıların müalicəsini xeyli
yüngülləşdirmiş "Naftalan nefti preparatları
ilə yaraların müalicəsi", Əziz Əsgərovun
Azərbaycanın bəzi rayonlarında mineral mənbələrin
öyrənilməsinə həsr edilmiş və həmin
sulardan müalicə məqsədi ilə istifadə
olunması üçün son dərəcə qiymətli
material vermiş işlərini göstərmək olar.
Professor Yusif Məmmədəliyevin 1942-ci ilin
sentyabrında elmi şurada "Aromatik karbohidrogenlərin
alkilləşdirilməsi və alksizləşdirilməsi yolu
ilə yeni metodunun hazırlanmasına görə sintezi"
mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyasının
böyük elmi-praktik əhəmiyyəti var idi. Dissertasiyada
birinci dərəcəli müdafiə əhəmiyyəti
olan aviasiya yanacağının mühüm komponentlərinin
istehsalının yeni metodu işlənib
hazırlanmışdı. Müharibə
illərində Yusif Məmmədəliyevin metodu ilə
işləyən alkibenzol istehsalı zavodu tikilmişdi.
1944-cü ildə Yusif Məmmədəliyev
"Aviasiya yanacaqları üçün yüksək keyfiyyətli
əlavələr alınmasının yeni metodunun
hazırlanmasına görə" dövrün ən
yüksək mükafatına - Stalin mükafatına layiq
görülmüşdü.
1945-ci il
fevralın 8-də ADU-nun Elmi Şurasının və SSRİ
Elmlər Akademiyası Azərbaycan filialı rəyasət heyətinin
birgə iclasında filologiya elmləri doktoru, ADU-nun professoru Məmmədağa
Şirəliyevin "Azərbaycan dilinin dialektləri" və
professor Cəbrayıl Hüseynovun "Natrium
alınmasının yeni istehsal metodu" əsərləri
Stalin mükafatına təqdim olunmuşdu.
Müharibə illərində universitetdə görkəmli
elm və mədəniyyət xadimlərinə həsr
olunmuş elmi sessiyalar və konfranslar da keçirilirdi. 1943-cü ildə İsaak
Nyutonun anadan olmasının 300 illiyinə, K.A.Timiryazevin anadan
olmasının 150 illiyinə, Azərbaycanın böyük
maarifçisi Abbasqulu ağa Bakıxanovun 150 illiyinə, ilk Azərbaycan
təbiətşünası və maarifçisi Həsən
bəy Zərdabinin, Cəlil Məmmədquluzadənin, Cəfər
Cabbarlının, Əbdürrəhim bəy Haqverdiyevin həyat
və elmi fəaliyyətinə həsr olunmuş elmi sessiyalar
və konfranslar keçirilmişdi.
Tələbələr elmi-tədqiqat işlərində
tələbə elmi dərnəkləri vasitəsilə
yaxından iştirak edirdilər. 1943/44-cü tədris
ilində universitetdə 16 belə dərnək fəaliyyət
göstərirdi. Onların işinə rəhbərlik
etmək üçün rektorun əmri ilə 9 nəfərdən
ibarət ümumuniversitet bürosu təşkil edilmişdi.
Büroya professorlar A.O.Makovelski, A.A.Trivus, dosentlər
Əşrəf Hüseynov, İbrahim İbrahimov, A.V.Popov,
M.Kajlayev və başqaları daxil idilər. 1943-cü ildə yüksək səviyyədə
üç tələbə konfransı təşkil
olunmuşdu.
Ümumiyyətlə,
müharibə illərində universitet əməkdaşlarının
450 çap vərəqi həcmində, o cümlədən,
1941-1942-ci illərdə 70 çap vərəqi, 1943-cü ildə
120 çap vərəqi, 1944-cü ildə 150 çap vərəqi,
1945-ci ildə 110 çap vərəqi həcmində əsərləri
dərc olunmuşdu. "ADU-nun əsərləri"
adı altında filologiya, fizika, riyaziyyat, biologiya, kimya,
geologiya, coğrafiya və tarixə aid xeyli monoqrafiya, dərslik,
dərs vəsaiti, fənn proqramı, metodik göstəriş
və elmi-kütləvi əsərlər nəşr olunurdu.
