Şəxsiyyətin missiyası və
miqyası
Akademik
İsa Həbibbəyli - 70
Vətənə,
xalqa, onun zəngin mədəniyyətinə, xüsusən ədəbi
düşüncəsinə səmimi bir sevgidən,
çoxsaylı elmi araşdırmaların ərsəyə gəlməsinə
səbəb olan nadir istedaddan və ağır zəhmətdən yoğrulmuş
"İsa Həbibbəyli" imzası son əlli ildə
milli elmi-ədəbi düşüncəmizin, son iyirmi ildə isə, ümumən
ictimai düşüncəmizin əvəzolunmaz faktına
çevrilmişdir.
Bu ad, bu imza yalnız ədəbiyyatşünaslığın
deyil, bütövlükdə bütün istiqamətlər
üzrə müasir Azərbaycan mədəniyyətinin və
ictimai düşüncəsinin, onun daim dəyişmədə
olan canlı proseslərinin, uğur və nailiyyətlərinin,
hətta perspektivlərinin assosiativ işarəsidir.
Akademik
İsa Həbibbəylinin fəaliyyət istiqamətlərini
aşağıdakı kimi nəzərdən keçirmək
olar:
1. Elmi
missiya. Peşəkar ixtisas sahəsi etibarilə
İsa Həbibbəyli ədəbiyyatşünas-alimdir.
O, 1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun Naxçıvan Filialının (hazırda
Naxçıvan Dövlət Universiteti) Azərbaycan dili və
ədəbiyyatı ixtisasını fərqlənmə diplomu
ilə bitirmişdir. Hələ tələbə
olarkən Bakıda, Naxçıvanda və Tbilisidə tələbə
elmi konfranslarında elmi məruzələrlə
çıxış etmiş, dövri mətbuatda ilk elmi məqalələri
çap olunmuşdur. Bu qarşısıalınmaz elmi
ehtiras onu respublikada ədəbiyyat elminin əsas mərkəzi
olan Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna gətirmiş,
"XX əsrin əvvəlləri Azərbaycan romantik
lirikasının sənətkarlıq xüsusiyyətləri"
mövzusunda namizədlik, "Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri" mövzusunda doktorluq
dissertasiyalarını müdafiə etmiş, 1997-ci ildə
professor elmi adını almış, 2001-ci ildə Azərbaycan
Milli Elmlər Akademiyasının müxbir üzvü,
2003-cü ildə həqiqi üzvü seçilmişdir. Alim
müxtəlif problemlərə həsr olunmuş 12 monoqrafik tədqiqatın,
1 dərsliyin, 2 dərs vəsaitinin, 1000-dən çox elmi məqalənin,
27 broşuranın müəllifi, 46 kitabın tərtibçisi,
çoxsaylı kitabların redaktoru və elmi məsləhətçisidir.
Onun əsərləri ABŞ, Çin, Rusiya, Almaniya, Fransa,
Türkiyə, Polşa, Macarıstan, Bolqarıstan, İran,
İraq, Ukrayna, Monqolustan, Qazaxıstan, Özbəkistan, Cənubi
Koreya, Litva, Şimali Kipr, Gürcüstan, Türkmənistan
kimi ölkələrdə nəşr edilmişdir. O, beynəlxalq
səviyyəli qurultay, simpozium, konfranslarda aktual mövzularda məruzələrlə
çıxış edərək Azərbaycan elmini yüksək
səviyyədə təmsil etmişdir.
