Cavid irsinin qorunması və təbliği müqəddəs borc kimi

 

 

Tanrı bəşər övladını xəlq edən zaman bəzilərinin qismətinə rahat, rəvan, bəzilərinə isə əzablı yollar yazır. Taleyinə əzablı, ağrılı-acılı yollar düşənlərdən biri də dahi ədibimiz Hüseyn Cavid olub. Bütün yaşam boyu əzablarla, haqsızlıqlarla qarşılaşıb, lakin əyilməyib, sınmayıb, mətinlik, dəyanət və dözüm nümunəsi göstərib.

Hüseyn Cavidin anadan olmasının 100 illiyi haqqında Ümummilli Liderimiz Heydər Əliyevin imzası ilə 1981-ci ilin iyul ayının 21-də verilən qərar ulu Cavidin ikinci bəraət sənədi oldu. Respublikada Hüseyn Cavidin ədəbi irsini bir daha geniş surətdə öyrənmək və xatirəsini əbədiləşdirmək üçün həmin qərarda bir sıra mühüm işlərin görülməsi nəzərdə tutuldu. Onun ədəbi irsinin toplanıb nəşr olunması, əsərlərinin müxtəlif teatrlarda tamaşaya qoyulması, Cavidə həsr olunmuş monoqrafiyaların, əsərlərinin 4 cilddə, habelə, rus dilində əsərlərinin 2 cilddə, ərəb əlifbası ilə 1 cilddə nəşr olunması, Bakı və Naxçıvan şəhərlərində Hüseyn Cavidə abidə ucaldılması, ev-muzeylərinin yaradılması və digər işlərin həyata keçirilməsi Ümummilli Liderimiz Heydər Əliyevin dahi şairə olan sonsuz məhəbbətlə imzaladığı qərarda öz əksini tapdı.

Qərardan sonra Naxçıvanda Cavidin vaxtı ilə qədim Əlixan məhəlləsində bazar çayının kənarındakı yaşadığı evdə yaradılmış ev-muzeyi bütün cavidsevərlərin qibləgahına çevrildi.

1982-ci ildə, kommunist rejiminin tüğyan etdiyi bir vaxtda Hüseyn Cavidin cəsədinin qalıqları Uzaq Sibirdən vətəninə gətirildikdən sonra bu sensasiyalı xəbər keçmiş Sovetlər birliyində Cavid irsinə marağı daha da artırdı. Bu maraq hətta yaxın-uzaq xarici ölkələrdə də diqqət mərkəzində oldu. Ulu öndərimiz Heydər Əliyevin şəxsi qayğısı və təşəbbüsü ilə həyata keçirilmiş bu hadisə tarixə qızıl hərflərlə yazıldı. Xalq şairi Milvarid Dilbazinin "Oğul qeyrəti" şeirində də ulu öndərin bu əvəzolunmaz işi öz əksini tapdı:

Cavidi vətənə gətirən oğul,

Onu öz xalqına yetirən oğul,

Xalqının misilsiz qayğılarını

Öz çiyni üstünə götürən oğul,

Var olsun bu oğul qeyrətin sənin!

Ulu öndərin şəxsi təşəbbüsü, qayğısı və göstərişi əsasında Cavidin nəşi onun doğulduğu qədim Naxçıvanda torpağa tapşırıldı. Uzaqgörən siyasətçi bu işi ilə Cavidin adının əbədiləşdirilməsi ilə bağlı planlarının bir hissəsini yerinə yetirdi və planın növbəti hissələri onun hakimiyyətə ikinci qayıdışından sonra həllini tapdı. Xalqımızın əvəzsiz oğlu hələ 1992-ci ildə Naxçıvanda Ali Məclisin Sədri işləyərkən hətta o qarma-qarışıq dövrdə Cavidi yaddan çıxarmadı və onun 110 illik yubileyini Muxtar Respublika səviyyəsində qeyd olunmasını təşkil etdi. Həmin gün yubiley tədbirində yaddaqalan çıxışı ilə Cavidə, onun irsinə yüksək dəyər verdi: "Hüseyn Cavid XX əsrdə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin bütün Türk dünyasının ən görkəmli bir simasıdır, təkrarolunmaz bir şəxsiyyətdir, bir şairdir, bir yazıçıdır. Onun yaratdığı əsərlər böyük çətinliklərdən keçərək indi artıq hamımız üçün dərslik olubdur və dərslik olmalıdır".

