Pərvinin yolu
Esse
İşim gərəyi publisistik mətnləri
çox oxumalı oluram. Bu yazılar da bir neçə qrupa
bölünür. Ən çox rast gəlinəni
kal xurma kimidi.
Zəhrimarı nə uda bilirsən, nə qaytara. İlişib
qalır xirtdəyində. Qalırsan
boğula-boğula. Hər loxmasına bir
kuzə su lazım olur. Axırda da
adamı üzüb əldən salır. Nə cana xeyri olur, nə mala. Bir qisim də
yetişmiş xurma kimi olur. Ağzına
qoymağını gözləyir. Əriyib
gedir, heç çeynəməyə də ehtiyac duymursan.
Oxucusuna çox şey qazandırmır, amma
itirdiyin nəsə də olmur. Ancaq elə
yazılar var ki, armud kimidi. Oxuduqca armud
dişləyirmiş kimi, ağzında qəribə,
xarlanmış tam qalır. Armud ləti
quma çevrildiyitək, belə yazılar da informasiyaya,
SÖZə, bədii həzzə/həllə çevrilir.
Oxuduqca oxuyursan, “doydum” demirsən ki, demirsən... O armud “qum”u
söz dənizinə, məna qumluğuna çevrilir. Bir də
baxırsan ki, qumluq dönüb səhra olub, idrakının
“ağzı”nda xırçıldayan qumun da nə sayı
var, nə hesabı...
Yazıçı Pərvinin “190 yaşlı həmdəmim”
esselər toplusunu tutmuşam əlimdə. Hələ
heç müəllifinin də xəbəri yoxdu
çapından. Amma kitabı bitirmişəm,
üstəlik, nəşrindən daha əvvəl.
“AybKitab” layihəsində işıq üzü görən
toplu nə az, nə çox 576 səhifədir.
İnformasiya əsrində, sürət
erasında bu boyda kitab çıxartdırmaq da ürək
istəyir, deyim. Amma Pərvinin oxucu
qıtlığı yoxdu, axı. Neçə təqdimatı
keçirilibsə, hamısında zal dolub-daşıb,
oxucular salona sığmayıb...
Kitabın arxa cildində esselərdən parçalar yer
alıb.
Göz gəzdirirəm:
“Yaradıcılıq
ağrılı işdi... Ağrılı iş deyil əslində,
başdan-ayağa ağrıdı. Fərqi yoxdu, kasıbsan,
ya zəngin, xoşbəxtsən, ya bədbəxt, pessimistsən,
ya nikbin, cavansan, ya qoca... Əgər yaratmaq
arzusu baş qaldırıbsa, deməli, qövr edən, rahat
buraxmayan bir ağrın var. Necəsə azad olmaq istəyirsən
bu əzabdan, nə isə uydurmaqla, yaxud duyğularını
yaxşı, ya pis, səviyyəli, ya zəif formada sənətə
çevirməklə qurtulmağa çalışırsan.
Bəlkə Allah da dünyanı ağrıdan yaradıb və
bəndəsinə qoyduğu tələblər də ona
görə belə qəlizdi...”
Oxuduqca fikirlərim haçalanır, ilan kimi
qıvrılıb uzaqlara yol alır. Bir də
ayılıram ki, dünyanın yarandığı gündən
nə vaxtsa gerçəkləşəcək mütləq
sona qədər əriş-arğac olub düşüncələrim.
“Bəlkə
ədəbiyyat elə doğrulardan qaçmaq, ən ali həqiqət olan ölümdən yaxa
qurtarmaq üçün uydurulan saxta adamlar, saxta həyatlar,
saxta şəxsiyyətlər, saxta dünyaların
yansımasıdı?” – düşüncəm
özümə də xoş gəlir. Kim sevmir,
axı, “mollalıq etməyi”? Kim söz əllaməliyindən
geri durub indiyədək? Görəsən,
yazmaq da əllaməlik deyil ki? Hələ 50 il bundan əvvələ qədər
yaradıcı adamlara, incəsənətə üz tutanlara
“mütrüb” deyirdilər, məsələn.