Görkəmli bir ədəbiyyatşünas alim kimi
İsa Həbibbəylinin yaradıcı stixiyası öz əsasını
görkəmli ədəbiyyatşünas alim Məmməd Cəfər
Cəfərovun mənəvi-intellektual dünyasından
götürmüş və bu amil İsa Həbibbəylinin
elmi təfəkkürünün tipologiyasının müəyyənləşməsində
həlledici rol oynamışdır. İsa Həbibbəyli
özünün "XX əsrin əvvəlləri Azərbaycan
romantik lirikası" mövzusunda namizədlik
dissertasiyasını yazarkən Məmməd Cəfər Cəfərovun
artıq özünün məşhur "Azərbaycan ədəbiyyatında
romantizm" monoqrafiyasını nəşr etdirmişdi. Təbiidir ki, belə bir monoqrafiyadan sonra bu sahədə
yeni söz demək o qədər də asan bir məsələ
deyildi, hətta qeyd edək ki, xüsusi bir cəsarət tələb
edirdi. Lakin İsa Həbibbəyli həmin dövr
üçün, indinin özündə də xüsusi elmi
aktuallıq kəsb edən bu elmi problemin elə aspektlərini
fərqli nəzəri-metodoloji
baxış bucağından tədqiq edir ki, bu tədqiqatın
orijinallığı və ədəbiyyatşünaslığımızın
inkişafında rolu elə ilk növbədə Məmməd
Cəfər Cəfərovun özü tərəfindən
etiraf və təsdiq olunur. İsa Həbibbəyli ilk dəfə
olaraq müəyyən edir ki:
Hüseyn Cavid romantik-fəlsəfidir! Hadi
romantik-publisistdir! Abbas Səhhət lirik-romantikdir! Abdulla
Şaiq romantik-realistdir! Belə hökm-imperativlər texniki fənlərdə,
xüsusən riyaziyyatda gərgin elmi axtarışların
çoxparametrli arqumentlərinin lakonik düsturda ifadə olunan yekun
nəticələrinə bənzəyir. Bu, hər
bir ədəbiyyatşünasdan riyazi məntiqlə
düşünmək universallığı tələb edən
xüsusi bir haldır. Görünür, neçə
onillər sonra İsa Həbibbəyli tərəfindən
bütün respublika miqyasında mühüm bir humanitar hərəkat
səviyyəsinə qaldırılan "Fizika və
lirika" qoşaqanadlılığının ideya əsasları
elə o dövrdən formalaşmağa
başlamışdır.
İsa Həbibbəylinin elmi araşdırmaları
üçün xarakterik olan bir mühüm cəhətin də
üzərində dayanmaq istərdik. O, tədqiq etdiyi ədiblərin
yaradıcılığını sadəcə olaraq soyuq elmi
məntiqin predmetinə çevirməklə kifayətlənmir.
Alim bu ədiblərin hər biri ilə mənəvi
bir ünsiyyətə girir. Məhz belə
mənəvi ünsiyyətin nəticəsidir ki, İsa Həbibbəyli
klassiklərdən yaza-yaza özü də klassikləşir.
İsa Həbibbəyli bu klassiklərin bədii
irsini tədqiq edə-edə onlara ideya-mənəvi cəhətdən
dərindən bağlanır və bu bağlılıq onun
şəxsiyyətinin formalaşmasında həlledici rol
oynayır.
Milli mədəniyyətimizin hadisəsi səviyyəsinə
yüksəlmiş, yaradıcılığı ilə
bütöv bir ədəbi epoxanın əsasını
qoymuş Cəlil Məmmədquluzadə fenomeni İsa Həbibbəyli
yaradıcılığının əsas intellektual
ağırlıq mərkəzini təşkil edir desək, yəqin
ki, yanılmarıq. Alimin "Cəlil
Məmmədquluzadə: mühiti və müasirləri"
mövzusunda uğurla müdafə etdiyi doktorluq
dissertasiyası onun bu istiqamətdəki uzun illik gərgin elmi
axtarışlarının nəticəsi olaraq meydana gəlmişdir.
Cəlil Məmmədquluzadənin istər
bioqrafik, istər semantik baxımdan öyrənilməsi istiqamətində
İsa Həbibbəylinin gördüyü işləri,
mübaliğəsiz demək olar ki, heç bir tədqiqatçının
əməyi ilə müqayisə etmək mümkün
deyildir. Onun tədqiqatlarında tənqidi
realizmin ideya-estetik əsasları, konkret milli spesifikası
öyrənilmişdir. İlk dəfə
olaraq Molla Nəsrəddinçiliklə Füyuzatçılıq
arasında əlaqələrin ümumi cəhətləri
müəyyənləşdirilmişdir.
Cəlil
Məmmədquluzadənin bioqrafiyası ilə bağlı bir
sıra çoxsaylı faktlar, xüsusən ədibin sovet
dövrü həyatı və yaradıcılığı
ilk dəfə
dövrün ümumi ictimai hadisələri və
ideoloji baxışları kontekstində obyektiv olaraq dəyərləndirilmişdir.