Düşünülmüş və hissə-hissə həyata keçirilən planın növbəti hissəsi dahi şairə ucaldılan möhtəşəm məqbərə oldu. Ulu öndər bu məqbərənin açılışında şəxsən iştirakı ilə Cavid əfəndiyə və onun timsalında Azərbaycan ədəbiyyatına və incəsənətinə, daha geniş anlamda Azərbaycan xalqına olan sevgisini və ehtiramını ifadə etdi. Açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Hüseyn Cavidin bu məqbərəsini "Heydər Əliyev dühasının bəhrəsi" adlandıraraq demişdi: "Möhtərəm Heydər Əliyev dühasının bəhrəsi olan Hüseyn Cavid türbəsi Əcəmi yaradıcılığına mənsub "Mömünə Xatun" məqbərəsinin davamıdır. Bununla belə Hüseyn Cavid məqbərə-türbəsində şairin özü ilə yanaşı, ailə üzvlərinin - ömür-gün yoldaşı Mişkinaz xanımın, oğlu Ərtoğrol Cavidin dəfn olunduğunu nəzərə alsaq, Cavidlər ailəsi xatirə kompleksinin dünya mədəniyyətinin bənzərsiz, əvəzsiz nümunələrindən biri olduğu sübut edilir".

Məqbərənin açılış mərasimində iştirak edən görkəmli ziyalılar, elm və mədəniyyət xadimləri, hətta qonşu dövlətlərdən gəlmiş qonaqlar ulu öndərin bu misilsiz xidmətini xüsusi vurğuladılar. Görkəmli ədibin qızı Turan Cavid Cavidlər ailəsi adından çıxış edərək demişdir: "Hörmətli, əziz və dəyərli Prezidentim! Düz beş gün sonra Cavidin Sibirdən gətirilərək Naxçıvan torpağında dəfn olunmasının 14 ili tamam olur. 1982-ci ildə Cavidin cənazəsi gətirilərək bu qeyri-adi hadisənin əks-sədası çox uzaqlara yayılmışdır. Başqa şəhərlərdən bu xəbərin dəqiqliyini öyrənmək istəyənlər sualı belə qoyurdular ki, yəqin bu, hörmətli Heydər Əliyevin xidmətidir? Bunun da qısa bir cavabı var: "Şübhəsiz ki, elədir".

2000-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun qayğısı ilə muzeydə yenidən əsaslı təmir və bərpa işləri aparılaraq muzey öz əvvəlki görkəminə qaytarıldı. Muzeyin ekspozisiyası tamam dəyişdirilərək yenidən quruldu, maddi-texniki bazası zənginləşdirildi.

Ulu öndər Heydər Əliyevin sərəncamı ilə 2002-ci ildə böyük ədibin 120 illik yubileyi Azərbaycanda geniş qeyd edildi, bir-birindən maraqlı tədbirlərlə, konfranslar, gecələr, disputlar, kitab sərgiləri, şeir müsabiqələri keçirilmiş, əsərləri nəşr olundu.

Nəhayət, Ulu öndər Heydər Əliyevin layiqli davamçısı, onun bütün ideyalarını, arzularını uğurla həyata keçirməkdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Hüseyn Cavidin 125 illik yubileyi haqqında" 2007-ci il 17 aprel tarixli sərəncamının Naxçıvan Muxtar Respublikasında icrasını təmin etmək məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin həmin il may ayının 15-də imzaladığı sərəncamla təsdiq edilmiş "tədbirlər planı"na uyğun olaraq müxtəlif yubiley tədbirləri həyata keçirildi. Muxtar respublikanın ali, orta ixtisas, ümumtəhsil məktəblərində, muzeylərdə, kitabxanalarda, klublarda, mədəniyyət evlərində Hüseyn Cavidin yaradıcılığına aid guşələr yaradıldı, kitab sərgiləri, gecələr görüşlər təşkil edildi. Tədbirlər planına uyğun olaraq ötən il oktyabr ayının 24-də Naxçıvan şəhərində şair-dramaturq Hüseyn Cavidin 125 illik yubileyinə həsr olunmuş zirvə tədbiri keçirdi.

