Akademik müstəvidə
Akademik İsa Həbibbəylinin
70 illiyinə
Azərbaycanın
ədəbiyyat, elm cameəsi Onu yaxşı tanıyır, istedadı, zəhməti
ilə elm yolunda uzun illərdir çalışır; ədəbiyyatşünaslığın
müxtəlif problemlərinə, hadisələrinə, şəxsiyyətlərinə,
nəzəri məsələlərinə həsr olunan
yüzlərlə məqalələri, onlarla
monoqrafiyaları, kitabları, tədqiqatları var.
Zəhməti, işgüzarlığı Onu elmin
olimpinə gətirib, elmlər doktoru, professor və akademikliyə
qədər böyük, şanlı bir alim ömrü
keçib.
Özü də Akademik müstəvidə... Bəlkə də
bir alim üçün bundan yüksək mərtəbə
yoxdur; hərçənd bizim qəhrəmanımız
yalnız akademik deyil, həm də Millət vəkilidir və
Milli Məclisin Elm və Təhsil Komitəsinin sədridir, həm
də Azərbaycan elminin avanqard mərkəzi AMEA-nın
vitse-prezidentidir və həm də səksən yaşlı
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna
başçılıq edir. Bu, hələ
hamısı deyil, yalnız bir alim ömrünə
sığışan çoxsəsli fəaliyyət
diapazonunun qısa statistikasıdır. Və yetmiş
yaşlı bir ömürün geridə qalan hissəsində
yarım əsrə yaxın fasiləsiz zəhmət, oxuyub
öyrənmək, işləmək, yazmaq, elm və həyat
yollarında dönmədən irəliləmək və nəhəng
enerji, məqsədyönlü iş hesabına humanitar elmə
başçılıq etməsi durur...
Yetmiş
illik yubileyini qeyd etməyə
hazırlaşdığımız akademik İsa Həbibbəyli
bu gün ədəbi, ictimai, kulturoloji fikrimizin görkəmli
nümayəndəsi kimi yalnız adlı-sanlı titul, vəzifə
daşımır, bu mühiti hərəkətə gətirən
və idarə edən bir rəhbər olaraq son dərəcə
məsuliyyətli bir missiyanı uğurla həyata
keçirir. Deyilməsi bəlkə də
asandır, ancaq bu yol heç də hamar olmamış,
fırtınalı, tufanlı günlər (romantik alim tərcümeyi-halını
bunsuz təsəvvür etmək çətindir!) də
yaşamışdır. Nəticədə
istənilən adamın ona məxsus olmasına ikiəlli
razılaşdığı bir tərcümeyi-hala sahib
olmuşdur. Bu ömürlüyün ən yaxşı
səhifələrini, mənim fikrimcə, onu bu zirvəyə
daşıyan zəhməti, intellekti, daim ürəyində gəzdirdiyi vətən sevgisi (romantik fədakarlığı!),
nəzəri və praktik düşüncəni məharətlə
uzlaşdırması, fövqəladə təşkilatçılığı,
sadəliyi, işgüzarlığı və hələ nə
qədər burada qeyd edə bilmədiyim (bəlkə kəşf
edə bilmədiym demək daha doğru olardı!) daxili
imkanları, mənəvi-əxlaqi keyfiyyətləri təşkil
edir. Belə ki, bir ədəbiyyatşünas
alimin sadə, səmimi və son dərəcə təvazökarcasına
(həm də romantikcəsinə!) yaşadığı bir
ömürdə reallaşmasında, çox çətin
olanları həyata keçirməyə müvəffəq
olmasında bu cür keyfiyyətlərlə yanaşı, bir
ideya adamı olması və ideala doğru yol getməsi durur.
O, indiki zamanda ədəbiyyatşünaslıqda və ondan kənarda
qazandığı bütün nüfuzu, vəzifə və
yüksəlişi özünü həsr etdiyi ədəbiyyatşünaslığa,
eləcə də, bitib-tükənmək bilməyən
enerjisinə, sadəliyinə, elmi, ictimai təfəkkürünə
borcludur desək, heç də mübaliğə etmərik. Doğrudan da, Firidun bəy Köçərlidən
başlayan peşəkar ədəbiyyatşünaslığımızın
hələ elə bir mərhələsi olmamışdır
ki, ədəbiyyatşünaslıq bu qədər önə
çıxmış olsun; onun nümayəndələrindən
biri (!) cəmiyyət sferasında bütün təbəqələrin
tanıdığı və hörmət etdiyi şəxsə
çevrilsin. Zahirən elmin bir sahəsi olaraq ədəbiyyatşünaslıq
məhdud, dar imkanlara malikdir; yəni çağdaş
cəmiyyətdə (eləcə də, bütün dövrlərdə!)
