Tahir Aydınoğlu: "Jurnalistikaya olan
böyük sevgim məni ömürlük bu sənətə
bağladı"
MƏKTƏBDƏN
BAŞLAYAN YOL
Taleyini həmişəlik
jurnalistikaya bağlayan Tahir Aydınoğlu hələ orta məktəb
illərindən öz yazıları ilə mətbuatda
çıxış etməyə başlayıb: "Orta məktəbdə
təhsil alan vaxtlardan "Azərbaycan pioneri" qəzetində
müxtəlif mövzularda məqalələrlə
çıxış edirdim. Yazılarım hər kəs tərəfindən
maraqla oxunurdu. Azərbaycanın müxtəlif bölgələrindən,
hətta qonşu Gürcüstandan olan oxucularımdan məktublar
alırdım. Tahir
Aydınoğlu imzasını hər kəs
tanıyırdı, sevirdi. Jurnalistikaya olan böyük sevgim,
istəyim məni ömürlük bu sənətə
bağladı".
YADDAQALAN
UNİVERSİTET İLLƏRİ
“Ya
jurnalistika, ya heç nə” deyən T.Aydınoğlu sənədlərini
1977-ci ildə Bakı Dövlət Universitetinin (BDU) jurnalistika
fakültəsinə verir və qəbul olunur: "Universitet
illərində də fəal, daim axtarışda olan,
yazmağa yaratmağa can atan tələbələrdən
idim. 1982-ci ildə universiteti fərqlənmə
diplomu ilə bitirdim. Universitetdə
oxuduğum illərdə ölkənin görkəmli
ziyalılarından, sözün əsl mənasında peşəkar
müəllimlərdən dərslər aldım,
jurnalistikanın sirlərinə yiyələndim. Mənə
jurnalistikanı daha da sevdirən müəllimlərim Nurəddin
Babayev, Nəsir Əhmədli, Akif Rüstəmov, Qulu Xəlilov,
Mahmud Mahmudov, Cahangir Məmmədli, Zeynal Məmmədli olub.
Onlar sayəsində jurnalistikanın bütün incəliklərinə
bələd oldum, peşəkar jurnalist kimi yetişdim. Dərs
aldığım müəllimlər arasında
folklorşünas alim Abbas Zamanovun adını xüsusilə
çəkmək istərdim. Baxmayaraq ki, bizim zamanımız
sovetin qılıncının
dalının-qabağının kəsən vaxtı idi,
A.Zamanov bizlərə "Əkinçi"nin, "Molla Nəsrəddin"in
ideyalarını aşılayırdı. O deyirdi ki, bu mətbuat
orqanlarını mənimsəməyən xalqına
bağlı jurnalist ola bilməyəcək. Mərhum
professorumuz Şirməmməd Hüseynovun da biz jurnalistlərin
yetişməsində əməyi böyükdür. Həmin
illərdə sovet ideologiyasının açıq-aşkar
deyilməyən çatışmazlıqlarını bizə
o çatdırıb. Əziz müəllimlərimdən olan
tanınmış professor Famil Mehdinin də adını bu mənada
mən böyük ehtiramla çəkərdim".
BÖYÜK
HƏYAT MƏKTƏBİ
Tahir
Aydınoğlunun sözlərinə görə,
yazı-pozuları orta məktəb və tələbəlik
illərindən başlasa da, professional jurnalistikada 1982-ci ildən
çalışır: "Universiteti qurtarandan sonra bir, iki ay
işsiz qaldım. Famil Mehdi və
universitetdə dekan vəzifəsində çalışan
Tofiq Rüstəmovun köməkliyi ilə 1983-cü ildə
Azərbaycan Dövlət Televiziyasının "Xəbərlər"
redaksiyasında işə düzəldim. Beş il burada
çalışdım. Görkəmli insanlar,
tanınmış şəxsiyyətlərlə müsahib
oldum. Azərbaycanın hər bucağını
qarış-qarış gəzib, müxtəlif mövzularda
maraqlı reportajlar hazırladım. Tanınmış
reportyorlar Qərib Əhmədli, Solmaz Əmirova, Nadir
Abdullayevlə çiyin-çiyinə
çalışdım. Mən televiziyada böyük həyat
məktəbi keçdim".