Pərvinin kitabından danışacaqdım, axı.
Kitabın adı məndə hansısa teatrın
yaranmasıyla assosiasiya olunmuşdu. Yəqin Pərvinin
teatrla bağlı yazıları, resenziyalarından irəli gəlirdi
bu təəssürat. Amma kitabı
açan kimi yanıldığımı gördüm.
Tolstoydan gedirmiş söhbət. Ədəbiyyatın
Böyük İsgəndəri. Amma mənə
görə, Tolstoy daha çox Axillesdi. Axilles
uzun, sakit ömrü yox, qəhrəman kimi daim parlamaq şərtilə
gənc yaşında ölüm badəsini içməyi
seçmişdi. Tolstoy Axillesdən fərqli
olaraq saqqalı kimi upuzun bir ömür
yaşamışdı. Xoşbəxtmiydi,
rahat, sakit yaşamışdımı? Bu
sualın cavabını daha heç vaxt öyrənə bilməyəcəyik.
Tolstoy qayğısız, eyş-işrət
içində yaşaya bilərdi. Amma o,
eyş-işrəti yox, yazmağı seçdi. Və ədəbiyyat səmasında Axilles kimi əbədi
şöhrət qazandı. Yasnaya Polyana da
Tolstoyun Troyası oldu.
Nəhayət, Pərvinin kitabından danışacam. Yəqin nə vaxtsa kitab
yazsam, 576 səhifə mənə bəs etməyəcək...
“190 yaşlı həmdəmim” həm də
bütün “525-ci qəzet” oxucularıyla həmdəmdi. Çünki
kitabda toplanan yazılar, resenziyalar, esselər, portretlər
hamısı (mən bilən hamısı) qəzetimizdə
çap olunub. Oxucularımızı feyziyab
edib (Hansısa namərd kefinin zay vaxtında deyib ki, qəzet
bir gün yaşayır. “Kefinin zay
vaxtında” deyirəm. Çünki normal əhvalda
olsaydı, bizim o qədər zəhmətimizi qaldırıb
yerə vurmazdı. Səhərdən
axşama, bəzənsə günlərlə, həftələrə
çalışmağımızın nəticəsi olan
yazılar, materiallar, reportajlar, müsahibələr, bu ifadəyə
inansaq, sən demə, bircə gün
yaşayırmış. Ay qardaş, bu qəzetdi e, kəpənək
yox). İndi oxuculara Pərvin daha bir jest edib.
Həmin yazıları kitab şkaflarına əlavə
etmək şansı qazandırıb. Publisistikasının
böyük hissəsi bir topluda dəclənib. Qəzet oxucusuna bundan yaxşı nə hədiyyə?!
Qabaqdan da qəzetimizin 27 yaşı gəlir.
Kitab 7 bölmədən ibarətdi. İlk
bölmə “Şəxsiyyət” adlanır. Bu hissə həcmcə ən böyük olandı.
Kitabın yarıdan çoxunu ehtiva edir. Nə
az, nə çox 296 səhifə...
Sözügedən fəsil Tolstoy haqqında yazıyla
başlayır. Yazıda Tolstoy bir neçə obrazda
qarşımıza çıxır. Müəllif
bitkin cümlələrlə tanıdığımız və
tanımadığımız Tolstoyun portretini cızır,
onun bir insan, yazıçı kimi xarakteristikasını
göz önünə sərir. Lev Tolstoy
tarixin tozlu səhifələrindən, dumanlı
keçmişdən siyrilir. Yazıçıdan daha
çox qonşu, ailə başçısı, kişi, rus zadəganı/kəndlisi kimi
canlı çalarlar qazanır, oxucuya doğmalaşır.