Nəhayət, Cəlil Məmmədquluzadənin
yeni əsərləri tapılıb üzə
çıxarılmış və nəşr edilmiş,
yazıçının nəsil səcərəsi, Fransada,
Polşada və İranda yaşayıb-yaradan nəslinin
davamçıları müəyyənləşdirilmişdir.
İsa Həbibbəylinin professional ədəbiyyatşünas
kimi özünəməxsus cəhətlərindən biri, tədqiqatçıların
da dəfələrlə qeyd etdiyi kimi, onda ədəbiyyat nəzəriyyəçiliyi
və ədəbiyyat tarixçiliyinin bir-biri ilə
qırılmaz surətdə vəhdətidir. Məlumdur ki,
bizdə, adətən, nəzəri ümumiləşdirmələrə,
analitik təhlillərə meylli olanlar fakt və təfərrüatlara
biganəliyi ilə seçilirlər. Faktlarla
işləməyə, illərlə arxivlərdə
çalışmağa vərdiş edənlərdə isə
nəzəri təfəkkür qıtlığı həmişə
mühüm bir "defisit" kimi özünü hiss etdirir.
İsa Həbibbəyli nadir alimlərimizdəndir
ki, bu iki istiqamət onun əsərlərində üzvi şəkildə
vəhdətdədir. Həm də İsa
Həbibbəyli hər iki istiqamət üzrə öz
işini məhz peşəkar səviyyədə
reallaşdırmağı bacaran bir alimdir. Məsələn, ədəbiyyat tarixçiliyi
istiqamətində o, heç zaman asan işdən
yapışmır, artıq ədəbiyyat tarixi
üçün məlum olan faktların təkrarlanması
kimi trafaretizmlə məşğul olmur. Onun
ədəbiyyat tarixçiliyi istiqamətindəki hər bir fəaliyyəti
neçə-neçə tədqiqat istiqamətlərinin
meydana gəlməsinə səbəb olan yeni bir faktın elmi
fikir dövriyyəsinə daxil edilməsi ilə nəticələnir.
O, bəzən, bir faktın dəqiqləşdirilməsi, bir əsərin
müəllifinin müəyyənləşdirilməsi
üçün hətta fiziki mənada ağır məşəqqətlərə
mətanətlə sinə gərir. Nəticədə ədəbi
düşüncəmizin az tanınmış
nümayəndələrinin
yaradıcılığının təbliğində,
onların tanıdılmasında alim olmaqla yanaşı, bir vətəndaş-ziyalı
missiyası da reallaşmış olur.
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Azərbaycan
ədəbiyyatı tarixinin dövrləşdirilməsi
xüsusi yer tutur. Məlum olduğu kimi, milli ədəbiyyatşünaslıq
tariximizdə ən avtoritet simalar bu problemə öz
münasibətlərini bildirmiş, məsələyə
aydınlıq gətirməyə
çalışmışlar. Lakin
açıq etiraf edək ki, problem normativ səviyyədə
həllini tapmamışdır. Nəticədə
marksist formasiyalar nəzəriyyəsinə əsasən sadə
tarixi xronoloji ardıcıllıq müəyyən
olunmuşdur: qədim dövr Azərbaycan ədəbiyyatı,
orta əsrlər Azərbaycan ədəbiyyatı, XIX əsr
Azərbaycan ədəbiyyatı, XX əsrin əvvəlləri
Azərbaycan ədəbiyyatı, Azərbaycan Sovet ədəbiyyatı,
müstəqillik dövrü Azərbaycan ədəbiyyatı.
Bu model isə heç bir halda ədəbi tarixi
prosesi bütün parametrləri üzrə əks etdirmək
gücündə olmamışdır. İsa Həbibbəyli
ilk dəfə olaraq
müəyyənləşdirmişdir ki, dövrləşmənin
dəqiq modelinin alınması ilk növbədə bu dövrləşməni
şərtləndirən prinsiplərin müəyyənləşməsindən
asılıdır. Və o, haqlı olaraq
dövrləşmə prosesində 1. Sivilizasiya
amili; 2. Ədəbi-tarixi proseslərin
reallıqları; 3. Azərbaycanda ədəbi
cərəyanlar; 4. Azərbaycançılıq
məfkurəsi kimi meyarlardan çıxış etmişdir.
