Mənalı ömrün
ibrətamiz hekayəti
Bu il aprel
ayının ilk günlərində
72 yaşında haqq dünyasına qovuşan Arif Allahverdiyev dörd il bundan
qabaq ömrünün
bir parçasını
qələmə aldığı
kitabının əlyazmasını
oxumaq üçün
mənə vermişdi.
Onu gənclik
illərimdən tanıyırdım. Onda ötən əsrin 1975-ci
ili idi.
Mən kənddə müəllim
işləyirdim. Arif Allahverdiyev
isə çox nüfuzlu bir təşkilata rəhbərlik
edirdi. Keçmiş Dəvəçi rayon komsomol komitəsinin birinci katibi idi. Bir neçə il
sonra o, partiya işinə irəli çəkildi.
Rayonun Mollakamallı kəndində
sadə bir zəhmətkeş ailəsində
doğulub böyüyən,
kənddə orta məktəb bitirib sonra da Azərbaycan
Politexnik İnstitutunun
məzunu olan, əmək fəaliyyətinə
tikinti idarəsində
usta kimi başlayan bu gənc vəzifə pillələrində çox
sürətlə irəliləyirdi.
Əvvəlcə rayon xalq nəzarəti
komitəsinin sədri
işləyən Arif
Allahverdiyev vur-tut 30 yaşında rayon XDS-in sədri,
sonra da keçmiş Dəvəçi
rayon partiya komitəsinin
birinci katibi seçildi. Rayon İcra Hakimiyyətinin başçısı oldu.
Sonralar Bakıda Milli Məclisdə, İqtisadiyyat
Nazirliyində, Dövlət
Əmlak Komitəsində,
İqtisadi İnkişaf
Nazirliyində mühüm
vəzifələrdə çalışdı.
Və nəhayət, 2007-ci ildə
fərdi təqaüdə
çıxdı.
O vaxt kitabın əlyazmasını bir nəfəsə oxudum və özlüyümdə
belə bir qənaətə gəldim
ki, insanın həyatda layiqli yer tutması üçün əsas amillərdən biri də ilk əvvəl halal-düz ailə tərbiyəsi ilə yanaşı, məktəb,
yaxşı savad, elm və bilikdir.
Gördüyü işə məsuliyyətli
münasibət, çalışqanlıq,
təşəbbüskarlıq, mənəvi saflıq, halallıq və düzgünlük, qayda və qanunlara ciddi riayət - bax, sadə bir traktorçu oğlunun vəzifə pillələrində yüksəlişi
də elə bunlara bağlı idi.
***
1970-ci ilin oktyabr ayında
əmək fəaliyyətinə
başlayıb 2007-ci ildə
təqaüdə çıxan
Arif Allahverdiyevin çox da uzun
olmayan ömür yolunda, tərcümeyi-halında
yaddaqalan məqamlar çoxdur: keçmiş
Dəvəçidə raykomun
əslən yerli olan sonuncu katibi.
əslən yerli olan ilk İcra Hakimiyyəti başçısı, respublikada
ən gənc rayon XDS
sədri... Lakin o, Ümummilli Lider
Heydər Əliyevlə
görüşləri ömrünün
ən əlamətdar
tarixi hadisələri
hesab edirdi. Ulu öndər Heydər Əliyevin bizim Şabrana (keçmiş Dəvəçi)
tarixi səfərlərini
ötən illərin
eyni həyəcanı
və sevinci ilə xatırlayırdı:
"...Kommunist ideologiyasının
tələbilə o vaxtlar
Lenin cümə günü
adlanan tədbirlər
keçirilirdi. Məlumat verdilər
ki, Dəvəçi
broyler fabrikində keçirilən həmin tədbirdə Azərbaycan
KP MK-nın birinci katibi Heydər Əliyev iştirak edəcəkdir. İlk dəfə
idi ki, respublika
rəhbəri rayonumuza
səfər edirdi.
1982-ci il iyul ayının 25-də görkəmli dövlət
xadimi, Ulu öndər Heydər Əliyev Dəvəçi
rayonuna gəldi, broyler fabrikində müəssisənin iş
fəaliyyəti ilə
yaxından tanış
oldu, kollekiv üzvləri ilə söhbət etdi.
Tədbir rayon mərkəzindəki kinoteatrda
keçirilirdi. Bu tarixi
və unudulmaz görüşdə fabrikin
kollektivi ilə yanaşı, rayon ictimaiyyətinin
nümayəndələri də
iştirak edirdi.
Məhz respublika rəhbərinin rayonumuza səfərindən
sonra keçmiş Zaqafqaziyada ən nəhəng müəssisələrdən
olan Siyəzən broyler fabrikinin tikintisinə başlanıldı. Bu gün qonşu Siyəzən rayonunun yüzlərlə sakini həmin fabrikdə çalışır.
