Ülvi ruhun sərhədsizliyi...
Bu il Belqraddakı
"CompuTech" nəşriyyatında
gənc şair Fərid Hüseynin "Часови васпитань духа" ("Qəlbin
tərbiyə dərsləri")
adlı şeirlər
kitabı serb dilində işıq üzü görüb.
Kitab haqqında
Serbiyanın tanınmış
ədəbi tənqidçisi
və tərcüməçisi
Nina Simiçin məqaləsini
təqdim edirik.
Çağdaş Azərbaycan ədəbiyyatının
yeni nəsil şairlərindən Fərid
Hüseynin poetik irsi yaşını bir xeyli qabaqlamış
mövzu rəngarəngliyi
baxımından diqqət
cəlb edir. Gənc şairin
lirik düşüncələrinin
kökləri insani dəyərlərə söykənir.
O, ədəbi auditoriyasını
həyatın qəddar
sualları qarşısında
mənən silkələnən
insanın narahatlıqlarına,
dövrün konfliktlərinə,
yadlaşmadan, mərhəmətsizlikdən,
yalnızlıqdan qidalanan
əzablarına nəzər
salmağa, onlarla üzləşməyə sövq
edir. Şairin yaradıcılığının
əsasında insanlar
arasında bərabərlik,
azadlıq və sevgi kimi fundamental prinsiplər dayanır.
Bu poetik düşüncələr
mübaliğədən və
pafosdan uzaqdır və insanı mühakimədən, bütün
sosial narahatlıqların
yaratdığı məhdudiyyətlərdən
xilas edir, ən əsası, eşq, azadlıq kimi insanı mənən canlandıran arzularla zənginləşdirir.
Müəllifin gənc olduğunu düşünəndə onun
şeirlərindəki zəngin
poetik yük oxucuya ilk baxışda qəribə görünür. Çünki bu düşüncələr
sadəcə şəxsi
yox, bəşəriyyətin
mürəkkəb və
çoxsaylı tarixi
hadisələri ilə
bağlıdır. Fərid Hüseyn
bu minillik təcrübələri, müşahidələri,
yaşam vərdişlərini
bir poetik ruhda birləşdirib.
Bu poetik bağları
qurmaq, duyğu birliyi yaratmaq müəllifə "Günəş
Şərqdə doğulub,
Qərbdə boğulur"
həqiqəti qədər
sadə görünür.
Şairin qələmi, əslində,
bu baxımdan müəyyən qədər
də müasir Azərbaycanın dünyaya
açılması, ayrı-ayrı
dinləri, mədəniyyətləri,
dünya görüşlərini
özündə birləşdirən
inkişaf xətti ilə səsləşir.
Müəllif yaradıcılığında
ana vətəninin ruhundan, mədəniyyətindən,
doğma dilindən, kimliyindən bir addım da uzaqlaşmır,
çağdaş poeziyanın
poetik tendensiyalarla ayaqlaşan, eyni zamanda, ruhi saflaşma
aşılayan, azad ruhunu ifadə edən poetik nümunələr yaradır.
Poeziyanı zənginləşdirən, hər bir duyğunun
yaşantılarımızla səsləşməsinə xidmət
edən bu poetik düşüncələr
Şərq oxucusu qədər, Qərb auditoriyasına da maraqlıdır.
Lirik mövzulara
üstünlük verən
müəllif xəlqi
təcrübələrini qabardır. Öz şəxsi
təcrübələrinin izlərini saysız-hesabsız
talelərin cığırlarına
salır. Bu şeirlər həm də oxucuların dünyasına boylanır.
Fərid Hüseynin özünəməxsus
ruhunun poetik metamorfozu oxucuya əxlaqi yüksəliş
aşılayır. Bunun üçün
isə o, insanlar arasında ortaq nöqtələr axtarmağa,
bəşəri normalara
meyl etməyə ehtiyac duymur. Həssas məsələlərə özünəməxsus
cavablar axtarışına
çıxır, və
eyni zamanda, oxucunun seçim azadlığının təbii
tələbat olduğu
həqiqətini də
unutmur. Bircə sətirdə belə
müəllifi "mütləq
həqiqət carçısı
və ya təlqin təbliğatçısı"
kimi görmürük.
Əksinə, "aramızdan birinin" baxış bucağını görürük.
Yaxşılığın, gözəlliyin, qətiyyətin, etibarlılığın,
hörmətin, tolerantlığın
bütün dövrlərdə
insana nüfuz qazandıran məqamları
onun yaradıcılığının
əsas xəttidir.
