"İndi hanı o bağlar..."
Bu günlərdə "Qanun" nəşriyyatında
Azərbaycan Yazıçılar Birliyinin (AYB) təşəbbüsü
ilə görkəmli Azərbaycan yazıçısı
İsi Məlikzadənin "Qatarda" hekayələr
kitabı çap olunub.
Yazıçının
ilk qələm təcrübələrindən həyatının
son dönəminə qədər yazdığı, demək
olar ki, bütün hekayələrinini
toplanıdığı kitaba AYB-nin katibi Rəşad Məcid
"İndi hanı o bağlar..." sərlövhəli
Ön söz yazıb.
Ön sözü "525-ci qəzet"in oxucularına
təqdim edirik.
(Ön
söz)
Çağdaş nəsrin ustalarından sayılan
unudulmaz yazıçımız İsi Məlikzadənin
yaradıcılığına daha çox diqqət yetirilməsinin,
onun əsərlərinin geniş çapının vacibliyi
barədə son zamanlar xeyli danışılıb. Əsərləri müstəqillik
illərində az çap edilən
görkəmli nasirin yaradıcılığının
layiqincə nəşri yönündə bir sıra cəhdlər
də olub. Ancaq bütün bunların ədibin
irsinin təbliği baxımından arzuolunan nəticələr
verdiyini söyləmək, təəssüf ki, mümkün
deyil.
Bu il İsi Məlikzadənin anadan
olmasının 85 illiyi tamamlanır. Azərbaycan
Yazıçılar Birliyində
yaradıcılığının təbliği bir qədər
diqqətdən kənarda qalmış ədiblərimizin
kitablarının nəşri ilə bağlı müzakirələr
zamanı qərara gəldik ki, Əli Kərim və İsi Məlikzadənin
kitablarını mütləq çap edək. Yeni nəslin
bu iki sənətkarın yaradıcılığına daha dərindən
və ətraflı bələd olması üçün
onların kitablarını latın
qrafikasında nəşrə hazırlayaq. Bu təşəbbüs
AYB-nin sədri, Xalq yazıçısı Anar tərəfindən
təqdirlə qarşılanıb dərhal dəstəkləndi.
Anar müəllim İsi Məlikzadəni həmişə
xoş duyğularla xatırlayır və
yaradıcılığına çox böyük qiymət
verir. Onlar bir ədəbi nəslin -
"altmışıncılar"ın nümayəndələri
olublar, adları dəfələrlə yanaşı çəkilib.
Anar müəllimlə, Fikrət Qocayla birlikdə
Ağcabədidə tədbirlərdə olarkən İsi Məlikzadənin
məzarını ziyarət etmişik.
İsi
müəllimin Ağcabədidəki doğulduğu ev boşdur. Ailəsi həmin ünvanın ədibin
ev muzeyinə çevrilməsini
arzulayırdı. Bununla bağlı bir neçə
dəfə müraciətlər oldu. AYB sədri
Anar da, baş nazirin müavini olduğu dönəmdə Xalq
yazıçısı Elçin də bunun üçün
xeyli çalışdı.
Tale belə gətirdi ki, İsi müəllim bu dünyadan
erkən, həm də qarışıq bir dövrdə
köçdü, layiq olduğu təltifləri, fəxri
adları almağa ömrü vəfa etmədi. Amma bir
müddət də yaşasaydı, yəqin ki,
özünün zəngin və qiymətli
yaradıcılığına görə dövlətimiz tərəfindən
yüksək təltiflərə layiq görüləcək,
çox güman, Azərbaycanın Xalq
Yazıçısı adını da alacaqdı. O
halda, heç şübhəsiz, xatirəsinin əbədiləşdirilməsi,
eləcə də ev muzeyinin
yaradılması ilə əlaqədar məsələlər
çox asanlıqla öz həllini tapacaqdı.
