Əziz İsa müəllim   

 

 

 

Bəzən uzaqdan tanıdığımız, sadəcə yazılarını oxuduğumuz, fəaliyyəti ilə az-çox tanış olduğumuz adam haqqında öyrəndiyimiz adidən adi bir xəbər doğmalaşmağımıza səbəb olur.

 

Akademik İsa Həbibbəylini hələ tələbəlik illərimdən oxuyurdum, sonralar da Naxçıvan Dövlət Universitetinin rektoru kimi gördüyü işlər, keçirdiyi tədbirlər və çıxışları haqqında bilirdim. Amma illər öncə Astana şəhərində Türkdilli xalqların ədəbiyyat dərgiləri konqresində öyrəndim ki, bir vaxtlar "Qardaş qələmlər" dərgisinin yayılması çətin imişbu işdə İsa Həbibbəyli həssaslıq göstərib, yardımını əsirgəməyib. Deməli, dərgi uzun müddət Ankaradan Naxçıvan Dövlət Universitetinə göndərilir, ordan şəxsən İsa müəllimin nəzarəti və dəstəyi ilə bütün Azərbaycana, kitabxanalara, universitetlərə yayılırmış. Sonralar öyrəndim ki, dərgini İsa müəllimə dostumuz, yazıçı-tərcüməçi İmdat Avşar gətirirmiş. O vaxtlar İqdırda işləyən İmdat bəy dərgini Azərbaycana yaymaq üçün ən doğru yol tapıbmış - Naxçıvan və İsa Həbibbəyli... İndi yazdıqca düşünürəm ki, İsa müəllimin ədəbiyyat adına gördüyü böyük işlərin içərisində bu, yüzdə, mində birdir və bəlkə özünün də yadında deyil, amma o zaman bunu eşidəndə xeyli təsirlənmişdim. Və tezliklə İsa müəllimin yazılarına, məqalələrinə yenidən qayıdıb ardıcıl oxumuşdum. Çünki əməlləriylə xeyirxahlıq, fədakarlıq nümunəsi olan  qələm adamlarının yazıları hər zaman daha dərin iz buraxır insanda. Və maraqlıdır ki, tələbəlik illərində elə İsa müəllimin özünübu cür alimlər, daha doğrusu, akademik Məmməd Cəfər Cəfərovun şəxsiyyəti, xarakteri, elmi əsərləri təsirləndirib. Naxçıvan Dövlət Universitetinə həsr olunmuş kitabçada dərc olunan bir ağ-qara fotota tələbə İsa Həbibbəylinin akademik Məmməd Cəfər Cəfərova necə heyranlıqla baxmasını görmüşdüm. Və indi İsa müəllim haqqında düşündükcə, yazdıqca o foto və anın bütün bu böyük işlərin başlanğıcı olduğunu anlayıram. Demək ki, belə insanların, şəxsiyyətlərin varlığı özündən sonra gələn nəsillərə təsir edir...

