Köhnə dərdlərin təzə təqdimatı   

 

ya yuxularınızı qarışdırmayın

 

 

"Yuxumda bir qəbir gördüm,

qazılmamışdı

Yuxumda bir şeir gördüm,

yazılmamışdı".

 

Vaqif Səmədoğlu

Cəfər Cabbarlı qələminin qüdrəti

İctimai-iqtisadi formasiyaların burulğanları, müvəqqəti eyforiyaların dalğası zaman-zaman klassik sərvətimizi haq-nahaq gözdən salmaq cəhdinə yönəldisə də, qranit özüllü söz abidələri "yel qayadan nə aparar" həqiqətinin işığında əzəmətini daha da artırdı. Qısa, amma mənəvi-ruhi qidası, zəka işığı ilə neçə-neçə ömrə bərabər faydalı həyat yaşamış böyük Cəfər Cabbarlı el hikmətini, mifoloji qatdan gələn xalq düşüncəsini, mifik fəlsəfəni bəşəri dəyərlərlə birləşdirib. Onun qəhrəmanları müsbəti, mənfisiynən güclüdürlər. Obrazları mükəmməl struktura malikdir, hər birinin tarixi, ətrafa münasibəti, ab-havası, yeriş-duruş tərzi, tipologiyası var. Personajların bioloji natamamlığı belə havada qalmır, mənəvi dünyasının məntiqi ilə uyuşur.

...Və nəhəng söz ustasının yazdığı "Solğun çiçəklər" 103 ildən sonra rejissor Elşən Zeynallını öz ahənrübası ilə çəkdi.

Qaranlığın iri planı və rejissorun "qısası"

Elşən Zeynallının yozumunda varlı malikanə arxa plana atılıb. Hadisənin, daha doğrusu, faciənin səbəbi kimi. Nəticə isə göz qabağında: avansəhnədə.

Hər şey məgər bu məlun mal-mülkə hərislikdən başlamadımı? Faciəni yaradan səbəb haqqında arayışdan çıxarışdır baxdıqlarımız, gördüklərimiz.

Və bu evin qapısı ancaq şər qüvvələrə açılır. Bura qaranlığın, zülmətin məkanıdır, məkrlərin hazırlanıb süfrəyə gətirildiyi əbləhliklər mətbəxidir. Xislətlərin çirkab dozasının ölçüldüyü, aşağı faiz göstərdikdə, yetərincəyə qədər doldurulacağı bazadır.

Balkon çarəsizlərin, zavallıların yuxarıdan aşağı seyr edilib qəhqəhə çəkildiyi müşahidə qülləsidir. Bu, yalnız Bəhramda istisnadır; o dilemma əzintisində vicdan əzabı çəkir. Fəqət, içərinin zülməti onun zillətlərə qarşı açılmaq, yumşalmaq istəyən qəlbinə qaramatlıq çökdürür.

Ekspozisiya açıldıqca malikanənin mənəvi planı daha da uzaqlaşır. Çünki bir azdan bu məkan xarabaya çevriləcək.

Elə rejissor da bunu hayqırmaq istəyir: "Dəyərmi? Bundan ötrümü heysiyyatınızı, şərəfinizi çeynəyir, bir-birinizin qanını içirsiniz?"

Elşən televiziyadan, kino istehsalatından gəlib teatra. Bu sferanın şüuraltı vərdişi, yanaşma forması, özünüifadə metodikası açıq-aydın sezilir. Amma özünü doğruldur da. Quruluşçu rejissor ilk növbədə aktyorların oyun tərzində kino estetikasını ala bilib. Gərgin situasiyalar, konfliktli epizodlar, ölüm səhnələri bir kameranın obyektivindən izlənilən və nəfəs dərmədən çəkilən iri və orta planların dəqiqliklə əvəzlənməsi ilə təqdim olunur. Bəzi məqamlarda rapid effektləri həyacanları, emosional təsiri daha da artırır. Gəliş və pərdələr arası ayırmalar, ekranın qaraya gedib yenidən açılması da məlum stilistikanın təzahürüdür.

Tamaşada işıq oyunundan xəsisliklə istifadə olunub. Çünki burada işıq rejissor traktovkasına xidmət edən komponent statusundan daha çox obrazların xislətlərinə yönəlik rəng çalarına uyğundur.