İsi Məlikzadənin 85 illiyi münasibətilə bu
kitabı nəşr etdirməklə biz onun ruhuna,
yaradıcılığına dərin ehtiramımızı
bir daha göstərməyə, vəfa borcumuzu müəyyən
mənada yerinə yetirməyə çalışdıq. Fikirləşdik ki, İsi
Məlikzadənin bütün hekayələrini bu kitabda
toplayaq, müasir oxucular, xüsusən gənc yazarlar həmin
əsərlərlə rahat tanış
olub, ədibin sənətkarlığından bəhrələnə
bilsinlər. Çünki İsi Məlikzadənin
nəsri, onun hekayələri təkcə oxuculara maraqlı
olmaqla məhdudlaşmır, həm də yeni nəsil
yazarların öyrənməsi üçün həmişəyaşar
mənbə məziyyəti daşıyır.
İsi Məlikzadənin
hekayələrini çapa hazırlayarkən onun 40 il əvvəl oxuduğum əsərlərinə
yenidən qayıtdım. Bu qayıdışla bir daha yəqin
etdim ki, İsi Məlikzadə Azərbaycan nəsrində
öz fərqli dəsti-xətti, orijinal və maraqlı təhkiyəsi,
müəllifinin imzasını daima parlaq saxlayacaq hekayə və
povestləri ilə xüsusi yer tutan yazıçıdır.
Eyni zamanda, dostlarının xatirələrində
nəcibliyi, dadlı-duzlu yumoru, hazırcavablığı,
şirin söhbətlərilə yaşayan, yaddaşlardan
silinməyən təkrarsız şəxsiyyətdir.
Mənim yaddaşımda ta uşaqlıq və gənclik
illərimdən bəri İsi Məlikzadə həmyerlimiz
kimi də özünə məxsusi yer tapıb. Ağcabədidən
pərvazlanmış İsi müəllimin mərhum atamla
dostluq münasibəti, xoş ünsiyyəti vardı. Mən ədəbiyyata meyl salıb 1970-ci illərin
sonlarından ədəbi proseslə maraqlandığım
üçün "Azərbaycan", "Ulduz"
jurnallarının hər yeni sayını intizarla gözləyir,
oradakı yeni əsərləri ardıcıl mütaliə
edir, hər imzaya, müəllifin əsərlərinə diqqət
yetirirdim. Onların arasında İsi Məlikzadə
imzası məndən ötrü xüsusilə əziz və
doğma idi. Gözəl əsərlərilə
yanaşı, həmyerlimiz olmasının, atamla dostluğunun
da bunda ayrıca rolu vardı. Biz onda
Ağdamda yaşayır, Ağcabədiyə hərdənbir
gedirdik. Amma mən hər dəfə
Ağcabədiyə gedəndə İsi Məlikzadənin sevə-sevə
oxuduğum povest və hekayələrindəki qəhrəmanların
prototiplərini axtarırdım. Bəzən
onun yaratdığı obrazlara oxşayan adamlarla
rastlaşırdım da. İsi müəllimin
qızı Xatirə xanım Məmmədli də müsahibələrindən
birində bu haqda danışmışdı: "Onun az qala
bütün qəhrəmanlarını tanıyıram. Həmişə özündən və yaxın ətrafından
yazırdı. Amma təbii ki, bədii səviyyəyə
qaldıra bilirdi".
Tənqidçi
Vaqif Yusifli İsi Məlikzadənin kitabına
yazdığı "Sözün ömrü qədər"
adlı Ön sözündə onun qəhrəmanlarını
belə təqdim edir: "Yalnız hekayə və povestlərindən
tanıdığım və sevdiyim İsi Məlikzadə ilə
ünsiyyətim məndə belə bir fikir yaratdı ki,
İsi Məlikzadə ilə onun təsvir etdiyi qəhrəmanlar
arasında güclü doğmalıq var. Sanki o, öz
ömrünün ayrı-ayrı aylarını, illərini
obrazlarına paylayıb. İsi bütün əsərlərində
özünü yaradıb. Ancaq eyni zamanda,
o qəhrəmanların hər biri də öz
ömrünü yaşayıb. "İki günün
qonağı"ndakı mühəndis İslam sanki
İsinin özüdür, "Quyu"da, "Yaşıl
gecə"də, "Günəşli payız"da,
"Dədə Palıd"da, "Gümüşgöl əfsanəsi"ndə
də təsvir olunan qəhrəmanlar İsinin mənəvi
dünyasından güc almışlar".
