Professor Aida İmanquliyevanın yaradıcılığında
multikultural inteqrasiya tendensiyası
Aida İmanquliyeva-80
Azərbaycanın görkəmli şərqşünas
alimi, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyeva
ilə sağlığında
görüşmək, elmindən
bəhrələnmək mənə
nəsib olmasa da, taleyimə onun "Yeni ərəb ədəbiyyatı
korifeyləri" kitabını
2007-ci ildə İstanbulda
"Modern Arap Edebiyatının
Usta Kalemleri" adı altında tərcümə edərək
İQ nəşriyyatında çap etdirmək qisməti düşüb.
Qeyd etməyi
özümə borc bilirəm ki, son dərəcə elmi ciddiyyətlə və ədəbi-fəlsəfi dərinliklə
yazılmış bu kitab gənc bir tədqiqatçı olaraq mənim yetişməyimə böyük
təsir göstərib
və indinin özündə də göstərməkdədir. Adıçəkilən
kitabın türk dilinə tərcümə
edilməsindən 12 il ötməsinə baxmayaraq, kitab ərəb ədəbiyyatı,
xüsusilə şərq-qərb
münasibətlərini tədqiq
edən alim və tədqiqatçılar
üçün Türkiyədə
də öz aktuallığını qoruyub
saxlamaqdadır. Bu günün özndə də müxtəlif məqalələrdə bu
kitabdan elmi mənbə kimi istifadə olunur.
Professor Aida İmanquliyevanın yaradıcılığını tədqiq edərkən, multikulturalizm, mədəniyyətlərarası
dialoq tendensiyasının
əsaslarını bilmədən
onun elmi paradiqmasını anlamaq qeyri-mümkündür. Onun məhcər
ədəbiyyatı, klassik
ərəb-müsəlman sivilizasiyasına
dair yazıları dediklərimizə əyanı
sübutdur. Bu kontekstdə
qeyd etməliyəm ki, Aida İmanquliyevanın
araşdırdığı Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nüaymənin əsərləri mənsub
olduqları ərəb
mədəniyyəti, ərəb
ədəbiyyatı, şərq-qərb
münasibətləri, o cümlədən,
onların hər üçünün xristian
dininə etiqad etmələri birbaşa multikultural mahiyyətə
malikdir. Məhz şərq-qərb münasibətləri bu baxımdan fəlsəfi müstəvidə ontolojik
olaraq "mən"
və "başqası"
məfhumlarını ortaya
çıxarır. Belə ki,
"mən" hər
hansı bir mədəniyyətin və
ya sivilizasiyanın daxilində "başqa"larından
fərqli düşünmə
sistemləri ilə qarşılaşır. Nəticədə "mən" sivilizasiyalararası
əlaqədə həm
qəbuletmə, həm
də ayrılma mənasında özünü
ancaq başqası və ya başqa
sivilizasiya vasitəsi ilə müəyyənləşdirir.
Məşhur fransız filosofu Emmanuel Levinasın da qeyd etdiyi kimi,
"insanlığın mənbəyi
bəlkə də Başqasıdır". Məhz
professor Aida İmanquliyeva ədəbiyyat
vasitəsilə bu qarşılıqlı münasibətə
belə qiymət verir: "Qərb və Şərq bir-birini yalnız bərabərhüquqlu
qarşılıqlı əlaqə
və qarşılıqlı
hörmət şəraitində
zənginləşdirə bilərlər,
mənəviyyatın həqiqi
hərəkətverici qüvvəsi
olan, mürəkkəb
fəlsəfi ideyaları
anlaşıqlı dildə
geniş oxucu kütləsinə çatdıra
bilən ədəbiyyat
isə sivilizasiyalararası
dialoqda ən yaxşı vasitəçilərdən biridir..."
XIX əsrin sonuna
doğru Livanda baş verən siyasi, iqtisadi və sosial təlatümlər nəticəsində
kütlələrin ABŞ-a köçməsi labüd
oldu. Bu, eyni zamanda, ölkənin intellektual mühitinə də öz təsirini göstərdi.
Məhz Cübran, Reyhani və Nüaymənin ABŞ-dakı
fəaliyyətləri ərəb
məhcər ədəbiyyatının
yaratdı. Məhcər ədəbiyyatının yaranması şərq-qərb
münasibətlərinin ədəbiyyat
vasitəsilə qarşılıqlı
əlaqəsi baxımından
mühüm idi.
Professor Aida İmanquliyevanın
"Yeni ərəb ədəbiyyatı korifeyləri"
kitabı bu istiqamətin tədqiqi üçün əvəzsiz
mənbədir. Müasir dövrdə
həyat tərzi və dövlət siyasəti olaraq qəbul edilən multikulturalizm tendensiyası
kontekstində də bu kitab öz
aktuallığını qoruyub
saxlayır. Professor A.İmanquliyevaya görə,
qeyd olunan hər üç şair və yazıçının köçdükləri
ölkələrdə ədəbiyyat
mühitiylə yaxından
təmas qurmaları onların qərb mədəniyyətini qərəzsiz
şəkildə mənimsəmələrinə
imkan yaradıb. Digər tərəfdən, Cübran,
Reyhani və Nüaymə öz milli mənsubiyyətləri
çərçivəsində ərəb cəmiyyətinin
sosial və mənəvi problemlərinə
biganə qalmayıblar.