şair və yazıçılarla ədəbiyyatşünasın
nüfuz dairəsi və imkanları heç də bərabər
olmamışdır; ancaq bu məhdud imkanları genişləndirərək
cəmiyyətdə yalnız təmsil etdiyi sahəni yox,
ümumən bir alim, maarifçi, fərd, ictimai xadim, dövlət
adamı və vətəndaş kimi mövqe tutan alimlərimiz
də olmuşdur. Firidun bəy Köçərli, Həmid
Araslı, Feyzulla Qasımzadə, Əli Sultanlı, Cəfər
Xəndan, Şıxəli Qurbanov, Əziz Şərif, Abbas
Zamanov, Məmməd Arif, Məmməd Cəfər Cəfərov,
Məsud Əlioğlu, Kamran Məmmədov, Əziz Mirəhmədov,
Kamal Talıbzadə, Yaşar Qarayev, Bəkir Nəbiyev kimi ədəbiyyatşünaslıq
elminin nüfuzu ilə cəmiyyətdə özünü təsdiq
etmiş, müxtəlif sahələrdə müəyyən
mövqe tutmuşlar. Lakin heç bir vəchlə
hələ indiyə qədər ədəbiyyatşünaslıq
elminin hansısa bir nümayəndəsi Onun kimi ədəbi,
elmi, siyasi, mədəni, kulturoloji olimpin zirvəsini mövcud
statusda bu şəkildə fəth edə bilməyib. Bu
faktı həm də ümumən peşəkar ədəbiyyatşünaslığımızın
bir əsrlik keçdiyi yolun məntiqi nəticəsi olaraq
qiymətləndirmək lazımdır...
Ədəbiyyatşünaslığımızın
çağdaş mərhələdə bu cür nüfuz
sahibi olmasında və yüksəlişinin mərkəzində,
heç şübhəsiz, bizim qəhrəmanımızın
istedadı və zəhməti durur. Akademikin bu uğurlarında 70-ci illərdən
başlayan ədəbiyyatşünas,
mətnşünas, nəzəriyyəçi və tənqidçi
fəaliyyətinin fasiləsiz hərəkəti, bir məqsədə
doğru irəliləməsi başlıca yer tutur. Yüksəliş və sıçrayışlarla
dolu ədəbiyyatşünas ömrünün hərəkət
istiqaməti, mərhələ və problem təsnifatı, çoxcəhətli
elmi fəaliyyət yönləri zəngin və çoxtərəflidir.
Bir məqalə kontekstində bu zənginliyi
bütün təfərrüatı ilə aça bilməsək
də (bəlkə mümkün olmasa da, demək daha uyğun
olar!), fəaliyyətinin və
yaradıcılığının bəzi istiqamətləri
üzərində dayanmağı lazım bilirik. Durduğumuz nöqtədən başlamalı olsaq,
gərək onun millət vəkilliyini önə çəkək.
Əlbəttə, burada iyirmi illik millət vəkilliyini
təhlil etməyə səy göstərməsək də,
son illərdəki Elm və Təhsil komitəsinin sədri
kimi gördüyü işləri, qəbul etdiyi qanunların
demokratikliyi və perspektivliyini qeyd etməyə bilmərik.
Bu qanunlar üzərində intensiv
çalışmaları sayəsində son illərdə elm
və təhsil mühitindəki dəyişikliyi, irəliyə
doğru hərəkətliliyi görməmək olmur.
Bu işdə onun uzun müddət
çalışdığı müəllimliyi, necə deyərlər,
bu mətbəxdə boya-başa çatması da az rol oynamır. Və bəlkə
də İ.Həbibbəyli həyatında müəllimlik
ona atadan qalma varislik olaraq ən çox sevdiyi işidir.