Sonralar İsi Məlikzadə ilə bir neçə dəfə
görüşdüm. Bu görüşlər onun haqqında
düşüncələrimi, təsəvvürlərimi, təbii
ki, müsbət mənada doğrultmaqla yanaşı, daha da
dolğunlaşdırdı.
1995-ci ildəki
- ölümündən bir az əvvələ
təsadüf edən - görüşümüz nisgilli, kədərli
məqam kimi xatirimdə qalıb. Ağır
vaxtlar idi. O zaman yaxından müşahidə etdim ki,
Qarabağ itkisi, yeni müstəqillik qazanmış ölkədəki
təlatümlər İsi müəllimə çox dərin
sarsıntılar gətirib. O, bir qarabağlı, azərbaycanlı
kimi ölkənin, xalqın üzləşdiyi çətinlikləri,
dərdləri dərindən hiss edir və
bölüşürdü. Hətta son povesti
olan "Qırmızı şeytan"ı da bu mövzuya həsr
etmişdi. Qızı Xatirə xanım həmin povesti
atasının yaradıcılığında ən sevdiyi əsər
adlandırır: "Çox sevdiyim "Qırmızı şeytan"
adlı gözəl bir əsəri var. Sonuncu əsəridir. 20 Yanvar hadisələrindən bəhs edir. Həm də 1918-ci ildə rus ordusunun Qarabağa gəlməsindən
söz açılır, dövrlər müqayisə
olunur". Vaqif Yusifli isə həmin povest barədə
yazır: "Bu povestdə o, illərdən bəri içində
püskürən qəzəb və etirazını,
yaşadığı cəmiyyətdən
narazılığını bədii sözlə ifadə
etdi".
İsi Məlikzadə erkən deyə biləcəyimiz
məqamda, yaradıcılığının müdrikliyə
qədəm qoyduğu vaxtda - 61 yaşında
dünyamızı tərk etdi. Onun vəfatı ilə
bağlı vida sözü, nekroloq yazmışdım.
"Qəfil ölüm" adlandırdığım həmin
yazıda da qeyd etdiyim kimi, XX əsr Azərbaycan nəsrinin səhifələrindən
İsi Məlikzadə imzası heç vaxt silinməyəcək:
"Onun duzlu, düşündürən hekayələrini,
povest və romanlarını xalqımız uzun illər sevə-sevə
oxuyacaq. Yəqin ki, çox-çox illər
sonra da İsi müəllimin əsərləri əsasında
filmlər çəkiləcək, tamaşalar səhnəyə
qoyulacaq. Bu gün ədəbiyyat
maraqlısı olan hər bir kəsin evi İsi müəllimin
əsərlərindən xali deyil. Azərbaycan
xalqı illər ötdükcə yenə də onun
kitablarına üz tutacaq, yenə də "Qatarda"
tamaşasına baxacaq və onun əsərləri həmişə
insanların ən qəmli vaxtında belə köməyə
çatacaq, bir ümid çırağına dönəcək".
Düşünürəm
ki, İsi Məlikzadənin bu kitabda yer alan
hekayələri barədə fikirlərimi, təzələnən
təəssüratlarımı da bölüşməyim
heç də yersiz alınmaz. Çünki
onların mənim zehnimdə, yaddaşımda aydın, əsaslı
izləri var.
Məsələn, "Qarlı bir gün" hekayəsindəki
sürücü Qəzənfər, "Oğul"dakı
Tahir kimi personajlar, onillərdir ki, mənim hafizəmdə
öz yerini qoruyur. Saf təbiətli, dürüst bir insan kimi təqdim
olunan sürücü Qəzənfər ilk iş
günündə müdirinin kobudluğunu görüb ona
qarşı çıxır, xarakterini nümayiş etdirərək
etirazını bildirir, oradan uzaqlaşır. Və
ya "Oğul" hekayəsində oğlunun evə gec gəlməyindən
narahat olan xəstə ata səbrini basa bilmir, əsəbləşir,
həyat yoldaşına gileylənir, oğlu evə gələndə
isə acığından ona sillə vurur. Sonra məlum
olur ki, oğlu məhz atasının xəstəliyinə
görə, universitetdə oxuya-oxuya həm də işləyirmiş...