O, insanların müharibə
və başqa fəlakətlər nəticəsində
sevdiklərini, evlərini,
yurdlarını itirdiyi
ağır zamanlardan da danışanda bu üslubdan yayınmır. Hətta əzab yüklü
duyğuları təsvir
edəndə belə əsla qəti hökm oxumur, həssas bir müşahidəçi mövqeyi
tutur, qarşıdurmalar
yaradan nöqtələrdə
belə mənəvi bağ yaratmağı hədəfləyir.
Cəmi
bircə anlığa
hamımızın Adəmin
övladı olduğu
həqiqətini düşünəndə
doğma bildiklərimizin
yadlaşmasını bir
mərmi yarası qədər dərindən
hiss edərik. Sevdiklərinə, dosta düşmən kəsilənlər öz
əməllərini Yaradan
qarşısındakı hesab
gününə kimi çiyinlərində ən
ağır günah kimi daşıyırlar.
Müəllif üçün insanın necə yaşaması da necə ölməsi kimi kədərli mövzudur. Çünki insan yazsa da, yazmasa da,
yaşadıqlarını sonsuza
qədər canlı xatirə kimi saxlayır. Bu sətirlər
sanki bəşəri
həqiqətin nəğməsidir:
Ömür çatmadı,
ölüm, görən,
çatarmı,
yazdığım kağızlardan
mürəkkəbi silməyə?
Fərid
Hüseynin şeirlərini
mütaliə etdikcə
oxucu fəlsəfi tonun əxlaqi incəliyini hiss edir. Onun poetik tərzində kəskin süniliyə, sıxıcı elmi mülahizəyə qətiyyən
rast gəlmirik. Bu şeirlərdə təcrübədən süzülmüş
zərif yanaşma, insanı püxtələşdirən
mənəvi istiqamətləndirmələr
var. Şeirləri oxuduqca
şərqin hikmət
dolu bədii irsinin poetik xarakteristikasının Qərbin
müasir şeir rakursu ilə qovuşmasından doğan
tamlığın təsirinə
düşürük.
Fərid Hüseynin axtardığı
azadlıq müəyyən
sərhədlərlə məhdudlaşmır. Onu qanadlandıran
məfhumların əks-sədası
öz daxili dünyası boyunca yayılır. Onun azadlıq
anlayışının üfüqləri
hətta özünün
belə nəzarət
edə bilmədiyi sonsuz mənəvi aləmlə bağlıdır.
O, nəinki özünü,
bütün bəşəriyyəti
gözəl ruhun saflaşdığı bu
ülvi mərtəbədə
görmək istəyir.
Ən əsası da odur ki, bu
dərin poetik fəlsəfədə semantik
mürəkkəblik yoxdur.
Müəllif poetik bir qönçənin ləçəklərini
aça-aça irəliləyir.
Sanki müəllif oxucunu dərin mənəvi qatlara doğru apararkən, keçdiyin yolun da unudulmaz olmasını
nəzərdən qaçırmamağa
çalışır.
Şair bu qeyri-adi poetik
dünyasını sadəcə
gündəlik yazırmış
kimi təmkinli bir tonu ilə
qələmə alır. Şeirlərin
bədii gücü bir yana,
müəllifin özünəməxsus
ifadələri də
yaşını çox-çox
qabaqlayır. Hamımızın həyat, ümid, ağrı, əzab kimi ifadə etdiyimiz məfhumları müəllif öz poetik lüğətindəki
bənzətmələrlə şeirlərinin ahənginə
uyğunlaşdırır. Müasir insanın hiylə və riyakarlığından
bəhs edərkən
də, "polad" qanunların qadağalarına
məhəl qoymur.
İdeyalarını hər bir oxucunun öz mənəvi tərəzisinin
gözünə ehmalca
qoyur. Müəllifin hər yaşdan
oxucunun anlayacağı
sadə dillə çatdırdığı müdrik
fikirlərində həm
də onun ağayanalığını görürük.
Fərid Hüseyn şeirlərində
insanla hadisə, nəsnə arasında körpü qurur. Onun inandığı
qəhrəmanlıq anlayışı
qan tökmək, can almaqla düz gəlmir. O, qəhrəmanlığı
mübarizələrdən keçərkən ləyaqətli
duruşu saxlamaqda görür. İnsanın inamına endirilən
zərbələr nə
qədər ağır
olursa olsun, bunun öhdəsindən gələcək gücün
sahibləri əsl qəhrəmanlardır. O, şeirlərində ayrı-ayrı
sivilizasiyaların, xalqların,
mədəniyyətlərin birləşdiyi nöqtəni
- sevgini, mənəvi
gücü göstərir
və yalnız mərhəmət, sevgi hesabına bəşəriyyətin
tarixinə həkk olunan qəhrəmanları
ön plana çəkir.