Oxuyuruq:
“Günlərin birində Tolstoyun xanımı Sofiya
Andreyevna əlyazmaları gətirəndə
yazıçı ordan qeydlərini tapır. Rus kübar cəmiyyətinin
qadınları haqda yazmağı
planlaşdırırmış demə... Hər
şeyi olub, amma heç nəyi olmayan bir qadın yaratmaq,
bununla da üst təbəqənin xanımlarının
şablon desək, “iç üzünü açmaq” imiş
niyyət. Anna Karenina ailəli, imkanlı,
gözəl balası olan bir xanımdı, amma nəyi
çatmır, özü də bilmir. Bir sözlə,
Tolstoy qeydlərinə baxıb əsəri 2 həftəyə
bitirəcəyini düşünür, amma yazı və
redaktə işi düz beş il davam edir.
Nəticədə isə hər şey, hər
şey dəyişir. Hətta ora qədər
dəyişir ki, Tolstoy Annanın ölümünü
yazdıqca ağlayır. Bəli, bu,
Tolstoy idi, onun qəhrəmanı o qədər azaddı ki,
yazıçının diktəsindən çıxıb
öz həyatını yaşayır və ölümdən
başqa çarəsi, çıxış yolu yoxdur”.
Pərvin
bu bölmədə kimlərdən yazmayıb ki... Fikrət Əmirov, Mirzə Fətəli,
Qara Qarayev, Sabir, Mirzə Cəlil, Ramiz Rövşən və...
Zərdüşt... Bizim (“bizim” deyirəm, amma Allahın
salamını da verməyə macal tapmamış ölüm
alıb əlimizdən) Zərdüşt Şəfi...
Maraqlıdı ki, Pərvinin sözü tükənmir. Nəinki
söz, mövzu cəhətdən də boldu müəllif.
Hər mövzuya fərqli rakursdan yanaşa
bilir. Bir adam, bir mövzudan bir
neçə dəfə yazdığı da olub kitabda. Amma yazılar arasında hər hansı
oxşarlıq yoxdu. Heç deməzsən ki, bundan əvvəl
bir, üç, yaxud beş yazı
yazıb bu mövzuda.
Kitabın ikinci bölməsi “Qadın olmaq...” adlanır. Bu hissə digərlərindən xeyli qısadır. Cəmi dörd yazı daxil edilib. Amma bu o demək deyil ki, Pərvin bu mövzuda az yazıb. Xeyr. Müəllifin eyni adlı ayrıca kitabı da var. Bu dörd yazıya ayrılıqda, qısa şəkildə nəzər salaq. Birinci yazı “Xanım Mandelştam...” adlanır. Rusiyanın tanınmış şairlərindən Osip Mandelştamın həyat yoldaşı Nadejdadan danışır Pərvin. Onun sevgisindən, təbəddülatlarından, çəkdiyi əzablardan, qısqanclıqlarından... Şair qadınının portretini o qədər qabarıq işləyib ki, yazı portretdən daha çox 3D əsər kimi görünür.
İkinci yazı Müşfiqin Dilbərindəndi. Məncə, əlavə açıqlamaya gərək yoxdu. Müşfiq kimdi, Dilbər nəçidi... Aşiqlərin sənəti də, kimliyi də elə eşqdi (Son cümlə, deyəsən, bayaqkı əllaməlik söhbətinə göz vurur, məndən demək. Amma özümün də xoşuma gəldi, yazın bir qırağa).
Üçüncü yazı Həmidə xanım Cavanşir haqqındadı. Gözəlliyilə, igidliyilə Qarabağda ad çıxaran qadın. Mirzə Cəlilin həyat yoldaşı...