Elə buradaca onun bir müddət müəllimi,
kafedra müdiri və prorektoru olduğu Naxçıvan Dövlət
Universitetini xatırlamaya bilmirəm. Bu universitetin
yüksəlişi və əyalət universiteti çərçivəsindən
çıxaraq paytaxt ali təhsil
ocaqları səviyyəsində fəaliyyəti onun adı ilə
bağlıdır. Buradan pərvazlanaraq
AMEA-nın vitse-prezidenti statusunu əldə etməsinin əsasında
da işgüzarlığı, idarəetmədəki
çevikliyi, sabitliyi, gələcəyə baxışı
dururdu. Onun AMEA-nın Humanitar Elmlər
bölməsinə vitse-prezidentliyi ilə elm ocağı Milli
Akademiyanın humanitariyasında yeni bir səhifə
açılır. Akademiya sistemində on yeddi
institutu əhatə edən bu çalışma bir neçə
illik müşahidəmə əsasən getdikcə genişlənmiş
və ümumiyyətlə Azərbaycan humanitariyasını
qapsamışdır. Bu gün İsa Həbibbəylini
yalnız Akademiya sistemində deyil ondan kənarda da tədbirlərdə
çıxış edən, məruzələr edən,
humanitar fikrə qatqı sağlayan bir ideya adamı kimi
görürük. Onun bu sahədə gördüyü iş, yazdığı fundamental məqalələri,
etdiyi istiqamətverici çıxışlar (dövlətçilik,
azərbaycançılıq!) gələcək humanitar
ideolojinin konturlarını cızır. Bir millət
vəkili, vitse-prezident, alim olaraq xarici konfrans və
simpoziumlarda etdiyi çıxış və məruzələri
də buraya əlavə etsək, bir ömrə
sığışması çətin olan zəngin bir mənzərə
alınır.
İndi gələk İsa Həbibbəylinin yarım əsrə
yaxın bir dövrü əhatə edən
yaradıcılığına. Bu
yaradıcılığın çoxnövlü, polifonik, rəngarəng
olduğunu nəzərə alaraq, üzərində bir qədər
ətraflı dayanmaq istəyirəm. O, hər şeydən
əvvəl, bir ədəbiyyatşünas, ədəbiyyat
tarixçisi, nəzəriyyəçi, publisist, tənqidçi,
teatrşünas və mədəniyyətşünasdır. Ədəbiyyat tariximizin ayrı-ayrı mərhələləri,
hadisələri və şəxsiyyətləri onun
yaradıcılığının ədəbiyyat
tarixçiliyi istiqamətinin əsasını təşkil
edir. Burada Azərbaycan şifahi xalq ədəbiyyatı
və klassik ədəbiyyatdan tutmuş çağdaş ədəbiyyatımızın
müxtəlif problemlərinə həsr olunmuş fundamental məqalələrini
nəzərdə tuturam. "Kitabi Dədə Qorqud"
dastanlarının tədqiqi yeni mərhələdə",
"Basatın Təpəgözü öldürdüyü
boy"da Naxçıvan", "Sara əfsanəsi
haqqında", "Ələsgər sorağında" və
digər məqalələrində indiyədək
toxunulmamış problemlərə müraciət edir. Ədəbiyyat tarixi və onun ayrı-ayrı şəxsiyyətləri
ilə bağlı müntəzəm portret oçerklər
yazır və ədəbiyyat tarixinin hadisə və problemlərini
araşdırır, bir çox məsələlərə
aydınlıq gətirir. Özü də
bu məqalə və kitablarda yeni tipli ədəbiyyat
tarixçisi kimi çıxış edir, müəyyən
problemlərə toxunur, ədəbi şəxsiyyətlərin
tərcümeyi-halı və
yaradıcılığındakı
araşdırılmamış problemləri tədqiq edir.
Ədəbiyyat tarixçiliyi kontekstində tədqiqatlar
mühacirət ədəbiyyatı istiqamətində də
davam edir. Deməliyəm
ki, son dərəcə zəngin irs olan
mühacirət ədəbiyyatının tədqiqi
qarşıda duran prioritet istiqamətlərdən biridir. Elə
buna görə də İ.Həbibbəylinin Ədəbiyyat
İnstitutuna rəhbər kimi gəldiyində ilk
gördüyü iş bu adda şöbənin
yaradılması oldu. Təkcə şöbə
yaradılmadı, mühacirət bədii irsinin
toplanılması və kompleks araşdırılması
istiqamətində lokomotiv işə salındı.
