Ədəbi aforizmlər dəyərləndirmə
etalonu kimi
Folklorda fəlsəfi düşüncə sistemini təşkil
edən atalar sözlərini yazıçı və şairlərin
əsərlərində aforizmlər əvəz edir. Aforizmlər bədii
yaradıcılıq faktı kimi atalar sözləri səviyyəsində
olmasa da, bir çox hallarda atalar sözlərinə bərabər
tutulur və onların da bəziləri zaman keçdikcə
folklorlaşa bilir.
Belə nümunələr Azərbaycan klassiklərinin
yaradıcılığında kifayət qədərdir. Bunlarla
yanaşı, ədəbi-elmi düşüncənin
formalaşdırdığı aforizmlər də vardır
ki, onlar bir çox tənqidçi və ədəbiyyatşünasların
əsərlərində özlərinə yer tuta
bilmişdir. Ədəbi aforizmlər
yaratmaq baxımından akademik İsa Həbibbəyli öz sələflərindən
və müasirlərindən ciddi şəkildə fərqlənir
və onun yaradıcılığında müşahidə
olunan aforizmlər şəbəkəsinə heç bir tənqidçi-ədəbiyyatşünasın
ədəbi-elmi irsində rast gəlmək mümkün deyil.
Həmçinin nəzərə alsaq ki, həmin
aforizmlər ilk növbədə bədii
yaradıcılığı dəyərləndirmək
etalonu kimi düşünülmüşdür, bu zaman
onların dəyəri xeyli dərəcədə yüksəlmiş
olur.
Akademik İsa Həbibbəyli ayrı-ayrı sənətkarlara
onların yaradıcılıq sirlərinə hərtərəfli
bələd olduqdan və irəli sürdüyü fikirlərin,
mülahizələrin doğruluğuna tam inandıqdan sonra
qiymət verir.
Bu halda dəyərləndirmənin əsası
yaradıcılığın özü,
çıxış nöqtəsi isə təhlil olunan ədəbi
fakt və hadisələrin mahiyyəti və məzmunudur.
Çünki zahiri əlamətlərə,
formal cəhətlərə, əsərlərin ideya
xüsusiyyətləri ilə zəif şəkildə
bağlanan elementlərə istinad edilərək
çıxarılan nəticələrin ömrü uzun olmur
və əslində, onların heç əhəmiyyəti də
yoxdur. Sənətkar şəxsiyyəti
ona məxsus ədəbi-bədii irsin imkanları ilə dəyər
qazananda daha təbii və daha mötəbər
görünür. Beləliklə,
yaradıcılıq sirlərinə hərtərəfli bələdlik
bir tərəfdən yaradıcılıq bazasının
bütöv mənzərəsi canlandırır, digər tərəfdən
də müəllifin şəxsiyyəti təbii portret cizgiləri
ilə tamamlanır.
İsa Həbibbəylinin "Üzeyir Hacıbəyov
Azərbaycan professional musiqi sənətinin Koroğlusudur"
qənaəti, şübhəsiz ki, təsadüfdən
yaranmamışdır. Həmin mülahizə görkəmli bəstəkarın
öz yaradıcılığından qaynaqlanır və
orada Üzeyir Hacıbəyovun yaratdığı möhtəşəm
"Koroğlu" operasının kodu var, yəni bu opera
olmasaydı, Koroğlu adı heç vaxt dəyərləndirmədə
yada düşə bilməzdi. Ona görə
ki, "Koroğlu" dastanının qəhrəmanı ilə
görkəmli bəstəkarın tərcümeyi-halı
arasında hər hansı bir əlaqələnmə motivi,
yaxınlıq dərəcəsi axtarmaq absurddur. Deməli,
burada əsas məqam yalnız "Koroğlu"
operasıdır və bu opera Üzeyir Hacıbəyov sənətini
dəyərləndirmə prosesində ədəbiyyatşünas
yaddaşının aparıcı elementinə çevrilib.
Amma müqayisəli dəyərləndirmə yalnız
bundan ibarətdirmi? Əlbəttə, yox! Məsələ
burasındadır ki, həmin adlandırmada opera təsəvvürü
ilə bərabər, istər-istəməz
yaddaşımızda folklor obrazı da canlanır. Beləliklə, "Koroğlu" dastanı,
"Koroğlu" operası və bəstəkarın sənət
möcüzəsi vəhdət təşkil etmiş olur.
Təyinedici amillər hamı tərəfindən
tanınan Üzeyir Hacıbəyovun şəxsiyyətini daha
da ucaldır və bu ucalıq görkəmli bəstəkarı
insanlara, sənətsevərlərə daha da
yaxınlaşdırır.
