"Azərbaycan universitetləri ilə
sıx əlaqələr qurmağa
çalışırıq"
Şimali Makedoniyanın
Beynəlxalq Vizyon Universitetinin rektoru, professor Fadil Hoca ilə müsahibə
Beynəlxalq Vizyon Universiteti
Makedoniya Nazirlər Kabinetinin 23 iyun 2014-cü il tarixli
qərarı ilə yaradılıb. Universitetdə bakalavr bölməsi
üzrə Hüquq, İqtisad, Memarlıq, İnformatika, Psixologiya fakültələri fəaliyyət
göstərir.
Magistr bölməsində
Beynəlxalq Hüquq,
Menecment, Memarlıq və Dizayn, Psixologiya və İdarəetmə, İnformatika
Mühəndisliyi ixtisasları
mövcuddur.
Universitetdə həmçinin, Klinik Psixologiya üzrə doktorantura ixtisası da var. Şimali Makedoniyanın Qostivar şəhərində yerləşən
bu universitetin rektoru professor Fadıl Hoca bu günlərdə
Bakıda səfərdə
olub.
Onunla müsahibəni
təqdim edirik.
- Bakıya xoş gəlmisiniz. Öncə, universitetiniz haqqında
oxucularımıza məlumat
verməyinizi istərdik.
Sizin universitet hansı üstünlüklərə
malikdir?
- Əvvəlcə bunu
deyim ki, Bakıda olmaqdan çox məmnunam. Hər dəfə
gələndə burda
xeyli yeniliyin şahidi olur və buna çox
sevinirəm.
Şimali Makedoniya Beynəlxalq Vizyon Universiteti dövlət tərəfindən
yaradılıb. Universitetimizin üç rəsmi
dili var - ingilis, makedon və türk. Bütün Avropada türkcə təhsil verən yeganə universitetik.
Bakalavr və magistr səviyyələrində
beş fakültəmiz
var. Doktorantura üzrə
isə klinik psixologiya proqramımız
var. Bu fakültə və
proqramlarda ingilis, türk və makedonca tədris aparılır. Bizim universitet bu il Avstriyada,
Vyanada öz şöbəsini açıb.
Şimali Makedoniya universitetləri
içində Avropada
ilk şöbəsini açan
universitet Vizyon Universitetidir. Bizim universitetə
qəbul olmaq istəyən şəxslər
Şimali Makedoniya və ya şöbəmizin
fəaliyyət göstərdiyi
Vyanada təhsil ala bilərlər. Vyanda
yaşamaq bir az bahalı
olduğundan burda oxumaq tələbələrin
öz seçimindən
asılıdır. Vyanada türkcə
də oxumaq mümkündür. Şimali Makedoniya
Respublikası Avropa standartları ilə və Avropa dərs sistemin əsasında tədris proqramına malikdir. Bizim diplomlar bütün Avropada qəbul edilən diplomlardır.
Tədris proqramlarımız həm Şimali Makedoniyanı, həm Avropanı, həm Türkiyənı əhatə
edən proqramlardır.
Türkiyənin Yüksək Təhsil
Qurumu tərəfindən
tanınan iki universitetdən biri bizim universitetdir. Bizdə müxtəlif ölkələrdən
olan tələbələr
təhsil alır.
Bunlar arasında Bosniya və Hersoqovina, Kosova və Türkiyədən gələn
tələbələrimizin üstünlük təşkil
etdiyini deyə bilərəm. Tədris dili
əsasən türkcədir.
Türkcə hazırlığı olmayan tələbələr
hazırlıq proqramına
cəlb edilir. Tələbələrimiz birinci tədris
ilində ingilis dilini öyrənirlər.
Bu məcburi olaraq
həyata keçirilir.
Bizim təhsil
almaq, yaşamaq digər ölkələrə,
o cümlədən, sizə
görə daha uyğundur. Tələbə yataqxanlarımız var, oğlanların və qızların yaşadığı ayrı-ayrı
yataqxanalar mövcuddur.
Lakin tələbə öz istəyi ilə kirayə evlərdə yaşaya bilər. İki-üç tələbənin qala biləcəyi evlərin aylıq qiyməti 200 avrodur.
Türkiyənin 40 dövlət universiteti və Avropanın 53 universiteti ilə akademik səviyyədə
işbirliyi, anlaşmalarımız
var. Balkan, Orta Asiya və Cənub Şərq Avropa universitet birliklərinin üzvüyük. Bu il
isə Cənub Şərq Avropa universitetlər birliyinin rəhbərliyini bizim universitetə həvalə
olunub. Yeni açılan olmasına
baxmayaraq, bunu bizə verdilər. Bizim istiqamətimiz Avropa və Avropanın təhsil sistemidir. Kadr potensialımız Şimali
Makedoniya, Balkanlar və Türkiyədən
olan müəllimlərdən
formalaşıb.
- Universitetinizin verdiyi diplomlar Avropada tanınırmı?
- Bəli, bizim diplomlar Avropada tanınır, digər Avropa ölkələrində
verilən diplomlara eyni hüquqa malikdir. Həmçinin, bizim diplomlar
Türkiyədə də
tanınır. Avropda
diplomlarımız avtomatik
olaraq tanınsa da, Türkiyədə iki il bizi Yüksək Təhsli Qurumu təftiş etdikdən sonra tanımaq qərarı verdi.
- Azərbaycanlı tələbələrin
sizin universitetdə oxumaq şansı nə qədərdir?