Elşən Zeynallı Cəfər Cabbarlının orijinal əsərində qəbahət sayılmayacaq və etik çərçivəni aşmayacaq dərəcədə bəzi dəyişikliklər edib. Əslində, dəyişiklik də saymaq olmaz, ədəbi materialın rejissor əlində ovxalanmış normal halıdır. Pyesdən fərqlı olaraq, tamaşada demək olar ki, hər kəs ölür. Mülk viranə qalır. Rejissor müəllifin də ürəyini ağrıtmış mövzudan, onun qələminə əzab verən qəhrəmanlardan qısas alır, üsyanını şüara çevirir: "Saxta məhəbbət, hiylə təməli üstündə qurulan səadət evi dağılmağa məhkumdur. Başqasının ahı üzərinə xoşbəxtlik baş tuta bilməz".

Səhnədəki ölüm epizodlarının texniki həllinin mükəmməlliyindən özgə, həm də bu ölümlər və elə ölümdən betər yoxolmalar, əşxasdan çıxmalar rəmzi-riyazi dəqiqliyə hesablanıb.

Gülnisə qazamata salınır, nəfsinin qaramatlığı ilə böyütdüyü qaranlıq onu udur. Pəri Bəhram tərəfindən boğulur, avansəhnədə, tamaşaçının nifrət ekranında, ayaqlar altında cəsədi qalır. Bəhram da sevgisini qurban verdiyi malikanə divarı ilə sevgi xatirələri arasında, məchul keçiddə, diriliklə ölümün sərhədində öldüsü, qaldısı məlum olmayan bir heç kimi sürünür. Fəqət, Sara ilə Əbdülün ölüm məkanları tam fərqlidi. Onların heysiyyatı ayaqlar altında tapdansa da, ömürlərinin son akkordları ucalıqda vurulur.

Şər obrazların başı üstündə əbədiyyət tablosuna, insanı duyğular palitrasına rəng qatırlar.

 

Bədii tərtibatda, dekorasiyada pillələrə dayaq olaq kiçikhəcmli meydança həm də rejissor traktovkasında katarsis hücrəsidir.

Sirinsimiş dərd ağacı - Əbdül

Yox, əsla məni "əsas obrazlar qalıb, niyə məhz Əbdül" sualı ilə qınamağa tələsməyin.

Saranın yeganə pasibanı Əbdül əmi rejissor versiyasında təhkiyəçidir. Bütün dövrlər üçün səciyyəvi ola biləcək kədərli məhəbbət hekayətini ürəyinin qanı ilə daşa-divara yazır. Yazır ki, sərvəti, şöhrəti saf eşqdən üstün tutanlara ibrət olsun. Amma dərdi bitmir və özü iki saat boyunca dönüb dərd ağacı olur - sirinsimiş dərd ağacı. Dərd ağacının yükünü daşımaq, təhkiyənin əzabına qatlaşmaq bir yana, onu tamaşaçıya çatdırmaq əməkdar artist İzaməddin Bağırovun oyun tərzində çox təbii, inandırıcı boyalarla verilir. Adətən oynadığı rollarda aqressiv, dəlisov cizgiləri, ya da lirik-psixoloji komediya, bəzən də sarkastik oyun tərzi ilə yadda qalan İzaməddin Bağırov "Solğun çiçəklər"də tam fərqli oyun nümayiş etdirdi. Əbdülün iztirab və sarsıntılarını aktyorun səs tembri tamamlayır. Onun səsi sitəmin, dərdin-ələmin notudur, qəhərin iniltisidir, kədərdən  qovrulan, bişib-yanan ürəyin çırtıltısıdır, zaman dəyirmanının pərlərinin səsidir.

Əbdül zaman simvoludur, həm gerçəkliyə obyektiv baxış bucağıdır, amansız dalğaların qayadan qoparıb qoynuna aldığı nakam tale daşıdır. Həm də bu qovğanın içindən macal tapıb insanlara xəbərdarlıq mesajı göndərir. Bu missiyaları İzaməddin dürüst rənglərlə təqdim etməyi bacarır.Və sonda əlçatmaz, ünyetməz ümidlərdən özünü asır. Zaman öz içində əriyir, özü öz girdabında qəhr olur.                              