Ölkə Prezidenti İlham Əliyevin dahi şair-dramaturq Hüseyn Cavidin 125 illik yubileyi ilə əlaqədar imzaladığı sərəncama əsasən Hüseyn Cavidin ev-muzeyində də geniş tədbirlər planı tərtib edilərək və həmin plana əsasən "Hüseyn Cavid-125" yubiley sərgisi təşkil olundu və Muxtar Respublikanın mədəni-maarif müəssisələrində nümayiş etdirildi. Muzey ekspozisiyası fonda olan yeni eksponatlarla zənginləşdirildi, yeni guşələr yaradıldı. Yubileylə əlaqədar ev-muzeydə elmi-nəzəri konfranslar, disputlar, gecələr, görüşlər, sərgilər, şeir gecələri təşkil olundu. 2007-ci il may ayının 7-dən 12-dək qardaş Türkiyənin İstanbul şəhərində Hüseyn Cavidin və Kazım Qarabəkir Paşanın 125 illik yubileyi və onların tarixi dostluqlarına həsr olunmuş tədbirlər keçirildi. Həmin tədbirlərdə ev-muzeyi tərəfindən 6 lövhədən ibarət, yüksək keyfiyyətli "Hüseyn Cavid-125" sərgisi 5 gün ərzində nümayiş olundu və tədbir iştirakçılarına geniş məlumat verildi.

Dahi şair-dramaturq Hüseyn Cavidə olan sonsuz məhəbbəti, diqqət və qayğısının nəticəsidir ki, cənab Prezident görkəmli ədibin 16 fevral 2012-ci ildə 130, 24 oktyabr 2017-ci ildə 135 illik yubileylərinin keçirilməsi ilə əlaqədar sərəncamlar imzaladı və bu sərəncamlara əsasən ölkədə və ölkədənkənar yerlərdə müxtəlif tədbirlər keçirildi.

Son illər muzey əməkdaşlarının gərgin axtarışları və səyi nəticəsində muzeyin fondu xeyli zənginləşib. Hazırda bu günə qədər muzey fondunda 9500-dən artıq eksponat qorunur. Bu eksponatlar içərisində "Turan Cavid qadın mərkəzi ictimai birliyi"nin sədri, mərhum Sevda xanım Cəfərovanın muzeyə təqdim etdiyi Turan Cavidə məxsus stolüstü saat, Hüseyn Cavidin böyük bacısı Fatma xanıma məxsus küləcə (nəticəsi Fatma xanım tərəfindən hədiyyə edilib) Hüseyn Cavidin böyük qardaşı, Şeyx Məhəmməd Rasizadənin həyat yoldaşı Zərri xanımın Yusif bəy Vəzirovun həyat yoldaşı Fatma xanıma hədiyyə etdiyi 4 ədəd boşqab və 1 ədəd fincan nəlbəkisini (mərhum teatrşünas Cəlil Vəzirovun həyat yoldaşı Fövziyyə xanım tərəfindən muzeyə hədiyyə edilib) xüsusi qeyd etmək olar.

Bunlardan əlavə ədibin özünün və haqqında olan çox sayda nəfis nəşrlər də dəyərli nüsxələrdir. Bütün bunlarla yanaşı, cavidşünas Azər Turanın muzeyə təqdim etdiyi, Ərtoğrol Cavidin hərbi xidmət illərində 1942-ci ilin 28 fevralından başlayaraq 1943-cü ilin 7 oktyabr tarixinə kimi Abxaziyadan, Tbilisi Hospitalından və Naxçıvandan Bakıya - anası Mişkinaz Cavidə və bacısı Turan Cavidə yazdığı 71 məktubu xüsusi qeyd etmək olar. Bu məktublar muzeyin nadir eksponatları kimi çox qiymətli əhəmiyyət kəsb edir.

Cavidin ev muzeyi ədəbiyyat profilli bir çox muzeylərlə əlaqəsini davam etdirir. Muzeyin Cavidin Bakı şəhərindəki ev muzeyi ilə əlaqəsi daha genişdir. Hələ mərhum Turan Cavid işlədiyi illərdə muzeyimizə daim qayğı göstərmiş, Cavidin Naxçıvan dövrü ilə bağlı eksponatları, sənədləri, fotoşəkilləri muzeyə bağışlanmış və hətta muzey yaradılarkən tez-tez Naxçıvana gələrək dəyərli məsləhətlərini vermişdir. İndi də bu iş, bu köməklik davam edir. Muzeyin direktoru, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlının köməkliyi ilə fotoşəkillər, sənədlər, afişa və proqramlar, qəzetlər, jurnallar və onlarca kitablar muzeyimizə bağışlanmışdır. Bunlardan Gülbəniz Babaxanlının "Azərbaycan ədəbi fikri və Hüseyn Cavid" - 2 cilddə, "Heydər Əliyev və Hüseyn Cavid", onun rəhbərliyi və layihələri əsasında nəşr edilmiş 13 cilddə "Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid", 10 cilddə "Cavidşünaslıq" toplusu, "Hüseyn Cavid: həyatı və sənət yolu" və digər nəşrləri xüsusi qeyd etmək olar.