Belə obrazlar və hadisələr sonralar
inkişaf edərək İsi müəllimin povestlərində
daha gözəl və bütöv şəkildə üzə
çıxdı, bir qədər də canlanıb püxtələşdi.
İsi Məlikzadənin
incə yumoru hələ keçən əsrin
altmışıncı illərində yazdığı
"Yuxu dərmanı" hekayəsində də aşkar
hiss olunur. O yumor tədricən güclənərək, yeni
çalarlar alaraq ədibin məşhur hekayələrində
təkmil halına çatıb.
1979-cu ildə "Azərbaycan" jurnalında İsi
müəllimin "Dədə palıd" povesti çap
olunmuşdu. Povest axıcı, lirik təhkiyəsiylə bir nəğmə
kimi qalıb yadımda. Oxuduqca
yazıçının yaratdığı pak, sadəlövh
obrazlar - Nurcabbar, Bağır yenidən gözümdə
canlanır. Bir də "pul qazanmaqdan
savayı dərdi olmayan, puldan ötrü anasının əmcəyini
kəsən" Piti Namaz var, təbii ki.
Oradakı
ən yaddaqalan, təsirli məqamlardan biri də cəmiyyətdə
özünə yer tapa bilməyib mehrini təbiətə
salan Nurcabbarın Kür çayıyla dərdləşməsidir:
"- Mən gedəriyəm, sən əbədi. Mən acizəm, sən güclü. Qoru bu dünyanı acgözlərdən. Onların gətirdikləri bəladan, yamanlıqdan hifz elə bizi. Qorxuram acgözlərdən, Kürüm, qorxuram". 40 il əvvəl yazıçının inanılmaz intuisiyayla hiss etdiyi dərdlər sonralar qabardı, şişdi. Acgözlük dalğasında Nurcabbarlar məhv oldu, Bağırlar ev-eşiksiz qaldı, Piti Namazlar hörmətə minib iş adamına çevrildi...
Qeyd etdiyim kimi, İsi Məlikzadənin povestlərinə lirik təhkiyə, rəvan ahəng xasdır. Onun əsərlərini təkrar mütaliə etdikcə, bəzi məqamlarda Xalq yazıçısı Anarın hələ 1984-cü ildə yazdığı "Nəsrin fəzası" məqaləsində İ.Məlikzadə haqqında qələmə aldığı fikirlərini xatırlayıram: "İ.Məlikzadə üçün təbiətin mühafizəsi problemi - yüzillik palıdın qorunması ("Dədə palıd"), nadir fauna qoruğunda qayda-qanuna ciddi riayət olunmaları ilə sıx surətdə bağlıdır.
... İ.Məlikzadənin əsərlərində bu problemlər alleqoriya və metaforasız, sırf realist aspektdə qoyulur. Alleqoriya və simvollar varsa da, yalnız başlıqlardadır. "Yaşıl gecə", "Dədə palıd", "Quyu" - əlbəttə, rəmzlərdir, metaforadır.
... İ.Məlikzadənin əsərlərinin məkanı həmişə ciddi fabula çərçivələri arasındadır. O, povestdən povestə, demək olar ki, eyni mənəvi modellə, hətta müxtəlif materiallar əsasında eyni əxlaqi situasiyaya ayrı-ayrı nöqtələrdən baxa-baxa müraciət edir. Povestlərin süjet xətləri, onların fakturaları eyni olsa da, mənəvi konfliktin mahiyyəti eyni modelə gəlib çıxır - etik prinsiplərdən əl çəkərək, əvəzində böyük nemətlərə, güzəşt və imtiyazlara sahib olmaq, ya da bütün bunlardan imtina etməklə ləyaqəti, şəxsiyyəti qoruyub saxlamaq. Özü də yazıçı personajların yaşını, peşəsini və xarakterlərinin xüsusiyyətlərini dəyişərək, problemlə qarşılaşan qəhrəman modelinin ümumi cizgilərini saxlayır: cavan, hələ heç fiziki cəhətdən möhkəm olmayan qəhrəmanlar (Qaçay da, Umud da, Qərib də belədir) axırda özlərinin mənəvi mətinliklərini nümayiş etdirirlər. Yaradıcılığına xas olan plastik görümlülük, dəqiq təsvir, canlı dialoqlar və duzlu yumorla yanaşı, "variasiyalı mövzu" adlandıra biləcəyimiz bu xüsusiyyət İsi Məlikzadə nəsrinin əsas keyfiyyətlərindən biridir".