YAZILI MƏTBUAT
T.Aydınoğlu
ölkənin baş qəzeti sayılan "Kommunist", indiki "Xalq qəzeti"nin
yaradıcı kollektivini cavan kadrlarla əvəz edəndə
Ramiz Əhmədovun dəvəti
ilə 1988-ci ildə qəzetə dəvət olunur: "O
zaman qəzetin kollektivini yeniləyib gənclərdən ibarət
komanda yığırdılar. Ramiz müəllim gənc
reportyor kimi məni də işə dəvət etdi. Mənimlə
yanaşı, "Bakı" qəzetindən Qüdrət
Piriyev, "Müxbir" jurnalından Elman Qədirov,
"Müəllim" qəzetindən Vaqif Səmədov da
bu qəzetə dəvət almışdı. Universitetdə
təhsil alan vaxt qəzetdə təcrübə keçdiyim
üçün, burada hər kəs məni yaxşı
tanıyırdı. Əlipənah Bayramov, Hidayət Zeynalov,
Kazım Ələkbərov, İlham Rəhimli peşəkar
insanlarla işləmək mənim üçün
böyük fəxr idi. Yeni işimə böyük həvəslə
başladım. Televiziyada olduğu kimi, qəzetdə də
çoxsaylı müsahibələrə, araşdırma və
yazılara imza atdım. Azərbaycan müstəqillik əldə
etdikdən sonra kommunist ideologiyasına bağlı qəzetlər
iflas etdi. Baxmayaraq ki, biz qəzetdəki cavanlar xalq hərəkatının
ilk günlərindən meydanlarda olduq. Xalqla birlidə
meydanlara çıxdıq, haqq səsimizi ucaltdıq.
Bacardığımız qədər meydan hadisələrini,
Qarabağ həqiqətlərini işıqlandırdıq.
Bizim qəzetdə hər zaman milli təmayül, xalqa
bağlılıq olub. Sonradan biz bunu rəhbər tutaraq qəzetin
adını dəyişib "Xalq qəzeti" qoyduq".
ÖMRÜN
YARISI
Əməkdar
jurnalist deyir ki, artıq 31 ildir ki, o, "Xalq qəzeti"ndə
çalışır: "Burada
çalışdığım üçün, ümumiyyətlə,
jurnalistikanı seçdiyim üçün peşman deyiləm.
Əksinə, çox xoşbəxtəm. Jurnalistika
arzularıma çatmaqda, fikirlərimi, düşüncələrimi
qələmə almaqda mənə yardımçı olub.
"Xalq qəzeti" mənim
üçün doğma və əziz yerdi.
Ömrümün 31 ili burada keçib. Qəzetdə qələmə
aldığım yazılar sayəsində imzam daha da
tanınıb, sevilib. Bu illər
ərzində yüzlərlə dəyərli elm xadimi,
mühüm vəzifə sahibi olan insanlarla, ədəbi
mühitin tanınmış simaları ilə həmsöhbət olmuşam. Qəzetdə
yaradıcılıq fəaliyyətimi davam etdirmək
üçün mənə hər zaman, hər cür şərait
yaradılıb. Bunun nəticəsidir
ki, qəzetçilik fəaliyyəti ilə paralel uzun müddət
Dövlət Televiziyasında "Kitab köşkü" və
"Publisist studiyası" adlı verilişlərə
aparıcılıq etmişəm. Teleməkanda ilk dəfə
olaraq mənim tərəfimdən "Səhər"
proqramında dörd il qəzetlərin xülasəsi
tamaşaçılara təqdim olunub. Dörd il ərzində
hər gün 10 dəqiqə ərzində qəzetlərdə
nəşr olunan məqalələr, yazılar barədə
televiziya tamaşaçılarına məlumat vermişəm.
Səhər sübh tezdən gələr qəzetləri
oxuyar, maraqlı məqalələri, yazıların
qeydiyyatını aparardım. Sonra qəzetlərdən
xülasəni tamaşaçılara təqdim edərdim. Bu
rublika hər kəs tərəfindən böyük maraqla
qarşılanırdı. Hətta bəzən mənə
deyirdilər ki, artıq sən qəzetlərin nədən
yazdığını, hansı məqalələrin çap
olunduğunu efirdən dedin, bizim onları
oxumağımıza ehtiyac qalmadı".
KİTAB MÜƏLLİFİ, EKSPERT
T.Aydınoğlu hazırda qəzetdəki fəaliyyəti ilə yanaşı, Azərbaycan Mətbuat Şurası nəzarət-təftiş komissiyasının sədri, Ahıl Jurnalistlər Məclisi sədrinin müavini, Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dəstək Fondunun və Dövlət İmtahan Mərkəzinin ekspertidir. Mütəmadi olaraq görüşlərdə, tədbirlərdə, mühüm əhəmiyyyət kəsb edən mövzuların müzakirəsində fəal iştirak edir. 40 ildən artıq jurnalist-publisist fəaliyyəti dövründə müxtəlif mövzulu və janrlı çoxsaylı teleradio sujet, verilişin, 1000-dən çox qəzet-jurnal yazısının, media tarixinə dair ondan artıq kitabın müəllifidir. Prezident İlham Əliyevin liderlik fəaliyyətinin səlnaməsi olan "Böyük siyasətin davamı" çoxcildliyinin 7 cildinin nəşriyyat redaktoru, bir sıra kitabların redaktoru olub. Redaktor müavini kimi Türkiyədə, ABŞ-da, Rusiyada, İranda, Çində, Fransada, Misirdə rəsmi səfərlərdə olub. Böyük həvəslə yeni-yeni yazılar, kitablar üzərində çalışır.