Bu konsepsiyada ədəbi mərhələlər: qədim
dövr Azərbaycan ədəbiyyatı, ortaq yazılı ədəbiyyat mərhələsi,
intibah dövrü Azərbaycan ədəbiyyatı (XI-XII əsrlər),
orta əsrlər Azərbaycan ədəbiyyatı (XIII-XVI əsrlər),
erkən yeni dövr Azərbaycan ədəbiyyatı (XVII-XVIII
əsrlər), Azərbaycan ədəbiyyatının
maarifçi realizm dövrü (XIX əsr), tənqidi realizm və
romantizm epoxası (XIX əsrin 90-cı illərindən 1920-ci
ilədək), sosialist realizmi mərhələsi
(1920-1960-cı illər), milli özünüdərk və
istiqlal ədəbiyyatı dövrü (1960-1990), müstəqillik
dövrü çoxmetodlu ədəbiyyat mərhələsi.
Tədqiqatda hər bir mərhələnin də
olduqca mürəkkəb olan daxili yarımmərhələləri
də müəyyənləşdirilmişdir. Heç şübhəsiz ki, yeni dövrləşdirmə
konsepsiyası Azərbaycan ədəbi-mədəni fikir
tarixinin daha sistemli şəkildə öyrənilməsində,
xüsusən sanballı ədəbiyyat tarixlərinin
yazılmasında mühüm rol oynayacaqdır.
2. Pedaqoji
missiya. İsa Həbibbəyli sözün həm
həqiqi, həm də məcazi mənasında həm də
Müəllimdir. Onun həyatının kəmiyyət
və keyfiyyət baxımından olduqca əhəmiyyətli
bir hissəsi məhz pedaqoji fəaliyyətə həsr
olunmuşdur. O, uzun illər ali məktəbdə "XX
əsrin əvvəlləri Azərbaycan ədəbiyyatı"
və "Ədəbiyyat nəzəriyyəsi" fənlərindən
dərs demiş, neçə-neçə tələbənin
qəlbində ədəbiyyata sevgi atəşi yandırmış,
bununla da yeni-yeni ədəbiyyatşünaslar nəslinin
yetişməsi istiqamətində müstəsna xidmətlər
göstərmişdir. Bu istiqamətdəki elmi-pedaqoji fəaliyyətin
nəticəsi olaraq o, ədəbiyyatşünaslıq sahəsində
olduqca mühüm əhəmiyyət daşıyan ali məktəblər üçün
"Ədəbiyyat nəzəriyyəsi" dərs vəsaiti
yazıb nəşr etdirmişdir. Onun digər
bir mühüm dərs vəsaiti "XX əsrin əvvəlləri
Azərbaycan yazıçıları" kitabıdır ki,
bu dərslik dünyanın bir sıra dillərinə tərcümə
olunmuşdur.
İsa Həbibbəylinin elmi-pedaqoji fəaliyyətindən
danışarkən onun yüksəkixtisaslı kadr
hazırlığı sahəsində xidmətlərini də
xüsusilə qeyd etmək lazımdır. O, 7 elmlər doktoru və 29
fəlsəfə doktorunun elmi rəhbəri olmuşdur ki,
onların böyük əksəriyyəti öz imzası,
öz dəsti-xətti olan ədəbiyyatşünas alimlər
olaraq bu gün "akademik İsa Həbibbəyli elmi-ədəbi
məktəbi"ni ölkədə və xaricdə layiqincə
təmsil edirlər.
Akademik İsa Həbibbəylinin təşkilati-pedaqoji fəaliyyəti
onun Naxçıvan Dövlət Universitetindəki rəhbərlik
fəaliyyəti ilə bağlıdır. Naxçıvan Dövlət
Universitetində uzun illər çalışmış
İsa Həbibbəyli 1991-ci ildə elmi işlər üzrə
prorektor vəzifəsinə, 1996-cı ildə isə rektor vəzifəsinə təyin
edilmişdir. İsa Həbibbəylinin
Naxçıvan Dövlət Universitetinə rəhbərlik
etdiyi 1996-2013-cü illəri, sözün həqiqi mənasında,
universitet üçün intibah mərhələsi hesab etmək
mümkündür.