İsi Məlikzadənin, yəqin ki, ən məşhur
əsəri olan "Qatarda"nın ilkin təəssüratı
hələ də məni tərk etməyib. Onun bir çox əsəri
kimi, bu da sanki bir kino materialı idi. Təsadüfi deyil ki, hekayə
çap olunandan az sonra rejissor Ramiz Həsənoğlu onun əsasında
televiziya tamaşası hazırladı, Həsən Əbluc,
Yaşar Nuri, Hamlet Xanızadə və başqa usta
aktyorların ifasında uğurla təqdim olundu. Tamaşa böyük əks-səda yaratdı və
indiyə qədər də Azərbaycan Televiziyasının
klassik işləri sırasında müstəsna mövqeyini
qorumaqdadır. Xalq şairi Qabil bu əsərlə
bağlı vaxtilə çox dəqiq fikir bildirmişdi:
"İsi Məlikzadə Azərbaycan nəsrinin Çexovu
idi, Şukşini idi. O, heç bir şey yazmasaydı da, əxlaq,
sima, gözəllik, mütilik və kişilik poeması olan
"Qatarda" onun bəsiydi".
Həmin yüksək cəhətləri əsas
götürüb, biz də bu kitabı "Qatarda"
adlandırdıq. Ancaq bir daha vurğulayıram ki, İsi
müəllimin bu kitabdakı digər hekayələri də
orijinallığı, koloritli obrazları baxımından son
dərəcə maraqlı və dəyərlidir.
"Cehiz güzgüsü" hekayəsindəki yekəxana,
özündənrazı, ancaq həm də saf təbiətli
Nəsir obrazı "Qatarda"nın
Dadaşovuna xeyli bənzəyir, bir mənada, onun "əcdadı"
sayıla bilər. Amma Dadaşov bəlli anlamda
Nəsirin daha təkmil variantıdır. Güman
ki, İsi Məlikzadə həmin illərdə həqiqətən
də məhz belə bir adamı müşahidə eləmişdi
və onun xarakterik obrazını ustalıqla
yaratmışdı.
Yaxud da ədibin "Bu dağlar - qoşa dağlar"
hekayəsini oxuyanlar, sözsüz ki, "Kişi
sözü" filmini, oradakı xoş ovqatı, duzlu-məzəli
epizodları xatırlayacaqlar.
"Talisman" hekayəsində də süjet o qədər
dinamik, təsvirlər elə canlıdır ki, İ.Məlikzadənin
ssenarist kimi də necə mahir olduğu dərhal diqqət
çəkir.
Təsadüfi deyil ki, indi də Azərbaycan
Dövlət Mədəniyyət və İncəsənət
Universitetinin tələbələri kurs və ya diplom işlərində
kiçik sujetli filmlər çəkərkən tez-tez onun
hekayələrinə müraciət edirlər.
Yadımdadır ki, rejissorluq fakültəsinin tələbəsi,
gənc istedadlarımızdan biri Vasif Rzalı
özünün kurs işi üçün
yazıçının "Duz" hekayəsini seçərək,
onun əsasında qısa film çəkmiş, uğurlu
ekran işinə imza atmışdı.
İsi Məlikzadənin 1984-cü ildə
yazdığı "Bir göyün altında" hekayəsi
elə bir dövrdə yazılmışdı ki, onda hələ
Qarabağ hadisələri, Ermənistan-Azərbaycan
münaqişəsinin başlanmasına illər vardı. Amma müxtəlif
yerlərdə erməni təxribatları
başlamışdı, qismən də olsa, bəd niyyətləri
üzə çıxırdı. Şübhəsiz
ki, yazıçı fərqli intuisiyası ilə bunları
çox öncədən duyurdu. İsi Məlikzadə
əslində, çox humanist, xoş niyyətlə
yazılmış bu hekayədə eyni zamanda, erməni xislətini
açıb göstərə bilmişdi.