Ədəbiyyat tarixçiliyi istiqamətində
axtarışlar müstəqillik dövrü Azərbaycan ədəbiyyatı
ilə davam edir. Bu dəfə İ.Həbibbəyli
"Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı"
ikicildliyi ilə ortaya çıxır. Bu
layihənin həm ideyavericisi, həm həyata keçirən,
həm də bir çox oçerklərin müəllifi də
özüdür. Çağdaş
poeziya, nəsr və dramaturgiyamız onun
yaradıcılığında orijinal qiymətini alır.
"İsa Hüseynovdan İsa Muğannaya:
axırıncı əlyazma və bütöv dünya",
"Xalq yazıçısı Anar: gerçəkliklə
ideal arasında", "Xalq yazıçısı
Elçinin özü və sözü", "Müstəqilliyin
şərəfli yolu və ədəbiyyatı", "Səmədoğlu
ədiblər", "Ədəbiyyatda vətəndaşlıq
və profesionallıq", "Şair-vətəndaş
Sabir Rüstəmxanlı", "Bütün yönləri
ilə yaradıcı", "Zəlimxan Yaqub sənətinin
özünəməxsusluğu" və s. məqalələrində
çağdaş ədəbiyyatın təmayülləri təhlil
edilir, ədəbi şəxsiyyətlərin
yaradıcılığına qiymət verilir.
İsa Həbibbəylinin ədəbiyyatşünaslıq
sistemi və konsepsiyasında başlıca yer tutan bir çox
problemlər, prioritetlər var ki, bunların həlli yalnız
tədqiqat elmi mühitini deyil, ümumən ədəbi,
ictimai cameəni məşğul etmişdir. Onun bir ədəbiyyatşünas-alim
kimi əsas səciyyəvi cəhəti problemə konseptual
yanaşması, hadisələrin mahiyyətinə enməsi,
onu nəzəri və faktoloji cəhətdən paralel işləməsidir.
Bütün bunlar akademikin tədqiqat işinin məzmununu
və uzunömürlülüyünü təmin etmiş
olur. Onu həmişə ədəbiyyatşünaslığın,
ədəbiyyat nəzəriyyəsinin ayrı-ayrı problemləri,
ədəbi-ictimai fikrin görünən və görünməyən
tərəfləri məşğul etmiş, bu sahədə
sayı beş yüzü aşan məqalə,
otuzdan çox monoqrafiya və kitab yazmışdır. Böyük və kiçikliyindən asılı
olmayaraq ədəbi, kulturoloji fikrimizin müxtəlif problemləri
tədqiqatlarında bütün cəhətləri ilə təhlil
və tədqiq edilmiş və hər bir tədqiqatı
ictimai ədəbi, elmi cameədə müəyyən rezonans
doğurmuşdur. Hətta sovet sistemindəki iyirmi illik
yaradıcılıq yolunda onun hər hansı problemə yanaşmasında,
mövzu seçimində zamanında sığortalanmaq
mümkün olmayan marksist ölçüləri, yaxud
zamanın möhürü demək olar ki, hiss olunmur. Yaradıcılığının sonrakı mərhələsində
də bu cür şablon və trafaret ölçülər
onun yanaşmalarında vahid kriteriyaya çevrilmir,
çünki tədqiqatçı üçün ən
yaxşı yanaşma mətni elmi və nəzəri əsaslarla
obyektiv mövqedən araşdırmaqdır ki, bu da onun
fundamental alim kredosunun əsas prinsiplərindən biri olaraq təsbit
olunur.
İsa Həbibbəyli fenomeni çoxlarının nəzərində
böyük yazıçı, dramaturq, satirik
publisistikamızın zirvəsi Cəlil Məmmədquluzadə
yaradıcılığı və şəxsiyyətinin
fundamental araşdırıcısı olaraq faktlaşıb. Bu, doğrudan
da belədir; C.Məmmədquluzadə onun
araşdırmalarının ana xəttini təşkil edir.
C.Məmmədquluzadə vətəndaşlığı,
şəxsiyyəti, dünyagörüşü, eləcə
də bir yazıçı, dramaturq, publisist, azərbaycançı
kimi tanıdılması onun adı ilə bağlıdır.