Qətiyyətsizlik sindromu

Cəfər Cabbarlının qəhrəmanları çeşidli xarakterləri ilə seçilirlər. Bəhram da ziddiyyətli obrazdır. Onun qətiyyətsizlik sindromu Əməkdar artist Cəlal Məmmədovun oyun manerasında orijinal priyomlarla təqdim olunur. Dramatik çalarları ilə yetərincə uğurlar qazanmış Cəlal Bəhramın mənəvi deqradasiya xəritəsini apaydın cıza bilir, xislətin anatomiyasını ustalıqla göstərir. Xeyirlə Şərin mübarizə dalğasının təbəddülatlar qayasına çırpıb içini zədələdiyi Bəhram karıxmış vəziyyətdədir. Sevgi-şöhrət, saf məhəbbət-sərvət qütblərinin barışmazlığı onu dar ağacına sarı itələyir. Bir tərəfdən ürəyini sarmış, vücudunu çulğalamış sevgi atəşi, digər ucda beyni qarışdıran, zehniyyəti qamaşdıran, ayaqları uçuruma doğru dartan var-dövlət hərisliyi. Məhəbbət bağçasında gül dərərkən Bəhramın boynuna atılan məkr kəməndi. Ürəyin, yoxsa beynin hökmü? Amma birdən daxildəki hərislik toxumunun cücərtisi və köklü dəyişmə. Xarakterin, düşüncə formasının çevrilişi. Qətiyyətsizlik sindromunun halbahal etdiyi zavallı aşıq. Fəqət, gərəkən təbibə deyil, mənfi enerjisi, zahiri parıltısı ilə ani rahatlıq bəxş edən Şeytana satılma. Bu boyda enerji, fiziki və psixoloji hazırlıq tələb edən xarakteri rəng, rəng hasilə gətirmək, cizgilərini aydınlatmaq aktyordan çox böyük ustadlıq tələb edir. Nə xoş ki, Cəlal obrazın tamlığı üçün bütün imkanlarını realizə edib.

Ölümü gözəlləşdirən Sara

Şan-şöhrətdən uzaq, xoşniyyətli, dəli bir sevginin əsiri olan məsum Sara tamaşa boyu valideynlərinə, yəni əslində, özünə məxsus malikanəyə girə bilmir. Qapı və pəncərələr onun üzünə bağlıdır. Hər şeyi əlindən alınmış, yalnız sevgilisi ilə nəfəs alan Sara sıxıntılar girdabında əzab çəkir, zillətlər aşırımında təntiyir. Ən böyük zərbə isə Bəhramın xəyanətidir.

Gənc aktrisa Şəhla Məmmədovanın Sarası bu sarsıntıları bütün ölçü-biçimi ilə yaşayır. Aktrisa taleyi dumanda azmış mələk misallı məsum qızın mükəmməl portretini yarada bilib. Bütün cizgiləri ilə. Sara-Şəhla Məmmədova göz yaşları ilə qəlbinin közünü soyudur, eşq atəşində qovrulduqca ölüb-dirilir, çıxış yolları axtarır, Bəhramı təhlükəli yoldan uzaqlaşdırmağa çalışır, ruzigarın qara yelindən qaçmaq istəyir. Təəssüf ki, qismətdən yaxasını qurtara bilmir.

Şəhla Saranın ölüm səhnəsinə yetərincə mənəvi-psixoloji güc qoyub. Boğazını deşib zorla keçən iniltilər təkcə pyes variantındakı xəstəliyin nəticəsi deyil, aktrisa həm də Saranın bivec, vəfasız dünyada qəbul etdiyi hər şeyi, havanı belə, geri qaytarma simvoluna çevirir. Pilləkənlərlə qalxdıqca bioloji məqamın ruhi duruma təslim paktını, ölümün gözəlləşəcək fəlsəfi-estetik akta çevrilməsini görürük. Son dəfə meydançada əllərini qaldırıb ruhunu bədənindən sıyırır, göylərə pərvazlandırıb quru bədənini fani dünyada qoyur. Son dəfə göz yaşlarını buludlara qatır ki, indən belə kirlənmiş sevgiləri yuyub arıtsın. Son dəfə Günəşə eşqinin atəşini hədiyyə edir ki, Bəhramın  içində şaxtaya düşmüş hücrənin buzunu əritsin.