Bu günlərdə 70 yaşını qeyd edəcək İsa Həbibbəylidən isə yeni gələn nəsillərin öyrənə biləcəyi çox şeylər var. Əlbəttə, İsa müəllimin öz ömrünə, gündəlik həyatına, kitablarına sığışdırdığı bütün böyük işlər haqqında çox danışmaq olar. Amma bunları sıraya düzsək, elmi araşdırmaların, məqalə və monoqrafiyaların özəl yeri vardır. Çünki şəxsən mən məhz İsa Həbibbəylinin məqalələriylə, yazılarıyla elmi təhlilin necə olmasını müəyyənləşdirmişəm. Və mənə görə əsas şərt akademizm və elmiliklə yanaşı, həm də müəllifin özünün, şəxsiyyətinin ifadəsidir. Bu mənada heç şübhəsiz ki, İsa müəllimin özününböyük demokrat adlandırdığı Mirzə Cəlil haqda yazıları çox dəyərlidir. Misal üçün hələ tələbə vaxtımdan məhz İsa müəllimin məqalələrini oxuyandan sonra əslində, Mirzə Cəlilin buxovlar içərisində əzilmiş qadını yox, azad Qadını yazmasını anladım. İsa müəllim bunu bir neçə kiçik detalla izah edirdi: azad olmayan qadın, yəni Zeynəb kətta Xudayara - getsin anqırsın, tayını tapsın - deyə bilməzdi... Belə nümunələri sonsuz sayda gətirmək olar və qəribədir ki, İsa Həbibbəyli heç zaman, heç bir çıxışında, məqaləsində, söhbətlərində bu cür xidmətlərini qeyd etmir, vurğulamır... Əksinə, mühitdə çoxlarını təəccüblədirən cəhəti hər zaman başqalarının işlərini, yazılarını vurğulaması, bəyəndiyi fikirləri təqdir etməsidir. Əlbəttə, bu özündən deyənlərin  çox olduğu zamanda İsa müəllimin təvazökarlığı və səxavətlə başqaları haqqında danışması qəribə görünə bilər. Amma məsələ burasındadır ki, o yazılar hər şeyi deyir və müəllifin onları xüsusi təbliğ, reklam etməsinə ehtiyac da qalmır. Elə bu yaxın günlərdə "Ədəbi proses - 2018" tədbirində nəsr, dramaturgiya, poeziya, poemas. mövzularda məruzə edən əməkdaşlara İsa müəllim bir neçə kəlmə ilə böyük ruh verir, həvəsləndirirdi. Əlbəttə, bu, həm də tutduğu vəzifənin tələbidir, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru kimi əsas üsuludur. Amma bütün hallarda, iştirak etdiyi istənilən yerdə, tədbirdə İsa müəllimin humanistliyinin, insanlara mehriban, qayğıkeş münasibətinin şahidi olmuşam. Bir neçə il öncə doktorant və dissertantların dissertasiya mövzularının təsdiqində də, müxtəlif müdafiələrdə də bu münasibətindən təsirlənmişdim. Ona görə təsadüfi deyil ki, bütün sahələrlə müqayisədə ədəbiyyatşünaslıq üzrə elmə yeni gələn gənclər digərlərindən bir neçə dəfə çoxdur.

Ümumiyyətlə, İsa müəllimin bu cür həssaslığını, imza atdığı bütün işlərə şövqlə, həvəslə yanaşmasını hər addımında görmək olar. Xatırlayıram, bir neçə il öncə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcidin şeirlərindən təsirlənib məqalə yazmışdı. Daha sonra bu məqaləni xeyli genişləndirdi, təhlilə Rəşad müəllimin başqa əsərlərini də, ictimai fəaliyyətini də çəkdi və nəticədə "Bütün yönləri ilə yaradıcı" adlı dəyərli bir kitab meydana gəldi. Yəni İsa müəllim dəyər bildiyi, qiymət verdiyi hər hansı şəxsiyyət, yazıçı, şair haqqında yazanda zamanını, enerjisini, biliklərini əsirgəmir. Qızırğanmadan vaxtını sərf edir və yazdığı mövzunu hərtərəfli araşdırıb ciddi elmi nəticə ortaya qoyur. Və maraqlıdır ki, araşdırdığı mövzular, haqqında yazdığı yazıçılar da sanki bir-birinin davamı, məsləkdaşı kimi görünür. Misal üçün Mirzə Cəlil və Molla Nəsrəddinçilər haqda yazdıqları təməldirsə, Çingiz Aytmatov barəsində məqalələri bunların davamıdır. Xalq yazıçıları Anar, Elçin haqqında oçerkləri, elmi məqalələri isə həm daha öncəki silsilənin ardı kimi, həm də yeni nəsrə, çağdaş ədəbiyyata orijinal yanaşmanın ifadəsi kimi qavranır. Bir sözlə, İsa müəllim istər ictimai fəaliyyətində, istərsə də alim kimi böyük bir ideyanın, Azərbaycana, dünyaya, ədəbiyyata, sənətə aid yaxşı nə varsa onu yazmaq, açmaq, göstərmək  missiyasının daşıyıcısıdır.