Həmidə xanımı Bayram Bayramovun “Karvan yolu” romanıyla tanımışdım. O zaman hələ uşaqdım. Sonralar kitab da it-bata düşdü, vaxt da qəhətə çıxdı. Romanı yenidən oxuya bilmədim. Pərvinin “Həmidə xanım” essesini oxuduqca Həmidə Cavanşirin özünün də, idealının da, əzabının da böyüklüyünü yenidən kəşf elədim. Anladım ki, Azərbaycan intellektualizmi Həmidə xanıma nə qədər, nələr borcludu. Ən azından bunu anlamaq üçün esseni oxumaq lazımdı:
“Həmidə xanımın ömründə yeni bir dövrün, təptəzə bir eranın başlanğıcı idi Mirzə Cəlil. Amma bununla belə, bir az dərinə gedəndə anlayırsan ki, Mirzə Cəlil Həmidənin mübarizəsinin davamı kimi gəlmişdi onun həyatına. Nədən ibarət idi bu mübarizə? Həmidə xanım aclıqla mübarizə aparırdı... Kasıb camaata çörək verirdi... Xəstəliklərlə döyüşürdü. Öz hesabına peyvənd lifləri gətirib vururdu xəstə uşaqlara... ...Qadının azad olmasını arzulayırdı! Sanki Həmidənin arzularının, amallarının güzgüdəki əksidi Mirzə Cəlilin ideyaları...”
Başqa nə gərəkdi bir qadına, əlavə nə lazımdı bir kişiyə? Məncə, heç nə. Yaxud “məncə”siz heç nə.
Fəslin sonuncu yazısı Fuad Axundovun həyata keçirdiyi layihədən bəhs edir. O Fuad Axundov ki, paytaxtımızı didik-didik axtarıb, araşdırıb, Bakını bizə, özümüzə tanıdıb, sevdirib.
Növbəti bölmə “Teatr” adlanır. Fəsildə müəllifin tamaşalar haqqında yazdığı resenziyalar, esselər yer alıb. Müxtəlif səhnə əsərlərinə fərqli rakursdan yanaşılıb. Oxucular heç olmasa, bu bölmədəki “Ölən və dirilən Təhminə” yazısını oxumalıdılar (başlıq sizə də Osirisi xatırlatmadı?!).
Daha bir hissə “Azərbaycan kinosu-120” adlanır. Bölmədə
17 esseyə yer verilib. Kitabda ikinci ən
böyük fəsildi. Müxtəlif rejissorların,
müxtəlif dövrlərin, müxtəlif janrların filmlərindən
usta şəkildə danışılır. Yazılar
oxucunu yenidən ekran qarşısına cəzb edir sanki.
“Məbəd” bölməsi də nisbətən
qısadı.
Cəmi 8 yazı var. Və bu yazılardan biri
Paris Notr-Dam kilsəsinə həsr olunub. Daha doğrusu,
bu 850 illik möhtəşəm tarix-memarlıq abidəsinin
yanmasına...
“Səfər təəsüratları”nın da izaha
ehtiyacı yoxdu” düşüncəsindəyəm. Rusiya, Türkiyə,
Gürcüstan, ölkəmizin müxtəlif dilbər
guşələri. Və müəllifin dili ilə desək,
“Yollar... Yollar”.
Toplunun sonuncu fəsli “Uşaqlar – Dünyanın
sabahı...” adlanır. Bu bölmənin sona saxlanması, təsadüfdümü?
Axı, hamımız dünyanı uşaqlara,
gənclərə əmanət edirik sonda. Uşaqlar bizim gələcəyimizdi. Üstəlik, həm
yaşadıqlarımızı, həm də yaşamaq istədiklərimizi
onlara yük edirik. Onların yolu bizimkindən
çətin, bizimkindən uzundu. Çünki hər nəsil
dəyişəndə dünyanı bir az
daha qaranlıq halda qoyub gedir.
Oktyabrın 9-u Pərvinin doğum
günüdü. Onun da yolu uzundu. Amma bu, işıqlı,
üzüyoxuşa olan yollardandı. Yolunuz mübarək, Pərvin
xanım!
Cavid
QƏDİR
525-ci qəzet.- 2019.- 9 oktyabr.- S.18.