Eskiz rəqsə tən gərək  

 

 

 

"Bugün dünəndən başlayır" silsiləsindən

 

Bu müsahibənin tarixi ötən əsrin 70-ci illərinə təsadüf edir. O zaman ana radiomuzun "İncəsənət radio teatrı" şöbəsinin xəttiylə efirə getmişdi. "Sənətsevər" adlı o verilişi Azərbaycan rəqs sənətinə, onun problemlərinə həsr eləmişdim. Özümə həmsöhbət olaraq əlbəttə ki, ilk peşəkar qadın rəqqasələrimizdən olan Xalq artisti Əminə Dilbazini seçdim. Evlərinə zəng elədim. Fikrimi bilən kimi məmnuniyyətlə razılıq elədi. Görüş vaxtını dəqiqləşdirib sağollaşmaq istəyirdim ki, birdən Əminə xanım az qala qışqıra-qışqıra, özü tünd qazaxlı ləhcəsində qayıtdı ki, ayə, a qıvlasız, demeyersənmi mənlə birgə daha kimlər olajağ o verilişdə? Dedim heç kim. O da döndü ki, bəs heylə şeymi olar, rəqs heylə bir şeydi ki, onu geyimsiz təsəvvür eləmək olmur. Dedim yaxşı, onda sən kimi məsləhət bilirsən? Qayıtdı ki, ayə bilmeyirsənmi rəqslərin geyimlərinin şəkillərini çəkən rəssamlar olur. əcəb ilk qadın rəssamımızı, teatr tamaşalarını, kinomuzu, həm rəqslərimizi bəzəyən Bədurə Əfqanlını unutmusan? Mən onsuz radioya ayaq basmaram.

Bunu deyib Bədurə xanımın telefon nömrəsini verdi mənə. Beləcə "Sənətsevər" verilişinin son dərəcə maraqlı, əlvan, səmimi dialoqlarla yaddaqalan bir sayı ərsəyə gəldi xoş ki, bu gün həyatda olmayan iki görkəmli qadın sənətkarımızın səsləri olan həmin veriliş bu gün Azərbaycan radiosunun daimi fondunda qorunmaqdadır. İllər sonra həmin verilişdəki Əminə xanımla mənim dialoqum olan hissəni "Qobustan" jurnalına təqdim elədim dərginin növbəti sayında dərc olundu.

Bu yaxınlarda arxivimi qurdalayanda  vaxtı ilə "Sənətsevər"dəki Bədurə Əfqanlıyla olan söhbətimin əl yazısı gözümə dəydi. Açığı özümə acığım tutdu. Niyə bu çağacan onu mətbuat səhifələrinə çıxarmamışam? Bəlkə rəqs sənəti mütəxəssislərinin, ansambllarda məşğul olan rəssamlarımızın işinə yarayardı. Ona görə  müqtədir sənətkarımızla apardığım o yığcam müsahibədə dilə gətirdiklərini gec olsa üzə çıxarmağı lazım bildim. Bədurə xanım, biz sizi əsasən teatr, kino rəssamı kimi tanımasaq da məlumdur ki, siz həm bir sıra milli rəqslərimizin bədii tərtibatını vermiş, küllü miqdarda geyim eskizləri yaratmısınız. Aydın məsələdir ki, hər hansı rəqsin yarı uğuru həm onun vizual görünüşündən, yəni geyim-keçimindən asılıdır. Təbii ki, rus çastuşkası oynayana bizim "Mirzəyi"də istıfadə olunan libası geyindirmək gülüş doğurar. Sizcə, rəqqasların geyimləri üzərində işləyən rəssamdan ən çox nələr tələb olunmalı, o, öz axtarışlarını sayaq aparmalıdır?

- Eldə gözəl bir misal var, deyərlər gözəllik ondur, doqquzu dondur. Ona görə də rəssam həmin gözəl don vasitəsiylə rəqsin gözəl ruhunu gözəl cizgilərlə milli mentalitetimizə əsaslanaraq qədimlərdən süzülüb gələn musiqili ahəngdarlığı sezib əks etdirməyi bacarmalıdır. Bəs rəssam rəqsin mənası üzərində baş sındırarkən nədən və necə başlamalıdır? Mən əlbəttə, mülahizələrimi yalnız öz timsalımda sizinlə bölüşmək istərdim. İlk əvvəl rəqsin melodiyası, musiqisiylə tanış olmalısan. Rəssam musiqini duymalı, onu bütün varlığıyla hiss etməlidir. Sonra həmin musiqi əsasında baletmeystrin rəqsə necə quruluş verəcəyini öyrəməlidir. Rəqsin quruluşuna gözəllik verən, onu rövnəqləndirən geyim və bəzəklər mütləq musiqi üzərində köklənib rəssamın həssas duyğularının bəhrəsi olmalıdır. Rəssam həmkarlarım xalqımızın rəngarəng, çeşidli geyimlərini olduğundan daha gözəl, bəstəkarlarımızın təqdim etdikləri musiqi lövhələri ucalığına çatdırmalı, milli geyimlərimizi rəqsin dilində öz tamaşaçılarına çatdırmalıdırlar. Rəqslə rəqsin zahiri görünüşü vəhdətdə olmalıdır. Rəqsin xarakterinə, musiqinin ritminə uyğun, mövzuya, tutaq ki, gəlinköçdüdə ifa edilən "Vaqzalı"ya köməkedici geyimlər yaradılmalıdır. Azərbaycanın müxtəlif,  əlvan çalarlı milli formaları rəqqasların  libaslarında tətbiq edilsin gərək. Buna görə rəssam tariximizi mükəmməl öyrənməli, bilməli, onun müxtəlif dönəmlərində soydaşlarımızın hansı geyimlərə üstünlük verdiyindən xəbərdar olmalıdır.