"Şehli
çəmənlərin işığı"nda 60
yaşı tamam olan Mirzənin həyat yoldaşı Nina beş il əvvəl rəhmətə gedib,
oğlu və qızının başları öz həyatlarına
qarışıb, atalarının ad gününü elə-belə,
dilucu təbrik ediblər. Və birdən Mirzə
yeddinci sinifdə oxuyarkən öz sinif yoldaşı Həsənə
vurduğu silləni xatırlayır, 46 ildən sonra Həsən
gəlib Mirzənin yadına düşür. O vaxt sinif
yoldaşları Qəşəng Mirzəyə
baxdığı üçün ona sakit səslə irad
tutan Həsənin hərəkəti Mirzənin qüruruna
toxunur və hər kəsin içərisində Həsənə
sillə vurur. Bu hadisə düz 46 ildən sonra belə Mirzəni
rahat buraxmır və 60 yaşında Vətənə
dönür, bacısına "ölməyə gəlmişəm"
deyir, amma həm də üzrxahlıq etmək
üçün Həsəni axtarır. Sən demə, həmin
sillədən sonra Qəşəngin meyli Həsənə
yönəlib... Yazıçı burada
çox mürəkkəb psixoloji məqamı rahat və sadə
şəkildə ifadə edir. Sən demə, adi bir sillə
kimisə 46 il rahat buraxmadığı
halda, başqa birinin həyatının axarını müsbətə
doğru dəyişməyə qadirmiş! Uzun
zamandan sonra yenidən bu hekayəni oxuyarkən bir daha İsi Məlikzadə
istedadına, onun nasir qələminə heyranlıq duydum.
Və ya
1985-ci ildə yazılmış "Bir səbət
üzüm" hekayəsini indi - 35 il
uzaqlıqdan oxuyanda məni qəribə bir qüssə
bürüdü. Bəlkə bunun bir səbəbi
də doğulub-boya başa çatdığım
torpağın adamlarının dərdini ifadə etməsi,
oranın havasının, suyunun, insanlarının dəqiq təsvirinin
verilməsidir. Həmin hekayəsində
yazıçı Qarabağın Aran bölgəsini məharətlə
təsvir edir və əsərdəki lövhələr məndə
bu "Ön söz"ü yazdığım isti yay
günlərində dərin nostalji yaradır. Dəmirçi Davud Qarabağın Aranında
dünyaya göz açıb, burada böyüyüb, burada
qocalıb və bu yerin ab-havasına bələddi. Bilir ki, "qəribə təbiəti var Aranın.
İllah da ki, yayı lap məəttəl
qalmalıdı. Gündüzlər yer-yurd qızmar saca
dönür və adam bu sacda qovurğa
kimi qovrulur. Amma gecələr otların,
yarpaqların üstünə mirvari şeh düşür.
Səhərə yaxın torpaq da, daş da buza
dönür. Yayda heç haranın səhəri
Aran Qarabağın səhərinə çatmaz. Belə aydın, belə sərin, belə ətirli səhər
harda var?"