Aradan bir il keçdi. Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilən xalqımızın böyük oğlu Heydər Əliyev nəhəng bir dövlətin, SSRİ-nin ali rəhbərliyində mühüm bir vəzifəyə - SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsinə təyin olundu. Onunla öyünür, qürurlanır, fəxr edirdik!
Bir dəfə Azərbaycan KP MK-dan məlumat verdilər ki, yaxın günlərdə Sov.İKP MK Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini Heydər Əliyev rayonumuzda səfərdə olacaq. Ali qonağı qarşılamaq üçün rayonda geniş hazırlıq işlərinə başlanıldı. Rayon partiya komitəsində Ulu Öndərimizin Dəvəçiyə səfəri zamanı hərəkət marşrutu müəyyənləşdirildi. Müşavirədə iştirak edən respublika KP MK-nın məsul işçisi bildirdi ki, hərəkət marşrutunda raykom tərəfindən məsul bir nəfər də olmalıdır. Raykomun birinci katibi dərhal cavab verdi: "Rayispalkomun sədri Arif müəllimi məsləhət bilirəm". Bu, çox məsuliyyətli, həm də çox şərəfli bir tapşırıq idi. Ali qonağın olacağı yerlərə baxışlar keçirildi. Hərəkət marşrutu bir daha dəqiqləşdirildi. Nəhayət, gözlənilən gün gəlib çatdı. 1983-cü ilin sentyabr ayının 6-sı idi. Ağsaqqallar, rayon ictimaiyyətinin nümayəndələri, məsul işçilər hörmətli qonaqları qarşılamaq üçün rayonun sərhədinə toplaşmışdılar. Dahi şəxsiyyət Heydər Əliyev və onu müşayiət edən dövlət xadimləri rayon əhalisi tərəfindən böyük coşqu və sevinclə qarşılandı. Sonra əvvəlcədən müəyyənləşdirilmiş marşrut üzrə avtomobil karvanı hərəkətə başladı. Birinci avtomaşında əyləşmişdim. Ümummilli Liderimiz rayonumuza bu ikinci səfərində tarixi Çıraqqala abidəsinə baş çəkdi. Qədim Şabran şəhərində aparılan arxeoloji qazıntı işləri ilə tanış oldu.
Rayon əhalisi ilk dəfə idi ki, belə ali qonaqla, yüksək dövlət və hökumət rəhbəri ilə görüşürdü. Şabranlıların tarixi yaddaşında bu səfər bir də onunla əlamətdardır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də Ulu öndərlə birgə idi.
Sonralar müstəqil respublikamıza rəhbərlik edən dövlət başçımız Heydər Əliyev Çıraqqala tarixi abidəsinin və "Qədim Şabran şəhəri" tarixi qoruğu ilə bağlı mühüm qərarlar qəbul etdi".
***
İnsanın həyatda qoyub getdiyi izlər gördüyü yaxşı, xeyirxah işlər, xoş əməllər də ola blər. Əkdiyi bir fidanın qollu-budaqlı, köklü-köməcli bir ağaca çevrilməyi də...
Arif müəllim də sınaqlarla dolu ömrünü şərəflə, ləyaqətlə yaşadı. Elə buna görə də ömrünün ötən çağlarına boylananda rahatca nəfəs ala bilib, "Bir ömrün hekayəti"ni yazdı...
Arif müəllim gözəl ailə başçısı idi. O, xoşbəxt bir ailə ömrü yaşadı, ixtisasca ingilis dili müəlllimi olan həyat yoldaşı Xanım müəllimə məsul dövlət qulluğunda çalışan ərinə xırda-iri hər bir qayğısına şərik çıxan, bəzən təsəlli-toxtaqlıq verib ruhdan düşməyə qoymayan bir xanım oldu.
Onun ata öyüd-nəsihəti, ana nəvazişi ilə böyüyən övladları həyatda layiqli yer tutublar. Elnur Rabitə və Texnologiyalar Nazirliyində, Elçin isə Ailə və Uşaq Problemləri Komitəsində çalışır, Vüsalə isə evdar qadındır.
Vəzifədə olarkən yay-qış bilmədən çalışan, fiziki sağlamlığının qayğısına qalmayan Arif Allahverdiyev o qədər uzun ömür sürmədi. Lakin axirət evinə bu dünyada parlaq ad qoyaraq köçənlərin cismani yoxluğu nə qədər ağır olsa da, mənəvi ömrü davam etdiyi üçün qəmlənməyə dəyməz. Arif Allahverdiyev də məhz belə insanlardan idi.
Aydın
TAĞIYEV
AYB
Şabran bölməsinin rəhbəri
525-ci qəzet.- 2019.- 9 oktyabr.- S.19.