Şəhla Qəmbərova: "Kitabla ünsiyyət mənəvi-mədəni inkişafa təkan verir"

 

Firidun Bəy Köçərli adına Respublika Uşaq Kitabxanası yeni nəsildə mütaliəyə davamlı maraq oyatmaq üçün ardıcıl layihələr həyata keçirir

 

 

Kitaba sevgi, mütaliəyə maraq hələ uşaq yaşlarından başlayır. Bəs internet əsrində, texnologiya dünyasında balacalara kitabı necə sevdirmək, mütaliənin önəmini necə anlatmaq lazımdır?

 

Bu suala cavabın axtarışıyla gedib Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanasına çıxdıq.

 

Hər zaman olduğu kimi, kitabxana bu dəfə də bizi yeni layihələri, maraqlı ideyaları, ən sonuncu nəşrləri ilə qarşıladı.

 

Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərovanın söz boğçası yenə də dolu idi, biz də onu dinləməyə həvəsli.

- Bildiyiniz kimi, Firidun bəy Köçərli adına Respublika uşaq kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Ədəbiyyatı Şurasının Azərbaycandan milli bölmə olaraq və uşaq ədəbiyyatının təbliği istiqamətində üzvüdür. Bu təşkilata ümumilikdə 80 dövlət üzvdür. Bölmənin rəhbəri mənəm, koordinatoru isə Əməkdar mədəniyyət işçisi Zahirə xanım Dadaşovadır. Əsas məqsəd son illərdə nəşr olunan, dövrün tələblərinə cavab verən, bugünki uşaqların oxumaq istədiyi ədəbiyyatı beynəlxalq təşkilatlar vasitəsilə təbliğ etməkdir. Biz bir neçə dəfə uşaq yazıçılarımızın əsərlərini bu təşkilata təqdim etmişik. 2014-cü ildə həmin yazarlardan Qəşəm İsabəyli və Sevinc Nuruqızı əsas siyahıya düşmüşdülər, yəni seçilən 20 əsərdən biri olmuşdular. Bu, çox sevindirici haldır. Biz bir neçə dəfə fərqli müsabiqələrə təqdim etmişik, ümid edirik ki, gələcəkdə bizim yazarların da adı o beynəlxalq mükafatların qalibi kimi səslənəcək. Bu, bizim üçün də qürurverici olar. Çünki təqdimatlar bu kitabxananın adıyla gedir.

Biz nəinki beynəlxalq əlaqələrimizi genişləndiririk, eyni zamanda, ölkə daxilində də mütaliə və kitabın təbliği sahəsində uşaqların həyatında mühüm rol oynayacaq layihələr həyata keçiririk. 

Uşaqların görüşünə gedən kitablar

- Onlardan biri də artıq 9 ildən bəri keçirdiyimiz "Uşaq kitab karvanı" layihəsidir. Layihəyə 2010-cu ildən start verilib və bizim ən böyük layihələrimizdən biridir. Layihəyə görə bölgələrimizdəki uşaq kitabxanalarını gəzib həm öz nəşrlərimizdən, həm də Mədəniyyət və Turizm Nazirliyinin göstərişi ilə ayrılan kitablardan onlara hədiyyələr aparır, uşaq yazıçılarımızla bölgələrdəki oxucularımızı görüşdürürük. Plana əsasən, 2020-ci ilə kimi ölkə ərazisindəki bütün bölgələri və kitabxanaları gəzib bitirməliyik. Az müddət sonra biz yenidən rayonlara gedəcəyik. Məqsədimiz son illərdə nəşr olunan kitabları bölgələrdə yaşayan uşaqlarımıza çatdırmaqdır. Bu işdə bizə ən böyük dəstəyi Mədəniyyət Nazirliyi verir. Bu günə qədər 35 rayonda olmuşuq və 28 minə qədər kitab hədiyyə etmişik.