3. Elmi-təşkilati
missiya. 2013-cü il akademik İsa Həbibbəylinin
bioqrafiyasında mühüm bifurkasiya nöqtəsidir desək,
yanılmarıq. Fəlsəfədə zamanın
keçmişinin, indisinin və gələcəyinin bir
nöqtəyə yığıldığı, gələcək
üçün potensial inkişaf ssenarilərinin seçim
anı kimi metaforalaşdırılan "bifurkasiya"
anlayışını fərdi bioqrafiyalara şamil edərkən
onu "tale seçimi" kimi də dəyərləndirmək
mümkündür. İsa Həbibbəylinin bioqrafiyası
üçün belə bir seçim anı məhz
2013-cü il oldu. Həmin il o, Azərbaycan
Milli Elmlər Akademiyasının ictimai və humanitar məsələlər
üzrə vitse-prezidenti seçildi və elə həmin ildən
respublikada ədəbiyyat elminin əsas mərkəzlərindən
olan Nizami adına Ədəbiyyat İnstitutunun direktoru vəzifəsini
də icra etməyə başladı. Bununla da əvvəllər
İsa Həbibbəylinin, əsasən, Naxçıvan
Dövlət Universiteti miqyasında özünü gerçəkləşdirən
təşkilati-pedaqoji fəaliyyəti elmi-təşkilati fəaliyyətlə
əvəzlənərək bütövAkademiya, o cümlədən,
respublika miqyasını əhatə etməyə və həmin
miqyaslarda da geniş rezonans verməyə başladı. Bu məqamda bir məsələni xüsusi qeyd etmək
istərdik. İsa Həbibbəylinin Akademiya rəhbərliyinə
seçilməsi bütövlükdə AMEA-nın prezidenti,
akademik Akif Əlizadənin rəhbərliyi ilə elmi fəaliyyət
sahəsində köklü islahatlara start verilməsi ilə
eyni dövrə təsadüf edir. Və hesab
edirik ki, bu, İsa Həbibbəylinin elmi-təşkilati fəaliyyətinin
kəmiyyət və keyfiyyətinə əhəmiyyətli təsir
edən amillərdən biridir. Akademik Akif Əlizadə
2013-cü ildə Akademiyanın prezidenti seçilərkən
elan etdi ki,
Azərbaycan elmində bütün istiqamətlər üzrə
ciddi modernləşməni təmin etmək, necə deyərlər,
elmi XXI əsrin qlobal çağırışlarına
uyğunlaşdırmaq qarşıda duran əsas vəzifələrdəndir.
O bəyan etdi ki, XXI əsr "elm, təhsil və
iqtisadiyyatın vəhdəti"
üçbucağının qurulmasını, innovativ fəaliyyət,
fundamental araşdırmalarda multidissiplinarlıq tələb
edir. O bəyan etdi ki, elmi prioritetlər yenidən müəyyənləşdirilməli,
elmin maddi-texniki bazası, infrastrukturu bu prioritetlərə
uyğun yenidən qurulmalıdır. O bəyan etdi ki, Azərbaycanın
elmi gəncliyi dünyaya inteqrasiya olunmalıdır,
çünki intellekt işığı sivil dünya elmindədir.
Və bütün bunlar yalnız şüar
olaraq qalmadı. Bu ideyalar
işığında ciddi bir hərəkat başlandı.
Sözün həqiqi mənasında, elm hərəkatı.
Bax həmin mərhələdə bu hərəkatın ən
mühüm istiqamətlərindən birini ictimai-humanitar elm
sahəsindəki islahatlar təşkil edirdi ki, həmin mərhələdə
məhz bu ağırlığın altına İsa Həbibbəyli
öz çiyinlərini verdi.
İsa Həbibbəylinin
rəhbərliyi ilə son yeddi ildə Azərbaycanda ictimai və
humanitar elmlərin dünyanın müasir
çağırışlarına
uyğunlaşdırılması, sovet dövründən
qalmış ideoloji trafaretlərdən uzaqlaşması, onun
beynəlxalq elmi əlaqələrinin inkişaf etdirilməsi,
dövlətin sosial-iqtisadi, mədəni-mənəvi və
ideoloji işlərinə ictimai və humanitar elmi
araşdırmaların cəlb edilməsi istiqamətində
olduqca mühüm tədbirlər həyata
keçirilmişdir və bu işlər davam etdirilməkdədir.