Qeyd etmək lazımdır ki, universitet oz əsərlərinin
nəşri işində çətinlik çəkirdi.
Universitetin öz mətbəəsi yox idi, onun əsərlərini
"Azərnəşr" çap edirdi. "Azərnəşr" universitetin sifarişlərini
heç də həmişə tam həcmdə yerinə yetirə
bilmirdi. Bu problemi həll etmək üçün
1944-cü ilin mayın 12-də rektor, professor Abdulla Qarayev (o,
1944-cü ildə rektor təyin edilmişdi) SSRİ XKS
yanında Ümumittifaq Ali Məktəb İşləri Komitəsinin
sədrindən universitetdə mətbəə
yaradılmasına icazə verilməsini xahiş etmişdi. 1945-ci ildə universitetdə belə bir mətbəə
yaradıldı.
Müharibə
illərində universitetdə ali məktəblər
və elmi-tədqiqat müəssisələri
üçün elmi-pedaqoji kadrlar hazırlamaq işi ən
mühüm vəzifələrdən biri hesab olunsa da, professor-müəllim
heyətinin sayı tələbata cavab vermirdi. Hətta kafedra
müdirləri arasında da professorların sayı az idi. 1942/43-cü tədris ilində universitetdə
fəaliyyət göstərən 50 kafedradan yalnız 11-nə
professorlar başcılıq edirdilər, digərlərinə dosentlər və dosent əvəzləri,
4 kafedraya isə elmi dərəcəsi olmayan baş müəllimlər
rəhbərlik edirdilər. O dövrdə aspirantura,
dissertantura və doktorantura elmi kadrlar hazırlanmasının əsas
formaları idi. Universitetdə aspirantura
1936-cı ildə yaradılsa da, müharibə başlandıqdan
sonra, əslində, fəaliyyətini
dayandırmışdı. 1941-ci ilin mayından
1943-cü ilin mayınadək aspiranturanı cəmi 29 nəfər
bitirmişdi ki,
onların da 7 nəfəri namizədlik
dissertasiyası müdafiə etmişdi. 14 nəfəri
ordu sıralarına getmiş, 8-i aspiranturadan xaric edilmişdi.
1941-1943-cü illərdə aspiranturaya qəbul
olmamışdı.
1943-cü ilin əvvəlində aspirantura bərpa
olundu. Həmin
ilin fevralında Xalq Maarif Komissarlığı birinci kursa 20
aspirant qəbul etməyə icazə verdi.
Fevralın 2-də aspiranturaya ərizə verənlərin
qəbul imtahanlarına buraxılması üçün
rektor Şamil Əliyevin sədrliyi ilə komissiya
yaradıldı. Marksizm-leninizmin əsasları,
xarici dillər və ixtisas fənləri üzrə imtahan
komissiyaları yaradıldı. Həmin il
aspiranturaya 11 nəfər qəbul olundu, onların 7 nəfəri
azərbaycanlı idi. Əvvəllər
aspiranturadan xaric edilmiş 28 nəfər bərpa olundu. 1944-cü ilin fevralın 1-nə olan məlumata əsasən,
aspiranturada 36 nəfər təhsil alırdı, onların
27-si azərbaycanlı idi. Filologiya fakültəsində
16 nəfər, Fizika-riyaziyyat fakültəsində 5 nəfər,
Biologiya, Tarix və Geologiya-coğrafiya fakültələrinin
hərəsində 3 nəfər, Kimya fakültəsində 2
nəfər, Hüquq və İqtisadiyyat fakültələrinin
hər birində bir aspirant təhsil alırdı. Aspiranturada təhsilin vəziyyəti qeyri-qənaətbəxş
hesab olunurdu. Onlara elmi rəhbərlik sahəsində
işlər pis vəziyyətdə idi. II
və III kursların 14 aspirantından yalnız 3 nəfərinin
elmi rəhbəri professor idi. Qalanlarına
dosentlər rəhbərlik edirdilər. I
kursun bəzi aspirantlarının rəhbərləri yox idi.