Bundan başqa, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə "Bərpa nəşr" layihəsini həyata keçiririk. Əslində, layihə nazirlik tərəfindən 2010-cu ildən keçirilir. Onun uşaq ədəbiyyatı sahəsini isə kitabxana olaraq biz öz üzərimizə götürmüşük. Layihə üzrə, Kitabxananın "Qızıl fondu"nda qorunan 1920-1980-ci illəri əhatə edən əski əlifba və kirillə çap olunan kitabların ilk nəşr göstəricilərini olduğu kimi saxlayaraq latın qrafikasına keçiririk. Beləcə, bu layihə çərçivəsində Nizami Gəncəvinin, Ə.Haqverdiyevin, Cəfər Cabbarlının, Mir Cəlalın və başqa ədiblərimizin 1940-60-cı illərdə çap olunmuş kitabları yeni həyat qazanıb. Ümumiyyətlə, 2016-cı ildən start götürən layihədə bu günə kimi 100-ə yaxın adda kitab bərpa-nəşr olunub. Mənə elə gəlir ki, nə qədər bizim fondumuzda bu cür nadir və dəyərli kitablar var, bu layihə də davam edəcək. 

Mütaliəyə əngəl yoxdur

- Bu nəşrlərin əsasında biz Azərbaycanda ilk dəfə olaraq Sağlamlıq İmkanları Məhdud Uşaqlar üçün Brayl əlifbası ilə 11 adda və jest dilinə tərcümə olunmuş mp4 formatda 10 adda elektron kitablar hazırladıq. Bu, geniş kütlə arasında çox böyük sevinclə qarşılandı. Azərbaycan Respublikası Prezidentinin "İnkluziv təhsilə yardım haqqında" Sərəncamı var ki, biz də bu işləri həmin Sərəncam əsasında gördük. Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətdəki digər uşaqlardan geri qalmaması, onlarla bərabər səviyyədə təhsil alması üçün hər kəs əlindən gələn nə varsa, etməlidir. Biz də sinifdənxaric oxu üçün uşaqlarımıza Brayl əlifbasındakı kitabları və jest dilində mp4 formatda elektron kitabları hazırladıq və internat məktəbinin kitabxanalarına hədiyyə elədik. Bu işlərimizi gələcəkdə davam etdirməyi düşünürük. Fikirləşirik ki, getdikcə dairəsini də genişləndirək. İlk dəfə üçün 11 adda eləmişiksə, sonra bunun sayı 20-30 və daha artıq olsun. Fiziki sağlam və qeyri-sağlam uşaqlar arasındakı stiqmanı aradan qaldırmaq lazımdır. Burada elə valideynlər var ki, uşaqlarından birində fiziki problemi olduğu üçün bu, həm uşaqda, həm də valideyndə kompleks yaradır. Amma biz bunun belə olmağını istəmirik. Buna görə də bu layihəni işlədik. O kitablarda biz Nizami Gəncəvinin ibrətamiz hekayələrini, Füzulinin "Meyvələrin söhbəti" şeirini, Mir Cəlalın hekayələrini, Xanımana Əlibəylinin "Mərcanqulu" əfsanəsini və digər əsərləri çap eləmişik. Gələcək üçün isə müasir yazıçılarımızın əsərlərini bu cür Brayl əlifbası və jest dilinə tərcümə eləməyi düşünürük. Çünki məncə, uşaq ədəbiyyatı ilə məşğul olan hər bir yazıçı da əsərlərinin bu cür uşaqlara çatmağını arzulayar.

Bizim nəşrlərimiz bu yaxınlarda keçirilən VI Beynəlxalq Bakı Kitab Sərgi Yarmarkasında da maraqla qarşılandı. Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunan bu sərgi-yarmarka həqiqətən də ildən-ilə daha da təkmilləşir, genişlənir. Budəfəki sərgi-yarmarka da çox möhtəşəm keçdi. Üç gün ərzində orada idim və bu günlərdə insanların axınla oraya necə gəldiklərinin şahidi oldum. Sevindirici haldır ki, insanlar buraya öz istəkləri, arzularıyla gəlirdilər. Çünki kitab sərgi-yarmarkası elə bir yerdir ki, oraya ancaq kitaba marağı, sevgisi olan, mütaliə həvəskarı insanlar gedər, kimsə məcbur apara bilməz.