- Doğrudan da, əgər rəssam tarixi öyrənsə, o zaman bizə xas olmayan məqamlar rəqs ansambllarına yol tapmaz. Təəssüf ki, belə hallara az da olsa təsadüf edilir.

- Elə mənim də dediyim odur ki, geyimlərin biçimi, rənglərin ahəngdarlığı, musiqinin yönümü, rəqsin quruluşu biri o biriylə sıx bağlı olmasa, tamaşaçıya səhnədə nə baş verdiyini anlada bilmərik, bu sənət getdikcə tənəzzülə uğrayar. Rəssam rəqsə quruluş verəndə ancaq rəqsin öz dilində verməlidir. Bütün bədii sənətlər kimi rəqs  də şərti sənətdir. Çünki görünüşün özü şərtidir. Səhnədə olan hər bir quruluş onun keyfiyyətinə, daxili aləminə bağlı olur, musiqinin açılışına xidmət edir. Eləcə də rəqqasın geyimi. Tutaq ki, rəssama "Qarabağ yallısı"na eskiz çəkmək həvalə olunub. O, Qarabağın tarixini, orada zaman-zaman yaşamış əhalinin geyim adətlərini bilməsə, neyləyə bilər? Təbii ki, həmən özünü verəcək etnoqrafiya muzeyinə, orada bir taxta sinəbəndlə, gümüş kəmərlə bilərziyi, topuqbəndlə süslənmiş nümunəni tez-tələsik rəsm edib gətirəcək rəqs ansamblına. Yaxşı, tutaq ki, bunu yerinə yetirdi, bəs sonra? Sonrası daha müşküldür, burada güclü fantaziya tələb olunur. O düşünməlidir ki, bu muzeydə rəsm eləyib köçürdüyü geyim hansı zümrəyə aiddir - bəyəmi, xanamı, qoçuya, rəiyyətə, jandarma, fəhləyə, kəndliyəmi ? İkincisi, o ağırlıqda olan geyimdə yazıq rəqqas necə atılıb düşəcək? Üçüncüsü, rəqsin ritmində, musiqisində o geyimə uyarlıq varmı? Rəssam bütün bunlar barədə düşünməli, geyim elementlərini qorumaq şərtilə ona əl gəzdirməli, yüngülləşdirməlidir.

- Necə bilirsiz, bəlkə də bəzi milli rəqslərimizin uzun ömürlü olmaması, yaxud rəqs ansambllarının repertuarına nadir hallarda düşməsi elə siz söylədiyiniz səbəblərdəndir?

- Mən bir daha vurğulayıram, istər xalq musiqisi, istərsə də bəstəkar musiqiləriylə müşayiət olunan rəqslər xalğımızın özəl ruhuna oxşamalı, onu ifadə etməlidir. Oraya yad notlar, yabançı xallar qondarmaq olmaz. Unutmaq olmaz ki, xalqın gen yaddaşında xalq melodiyaları, zümzümələr kimi peşəkar bəstəkarların da yaratdıqları oynaq, şux musiqilərin yeri varo, heç bir saxta məqamı özünə yaxın buraxmır. Bu, həm də xalq rəqslərinə aiddir. "Tərəkəmə"nin öz geyimi, "Qazağı"nın, "Qoçəli"nin, "Vaqzalı"nın, "Mirzəyi"nin də öz libasları var. Bunları qatıb-qarışdırmaq olmaz.

- Bu, bizim hamımızın arzusudur, Bədurə xanım. Arzumuz budur ki, istər rəqs quruluşçuları, istər ifaçılar, istərsə də geyim eskizlərini hazırlayan rəssamlarımız bir yerdə dayanıb durmasınlar, respublikamızı kəndbəkənd, şəhərbəşəhər gəzsinlər, el-oba adətlərimizin, toylarımızda, el şənliklərində ifa olunan rəqslərimizin mənbəyinə varsınlar, onlardakı hər bir cizgini daha mükəmməl səpgidə səhnələrə köçürsünlər, hər bölgəyə xas olan geyim növlərini, rəqslərin məxsusi xarakter və incəliklərini daha böyük auditoriyalarda nümayiş eləsinlər. Bir sözlə, milli Azərbaycan rəqslərini ordan-burdan gəlmə elementlər hesabına yox, sırf milli bərbəzəklərimizlə  süsləsinlər. İnanırıq ki, onlar getdikləri bölgələrdən əliboş qayıtmayacaq, bizləri də əlvan boyalı, şən, şux, məzəli rəqsləriylə  sevindirəcəklər. İstər baletmeystrlər, istər rəqqaslar, istərsə də geyim üzrə rəssamlar.

- Sizinlə tamamilə razıyam.

 

 

İntiqam MEHDİZADƏ

 

525-ci qəzet.- 2019.- 9 oktyabr.- S.19.