İsa Həbibbəyli Üzeyir Hacıbəyovu Azərbaycan
milli mədəniyyətinin, Səməd Vurğunu isə Azərbaycan
şeirinin əfsanəsi adlandırır. Şübhəsiz,
bu mülahizədə həm Üzeyir Hacıbəyov, həm
də Səməd Vurğun öz yerindədir. Biri milli mədəniyyətin, digəri isə Azərbaycan
şeirinin zirvəsi səviyyəsinə qalxır. Dəyərləndirmədə
istifadə olunan "əfsanə" sözü folklor
anlayışı, şifahi xalq ədəbiyyatı
janrlarından birinin adı olsa belə ədəbiyyatşünas
yaddaşına ilk növbədə hər iki sənətkarın
yaradıcılığından süzülüb gəlir.
Ona görə ki, Üzeyir Hacıbəyov "Leyli və Məcnun"
operasını mövzusu əfsanədən
götürülmüş poema əsasında
yaratmış, Səməd Vurğunun da
yaradıcılığında "Ayın əfsanəsi"
adlı əsərin olması danılmaz faktdır. Amma elmi təfəkkür bunlarla yanaşı və
bunlardan daha çox folklordan gələn əfsanəni nəzərdə
tutmuş və beləliklə, dəyərləndirmə
özünün yüksək zirvəsinə qalxmış, hər
iki şəxsiyyətin folklorlaşması hadisəsi baş
vermişdir.
İsa Həbibbəylinin tədqiqatlarında dəyərləndirmənin
özünəməxsus məkan və zaman ölçüləri
vardır. Bu, sadəcə olaraq tarixə və coğrafiyaya
ekskurs deyil, elmi təfəkkürün özünün hərəkət
trayektoriyasıdır. Şübhəsiz, həm elmi, həm
də bədii düşüncə heç vaxt statik ola bilməz, o, təfəkkür hadisəsi
kimi yaşayır və müəyyən mərhələdən
sonra yaradıcılıq faktına çevrilir. Ona görə də tədqiqatçı
haqlıdır ki, "Məcnunun eşqi zaman içindədir.
Füzulinin eşqi zamana sığmaz,
bütün zamanların eşqidir, düşüncəsidir".
Bu, zamana görə dəyərləndirmədir: Məcnun
öz dövrünün aşiqidir, onun başına nə bəla
gəlirsə, elə öz dövrünün problemlərindən
gəlir, yəni Məcnun bizim dövrün aşiqi ola bilməz;
Füzulinin aşiqliyi, geniş mənada şairliyi isə zaman məhdudluğu
tanımır, əbədidir və o, nəinki bizim
dövrün, həmçinin gələcəyin də sənətkarıdır.
Həmin mülahizədə lirik qəhrəmanla
şairin müqayisəsi, eyni zamanda, onların zaman
miqyasındakı toqquşmasıdır. Bu toqquşmada
şair (Füzuli!) qalib gəlir, amma Məcnunu da məğlub
hesab etmək olmaz, çünki Füzulinin qələbəsinin
özü də birbaşa Məcnuna bağlıdır.
"Məndə Məcnundan füzun aşiqlik
istedadı var" misrasında da Füzuli öz qəhrəmanından
ayrı deyil və heç ayrıla da bilməz. "Bu
gün müqəddəs Kərbəlada Yer kürəsini
ekvator xətti yox, aşiq Füzulinin aşiqanə sevgi xətti
birləşdirir", - tədqiqatçı deyimində isə
gözlənilmədən məkan ölçüləri dəyişdirilir,
maddi mənəviyə - ekvator xətti sevgi xəttinə
qurban verilir, buna baxmayaraq, Füzulini heç cür Yerdə -
Kərbəlada təsəvvür etmək olmur, məkan dəyişməsi
onu daha da zamanın fövqünə qaldırır.
Akademik
İsa Həbibbəyli yazıçı
yaradıcılığına, bədii əsərə,
poetik sözə elmi düşüncənin zirvəsindən
baxır və yazıçını da, bədii nümunəni
də, hər hansı beyti və misranı da mühüm bir
estetik hadisə kimi ucalıqda, yüksəklikdə görmək
istəyir. Onun leksikonunda
"aşağı" məfhumu və həyat fəaliyyətində
"aşağılamaq" anlayışı yoxdur. Yalnız irəliyə baxmaqla, yalnız ədəbi
dəyərləri uca tutmaqla ədəbi-elmi mühitdə vətəndaşlıq
missiyasını yerinə yetirmək mümkündür.