Çox sevindirici haldır ki, 2013-cü ildə İstanbulda "Kusena" yayınları nəşriyyatında ilk dəfə olaraq türk dilində Hüseyn Cavidin "seçilmiş əsərləri" nəşr olunaraq həmin nəşriyyatın əməkdaşı Selma Sukas tərəfindən muzeyimizə hədiyyə olaraq göndərilmişdir.

"Kaspi" qəzetinin və eyni adlı təhsil şirkətinin layihəsi ilə İran İslam Respublikasında Əkbər H.Əlyarın fars dilinə tərcüməsi ilə Hüseyn Cavidin 2013-cü ildə "Peyğəmbər", 2015-ci ildə "Şeyx Sənan", 2016-cı ildə "Hüseyn Cavid xəzinəsindən: Peyğəmbər, Maral, Şeyx Sənan", 2019-cu ildə "Maral" və 2018-ci ildə Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində böyük ədibin özbək dilində "Seçilmiş əsərləri" nəşr olunub. Eyni zamanda, "Hüseyn Cavid Vətənə qayıdış" fotoalbomu və eyni adlı məqalələr toplusu da "Kaspi" təhsil şirkətinin və "Kaspi" qəzetinin layihəsi əsasında 2015-ci ildə işıq üzü görüb. Bu kitablar "Kaspi" qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva tərəfindən muzeyimizə hədiyyə edilib.

Naxçıvan Muxtar Respublikasında yaşayıb yaradan rəssamların muzeyimizlə əlaqələri genişdir. Tanınmış rəssamlarımızdan Ülviyyə Həmzəyeva, Telman Abdinov, Həbibə Allahverdiyeva, Qəhrəman Tağıyev Hüseyn Cavidlə bağlı gözəl əsərlərini böyük məhəbbətlə ev muzeyinə hədiyyə ediblər.

Ev-muzeyi cavidsevərlərin yaradıcılıq və tədqiqat mərkəzinə çevrilmişdir. Yerli ziyalılar, alimlər, şairlər və ümumiyyətlə, bütün Cavid sənətinin pərəstişkarları muzeylə daim əlaqə saxlayaraq öz köməkliklərini əsirgəmirlər. Yazıçı-publisist Əbülfəz Əsgərli, filologiya üzrə elmlər doktoru Fərman Xəlilov, filologiya üzrə elmlər doktoru Xanəli Kərimli, Elxan Yurdoğlu, tarixçi alim Musa Quliyev, musiqişünas Leyla Əlimərdanova, jurnalist Zakir Rəhilinin xidmətlərini ayrıca qeyd etmək istərdim.

Muzey fəaliyyətə başlayandan bəri məktəblərdə Hüseyn Cavidin həyat və fəaliyyətinin tədrisi üçün ayrılmış saatlardan birini məhz muzeyin ekspozisiyasında, buranın eksponatları ilə əyani təmasda olaraq keçmək təşəbbüsünə əl atılmış və bu iş öz müsbət nəticəsini vermişdir. Naxçıvan şəhərində olan məktəblərlə keçirilən belə "açıq dərslər"in keçirilməsi üçün muzey əməkdaşları əlavə tədbirlər işləyib hazırlamışlar.

Muzeydə tez-tez Cavidşünas alimlərlə, şair və yazıçılarla görüşlər və disputlar, dəyirmi masalar, bədii gecələr təşkil edilir.

İndi muzeyin əlaqələri və coğrafiyası daha da genişdir. Belə ki, ev-muzey Cavid sorağıyla, Cavid izi ilə tədbirlərini, görüşlərini, axtarışlarını davam etdirir, Cavid irsini qorumağa və təbliğ etməyə çağırır.

 

Bəhruz AXUNDOV

Hüseyn Cavidin Ev-muzeyi və Xatirə Kompleksinin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət işçisi

 

525-ci qəzet.- 2019.- 11 oktyabr.- S.14.