Son dəfə göyün üzünə məhəbbət dolu baxışlarının həsrətindən "sevgi" kəlməsini yazmaq istəyir ki, əhdinə vəfa qılmayanlar başlarını qaldırıb yuxarı baxanda utansınlar. Ruhla bədənin dartışmasını yeni jestlər, maraqlı ifadə vasitələri ilə çatdıran Şəhla Məmmədova zavallı bir taleyin bütün ağırlıq yükünün vizual mündəricəsini monitora çıxarır.                                              

Tamah qulu - Gülnisə

Gülnisə həyatın dibində olarkən işıq axtarmaq əvəzinə əlini şeytana uzadıb, kömək diləyib. Gün-güzəran dərdindən qurtarıb, amma sonrakı proseslərdə istər-istəməz məlunun diktəsinə boyun əyib. Əvvəlcə evin xanımını, sonra kişini zəhərləyib, malı-mülkü ələ keçirib, sonra da sevgi dastanını vərəq-vərəq, boy-boy yandırıb külə döndərir. Və pərdə-pərdə, epizod-epizod quduzlaşır, ruhunu büsbütün iblisə satır.

Əməkdar artist Sədaqət Nuriyevanın çevik plastikasında, emosional ifadə tərzində Gülnisə obrazı yeni və maraqlı səhnə taleyi yaşadı. Sədaqət xanım Gülnisə üçün xarakterik detallar seçib, onun yerişinə, duruşuna, ədasına, riyakarlığına, tamahına, hirsinə-hikkəsinə, hökmranlıq təşnəsinə tipik jestlər əlavə edib. Əbdül zamanın rəmzi, nağılçıdırsa, Gülnisə tam əksinədir. Zamanı öz mənfəətinə görə əymək, nağılı pozmaq istəyən, tamahının quluna çevrilən, şər-xatadır.

Adətən, oyun tərzində psixologizmə əsaslanan Sədaqət Nuriyeva Gülnisənin xarakterinin, xislətinin dolğun təqdimatı üçün çoxqatlı, polifonik oyun maneraları seçir və onları tədricən, hissə-hissə obraza əlavə edir. Nəticədə teatr salnaməmizin Gülnisə səhifəsi fərqli təqdimat qazandı.               

İşığa tamarzı hikkə yiyəsi

Pəri - iç dünyası işığa tamarzı qalmış hikkə rəmzidir. Qaranlığın bətnindən gəlib, işıq gözlərini qamaşdırır, şeytanın izindən özgə iz tanımır. Əyriliklər təşnəsidir, doğrular səmasında qanadları ütülən əcinnədir. Fəqət, nazlı, qəmzəli, işvəli əcinnə. Şeytan yuvasında bəslənmiş, dondan-dona girən, kamına çatmaq üçün hər hiyləyə əl atan əcinnə. Səadətin təkcə zor düsturunu  tanıyan şeytan. Silahı yalnız hikkə olan, başqasının səadətinə göz dikən iddialı bir qız. Gənc, amma perspektivli, aktrisa, müxtəlif xarakterli, təzadlı obrazlar yaratmağa qadir olduğunu isbatlayan İlahə Səfərova Pərinin paxıllığa, rəzilliyə çevrilən həsəd hissini, hiylə və məkr texnologiyasını, qəddarlıq radiusunu tamaşaçıya məharətlə çatdırır.

İşığa tamarzı hikkə yiyəsi sonda da cəzasını alır. Bəhram tərəfindən boğularaq öldürülür. Elə ölüm səhnəsində də İlahə təbii oyun nümayiş etdirir.               

Musiqi tərtibatı

Premyeradan dərhal sonra - yəni həmin axşam sosial şəbəkədə Sumqayıt Regional Mədəniyyət İdarəsi mətbuat xidmətinin rəhbəri Sevinc Bəhmənlinin rəyini oxudum. Tamaşadan böyük zövq aldığını, quruluşun və aktyor oyunlarının mükəmməl olduğunu bildirən Sevinc xanım musiqi tərtibatı ilə bağlı narazılığını gizlətmirdi. Bir gün sonra teatrdan xoş təəssüratla ayrıldığını yazan yazıçı, şair-kulturoloq Günel Eyvazlı da eyni iradı söylədi. İradların məğzində musiqilərin Türkiyənin məşhur seriallarından götürüldüyü dayanırdı.