Onun haqqında yazdığı onlarla məqaləsində
və "Cəlil Məmmədquluzadə; mühiti və
müasirləri" (2009) monoqrafiyasında zəngin arxiv sənədləri
və dövri mətbuat materiallarından geniş istifadə
olunaraq yalnız böyük satirikin elmi tərcümeyi-halı
yaradılmır, həm də yaşadığı
dövrün ədəbi şəxsiyyət və hadisələrinin
yaradıcılığına nüfuz edilir, dövrün,
mühitin ədəbi, ictimai mənzərəsi
yaradılır.
Bu araşdırmalarda C.Məmmədquluzadə bir
yazıçı, dramaturq, publisist və vətəndaş
kimi yenidən təqdim olundu. Mən yalnız bu tədqiqatların
faktoloji zənginliyini, bir çox tarixlərin, sənədlərin
ilk dəfə araşdırmaya cəlb olunduğunu deyil, bu
yaradıcılığın müasir münasibət
işığında tədqiq və təqdim
olunmasını nəzərdə tuturam. Bu
araşdırmalarda C.Məmmədquluzadə ilə
bağlı sovet ideologiyasının
formalaşdırdığı sindromu dağıdaraq yeni
imicin yaranmasına nail olundu. Məhz bu tədqiqatlardan
sonra Azərbaycan ədəbiyyatşünaslığında
C.Məmmədquluzadə yaradıcılığı yeni
keyfiyyətdə-xalqın milli oyanış və müstəqilliyi
uğrunda mübarizə aparan bir yazıçı, dramaturq,
publisist kimi öyrənilməyə başlandı.
Bütövlükdə götürdükdə, XIX
yüzilin sonları-XX yüzilin əvvəllərinə aid tədqiqatlarında
illər, statistika və şəxsiyyətlər çoxluq təşkil
edir. Onun bu dövrlə bağlı
araşdırmaları mühitin xarakterini açır, gizlinlərini
üzə çıxarır. Rəqəmlər,
illər, hadisələr burada emosional və estetik məzmun
daşıyır, statistik göstərici olmaqdan çıxaraq
həyat hadisələri və ədəbi faktları
canlandırmağa xidmət edir. Bəzən
ən xırda görünən bir detal, yaxud tarix belə onun
araşdırmalarında çox böyük yük
daşıyır, bir çox ədəbi-tarixi hadisələri
üzə çıxarır. Bu isə o
deməkdir ki, onun tədqiqatları elmlə sənətin
sintezini yaradır, elmi təfəkkürlə bədii təfəkkür
birləşərək bu faktları sxematiklikdən
çıxararaq ona yeni həyat verir. Məhz
bu yanaşma və tendensiyalar sayəsində biz dövrün,
ədəbi mühitin yeni təsnifatı ilə
qarşılaşır, onun inkişaf istiqamətlərini, səciyyəvi
xüsusiyyətlərini bütün təfərrüatları
ilə öyrənə bilirik.
Şübhəsiz, İsa Həbibbəylinin bir ədəbiyyatşünas
alim kimi əsas missiyasından biri də ədəbiyyatşünaslığımızda
olan boşluqların doldurulmasından, "daşların
yerinə oturdulması"ndan, vacib olan problemləri həll
etməkdən ibarətdir. Aydındır ki, belə
boşluqlardan və həll ediləsi problemlərdən biri də "Molla Nəsrəddin"
(eləcə də mollanəsrəddinçilər!) və
"Füyuzat" (eləcə də
füyuzatçılar!) arasında olan münasibətlərin
yenidən araşdırılması məsələsidir. Sovet dövrü ədəbiyyatşünaslığının
bu iki cəbhəni bir-birinə zidd, yaxud
qarşı-qarşıya duran qüvvələr kimi qələmə
verməsi son dövrlərə qədər davam etmişdir.
Vulqar sosioloqların bu iki ideoloji cəbhəni
bir-birinə qarşı qoyması faktoloji materiallardan
çox (baxmayaraq ki, bu cür faktlar da olmuşdur; elə sovet
ədəbiyyatşünaslığı da məhz bu faktlara
söykənərək müəyyən qənaətlərə
gəlirdi!) ideoloji meyllərdən irəli gəlmişdir.