Bu situasiya onları
şərq-qərb münasibətləri
kontekstində məhsuldar
sintez baxımından
yaradıcı şəxslər
olaraq qəbul edilməsinə səbəb
olub. Beləliklə,
"Suriya-Amerika məktəbi"nin
öhdəsinə götürüyü
bu sintez missiyası əsrlər öncə Süryani xristianların yunan
fəlsəfə əsərlərini
ərəb dilinə tərcümə
edərək ciddi
şəkildə İslam
fəlsəfəsinin meydana
gəlməsini xatırladır.
O əsrlərdə yunan
kimliyi altında formalaşan Qərb düşüncə tərzi,
qeyd olunan mütəfəkkirlərin əsərlərində
ingilis "Göl məktəbi", Amerika transsendentalistləri və
rus realizmi adı altında yeni sintezlərin yaranmasına gətirib çıxarıb. Aida İmanquliyeva
ədəbi-fəlsəfi ümumiləşdirmə
nöqteyi nəzərindən
Cübran Xəlil Cübran, Əmin ər-Reyhani və Mixail Nuayməni bu kontekstdə belə dəyərləndirir:
"Onlara əzəldən
Şərq xalqlarının
mədəniyyətinə xas
olan ümumbəşəri
və humanist ideallar əsasında öz doğma mədəniyyətlərində
bu dəyərlərin
təsdiq üçün
müvafiq üsullar tapmaq asan idi.
Eyni zamanda, heç vaxt unutmaq lazım
deyil ki, bu yazıçıları
öz vətəninin
adət-ənənələrini və öz dilini qoruyub saxlayan mühacirlər mühiti əhatə edirdi. Buna görə
də onlar iki mədəni ənənənin - həm
Şərqin, həm də Qərbin mədəni əlaqələrinin
daşıyıcıları oldular".
Ədəbiyyat daima müxtəlif mədəniyyətlərin və
multikultural inteqrasiyanın
ən açıq və təsirli şəkildə müşahidə
olunduğu bir sahədir. Cübran, Reyhani və
Nüaymə yalnız
ədəbiyyatçı deyil,
eyni zamanda, içində yaşadığımız
dünyanın iki sivilizasiya qütblərini,
şərq və qərb dünya görüşlərini ustalıqla
qavrayan və təhlil edən mütüfəkkirlərdir. Təsadüfi deyil ki, Aida
İmanquliyevanın mənsub
olduğu şərq-islam
sivilizasiyası və
aldığı təhsil
vasitəsilə Qərb
düşüncə tərzi
də bu məsələlərin tədqiqində
və anlaşılmasında
xüsusi amillərdəndir.
Məhz akademik Nərgiz Paşayeva haqlı olaraq bu məsələni belə qiymətləndirir:
"...dünyanın əqli
elmlə və ya əhval elmi
ilə dərki məsələsi Aida xanımın
məşğul olduğu
Şərq ədəbiyyatının
və fəlsəfəsinin
əsas mövzularından
idi". Ən əsası isə
professor İmanquliyeva bütün
tədqiqatlarında Şərq-Qərb
dialoqunun vacibliyinə
və qədim dövrlərdən bəri
mövcud olan reallığına diqqət
çəkirdi: "Ərəblərin
mənimsədikləri antik,
qədim şərq və ərəb-müsəlman
ənənələri Əndəlis
vasitəsilə Avropaya
yayılırdı".
Müasir Qərb fəlsəfəsində və multikultural ədəbi inteqrasiya kontekstində mətnlərin və simvolların kəşf edilərək interpretasiya (şərh-təfsir) məsələsi öz aktuallığını mühafizə edir. Belə ki, məşhur fransız filosof Pol Rikora görə, bir mədəniyyəti şərh etmək və ya onun simvollarını yozmaq o mədəniyyəti müəyyən dərəcədə dəyişdirmək mənasına gəlir. Nəticədə bu şərh və yozumlar sayəsində "şərhlərin-yozumların toqquşması" (conflict of interpretations) məsələsi ortaya çıxır. Rikor, şərhinə ehtiyac duyulan mətn və simvolların müəyyən xüsusiyyətlərə malik olduğunu vurğulayır. Bu şərh və ya mənaları anlayaraq qəbul edən hər hansı bir insan, eyni zamanda, bunları öz dünyagörüşünə də tətbiq edir. Nəticədə, Rikora görə, hər bir hermenevtik fəaliyyətdə "başqasını" anlama üzərindən eyni zamanda, insanın özünü anlama prosesi həyata keçirilir. Bu kontekstdə Aida xanım analitik tərzdə modern hermenevtik fəlsəfədə aktual bir problem olan yazıçı-oxucu əlaqəsinə toxunaraq mövzunu belə qiymətləndirir: "Ədəbiyyat yazıçı ilə oxucu arasında mənəvi vasitəçi olmalıdır. O, insan qəlbinin sirlərini və dərinliklərini öyrənməli, "söz hoqqabazlığı və şeir dekoru sərgisinə" çevrilməməlidir... Dünyanın müxtəlif bölgələri arasındakı qarşılıqlı əlaqələr sayəsində hər bir milli ədəbiyyatın nailiyyəti başqa, hətta məkan etibarı ilə uzaq ədəbiyyatların da nailiyyətinə çevrilir. İstənilən xalqın mədəniyyəti xaraktercə mili olub, ümumbəşəri nailiyyətlərlə qırılmaz surətdə bağlıdır".
