Bakıda görkəmli özbək ədibi
Babaxan Şərifin 70 yaşı qeyd olunub
"Azərbaycanca-Özbəkcə,
Özbəkcə-Azərbaycanca lüğət"in təqdimatı
keçirilib
Oktyabrın 9-da Beynəlxalq Mətbuat
Mərkəzində Özbəkistan
Yazıçılar Birliyinin
üzvü, yazıçı,
tərcüməçi, ədəbiyyatşünas
alim, Azərbaycan-Özbəkistan
ədəbi əlaqələrinin
genişləndirilməsində xidmətlər göstərmiş
Babaxan Şərifin
70 illik yubiley tədbiri və "Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət"in təqdimatı
keçirilib.
"Kaspi" qəzeti və Özbəkistandakı
Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzi
tərəfindən təşkil
olunan tədbirdə millət vəkilləri, Özbəkistandan Azərbaycana
qonaq gəlmiş ziyalılar, ictimaiyyət nümayəndələri və
jurnalistlər iştirak
ediblər.
"Kaspi" qəzetinin baş redaktoru İlham Quliyev tədbiri giriş sözü ilə açaraq Babaxan Şərifin 70 illik yubileyi və "Azərbaycanca-Özbəkcə", "Özbəkcə-Azərbaycanca" lüğətinin təqdimatının
ölkənin ədəbi
və mədəni həyatı üçün
əlamətdar olduğunu
diqqətə çatdırıb.
"Kaspi" Təhsil Şirkətinin rəhbəri,
filologiya üzrə elmlər doktoru Sona Vəliyeva çıxış edərək
Azərbaycan-Özbəkistan ədəbi əlaqələrindən,
bu əlaqələrin
dərinləşdirilməsində yazıçı, tərcüməçi,
ədəbiyyatşünas alim Babaxan Şərifin
səmərəli xidmətlərindən
danışıb. B.Şərifin
öz həyatını,
taleyini büsbütün
elmə, ədəbiyyata,
sözə bağladığını
deyən Sona Vəliyeva onun nəşr etdirdiyi kitabların, tərcümə
əsərlərinin əhəmiyyətini
diqqətə çatdırıb:
"O, 60-70-ci illərdə universiteti bitirəndən
sonra jurnalist kimi fəaliyyət göstərib. Kitaba, sözə bağlılıq,
millətin taleyi, ədəbiyyatı ilə
bağlı kitabların
nəşri onun canına, qanına hopub, taleyinə çevrilib. Hər adamın
işi deyil ki, sözə könül verə, taleyini sözlə bağlayıb, sözün
ovsunu ilə bərabər millətini,
xalqını da tanıda. Eyni zamanda, bütün
türkdilli xalqlar arasında bir körpü rolunu oynaya bilsin. Məsələn, 90-cı ildə onun "Türk-özbək"
danışıq kitabçası
3 dəfə nəşr
olunub. Çünki bu çox vacibdir. Bu nəşrin
türkdilli xalqlar arasında maneəsiz danışıq üçün
əhəmiyyəti böyük
idi. Bu əsrin
əvvəllərində türkdilli
xalqların vahid dil məsələsinə
bir təkan idi. Babaxan müəllim bu
işin öhdəsindən
layiqincə gəldi.
Ona görə də bu kitab 3 dəfə
çap olundu. Bu kitabın xalqlar
arasında ünsiyyət
və körpü rolu oynaması onun taleyində bir sıra izlər
buraxdı. Onu tanıtdı,
sevdirdi, çoxlu dostlar qazandırdı.
Babaxan müəllim həmyaşıdları
və yeni nəsillər arasında bir körpü rolu oynayaraq, özünün türkçülük
ideyasını və
bu ideologiyaya xidmətini ortaya qoya bildi. Babaxan Şərif həm də professor Əli Həsənovun "Geosiyasət",
Elmira Axundovanın "Heydər
Əliyev. Şəxsiyyət və zaman" kitablarını, Anarın
əsərlərini, eləcə
də gənc yazarların hekayələr
toplusunu tərcümə
edərək onları
tanıdıb".
S.Vəliyeva təqdim edilən "Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət" ilə
bağlı fikirlərini
bildirib, Babaxan Şərifə yeni yaradıcılıq uğurları
arzulayıb.
Özbəkistanla əlaqələrinin 90-cı illərin
əvvəllərindən yarandığını
qeyd edən Beynəlxalq Avrasiya Fondunun sədri Umud Rəhimoğlu son illər Azərbaycan-Özbəkistan
əlaqələrinin daha
da genişlənməsindən
bəhs edib, bunda payı olan hər kəsə
təşəkkür edib.
Yaxın
günlərdə Özbəkistandan
qayıtdığını söyləyən millət
vəkili Qənirə
Paşayeva iki qardaş ölkə arasında körpü olan şəxsiyyətin yubileyinin Bakıda da qeyd edilməsindən
məmnunluğunu ifadə
edib: "Babaxan müəllim təkcə
Özbəkistanda deyil,
bütün türk dünyasında tanınan
böyük şəxsiyyətdir.
Bütün ailəsi ilə
könlünü türk
dünyasına vermiş
insandır. Təkcə Özbəkistanda
çıxan kitablarında
məqalələrini Azərbaycana
həsr etmir, həmçinin, Türkiyədə
çıxan son kitabında
10 məqalə Azərbaycanla
bağlıdır".