Fərid Hüseynin ruhun təmizlənməsi, nəfsin
tərbiyəsi ilə
bağlı qələmə
aldığı şeirlər
insanın özünə
hesabat verib səhvlərini anlamağa
kömək olan poetik fəlsəfi təlim mahiyyətini daşıyır. İnsan səhvləri və
günahları ilə
yox, onları düzəltməklə, təkrarlamamaqla,
bir sözlə, özünü və dünyanı tanımaqla böyüyür, nəticədə
mənən dərinləşir.
Şairin nəzərində yalnız yaxşılıqla,
mərhəmətlə, sevgi
ilə bar verən ağacdan bəhrə görə bilərik.
Ruh yalnız yanlışların
düzəlməsi ilə
gözəlləşir. Bu, bəlkə də,
F.Hüseynin bütün
yaradıcılığında rast gəldiyimiz əsas ideyadır.
Fəridin poetik dünyagörüşünə görə insanın ən böyük mükafatı öz həyatında doğru yolu tapa bilməsidir. Çünki insanın keçdiyi həyat yollarındakı izlər təkrar-təkrar onun önünə çıxır. "O biri dünyada" vəd edilən cənnət elə insanın keçdiyi yollardakı təmiz izləridir. Bəziləri bu yolu qəhrəman kimi keçir, onların mükafatı zamanın fövqünə yüksəlmək - bəşərilik qazanmaqdır. Özümüzü yaralı əsgər yağış gözləyən çay yatağı kimi hiss etdiyimiz günlər dərin boşluqda olduğumuz zamanlardır. Bu zamanlarda boşluqları doldurmaq üçün nəfsimizin arzuladığı hər şeyi əldə etmək istəyirik. Lakin bu, əsla susuzluğu su ilə yatırtmaq, ciyəri təmiz hava ilə doldurmaq kimi əsl ehtiyac duyduğumuz addımlar olmayacaq. Şair oxucusu ilə birgə, bu zamanlar, bu boşluqlar, mənən aclıq duyduğumuz nəsnələr haqqında uzun-uzun düşünür - həll yoluna aparan cığırlar, doğrular, yanlışlar birgə saf-çürük edilir.
"Qəlbin tərbiyə dərsləri" adlı şeir silsiləsi də bizə kimliyimizi, keçmişimizlə gələcəyimizin arasında hansı mövqe tutduğumuzu göstərir. Kitabda nümunələri oxuduqca insan başa düşür ki, bəzən yeni körpülər qurmağa ehtiyac yoxdur, olanları qorumaq lazımdır. Bəzən dünəni xatırlayanda insana elə gəlir ki, keçmişlə bu gün arasındakı meydanda iki gözüyaşlı ordu savaşır. İnsan ömrü quş yuxusudur, odur ki, bu savaşı durdurmaq insanın öz əlindədir. Dünəni, dostları, sevgilini, bağışlamaq lazımdır... Bu səmimi çağırış gecənin dərin sükutunu pozmadan eşidilir:
Tanrıya sevgi tövbəni pozmamaqdı,
bəndəyə sevgi hər dəfə bağışlamaqdı.
... Üstünə gələn adamın gözlərini
qarşılamaq,
tutub onun əllərindən
günahına ağlamaq...
Kürəkdəki dost yarasın unudub,
Yar bıçağın çıxardıb,
Uşaqlara, dostlara meyvə
doğramaq gərək.
... Səni aldadanın da,
səni ağladanın da taleyidir günahı.
Bu şeirdə olduqca orijinal üslub görünür. Bir müəllim ədası ilə nəsə öyrətmək iddiasında olmayan, paraqraflara bölünəcək qədər uzanmayan, lakin dəbi standartların incəliklə gözləndiyi bu şeiri oxuduqca əsl ədəbiyyatın vəzifəsini bir daha xatırlayırıq. Müəllifin özünəməxsus ritmik dili də burada az rol oynamır. Müasir ədəbiyyatın dili ilə danışdığı açıq-aydın hiss edilən şair, yüksək "impressiv" ifadələrdən yararlanmaqdan çəkinmir.
Fərid Hüseyn könül dünyasının gündəliyindəki gizlinləri şeirin dili ilə xəyal dünyasına qovuşdurur. O, acı reallığı görmək istəmir, ancaq dünyanı bağışlayan saf ürəyinin divarları arxasında sığınacaq tapır. Bugünkü dünyamızın empirik izləri Fəridin poeziyasında parıldayan almaz olmaq imkanı qazanır.
Nina SİMİÇ
Ədəbi tənqidçi və tərcüməçi
(Serbiya)
Tərcümə: Elcan
Salmanqızı
525-ci qəzet.- 2019.- 12 oktyabr.- S.23.