Demirəm ki, Sevinc xanım və Günel xanım haqsızdırlar. Amma pardon, xanımlar, sizinlə həmfikir deyiləm. Niyə? Biz klassikanı texnoloji ilə nəfəs alan, rep, rok dinləyən, seriallar izləyən müasir gəncliyə təbliğ etmək istəyirik. Amma təfəkkürlərin kəskin fərq qovşağında bu cəhd fiaskoya uğraya bilər. Demək, müəyyən qarşılıqlı güzəştlər olmalıdır. Nə qədər təəssüf hissi doğursa da, bu günün gəncləri içərisində Cəfər Cabbarlı kimi nəhəngi tanımayanlar var. Məhz belələrinin marağını çəkmək üçün hələlik çəkici musiqilərdən bəhrələnmək, zənnimcə məqbuldur.

Proloq-epiloq xronometrajında zaman donması və ya sürrealist yanaşma

"Dünya - təcəssümləşmiş iradə,

Həyat - uzun yuxugörmədir"

Şopenhauer

Proloqda xoşbəxt cütlük rəqs edir, şəkil çəkdirir, bəxtiyar məqamlar yaşayır. Arxada başdaşı və ya tarixə dönmüş çərçivəli şəkil statusunda Saranın atası, Gülnisə və Pəri var. Bir də epiloqda eyni mizan - bir fərqlə. İşıq rəssamının barmağı pulta gedəndə Bəhram yuxudan, yaxud kliniki ölümdən ayrılmış kimi qalxır, ətrafı gözdən keçirir, Saranı görür, ona qovuşur və rəqsi davam etdirir. Proloqla epiloq arasındakı bu bağlantı rejissorun klassika üzərində  sürrealist variasiyasıdır. Sevənlərə bir mesaj ötürür quruluşçu rejissor.

Bu hadisə bəlkə heç baş verməyib və ya baş verəcəklərdir. Hətta daha çox kabus dolu bir yuxuydu, Bəhramın sevgi sınağıydı. Ya Allahım, təhkiyəçi Əbdülün qorxulu yuxusuydu, suya danışıb getdi. Nə fərqi var? Tamaşaçı necə düşünür, elə də qəbul etsin.

O biri personajlar başdaşına çevrildi, əbədi məhəbbətin nağılı isə nəsillərin yaddaşına hopur. Və bir də rejissor sevən gənclərə üz tutur: "Bu, sənin də yuxun ola bilər, əgər ömür tərəzinin tamah gözü ağır gələrsə. Ona görə də ruhunuzu kirləndirməyin, sevginizi maddiyyat çirkabına bulaşdırmayın. Bulaşdırmayın ki, yuxunuz qarışmasın".

Final üçün düşünüləsi təklif

Günel Eyvazlı tamaşa ilə bağlı rəyində final üçün bir təklif vermişdi. Məncə, düşünməyə dəyər. Bir halda telekino estetikasından çox səliqəli şəkildə istifadə olunub. Onda Saranın məktubunun oxunması fonunda qalan hadisələr kinoxronika kimi göstərilə bilər. Əlbəttə, epiloqa toxunmamaq şərti ilə. Təbii ki, bu uğurlu işə səmimiyyətlə yanaşmadan doğan bir təklifdir, doqma kimi qəbul edilə bilməz.

Və... Heç kim dana bilməz...

Sumqayıt Dövlət Dram Teatrının repertuar xəzinəsinə növbəti dəyərli bir tamaşa əlavə olundu.

Yaradıcı heyətə, Elşən Zeynallıya növbəti uğurlar arzulayıram. Dəvət olunan rejissorun əldə etdiyi nəticə elə baş rejissorun və direktorun uğurudur. Bu baxımdan teatrın direktoru, Əməkdar artist Mübariz Həmidovu və baş rejissor, Xalq artisti Firudin Məhərrəmovu təbrik edirəm.

 

Hafiz İMAMNƏZƏRLİ

 

525-ci qəzet.- 2019.- 9 oktyabr.- S.20-21.