Ona görə də İsa Həbibbəylinin
bir çox sənətkarların
yaradıcılığından bəhs edərkən
"şah əsər" ifadəsini təkrar-təkrar və
yerli-yerində işlətməsinə təsadüf kimi
baxmaq olmaz. Bu ifadə bədii
nümunənin ucalıq müstəvisindən görünən
dəyərləndirilmə vasitəsidir: "Cəlil Məmmədquluzadənin
"Ölülər" tragikomediyası milli
dramaturgiyamızın şah əsəridir". Yaxud:
"Molla Nəsrəddin" jurnalı - Azərbaycan milli mətbuatının
şah əsəri"dir. Yaxud da: "Yay səhəri" şeiri
milli romantik şeirdə peyzaj lirikasının şah əsəridir".
Bu mülahizələr "Ölülər"
tragikomediyasının, "Molla Nəsrəddin"
jurnalının və "Yay səhəri" şeirinin hərtərəfli
təhlilindən və mövcud ədəbiyyatşünaslıq
fikrinin nəzərə alınmasından sonra irəli
sürülən nəticələrdir. "Şah
əsər" ifadəsi dəyər vermək
funksiyasını yerinə yetirməklə bərabər, həmin
ədəbi nümunələrin ideya-bədii xüsusiyyətlərini
yenidən öyrənməyə qayıdışın, bu
nümunələrdəki sənətkarlıq-poetika keyfiyyətlərinin
tükənməzliyinin anonsu da deməkdir.
Cəlil
Məmmədquluzadənin "Ölülər" əsərinin,
"Molla Nəsrəddin" jurnalının və Abbas Səhhətin
"Yay səhəri" şeirinin "şah əsər"
kimi qiymətləndirilməsində
başqa bir yaradıcılıq keyfiyyətinin də
rolu vardır. Yəni tədqiqatçı bu
barədə düşünəndə "şah əsər"
ifadəsini yalnız həmin ədəbi nümunələrin
bədii keyfiyyətini nəzərə almaqla irəli sürməmişdir,
eyni zamanda, hər üç əsərin milli
düşüncəni əks etdirmək gücünə
söykənmişdir.
Aforistik deyimlərdə "şah əsər"
titulu qazanan həmin nümunələr birbaşa milli mənbəyə
bağlanır: milli dramaturgiya, milli mətbuat və milli
romantik şeir. Milli düşüncə sistemi
İsa Həbibbəylinin ədəbi-elmi dəyərləndirmə
konsepsiyasında əsas yerlərdən birini tutur.
Ədəbiyyatı yaşadan onun yayılma imkanları
və təsir dalğasının miqyasıdır. Tədqiqatçı əsərin
təsir gücünün intəhasızlığını,
təsir dairəsinin genişliyini nəzərə
çarpdırmaq üçün gözlənilmədən
"atom bombası" məfhumunu mətnə gətirir, amma
bu bomba fəlakət törətməyə deyil,
insanlığı fəlakətdən qurtarmağa yönəldilib:
"Azərbaycan dramaturgiyasının nadir və bənzərsiz
nümunəsi olan "Ölülər" tragikomediyası
(1909) Azərbaycanın və ümumi türk-müsəlman
dünyasının cəhalət və mövhumat əsarətindən
xilas davasında atılmış atom bombası qədər təsirli
bir bədii əsərdir". Artıq təəccüblənməyə
dəyməz, atom bombası İsa Həbibbəylinin
düşüncəsində hədə-qorxu, hərbə-zorba,
qan-qada vasitəsi deyil, onun tərəfindən
"atılan" bu bomba dinc
insanların, qadın və uşaqların məhvinə yox,
cəhalət, xurafat və mövhumatı darmadağın,
tar-mar edən bədii nümunənəyə verilən dəyərdir.
Akademik İsa Həbibbəylinin yaradıcılığında dəyərləndirmə vasitəsi kimi ana və ata simvollarının da öz yeri vardır. Şübhəsiz, ana və atanın adı ilə bağlanan düşüncə sistemi ilk növbədə həm genetik, həm də mənəvi yaddaşın təzahürüdür. Eyni zamanda, burada müqəddəslik amilini, ailədə və cəmiyyətdə özünə dəyər qazanmış xüsusiyyətləri də nəzərdən qaçırmaq olmaz. Tədqiqatçı yazır: "Anamın kitabı" - Azərbaycanın milli istiqlalı haqqında XX əsr boyu yazılmış silsilə əsərlərin mənəvi anasıdır. Əgər Azərbaycan ədəbiyyatında kiçik hekayə Mirzə Cəlilin "Poçt qutusu"ndan çıxmışdırsa, azərbaycançılıq və milli istiqlaliyyət ideyaları da bütöv bir konsepsiya kimi "Anamın kitabı"ndan doğulmuşdur". Bu mülahizədə həm müqəddəs varlıq anlayışı simvollaşıb, həm də nəsil şəcərəsinin davamlılığı prinsipi əsas götürülüb. Şübhəsiz ki, yerində sayan, öz dövründən kənara çıxmayan, oxucusu qıt olan əsərlər bir müddətdən sonra unudulur və ədəbi dövriyyədən çıxır. Əsl sənət əsərlərinin təsir dairəsi isə azalmır, əksinə, zaman keçdikcə onların əhəmiyyəti daha da artır, İsa müəllimin dəyərləndirməsində "Anamın kitabı" pyesinin məhz bu cəhəti - ideya gücü əsas götürülmüşdür.