İctimai və humanitar elm sahələrində prioritetlərin
yenidən müəyyənləşdirilməsi, bu istiqamətdəki
elmi müəssisələrin strukturunun
optimallaşdırılması, kadr potensialı-nın
gücləndirilməsi, ümumən iş prosesinin
canlandırılması İsa Həbibbəylinin son illər ərzində
yorulmadan, ardıcıl və məqsədyönlü olaraq həyata
keçirdiyi elmi-təşkilati işlər
sırasındadır.
Təbiidir ki, bir şəxsin tarix, iqtisadiyyat, fəlsəfə,
folklor, ədəbiyyat sahələrinin hamısını
peşəkar səviyyədə bilməsi mümkün
deyildir. Lakin İsa Həbibbəyli ümumnəzəri-metadoloji
yanaşma bazası hesabına bütün bu elm sahələrinin
problemlərinə dərindən nüfuz etməyi, onları
uğurla koordinasiya etməyi bacarır. Hesab
edirik ki, onun təşkilatçılığı bir tərəfdən,
yuxarıda da qeyd edildiyi kimi, intellektual bazadan, nəzəri-metodoloji
əsasdan qaynaqlanır, digər tərəfdən də ciddi
stixial əsasa dayanır. Bizcə, onun
şəxsiyyətinə məxsus iki cəhət - birincisi,
aşıb-daşan fəaliyyət enerjisi, ikincisi isə hər
kəsi özünə cəlb edən inteqrativ ruh bu təşkilatçılığın
stixial əsasını təşkil edir. İsa
Həbibbəyli yorulmadan sevgi ilə fəaliyyət göstərir.
Onun iş qrafiki heyrətamiz dərəcədə
sıxdır. Onun Akademiya Rəyasət Heyətinin
binasında yerləşən iş otağının pəncərəsindəki
işığın şölələri bəzən gecə
yarısına qədər sönmür və bu
işığın şölələri bütün
respublika miqyasında elmi-ədəbi mühitimizin bir çox
qaranlıqlarının aydınlanmasında müstəsna rol
oynayır.
Onu da qeyd
etmək istərdik ki, iş qrafikinin belə
sıxlığına baxmayaraq, İsa Həbibbəyli müqəddəs elm məbədi
Akademiya ilə bağlı filmin ssenarisini yazmağa da,
Akademiya marşının sözlərini bədii üslubda ərsəyə
gətirməyə də vaxt tapır. Həm də
bütün bu işləri o, xüsusi bir sevgi ilə, necə
deyərlər, qəlbinin yağını əridərək
edir.
İsa Həbibbəylinin
Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru kimi elmi-təşkilati fəaliyyəti
hesab edirik ki, onun bioqrafiyasında ayrıca bir istiqaməti təşkil
edir. Məlumdur ki, Nizami adına Ədəbiyyat
İnstitutu XX əsr Azərbaycan humanitar elmi təfəkkürünün
inkişafında mühüm rolu olan neçə-neçə
imzaları özündə birləşdirir. Əlbəttə,
belə bir elm ocağına rəhbərlik etmək o qədər
də sadə məsələ deyil. İsa
Həbibbəylinin İnstituta rəhbərlik etdiyi dövr,
sözün həqiqi mənasında, bu elmi müəssisənin
taleyində xüsusi bir mərhələ təşkil edir.
Hazırda istər elmi problemlərin yenidən
müəyyənləşdirilməsi, istər strukturun optimallaşdırılması,
istər institutun maddi-texniki bazasının müasir standartlar
səviyyəsinə yüksəldilməsi istiqamətində
olduqca çoxsaylı tədbirlər həyata keçirilməkdədir.
Onun təşəbbüsü
və səyləri nəticəsində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda zəruri
struktur islahatları aparılmış, yeni elmi tədqiqat
şöbələri, sektorlar və mərkəzlər
yaradılmışdır. Məsələn, bu
elmi müəssisədə "Ədəbiyyatşünaslıq,
plyus" Yaradıcılıq Birliyi
yaradılmışdır ki, bunu ədəbiyyatşünaslıq
elminin sistemli şəkildə və yeni təfəkkür əsasında
öyrənilməsi ilə bağlı mühüm addım
hesab etmək olar.