Daşkənddəki Heydər Əliyev adına
Mədəniyyət Mərkəzinin
rəhbəri Samir Abbasov Özbəkistan-Azərbaycan
dostluq əlaqələrinin
get-gedə möhkəmləndiyini
vurğulayıb: "Biz Mərkəzi
Asiyanın əsas dövlətlərindən olan
Özbəkistanla dostluğumuzu
daha da möhkəmləndirməliyik.
Gəlin
üzümüzü türk
dünyasının böyük
mərkəzinə, mədəniyyət
beşiyinə çevirək.
Mən hər birinizdən bu dəstəyi gözləyirəm". S.Abbasov təqdimatı
keçirilən lüğətin
ilk belə layihə olduğunu qeyd edib, Babaxan Şərifin
Özbəkistan tərəfdən
layihənin həmmüəlliflərindən
biri olduğunu nəzərə çatdırıb.
Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Rəşad Məcid Babaxan Şərifi
2014-cü ildən tanıdığını
deyib: "Babaxan müəllim xaraktercə
nikbin şəxsiyyətdir.
O, mehribanlığı, insana
məhəbbət hissi,
işıqlı düşüncəsi
ilə seçilir".
Rəşad Məcid yubilyara
AYB-nin sədri, Xalq yazıçısı
Anarın təbrikini çatdıraraq, Beynəlxalq
Rəsul Rza Mükafatını ona təqdim edib.
Özbəkistanlı yazıçı-publisist
Şöhrət Barlas,
görkəmli alim Ramiz Əsgər, yazıçı-publisist Yunis
Oğuz, filologiya elmləri namizədi Fazil Güney və digər çıxışçılar da yazıçı Babaxan Şərifin iki ölkə arasında ədəbi əlaqələrə verdiyi
töhfələrdən söz
açıb, yubileyi münasibətilə onu təbrik ediblər. Eyni zamanda, "Azərbaycanca-özbəkcə,
özbəkcə-azərbaycanca lüğət"in əhəmiyyəti
vurğulanıb.
Sonra Babaxan Məhəmməd Şərif çıxış
edərək təşkilatçılara
və çıxışçılara
təşəkkürünü bildirib: "Biz türk dünyası olaraq hamımız qardaşıq.
Qardaşlar arasında qovğa
çıxa bilir, amma sevgi varsa,
nifaq yaranmır.
Biz qardaşlıq bağlarını sevgi bağlarına çevirməliyik.
Görəcəyimiz işlər gördüyümüz
işlərdən çoxdur.
Birliyimiz
türk dünyasını
genişləndirməyə yönəlməli, öz
yerimizi dünya xalqları içərisində
tapmalıyıq. Ədəbi əlaqələrimizlə
bağlı olan, milliliyimizi qoruyan əsərləri ortaya qoymalıyıq. Türk dünyasının
ayaqda qalması üçün bütün
imkanlarımızı səfərbər
etməliyik".
Sonda qonağa "Kaspi" Təhsil Şirkəti və "Kaspi" qəzetinin, Mətbuat Şurası İdarə Heyətinin və Daşkənddəki Heydər
Əliyev adına
Mədəniyyət Mərkəzinin
diplomları təqdim
olunub.
"Azərbaycanca-özbəkcə, özbəkcə-azərbaycanca lüğət" kitabının
daha bir təqdimat mərasimi həmin gün Azərbaycan Milli Elmlər Akademiyasının
(AMEA) Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutunda
da keçirilib.
Tədbiri giriş sözü
ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat
İnstitutunun direktoru,
akademik İsa Həbibbəyli açaraq
Azərbaycanla Özbəkistanın
dostluq, qardaşlıq
münasibətlərinin bütün
sahələrdə olduğu
kimi, elm və ədəbiyyat istiqamətində
də uğurla inkişaf etdiyini bildirib. Akademik deyib ki, iki
dildə çap olunan "Azərbaycanca-özbəkcə,
özbəkcə-azərbaycanca lüğət" AMEA-nın
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Nəsimi adına Dilçilik İnstitutu və Özbəkistan Elmlər Akademiyasının Ədəbiyyat,
Dil və Folklor İnstitutunun elmi şuralarının qərarı ilə nəşr olunub. Bu, onun göstəricisidir
ki, iki qardaş
ölkə arasında
elm sahəsində sıx
əlaqələr öz
töhfəsini verməkdədir.
Sonra Azərbaycan
Respublikasının Dövlət
Dil Komissiyasının
üzvü, professor İsmayıl
Məmmədli "Azərbaycan-özbək
lüğətşünaslığı
tarixində mühüm
elmi hadisə" mövzusunda məruzə ilə çıxış
edib.
Tədbirdə Dilçilik İnstitutunun
direktoru, akademik Möhsün Nağısoylu,
filologiya üzrə elmlər doktoru, professor Almaz Ülvi Binnətova və Özbəkistandakı Heydər
Əliyev adına
Azərbaycan Mədəniyyət
Mərkəzinin direktoru
Samir Abbasov yeni nəşrin önəmindən və əlaqələrin perspektivindən
bəhs ediblər.
Özbəkistanlı qonaqlar - ədəbiyyatşünas
alim Babaxan Məhəmməd Şərif
və şair Xasiyət Rüstəm çıxışlarında bu
cür lüğətlərin
tərtib edilməsinin
əhəmiyyətini vurğulayıblar.
Qeyd edək
ki, lüğətdə
ümumilikdə 23 minə
yaxın söz və ifadənin qarşılıqlı tərcüməsi
verilib, hər iki dildə istifadə olunan əlifbada hərflərin
transkripsiyası xüsusi
cədvəldə öz
əksini tapıb.
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 11 oktyabr.- S.13.