VARSA YAŞAT, YOXSA YARAT
T.Aydınoğlunun sözlərinə əsasən, yaxşı redaktor olmaq üçün Azərbaycan dilini yaxşı bilmək və onu cilalamağı bacarmaq lazımdır: "Ələkbər Abbasov, Rafiq Ağayev, Tofiq Rüstəmov, Əşrəf Hacıyev, Şükür Həbibzadə kimi Azərbaycanın peşəkar redaktorları olub. Kənardan asan görünsə də, redaktə işi çox çətin və məsuliyyətli bir işdir. Mən qəzetdə çalışdığım bu illər ərzində anladım ki, xalq yaradıcılığı necə də kamildir. Xalq dili necə gözəl bir dildir. Redəktə işi bu kamilliyi anlamaqda mənə kömək oldu. Bir dəfə yazı yazırdım. İki səhifəni tamamladıqdan sonra gördüm ki, bu iki səhifə sadəcə söz yığınıdır. Bu iki səhifə yazını varsa yaşat, yoxsa yarat cümləsi ilə əvəz etdim və bundan sonra keçdim mətləbə. Deməli, böyük mətləbləri 1-3 sözlə qısa ifadə etmək mümkündür. Jurnalistika mənə bu anlayışı verdi".
MÜKAFATLAR SAHİBİ
T.Aydınoğlunun sözlərinə əsasən, bəzən kimsə mükafat ala bilməyəndə kədərlənir: “Mən isə hər zaman mükafatımı almışam. Orta məktəbdə oxumuşam "əla"mı veriblər, ali məktəbdə oxumuşam qrup nümayəndəsi seçiblər, universiteti fərqlənmə diplomu ilə bitirmişəm. O zaman əlaçı tələbə olduğum üçün partiyaya da keçiriblər. Bu, mənim üçün çox böyük mükafat idi. Partiyalılığım sonradan mənim vəzifə pillələri ilə irəliləməyimə kömək oldu. Dövlət televiziyasında kiçik redaktor kimi işə başladım, 6 aydan sonra redaktor, 1 ildən sonra isə böyük redaktor, yəni şöbə müdiri vəzifəsinə irəli çəkildim. Halbuki bu pilləyə başqaları 10-15 ilə çatırdı. Bunlar da bir mükafat idi ki, mənim zəhmətimi qiymətləndirirdilər. İstədiyim ən böyük mükafat isə sovet dövründə "Qızıl qələm" adlandırılan təltifin davamçısı "Həsən bəy Zərdabi" mükafatı olub. Mən H.Zərdabinin xanımı Hənifə Zərdabinin xatirələrinin əsasında "Əkinçi və Zərdabi" kitabını nəşr elədim. Bu kitabı bəyənən Hacı Hacıyev məni "Həsən bəy Zərdabi" mükafatına da layiq gördü. Bunu həyatımın ən böyük mükafatı hesab edirəm. Azərbaycan jurnalistikasının yaranmasının 130 illiyi ilə bağlı yubiley keçiriləndə də bir qrup jurnalist mükafatlandırıldı ki, onlardan da biri mən oldum. Prezident İlham Əliyevin sərəncamı ilə mənə Əməkdar jurnalist fəxri adı verildi. Elə bilirdim bu mükafatı mən 60 yaşımdan sonra alaram. Ancaq 47 yaşımda buna layiq görüldüm. Jurnalistlər üçün inşa edilən ilk binadan mənzil alanların biri də mən oldum. Bütün bunlar mənim zəhmətimə verilən qiymətdir".
GERİYƏ BAXANDA
Ömrünün 40 ildən çoxunu jurnalistikaya adayan T.Aydınoğlu deyir ki, dönüb geriyə baxanda "Bu 60 ildə mən nə etmişəm" sualını verir özünə: "Böyük məktəb keçmişəm, jurnalistikanın dahilərindən dərs almışam, görkəmli şəxsiyyətlər görmüşəm. Jurnalistikada olduğum bu 40 il ərzində müəyyən işlər görmüşəm və görməkdə də davam edirəm. Ancaq fikrimcə, mənim əsas missiyam bu illər ərzində jurnalist kimi ilmə-ilmə qazandığım təcrübəni, dəyərli bilgiləri gələcək nəslə ötürməkdir. Bu baxımdan hələ çox az iş gördüyümü, hətta ümumiyyətlə görmədiyimi düşünürəm. Bu işə artıq çox ciddi yanaşmağın vaxtıdır, məncə. Mən jurnalistika sahəsində böyük işlər görən kişilərin yolunu tutdum, işini davam etdirdim. Bu yolun yolçularının sayını artırmaq, peşəkar jurnalistlərin yetişməsinə vəsilə olmaq isə mənim ən əsas vəzifəmdir".
S.QARAYEVA
525-ci qəzet.- 2019.- 12 oktyabr.-
S.21.