Firidun bəy Köçərli adına Respublika Uşaq Kitabxanası da bu sərgi-yarmarkada öz stendiylə xüsusən seçildi. Çünki biz insanların qarşısına uşaq ədəbiyyatı ilə çıxırıq. Bizim stendimizdə dünya ədəbiyyatı, yerli yazarların əsərləri, həm Mədəniyyət Nazirliyinin, həm də kitabxanamızın öz layihələri əsasında çap olunan nəşrlər sərgilənirdi. Bu dəfə də bizim stendimizin qarşısında çoxlu azyaşlı oxucularımız var idi. Uşaqlarımızın kitaba bu cür marağı qürurvericidir. Bilirsiniz, bu gün uşağa demək olmur ki, bunu oxu, bunu yox. Kitab oxumağı məcbur etmək olmaz. Uşağı müxtəlif yollarla, metodlarla, incəliklə psixologiyasına təsir etməklə ona yönləndirmək olar. Təbii ki, bunu təcrübəsi olan insanlar edə bilərlər. Deyə bilmərik ki, bu gün kitab yoxdur, nəşriyyatlar işləmirlər. Xeyr, bu gün kitab var, nəşriyyatlarımız da durmadan o kitabları çap edirlər, təbliğiylə məşğul olurlar.

Qəbul edirik ki, bəli, internet əsrində yaşayırıq. Amma internetin özü də kitabdır, yazılı ədəbiyyatdır. Hər bir halda bütün elektron media yenə də yazıya istinad edir. Baxın, kitab kağız variantına gəlib çatana qədər necə uzun yol keçib: daş kitabələr, perqament və sair. Son nailiyyətləri elektron kitablardır. Bu, çox müsbət haldır. Dövr bunu tələb edir. Amma mənim fikrimcə, elektron mənbələr klassik informasiya daşıyıcısı kitabla ünsiyyəti əvəz edə bilməz. Çünki birbaşa kitabla ünsiyyət uşaqlarda zövqün hərtərəfli formalaşmasına yol açır. Mütaliə uşaqların, deməli, bütövlükdə cəmiyyətin mənəvi-mədəni inkişafına təkan verir. Kitabı götürüb hiss etmək, vərəqlərini çevirmək, hansısa qeydlər aparmaq tamam başqa aləmdir. Mən ixtisasca biblioqrafam, kitabın texnikasına yaxşı bələdəm. Bəlkə elə buna görə də kitabla canlı ünsiyyətə daha böyük önəm verirəm.

Uğurların ardınca

- Biz, həmçinin, müxtəlif müsabiqələr, yarışlar keçiririk. Eyni zamanda, "Açıq dərs, açıq fikir" layihəmiz var ki, burada da əsas məsələ məktəb proqramına kömək, dəstəkdir. Uşaq ədəbiyyatımızla birlikdə beynəlxalq sərgilərə çıxırıq. Türkiyə, İtaliya, Frankfurt kitab sərgilərində olmuşuq.

Onu da qeyd eləməliyəm ki, Azərbaycan uşaq ədəbiyyatı tarixində ilk dəfə belə bir hal yaşanır, kitabxanamız tərəfindən çap olunan nəşrlərin illustratorları, oradakı rəsmlərin müəllifləri məhz uşaqlardır. Bu ideya da bizdən qaynaqlanıb. Çünki uşağa kitabı oxutdurmaq istəyirsənsə, o, həmin kitabda özünü görməlidir. Uşaq kitabda özünün şəklini görəndə daha da həvəslənir, sevinir, o kitab ona bir az da doğmalaşır.