mühüm olan budur ki, o, vətənini, onun ədəbiyyatını xaricdə tanıtmaq üçün də əlindən gələni əsirgəmir. Məhz İsa müəllimin sayəsində son illərdə Ədəbiyyat İnstitutunun beynəlxalq əlaqələri genişləndirilib, hazırda dünyanın 30-dan çox ölkəsilə: Rusiya, Çin Xalq Respublikası, Türkiyə, Almaniya, Polşa, Bolqarıstan, Hindistan, Pakistan, İran İslam Respublikası, Misir, Gürcüstan, Qazaxıstan, Cənubi Koreya, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Tacikistanbaşqa ölkələrin elmi mərkəzləri, akademik qurumları və universitetləri ilə əməkdaşlıq edir. Bu mənada Ədəbiyyat İnstitutunun Beynəlxalq tədbirlərini, xüsusən son illərdə geniş vüsət alan, MDB məkanında tanınan, reaksiyalar doğuran "Fizika-Lirika" konfransını xüsusi qeyd etməliyəm. İsa Həbibbəyli təşəbbüsü ilə keçirilən bu konfranslar istər ədəbiyyat, istərsə də elm sahəsində canlanmaya, yeni ab-havanın yaranmasına səbəb olub.

İsa Həbibbəylinin təşkilatçılığı ilə keçirilən belə tədbirləri nəzərdən keçirəndə, bunlara sərf olunan zamanı düşünəndə adama elə gəlir ki, ciddi elmi araşdırmalara zaman, həvəs, ruh qalmaz. Amma budur, elə bu il  "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" adlı irihəcmli monoqrafiya işıq üzü görür. Arzumuz isə budur ki, bu qeyri-adi dərəcədə maraqlı, vacib kitab ali məktəb dərslikləri sırasına daxil olsun, yeni gələn nəsillərə çatdırılsın. Eyni zamanda, İsa müəllimin ədəbi növlərə və janrlara özünəməxsus yanaşması, satiranı ayrıca növ kimi ayırmaq təklifi, bu istiqamətdə uzunillik fəaliyyətləri də gənclərin, tələbələrin iştirakı ilə müzakirə olunmalıdır.

Bütün bu işlərin dərinliyinə gedəndə, qalın kitabları, qəzet və jurnal səhifələrini vərəqləyəndə sadəcə elə həcmdən heyrətlənir adam. Bu boyda enerjinin, şövqün mənbəyi elə İsa müəllimin özüdür. Onun elmi fəaliyyəti və xidmətləri Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirilib. O, əməkdar elm xadimi fəxri adına layiq görülüb, "Şöhrət" və "Şərəf" ordenləri ilə təltif olunub. Amma bu yüksək adlarla yanaşı, mənə belə gəlir ki,  İsa müəllim üçün ən gözəl mükafat sadəcə öz işi ilə məşğul olmaqdır. Yəni o işdən, işləməkdən zövq alanbununla yaşayan insandır.

İnsan ömrü illərlə, zamanla ölçülür. Amma yazdıqca düşündüm ki, əslində, qələm adamlarının ömrü, həyatı həm də səhifələrlə ölçülə bilər. Nə qədər ki, yaza bilirsən, yaşayırsan, səhifələrin sayı artıqca, yeni yazılar yarandıqca təzələndiyini hiss edirsən. Ona görə mən İsa müəllimlə can sağlığı, uzun ömür, həm də sonsuz sayda səhifələrlə, cildlərlə həyat diləyirəm.

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2019.- 11 oktyabr.- S.11.