Professor Aida İmanquliyevanın yaradıcılığında klassik ərəb-müsəlman mədəniyyəti multikulturalizm tendensiyası baxımından əhəmiyyət kəsb edir. O, VIII əsrdən XV əsrə qədər İspaniyada yaşanan multikultural mühit haqqında öz yazılarında ciddi təhlillərə yer verir. Bu zaman kəsiyində xristian, yəhudi və müəlmanların burada "convivencia" (birgəyaşama) şəraitində həyat sürmələri tarixi reallıqdır. İmanquliyeva bu mövzunu belə səciyyələndirir: "Əndəluslu alim və ədiblərin nəcib fəaliyyəti sayəsində Qərb dünyası Şərqin mədəniyyəti, ədəbiyyatı, adət və ənənələrilə tanış oldu. Qərblə Şərq arasında, mədəni-ədəbi əlaqə yarandı. Məhz bu alimlərin tərcüməçilik səyi nəticəsində Avropa qədim yunan dünyasının tibbə, riyaziyyata, həndəsəyə aid ən məşhur əsərlərilə tanış oldu".
Ümumiyyətlə, ədəbiyyat və fəlsəfə əlaqəsinin əsasları qədim yunan fəlsəfəsindən etibarən aktuallıq kəsb etməyə davam edir. Qədim yunan fəlsəfəsində varlığı və mətnləri anlamada iki fəlsəfi metod olub. Bunlardan birincisi rasional metoddur ki, burada bütün arqumentlər əqli-məntiqi tutarlılığa istinad edilərək əsaslandırılmaqdadır. İkinci metod isə "ezoterik-batıni", yəni hər bir işarənin və sözün arxasında daxili məzmun və ya gizli məna var. Bu düşüncə tərzi ilə hər şey başqa bir şeyin simvolu və ya işarəsidir. Nəticədə, sonsuz işarələr sistemi içərisində mənalar mövcuddur. Məhz bu kontekstdə İmanquliyeva, romantik fəlsəfi əsaslara istinad edən ədəbi stildə yazmanın mahiyyətini dolğun şəkildə öz yaradıcılığında təsvir və təhlil edərək mövzunu belə qiymətləndirir: "Romantiklərin yaradıcılığında həmişə olan digər ən mühüm cizgilər şəxsiyyətin və cəmiyyətin qarşılıqlı əlaqəsi, böyük keçmişin kiçik bu günə qarşı qoyulması, ideal və gerçəklik arasındakı uyğunsuzluqdur. Bərqarar olan ictimai münasibətlərə qarşı üsyankar etiraz, subyektivizm və pessimizmin əhval ruhiyyəsi, tövbəkarlığa və peyğəmbərliyə meyl, didaktizm elementləri və həmişə yüksək olan emosional hal-qəzəb, inkar, sevinc, təsdiq, məhəbbət və nifrət, mərhəmət də romantizmə xasdır".
Oktyabr ayının
10-u professor Aida İmanquliyevanın 80 illik yubileyidir. Aida İmanquliyeva Azərbaycan
elminin görkəmli nümayəndələrindən biri kimi daima
həm lokal, həm də qlobal arenada ciddi tədqiqat əsərləri ilə tədqiqatçıların yolunu
işıqlandırmağa davam edir və
edəcək. Təsadüfi
deyil ki, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti Mehriban Əliyeva ən son müsahibələrinin
birində anası,
professor Aida İmanquliyevanın fenomenal şəxsiyyətini
həm nəzəri, həm də praktiki cəhətdən
son dərəcə dəqiqliklə
belə xarakterizə edir: "...Məsuliyyət
hissini, hər bir işin əvvəlindən
maksimum nəticə əldə etməyə çalışmağı, özünə
tələbkar və intizamlı münasibəti
mənə anam - nəcib, parlaq, prinsipial, istedadlı, məğrur, son dərəcə
gözəl bir xanım olan Aida İmanquliyeva aşılayıb.
Hər bir ədalətsizliyə qarşı barışmaz
mövqedə dayanan, işinə, elmə və pedaqoji fəaliyyətə hədsiz
sədaqətli olan anam öz qısa
həyatında inanılmaz
zirvələri fəth
etdi".
Rəşad
İLYASOV
Bakı
Beynəlxalq Multikulturalizm Mərkəzi analitika şöbəsinin
müdiri, fəlsəfə doktoru
525-ci qəzet.- 2019.- 9 oktyabr.- S.11.