- Bizim ən yaxşı
təhsil verən üç ixtisasımız
var - memarlıq, psixologiya və hüquq ixtisasları. Bu ixtisaslarda yüksək
təhsil hazırlığımız
var. Məsələn, bizdə
Türkiyədən hüquq
təhsili almağa çox sayda tələbə gəlir.
Bizdəki hüquq fakültəsinin
təhsil haqqı Türkiyədən aşağıdır,
təhsil səviyyəsi
isə heç də Türkiyədən
geri qalmır. Bizdə bakalavr səviyyəsində
təhsil haqları illik iki min-üç
min avro arasında dəyişir. Magistr təhsili
isə üç min
avrodur. Bakalavr təhsil müddəti
dörd illik, 240 kredit dərsdir, magistrlarda isə bir ilik 60 kreditlik
dərsdir. Bakalavr və
magistr toplam olaraq altı illik 300 kredit dərsdir.
- Universitetinizə qəbul nə vaxt və
hansı formada aparılır?
- Universitetimizə qəbul iyun ayının 1-dən başlayaraq 1 oktyabra qədər davam edir. Bakalavr və magistrlar üçün qəbul eyni vaxtda aparılır. Sənədlər universitetimizin vizyon.edu.mk saytında qəbul edilir. Qəbul olunmadan qabaq tələbələr sözlü formada imtahan edilir. Bundan başqa heç bir imtahan yoxdur. Sənədlər ya rusca, ya da türkcə tərcümə edilərək sayta yüklənməlidir. Dövlət dili makedonca olduğuna görə biz həmin sənədləri saytdan götürərək makedoncaya tərcümə edirik. Çünki Azərbaycan dilindən makedon dilinə tərcümə çətin olduğu üçün biz bunu edirik. Orta təhsil haqqında attestat və ya diplom, sağlamlıq haqqında arayışla birlikdə paytaxt Skopyedə təsdiq etdirib sonra universitetə qəbul edirik.
- Türkcə dil imtahanı Türkiyədə müxtəlif qurumlar tərəfindən həyata keçirilir. Həmçinin, Azərbaycanda da belə dil imtahanı keçirib sertifikat verən təşkilalar var. Sizdə bu sertifikatlar qəbul olunurmu?
- Bizim Ankara rəsmi təmsilçiliyimiz var, Türkiyədən olan tələbələr imtahanı Ankarada verirlər, onların Makedoniyaya gəlməyinə ehtiyac yoxdur. Sənədləri də orda bizim təmsilçimizə verə bilirlər. Amma Azərbaycanda belə bir təmsilçimiz olmadığına görə sənədləri ya Ankaradakı nümayəndəliyimizə, ya da özləri universitetimizə gətirə bilərlər. Sayt üzərindən də bizimlə yazışma apararaq sənədlərini hazırlaya bilərlər. Tələbə Makedoniyaya gəldikdə fərdi qaydada sözlü imtahan verərək universitetə qəbul edilir.
- Magistrlar üçün qəbul hansı formada aparılır? İxtisas dəyişmək mümkündürmü?
- Bizim universitetdə ixtisas dəyişmək olur, lakin uyğun
ixtisaslar olmaq şərti ilə. Məsələn, hüquq fakültəsindən
məzun olan memarlıq ixtisasına qəbul oluna bilməz. Humanitar elmlərdə mümkündür,
iqtisadiyyatdan hüquqa
keçmək mümkündür.
Magistr üçün
də qəbul bakalavrda olduğu kimi eyni qaydada
aparılır. Sənədlər hazırlanır, tərcümə olunur sözlü imtahandan sonra tələbələr
qəbul edilir. Xarici dil şərti magistr və doktorantura səviyyəsində
tələb olunmur.
- Sizin universitetdə köçürülmə necə
aparılır? Tələbə
hansısa bir universtetdən
sizin universitetə hansı formada keçə bilər?
- Tələbə əgər
oxuduğu universiteti tərk edib bizim təhsil ocağını seçmək
istəyirsə, semestr
zamanı bunu edə bilər. Oxuduğu ali
məktəbdən öz
qiymətlərini təsdiq
edən arayışı
alaraq və digər zəruri sənədləri toplayaraq
tərcümə edib
bizim sayta göndərir. Biz də o sənədləri
araşdırırıq, tələbənin
hansı dərsi alıb-almadığını öyrənirik, hansı şərtlərlə və
təhsil müddətində
hansı dərsləri
alacağını müəyyən
etdikdən sonra onu uyğun kursa qəbul edə bilirik.
- Azərbaycan universitetləri
ilə nə kimi əlaqələriniz mövcuddur və bundan sonra bu
sahədə hansı
işləri görmək
istərdiniz? Digər sahələrdə
nələri etməyi
düşünürsüz? Həm tələbə mübadiləsi,
həm də akademik səviyyədə.
- Azərbaycan universitetləri
ilə sıx əlaqələr qurmağa
çalışırıq. İki il
öncə Azərbaycan
Dövlət İqtisad
Universiteti ilə akademik işbirliyi protokolu imzaladıq. Bu çərçivədə
iki dəfə Beynəlxalq Vizyon Universitetinin tələbələri
Erasmus proqramı ilə
Bakıya gəliblər.
Buradan da tələbələri
Şimali Makedoniyada görmək istərdik.
Bunun üçün çalışmağa
davam edirik.
Səxavət
SAHİL
525-ci qəzet.- 2019.- 9 oktyabr.- S.21.