Biz yuxarıda akademik İsa Həbibbəylini C.Məmmədquluzadənin
sabit tədqiqatçısı olaraq qeyd etdik; bu, doğrudan
da belədir, lakin buna qədər onun bir nəzəriyyəçi
olduğunu və bugün də bir nəzəriyyəçi
olaraq ədəbi-nəzəri düşüncəmizi
yönləndirdiyini də xüsusi qeyd etməliyik. İlk elmi
işinin problematikasını romantizm cərəyanı
nümayəndələrinin yaradıcılığı təşkil
etməsi və bunun əsasında ilk monoqrafiyası
"Romantik lirikanın imkanları" (1984) kitabını dərc
etdirməsi ədəbiyyatşünas ömrünün
uğurlu başlanğıcı kimi qiymətləndirilməlidir.
Yəni elmi yaradıcılığa ədəbiyyatın
nəzəri araşdıması ilə qədəm qoymuş
və diplomunu da bu istiqamətdə almışdır. Elə buna görə də sonrakı tədqiqatlarının
hamısının konseptual çıxmasında nəzəri
istiqamət başlıca rol oynamışdır. Elmi fəaliyyətinin ilk mərhələsində
romantik ədəbiyyatın tədqiqat obyekti kimi seçilməsi
də təsadüfi deyildi. O zaman hələ romantizm,
necə deyərlər, bütün yönlərilə
araşdırılmamış, bəzi nümayəndələri
"bəraət" almamışdılar. Bu
mövzuda araşdırmalar sonrakı dövrdə də davam
etmiş, H.Cavid, Ə.Hüseynzadə, A.Səhhət, M.Hadi,
A.Şaiqlə bağlı yeni tədqiqatlar
yazmışdır. Azərbaycan romantizminin bir çox cəhətlərinin
obyektiv qiymət almasında bu araşdırmaların rolu az olmayıb.
Akademik İsa Həbibbəyli tədqiqatlarının
uzunömürlülüyünü şərtləndirən
amillərdən biri də məhz onun nəzəri və
problem xarakterli olmasındadır. Akademikin istər ədəbiyyatşünaslığın
ayrı-ayrı problemlərinin, istərsə də sırf nəzəri
problemlərin işlənilməsində bu amil nəzərə
alınmaya bilməz. Onun "Ədəbiyyat
nəzəriyyəsi" (2005) dərsliyinin yazılması da
ədəbi cameənin problemə olan kəskin ehtiyacından
irəli gəlmişdir. Müxtəlif vaxtlarda
yazılmış "Ədəbiyyatın tərifi",
"Ədəbiyyatşünaslıq elminin şöbələrinə
yenidən baxış", "Satira ədəbi növ
kimi", "XX əsrin əvvəlləri Azərbaycan
romantik şeirində sonet janrı", "Azərbaycan
şeirində himn və marş", "Kiçik hekayə
janrı-novella", "Dialoq haqqında monoloq" və s.
fundamental məqalələrində ədəbiyyatşünaslığımızda
həllini tapmamış nəzəri problemlərə yeni
baxış ifadə edilir. "Mirzə Fətəli
Axundzadənin ədəbiyyat nəzəriyyəsi
görüşləri və "nazimi ustad" məsələsinə
yenidən baxış" adlı məqaləsi ədəbiyyatşünaslığımzda
olan mübahisəli problemə aydınlıq gətirir.
M.F.Axundzadənin böyük şair Füzuli
haqqında işlətdiyi "nazimi-ustad" qənaətinin
arxasında duran nəzəri fikrin mahiyyəti
açılır.
Akademik İsa Həbibbəylinin nəzəri fikirdə
etdiyi dəyişikliklərdən biri də satiranın bir ədəbi
növ olaraq əsaslandırmasıdır. Məlumdur ki,
dünya nəzəri fikrində satiraya aid aparılan
fundamental tədqiqatlarda onun ədəbiyyatdakı yeri və
mövqeyinin təyin edilməsində müxtəlif fikirlilik
mövcuddur. Satiranın nəzəri ədəbiyyatlarda
ədəbi növ, janr, bədii xüsusiyyət, bədii
gülüşün forması kimi klassik təsnifatların
özü belə çağdaş ədəbi-nəzəri
düşüncəni təmin etmədiyindən yeni
yanaşma tələb edir.