Onu da qeyd
etmək lazımdır ki, məhz İsa Həbibbəylinin səyləri
nəticəsində "AMEA-nın Humanitar Elmlər Bölməsinin
"Filologiya və sənətşünaslıq"
(keçmiş "Xəbərlər"), "Azərbaycan
ədəbiyyatşünaslığı" (keçmiş
"Ədəbiyyat məcmuəsi"), "Poetika.izm",
"Müqayisəli ədəbiyyatşünaslıq"
(keçmiş "Ədəbi əlaqələr")
jurnalları yeni mərhələdə tamamilə yeni
biçimdə oxucuların ixtiyarına verilmişdir.
Onu da qeyd
edək ki, İnstitutda akademik İsa Həbibbəylinin rəhbərliyi
ilə "Azərbaycan ədəbiyyat tarixi" oncildliyinin
birinci cildi, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
iki cildliyi, "Ədəbi proses" elmi müşavirəsinin
materialları beş cilddə çap edilib oxuculara
çatdırılmış, "Mirzə Fətəli
Axundzadə" ensiklopediyası, "Molla Nəsrəddin"
ensiklopediyası, "Gülüş antologiyası"
hazırlanmışdır.
4.
İctimai-ideoloji missiya. Akademik İsa Həbibbəyli
həm də respublikada kifayət qədər böyük
nüfuza malik olan tanınmış ictimai xadimdir. O,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin (1997-2005),
III (2005-ci il), IV (2010-cu il) və V
çağırış (2015-ci il) Azərbaycan
Respublikası Milli Məclisinin deputatı, Azərbaycan
Respublikası Milli Məclisinin Elm və təhsil komitəsinin
sədridir. Türklərin ifadəsi ilə desək,
İsa Həbibbəyli öz fəaliyyəti ilə
bütün bu rəsmi vəzifələrin haqqını
bütün tamlığı ilə verməkdədir. Bircə faktı qeyd etmək istərdik. Məlumdur ki, müstəqillik illərində Azərbaycanda
elmi fəaliyyət uzun illər qeyri-hüquqi müstəvidə
fəaliyyət göstərmişdir. Məhz İsa Həbibbəyli
Milli Məclisdə Elm və təhsil komissiyasının sədri
olduqdan sonra, necə deyərlər, bu sahədə buz əriməyə
başladı, elm və təhsilin normativ hüquqi
bazasının formalaşdırılmasında mühüm
rol oynayan, bu sahədə hüquqi münasibətləri tənzimləyən
mühüm dövlət sənədi "Elm
haqqında", Azərbaycan Respublikası Qanununun,
"AMEA-nın Nizamnaməsi"nin hazırlanması və qəbul
edilməsi reallaşdı. Qeyd edək ki,
bilavasitə İsa Həbibbəylinin rəhbərliyi ilə
hazırlanan "Elm haqqında" Azərbaycan
Respublikasının Qanunu elm və təhsilin inteqrasiyası
üçün yeni üfüqlər
açmışdır. Biz hesab edirik ki,
bu Qanun istər təhsildə, istərsə də elmi fəaliyyət
sahəsində bir sıra nailiyyətlərin əldə edilməsinə
olduqca müsbət təsir göstərəcəkdir.
Bundan əlavə, "Məktəbəqədər təhsil
haqqında", "Peşə təhsili haqqında",
"Ümumi təhsil haqqında" Qanunların da qəbulu
İsa Həbibbəylinin xüsusi xidmətlərinin nəticəsidir.
Akademik İsa Həbibbəylinin elmi yaradıcılığının və ictimai fəaliyyətinin əsas ideoloji paradiqması azərbaycançılıq və milli dövlətçilik təlimidir ki, onun üzrəində də xüsusi olaraq dayanmaq lazımdır. Bu ideologiya onun istər elmi yaradıcılığından, istərsə də ictimai fəaliyyətindən qırmızı bir xətlə keçir. Alim bu ideologiyanı aşağıdakı kimi düsturlaşdırır: "Azərbaycançılıq - milli düşüncənin və Vətən anlayışının bir yerdə qavranılması təlimi olaraq, xalqın və ölkənin milli maraqlarının, maarifçilikdən milli azadlıq ideyalarına, istiqlal mübarizəsi düşüncəsinə, dövlət müstəqilliyi şüuruna qədərki bütün ideallarının ədəbiyyatın canında və qanında olmasını qaçılmaz həyati tələbat səviyyəsinə qaldıran ümummilli məfkurədir".