Bu nöqsanlar başqa ali məktəblərdə
də var idi. Bununla əlaqədar olaraq, SSRİ Xalq Komissarlar
Soveti yanında Ümumittifaq Ali Məktəb İşləri
Komitəsi 1944-cü il yanvarın 2-də
"Ali məktəblərdə aspirantlar
hazırlanmasını yaxşılaşdırmaq tədbirləri
haqqına" əmr verdi. Əmrdə aspirantları
müsabiqə yolu ilə seçmək, həm də müttəfiq
respublikalarda ali məktəblərin
aspiranturasına yerli millətdən olan şəxslərin qəbul
olunmasına diqqət yetirmək təklif edilirdi. Elmi rəhbərin müsbət rəyi aspiranturaya qəbul
imtahanlarına buraxılmaq üçün mühüm şərt
hesab olunurdu. İxtisas fənni üzrə
qəbul imtahanı əsas hesab olunur və birinci
keçirilirdi. Elmi rəhbər aspirantın işinin
birinci yarımilliyi əsasında onun elmi-pedaqoji fəaliyyətə
yararlı olub-olmaması məsələsini həll edir və
ali məktəbin rəhbərinə
müvafiq rəy təqdim edirdi. Birinci
yarımilliyin axırında elmi rəhbərin rəyi mənfi
olduqda aspirant xaric edilirdi. Elmi rəhbərin
razılığı ilə aspirantlara icazə verilirdi ki,
ştatlı işçilər üçün müəyyən
edilmiş normaların 50 faizindən çox olmayaraq, öz
ixtisası üzrə ödənişli pedaqoji işlə məşğul
olsunlar. Bu və başqa tədbirlər, eləcə də
Azərbaycan bölməsinin aspirantları üçün təhsilin
birinci ilində 136 saatlıq rus dili kursunun və rus bölməsinin
aspirantları üçün Azərbaycan dili kursunun tətbiq
edilməsi alimlər hazırlanması sahəsində işləri
xeyli təkmilləşdirdi. 1945-ci il iyunun
20-nə olan məlumata görə, universitetdə 68 aspirant
var idi. Onlardan 38-i birinci, 24-ü ikinci, 6-sı
üçüncü kursda oxuyurdu. Aspirantların
53 nəfəri azərbaycanlı idi. Aspirantlara
16 professor, o cümlədən, 14 elmlər doktoru, 25 dosent, o
cümlədən, 24 elmlər namizədi rəhbərlik
edirdi. Bəzi ixtisaslar üzrə mütəxəssis
olmadığına görə 22 nəfər aspirant Moskva,
Leninqrad və Tbilisinin müvafiq elm və təhsil müəssisələrinə
göndərilmişdi.
Dissertantura elmi kadrlar hazırlanmasının ikinci yolu
idi. Buraya bir
qayda olaraq, pedaqoji stajı, müstəqil elmi iş aparmaq
qabiliyyəti olan şəxslər cəlb edilirdilər. 1942/43-cü dərs ilində universitetdə 2 nəfər
doktorluq, 11 nəfər namizədlik dissertasiyası müdafiə
etdi. 1944-cü ildə universitetə
doktorluq və namizədlik dissertasiyası üzərində
işləyənlərin Moskvaya elmi ezamiyyətə göndərilməsi
imkanı verilmişdi. Həmin il doktorluq dissertasiyası
üzərində işləmək üçün dosentlər
İbrahim İbrahimov, Ədhəm Şahmalıyev və
T.Q.Paşayev Moskvaya, namizədlik dissertasiyası üzərində
işlərini başa çatdırmaq üçün Q.Məmmədbəyli
İrəvana, Ş.Mirzəyev Moskvaya uzun müddətli
ezamiyyətə göndərildi. 1941-ci ildən
1945-ci ilədək universitetin elmi şurasında 13 doktorluq və
118 namizədlik dissertasiyası müdafiə edilmişdi.
50 milyon insanın məhvinə səbəb
olan amansız müharibə ali təhsilimizin flaqmanı olan
Azərbaycan Dövlət Universitetini ciddi sınağa çəksə
də, onun kollektivi bu ağır sınaqdan şərəflə
çıxdılar, müxtəlif ixtisaslar üzrə xeyli
kadr hazırladılar, beynəlxalq əhəmiyyəti olan bir
sıra kəşflərə imza atdılar.
Misir
MƏRDANOV
AMEA
Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri
doktoru, professor
525-ci qəzet.-
2019.- 5 oktyabr.- S.10-11.