Ədəbiyyatşünaslığın
ən az müraciət etdiyi problemlərdən
biri də ədəbiyyat tarixi və ədəbiyyat
tarixçiliyi məsələləridir. Yəni
ədəbiyyat tarixçiliyinin özünün nəzəri
problemləri vardır ki, hələ də milli ədəbiyyatşünaslığımızda
bu məsələlər öz həllini
tapmamışdır. Belə məsələlərdən
biri Azərbaycan ədəbiyyatının inkişaf mərhələləri
və dövrləşdirmə məsələləridir.
Xüsusilə, Azərbaycan ədəbiyyatı
tarixinin (ədəbiyyatının yox!) dövrləşdirilməsi
ilə bağlı müəyyən axtarışlar
olmuşsa da, ortada vahid konsepsiya olmamışdır. Minillik ədəbiyyat tarixinin dövrləşdirilməsinin
konsepsiyasını hazırlamaq, həm də bütün
dövrlərdə ədəbiyyatın keçdiyi inkişaf
qanunauyğunluğunu, onun təkamül yolunu, ictimai-tarixi
proseslərin mərhələlər şəklində dərk
edilməsi və təqdim olunmasına imkan verir. Burada da iki məsələ kəsişir; bir var ədəbiyyat
tarixçiləri (Ə.Abid, İ.Hikmət,
M.F.Köprülü, F.Qasımzadə, C.Xəndan,
H.Araslı, B.Əhmədli və b.) ədəbiyyat tarixlərini
yazarkən istifadə etdikləri dövrləşdirmə,
bir də dövrləşdirmənin özünün elmi-nəzəri
konsepsiyasını yaratmaq və minillik ədəbiyyatımıza
bu konsepsiya kontekstində yanaşmaq. İkinci məsələ
mahiyyət etibarilə birincilə yaxın olsa da, ədəbiyyatşünaslığımızda
nəzəri cəhətdən çox az
işlənilmişdi. Necə deyərlər,
ortada vahid bir konsepsiya yox idi. Y.Qarayev,
N.Ələkbərli, Ş.Alışanlı, N.Cəfərovun
araşdırmaları bu yolda atılan ilk addımlar idi.
Akademik İ.Həbibbəyli isə problemə
kompleks yanaşmış, həm tarixi, həm nəzəri
baxımdan işləyərək yeni bir konsepsiya üzə
çıxarmışdır. Bu konsepsiya
vahid olmasa da, ədəbiyyat tariximizin məhz bu formatda öyrənilməsi
və təqdim olunması üçün nəzəri baza
rolunu oynayır. Elə buradaca qeyd etməyi özümə
borc bilirəm ki, bu konsepsiyanın ilk eskizləri hazır olarkən
ilk oxucusu (əslində dinləyicisi!) mən olmuşam;
İsa müəllim dövrləşdirmə
konsepsiyasının konturlarını isti-isti
Naxçıvandan telefonla yarım saatadək mənə
oxuyarkən nəzəri fikrimizdəki bu boşluğun
doldurulmasında qatqısı olduğunı hiss etmişəm.
Bu isə dövrləşdirmənin ədəbiyyat
tariximiz, ədəbiyyatşünaslığımız
üçün nə qədər vacib olması anlamına gəlir.
O zaman tezis şəklində olan bu konsepsiya sonralar
böyük bir tədqiqat əsərinə çevrildi.
Akademik nəzəri istiqaməti yalnız tədqiqatlarında gözləmir, həm də ədəbi siyasətinin, elmi təşkilatı idarəetməsinin prioritet istiqamətlərindən biri hesab edir. İnstituta rəhbərlik etdikdən sonra istər əməkdaşların tədqiqat-plan işlərində, istərsə də İnstitutun elmi nəşrlərin nəzəri səviyyəsinin yüksəldilməsində gördüyü işlər ədəbiyyatşünaslıq elmi mərkəzində yeni nəzəri hərəkatın başlanmasından xəbər verir. İnstitutda "Ədəbi cərəyanlar" sektorunun yaradılması, "Poetika.izm" adlı elmi-nəzəri jurnalın təsis edilməsi bu hərəkatın sistemli inkişafı üçün atılan praktik addımlardandır.