Milli dövlətçilik təfəkkürü ilə elmi analitik təfəkkür İsa Həbibbəylinin təfəkküründə elə üzvi şəkildə sintez olunmuşdur ki, onları bir-birindən ayrı təsəvvür etmək mümkün deyil. O, bir vətəndaş-ziyalı olaraq yaxşı başa düşür ki, ideologiyada milliliyin nisbəti ilə dövlətçilikdə müstəqilliyin nisbəti bütün hallarda bir-birinə düz mütənasibdir. İndi dövlətçilikdə müstəqilliyə müdaxilənin müxtəlif adlar altında ideologiyada milliliyə müdaxilədən başlaması, necə deyərlər, çoxdan "dəbə çevrilmiş"dir. Belə bir şəraitdə İsa Həbibbəylinin Azərbaycançılığın keşiyində ayıq-sayıq dayanması, ardıcıl olaraq onun milli dövlət ideologiyası statusunda təhlil və təqdim etməsi yalnız elmi və mədəni deyil, ictimai-siyasi baxımdan da olduqca xüsusi əhəmiyyətə malikdir.
Azərbaycançılıq ümummilli məfkurəsini canında-qanında daşıyan İsa Həbibbəylinin yaradıcılığında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin dövlətçilik fəaliyyətinin tədqiqi və təbliği də mühüm istiqamətlərdən birini təşkil edir. Alimin Ulu Öndər Heydər Əliyev haqqında qələmə aldığı "Heydər Əliyevin həyatı və fəaliyyətinin Naxçıvan dövründə Naxçıvan Dövlət Universiteti" (1998), "Heydər Əliyev və Naxçıvan Dövlət Universiteti" (2002), "Heydər Əliyev dövlətçilik təlimi və müasir dövr" (2013), "Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala" (2018, 2 cilddə, kollektiv) kitabları bu dahi dövlət adamının obrazını bütün əzəməti ilə gözlərimiz önündə canlandırır. Xüsusi qeyd etmək lazımdır ki, İsa Həbibbəyli Heydər Əliyevi Azərbaycançılıq konsepsiyası işığında təhlil və təqdim edir. İsa Həbibbəylinin ölkəmizin ayrılmaz parçası olan qədim Naxçıvan diyarının tarixinə və ədəbi-mədəni mühitinə həsr etdiyi əsərlər onun azərbaycanşünaslıq tədqiqatlarını zənginləşdirir və tamamlayır.
Bu gün yetmiş illik zirvə məqamına qədəm qoyan İsa Həbibbəyli ömrünün əlli ildən artıq bir dövrünü elmimizin, mədəniyyətimizin, ictimai həyatımızın xaosunun harmoniyaya çevrilməsinə, respublika miqyasında intellektual-mənəvi nizamın keşiyində dayanmağa, mədəniyyətdə olan mənəvi dəyərlərin müasir milli şüur dövriyyəsinə daxil edilməsinə, milli ideologiyanı, dövlətçilik şüurunu qorumağa və inkişaf etdirməyə həsr etmişdir. Tarixin təcrübəsi sübut edir ki, missiya daşıyıcısı olan şəxsiyyətlər hansı fəaliyyət sahəsi ilə məşğul olmalarından asılı olmayaraq onlar həmişə vahid amala xidmət edirlər. İsa Həbibbəylinin tarixi taleyi də belədir. O, nədən yazmasına baxmayaraq, hansı xarakterli fəaliyyətlə məşğul olmasından asılı olmayaraq həmişə "Azərbaycan" adlanan müqəddəs dəyərə, onun qədim və zəngin mədəniyyətinin, ədəbiyyatının tədqiqinə, təbliğinə, dövlətçilik şüurunun inkişafına xidmət etmişdir. Bu, müasir Azərbaycan ictimai və humanitar düşüncəsi müstəvisində İsa Həbibbəylinin ardıcıl olaraq gerçəkləşdirdiyi missiyadır. Onun şəxsiyyətinin miqyasını da məhz bu missiya müəyyənləşdirir. Biz arzu edirik ki, akademik İsa Həbibbəyli həmin missiyasını bundan sonra da uğurla davam etdirsin.
Sərxan
XAVƏRİ
Filologiya
üzrə fəlsəfə doktoru, dosent
525-ci qəzet.- 2019.- 9 oktyabr.- S.14-15.