Gələcək layihələrimiz içərisində Azərbaycan nağılları və klassik uşaq əsərlərinin başqa dillərə və eyni zamanda, başqa ölkələrin nağıllarının bizim dilə tərcüməsi işi də var.

Kitabxanamız özünün "Göyqurşağı" adlı jurnalını nəşr edir. Artıq iki ildir ki, jurnalın bir səhifəsi tamamilə rus və ingilis dillərində olur. Çünki rus və ingilis təmayüllü məktəblərdə oxuyan və ya başqa ölkələrdən buraya gələn uşaqlarımızı da nəzərə almalıyıq. Məqsədimiz uşaqlarımızın dünyagörüşünü daha da artırmaqdır. Onlar yalnız Azərbaycan ədəbiyyatı ilə məhdudlaşmasınlar. Dünya ədəbiyyatını da oxuyub öyrənsinlər.

Beynəlxalq əlaqələrimiz yalnız yazıçılarımızla bağlı deyil, uşaqlarımızla da bağlıdır. Belə ki, biz istedadlı uşaqlarımızın yazılarını da beynəlxalq tədbirlərə göndəririk. 2018-2019-cu ildə dörd uşağımız Rusiyada MDB ölkələri arasında keçirilən Beynəlxalq Uşaq Ədəbiyyatı Müsabiqəsinə qatıldılar. Bu müsabiqədə yalnız uşaqların yazdığı əsərlər qiymətləndirilirdi. Onların hamısı məktəb uşaqları idi. İnanın ki, orada elə gözəl əsərlər vardı, insan sadəcə heyrət edirdi. Və ən sevindirici hal odur ki, ikinci ildir, müsabiqənin qalibləri azərbaycanlı uşaqlar olur.

Kitabxanamız bu istiqamətdə bir an da dayanmır. Mövcud layihələri daha da genişləndirmək və yeni layihələr həyata keçirmək yönündə işlərini davam etdirir.

Köçərli adına Uşaq Kitabxanası artıq dördüncü dəfədir ki, sırf uşaqların iştirakı ilə tamaşalar səhnələşdirir. Biz onları Gənc Tamaşaçılar Teatrının səhnəsində digər uşaqlarımıza təqdim edirik və görürük ki, uşaqlar bundan nə qədər böyük zövq alırlar. Səhnədəkilər profesional aktyorlar olmurlar. Tamaşa edən uşaqları da ən çox həvəsləndirən məhz bu nüansdır. Gələn dəfə onların yerində özləri olmaq istəyirlər. Hamısı özünü o səhnədə görmək istəyir. Hər tamaşadan sonra aldığımız təşəkkür məktubları, övladlarını bu layihəyə qoşmaq istəyən valideynlərin sevinci, həvəsi bizi hər zaman sevindirir.

Kitabxananın özündə tez-tez tədbirlərimiz, yazıçılarla görüşlərimiz olur. Bu tədbirlərdə yaradıcı uşaqlarımız da iştirak edirlər. Biz heç zaman uşaqlarımızı buradan əliboş göndərmirik. Mütləq onlara kitab hədiyyələri veririk.

Yəni bizim işimiz müxtəlif layihə, tədbirlərlə kitabı, mütaliəni uşaqlara sevdirməkdir. Kitabı uşağa verməklə onu oxuda bilmərik. Onda həmin kitaba və ümumiyyətlə ədəbiyyata maraq aşılamalıyıq. Bu da ancaq maraqlı layihələrlə mümkündür.

Kitabxana sosial institutdur, yazıçı ilə oxucu arasında kommunikasiya xidməti, əlaqələndirici vasitədir. Bizim əsas meyarımız da yazıçı ilə oxucu arasındakı bu sağlam əlaqəni yaratmaqdır. Biz öz işimizlə qürur duyuruq. Arzularımız, istəklərimiz çoxdur və zaman-zaman bunları həyata keçirəcəyik.

 

Şahanə MÜŞFİQ

 

525-ci qəzet.- 2019.- 12 oktyabr.- S.20.