İsa Həbibbəyli fəaliyyətinin əsas keyfiyyətlərindən biri araşdırma sərhədlərinin genişliyi və müxtəlifliyindədir; o, yalnız folklor, klassik ədəbiyyat, XIX və XX yüzillər Azərbaycan ədəbiyyatı, realizm, romantizm problemləri ilə məşğul olmamış, həm də çağdaş ədəbi fikrimizin inkişaf qanunauyğunluqları, ayrı-ayrı ədəbi şəxsiyyətlərin yaradıcılığı ilə bağlı araşdırmalar aparır, yeni yaradıcılıq təmayülləri haqqında obyektiv mövqeyini ifadə edir. Onlarla məqalələrində çağdaş ədəbi prosesi məşğul edən problemləri təhlil etməklə yanaşı, ədəbi portret janrının xüsusiyyətlərinə uyğun olaraq şair və yazıçıların ədəbiyyatımızdakı mövqeyini, yerini də zərgər dəqiqliyi ilə müəyyənləşdirməyə çalışır. Bu yaxınlarda yazdığı "Bütün yönləri ilə yaradıcı" məqaləsində isə Rəşad Məcid yaradıcılığı və şəxsiyyəti bütün komponentləri ilə təhlil süzgəcindən keçirilir.
Ədəbiyyatşünaslığın inkişafında elmin təşkili məsələsi də başlıca yer tutur. İnstitutda aparılan struktur dəyişiklikləri tədqiqat işlərinə də öz təsirini göstərməmiş deyil. Nizamişünaslıq, Füzulişünaslıq sektorlarının, Mühacirət ədəbiyyatı, Mətbuat tarixi, Erkən realizm dövrü Azərbaycan ədəbiyyatı, Uşaq ədəbiyyatı şöbələrinin açılması elmin təşkilində önəmli addımlardan biri olmuşdur. Yeni açılan şöbələrdən biri də rəhbəri olduğum Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsidir. Bu şöbənin yaranması ilə ədəbiyyatşünaslığımızda yeni bir elmi istiqamətin formalaşması reallaşmaq üzrədir. Belə ki, zaman-zaman institutda dünya ədəbiyyatı çətiri altında Avropa, Amerika ədəbiyyatı öyrənilmiş və tədqiq edilmişdir. Halbuki dünya ədəbiyyatı içərisində Asiya xalqlarının ədəbiyyatı önəmli yerlərdən birini tutur. Həm tarixi keçmişinə, həm də sənətkarlıq baxımından Asiya xalqlarının ədəbiyyatı dünya bədii xəzinəsini mövzu, problematika, obrazlar, xarakterlər, bədii kompozisiya orijinallığı və s. cəhətdən zənginləşdirmiş və onu irəliyə aparmışdır. Ona görə də İsa Həbibbəyli sözün həqiqi mənasında İnstitutu yenidən formalaşdırmağa başlayanda Asiya xalqlarının ədəbiyyatını öyrənməyin vacibliyini tez-tez çıxışlarında səsləndirirdi. 2016-cı ildə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin yaranması ilə bu işlərin yeni müstəvidə davam etməsinə imkan yarandı.
Akademik İsa Həbibbəylinin dönə-dönə oxuduğum "Ədəbiyyat və zaman" adlı kiçik bir məqaləsi var; buna esse də demək olar. Burada yaranışından üzü bəri ədəbiyyata qiymət verilir, başlıca vəzifələri müəyyənləşdirilir. Tezis şəklində yazılmış, çox böyük həqiqətlərdən xəbər verir. Bu dəyərləndirmələrin hər birində Ədəbiyyatın Zamandan Zamanın Ədəbiyyatdan keçdiyini görürük. Tezislərdən biri belədir: "Böyük ədəbiyyat həmişə Zamanla dialoqda olub, lakin onu yalnız ifadə etməklə qalmamış, irəliyə doğru inkişafa işıq salmışdır".
O, həyat yolunda ədəbiyyatşünaslıq
yolunu seçdi, böyük ideallarla araşdırdı və
onu yeni bir mərhələyə daşıdı. Zaman
göstərdi ki, akademik İsa Həbibbəyli ədəbi,
mədəni, kulturoloji fikrimizin bugünü və gələcəyi
ilə bağlı aydın bir proqrama malikdir və bəlkə
də ürəyində illərdi gəzdirdiyi bu proqramın
mərhələ-mərhələ həyata keçirilməsi
üçün var gücü və intellekti ilə yorulmadan
çalışır. Bu yolda Ona uğurlar diləyirik!..
Bədirxan
ƏHMƏDLİ
525-ci qəzet.- 2019.- 11 oktyabr.- S.10-11-12.