Bu əsərdə Aran Qarabağın səhəri
İsi Məlikzadə qələminə xas əyaniliklə,
doğma rənglər və cizgilərlə təsvir olunur. Hekayənin
sujeti isə çox sadədir. Davud
könlünə "Mərəndi" üzümü
düşən həyat yoldaşı üçün vaxtilə
gedib bağlardan üzüm dərərdi. İndi əvvəlki "yuxarıdan baxanda
dalğalı dənizə oxşayan üzüm
bağları" yoxdur. Ona görə də
bu gecə könlünə "Mərəndi"
üzümü düşən həyat yoldaşı
üçün o üzümü hardan tapa biləcəyini
çox düşünür. Yadına
düşür ki, keçmiş kolxoz sədri
Əlipaşanın bağında o üzümdən var. Və
gizlincə bağa keçib üzümdən bir səbət
yığır. Amma nə əvvəlki bağın
dad-tamını hiss edir, nə də şanapipiklərin
oxumağını eşidir. Həm də
bağdan gizlin getməyi özünə yaraşdırmır
və Əlipaşanı haraylayır. Onların
arasında maraqlı bir dialoq yaranır. Onlar
keçmiş bağları xatırlayırlar, bir-bir
adlarını çəkirlər: Abbasın bağı, Mirzə
Camalın bağı, Məşə Züleyxanın
bağı, Möhübbətin bağı, Kələ
Ələkbərin bağı... Sonra isə
üzümlərin növlərini sadalayırlar. Bu
söhbətdə dəmirçi Davud ürəyini
boşaldır, Əlipaşaya acığını ifadə
edir: "Sən kəsdin kökünü o
üzümlüklərin. Onda sən kolxoz sədri
idin, bağların çoxu sənin ixtiyarında idi. Uzaq bağların yerində pambıq əkdirdin,
yaxın bağlardan da camaata yer verdin. Rayonda
torpaq qəhət idimi?" Sonda da belə bir adamın
bağından üzüm götürməyi özünə
sığışdırmayıb deyir: "Sənin
üzümün başına dəysin, bütün
bağları güdaza verdin. İndi hanı o
bağlar, hanı o şanapipiklər?"
Bu acı təəssüf dolu cümlələr indi -
2019-cu ildə daha da təsirli səslənir və təkcə
o möcüzəvi üzüm bağlarını deyil,
bütün itirdiklərimizi bizə təkrar
xatırladır.
Bütün
bu məqamları nəzərə aldıqca istər-istəməz
düşünürəm ki, İsi Məlikzadə daha 10-15 il yaşasaydı, nəsrimizin üfüqləri
onun yeni möhtəşəm əsərlərilə daha da
aydınlanardı. Bu cəhətdən, Xalq
yazıçısı Elçinin vaxtilə İsi Məlikzadənin
"Quyu" povestini oxuyandan sonra ona ünvanladığı
məktubundakı fikirlər tamamilə dəqiqdir: "Bu məktubun
əsas səbəbi Sizin "qazdığınız"
"Quyu"dur və lap əvvəldən deyim ki,
yaxşı "quyu" qazmısınız, suyunun "mət
kimi şipşirin, göz yaşı kimi dumduru" olması
barədə bir söz deyə bilmərəm, amma bu quyu bədii
psixoloji mənada gələcəyin daha dərin
"Quyu"larından xəbər verir, Sizin
yaradıcılığınızdakı inkişafı, bədii-estetik
kamilliyə doğru keyfiyyət dəyişikliyini əyani
şəkildə göstərir".
Xalq şairi Ramiz Rövşən də İsi Məlikzadəni böyük sayğı və sevgiylə yad edir: "Bu gün 73 yaşından baxanda İsinin cəmi 61 illik ömrü mənə çox qısa, hətta yarımçıq kimi görünsə də, onu təkcə kədərlə yox, həm də təbəssümlə xatırlayıram. Şairlik Allah vergisidir deyirlər, məncə, bu, yazıçılığa da aiddir. İsi anadan yazıçı doğulanlardan idi. İsi qədər incə yumoru, ironiyası olan adama çətin rast gələrdin. O, hətta heç nə yazmasaydı da, onun söhbətlərini, danışıqlarını yığıb bir kitab eləsəydik, o kitab əllərdən düşməzdi. Heyf ki, o söhbətləri nə özü yazdı, nə də dostları. Amma xoşbəxtlikdən İsi özünün gözəl povestlərini, hekayələrini yazdı. Onun ədəbiyyata gəldiyi 60-cı illər ədəbiyyatımızda, mədəniyyətimizdə bir oyanma, canlanma, təzələnmə dövrü idi. Şeirdə də, nəsrdə də bir-birindən parlaq, yeni-yeni imzalar peyda olur, "xırda-xırda zəlzələlər baş verirdi". O parıltının, gurultunun fonunda İsinin ədəbiyyata gəlişi nisbətən sakit, hay-küysüz oldu. Təxminən 30 ildən sonra - 1990-cı illərin ortalarında ölkəmizdə siyasi təlatümlərin, çaxnaşmaların fonunda İsinin dünyadan getməyi də eləcə sakit, səs-küysüz oldu. Hətta onu sevən oxucuların bir çoxu bəlkə bu itkidən heç xəbər də tutmadı. Amma bu gün İsi Məlikzadənin hər bir üslubçuluqdan, əllaməçilikdən uzaq, həyat kimi təbii və iddiasız, insana sevgi və rəhm dolu əsərlərini oxuyanda bu əsərlərin indi doğma Ağcabədi torpağında uyuyan müəllifinin necə xoşbəxt bir yazıçı taleyinə sahib olduğunu bir daha təsdiqləyirsən".
Sonrakı ədəbi nəsillərin nümayəndələri də İsi Məlikzadə yaradıcılığına yüksək qiymət veriblər. Yazıçı Fəxri Uğurlunun da onun haqqında düşüncələri diqqət çəkir: "Onun təhkiyəsi ənənəvidir, bəzi nəsildaşları, məsələn, Anar, Elçin, Yusif Səmədoğlu kimi fantasik, fantasmaqorik, irreal süjetlərə əl atmayıb, ancaq onun realizmini mahiyyətcə fantastik realizm də adlandırmaq olar, çünki bu realizm səthi deyil, onun əsərlərində obrazların davranışları, situasiyalar, novellaya xas sərt, kəskin dönüşlər insan qəlbinin ən dərin, dəruni tərpənişlərinin işığında təsvir olunur. Adətən, yazıçılar qeyri-real, fantastik süjetlərə, fantasmaqoriyaya obrazların varlığını, situasiyaların kəskinliyini parlaq, aydın şəkildə təsvir eləyə bilmək üçün əl atırlar. İsi Məlikzadənin bu kimi metodlara ehtiyacı olmayıb, o, adi reallığın özünü fantastika səviyyəsinə qaldıra bilib.
Yazıçının dili, üslubu da doğulub-böyüdüyü Ağcabədi torpağının, Aran Qarabağın stixiyasından yoğrulub. Bu üslub sanki uca dağlardan enib gəlmiş yorğun Kürün aran düzlərində ağır-ağır, fikirli-fikirli, həm də arxayın-arxayın axışından yaranıb.
İsi Məlikzadə qəhrəmanlarını sərhəd situasiyasında - ya o, ya bu vəziyyətində saxlamağı sevir. Onların əsəblərini gərginliyin pik həddinə qədər gərir, sanki obrazı sınayır, onun bəlli situasiyada özünü necə aparacağını bilmək istəyir - eynən ata övladını alışmadığı bir işə buyurub, yaxud tanımadığı bir mühitə salıb onun özünü nə cür aparacağını bilmək istədiyi kimi. Sonra isə eynən bir ata şəfqətiylə əl atıb obrazı düşdüyü "zibillikdən" çıxarır, onu təbəssümlə yenidən adi, dinc həyatın axarına qaytarır. Bu baxımdan onu tragikomik situasiyaların ustası da saymaq olar. Sələfi Əbdürrəhim bəylə bu məsələdə çox səsləşir".
Mən bu kitabın hazırlanması prosesində
fərqli duyğular keçirdim. Təkcə
gözəl yazıçımız İsi Məlikzadəni
xatırlamadım, həm də keçən illərə,
zamana, dövrə qayıtdım, hüzn və kədərlə
ötən onillərə boylandım. İşin ən
xoş və sevindirici tərəfi isə görkəmli
yazıçımız İsi Məlikzadə yaradıcılığı
ilə ilk dəfə tanış olacaq oxucuların keçirəcəkləri
gözəl hissləri öncədən təsəvvür
etməyim idi.
Rəşad
MƏCİD
Azərbaycan
Yazıçılar Birliyinin gənclərlə iş üzrə
katibi, "525-ci qəzet"in baş redaktoru
525-ci qəzet.- 2019.- 9 oktyabr.- S.16-17.