Firidun bəy Köçərliyə verilən qiymət də ucalığın, yüksəlişin, müqəddəsliyin fonunda reallaşmışdır: "Akademik Kamal Talıbzadənin "XX əsr Azərbaycan ədəbi fikri tarixində mühüm xidmətləri olan görkəmli şəxsiyyətlərdən biri" kimi yüksək qiymət verdiyi Firidun bəy Köçərlinin zəngin elmi irsi həmişə aktual və müasir səslənən, yeni nəsillər üçün örnək olan qiymətli xəzinədir. Firidun bəy Köçərli yeni dövr Azərbaycan ədəbiyyatşünaslıq elminin atasıdır". Dəyərləndirmədəki "ata" anlayışı Firidun bəy Köçərlinin yalnız şəxsi keyfiyyətini yox, daha çox onun yaradıcılığı ilə şəxsiyyətinin vəhdət halında ifadəsidir və "ata" bir titul kimi ilkinliyin simvoludur, yəni əsas nəticə bundan ibarətdir ki, ədəbi-elmi fikir tariximizdə Firidun bəy Köçərlidən əvvəl belə bir əsəri heç kəs və bu səviyyədə yaratmamışdır.
Akademik İsa Həbibbəylinin dəyərləndirmə konsepsiyasını dinamika və hərəkətdən kənarda təsəvvür eləmək olmaz. Onun tədqiqatlarında yaradıcılığın mərhələlərinə, obrazın təkamülünə, bədii nümunənin poetika-sənətkarlıq xüsusiyyətlərinə sənətdaxili hərəkətin, geniş mənada ədəbiyyatın inkişafının tərkib hissələri kimi baxılır. "Qəzəl janrının poetik forma baxımından yeniləşməsində də Saib Təbrizinin özünəməxsus rolu vardır. "Aşiqanə" məzmunu ifadə edib, 5-7 beytdən ibarət olan klassik qəzəllərdən fərqli olaraq, Saib Təbrizinin yaradıcılığında bu janrın 14-20, hətta bəzən 30 beytdən təşkil edilən nümunələri meydana çıxmışdır. Həcmin genişliyi qəzəldə xalq həyatına olan və hikmətamiz poetik fikirlərin ifadə edilməsinə bəslənilən maraqdan doğmuş, Saib Təbrizi qəzəl janrını qəsidəyə doğru inkişaf etdirmişdir". Yaxud: "Molla Pənah Vaqifin "Durnalar" qoşması Azərbaycan ədəbiyyatında bu mövzuda yazılmış ilk və ən yaxşı şeirdir. Vaqifin "Durnalar"ı Azərbaycan şeirinin durna qatarının önündədir". Əslində, bu mülahizələr ayrı-ayrı şəxsiyyətlərin yaradıcılığının inkişaf tempini müəyyənləşdirmək məhdudiyyətində qalmır, eyni zamanda, həm oxucu düşüncəsinə, həm də İsa Həbibbəylinin tədqiqatlarına dinamizm verir. Oxucu düşüncəsinin dinamizmi ədəbiyyat tariximizin bütün qəzəl-qəsidə arsenalını, "Durnalar" mövzusunda yazan şairlərin yaradıcılığını özündə toplamaq reallığı, tədqiqatdakı dinamizm isə mövzu ətrafındakı ədəbi mənzərəni tam və bütöv şəkildə görmək imkanıdır.
Ədəbi-elmi dəyərləndirmə
heç vaxt subyektiv olmamalı, bədii
yaradıcılığın məzmun və mahiyyətini əks
etdirməli və eyni zamanda, fakt göstəricilərinin
hamısını, yaxud da əksəriyyətini əhatə
etməlidir. Bu məsələdə elmi-nəzəri fikrin
istiqamətləndiyi ideyanın böyük əhəmiyyəti
var. Akademik İsa Həbibbəylinin dəyərləndirmə
konsepsiyası haradan başlanıb, haradan davam etməsindən
asılı olmayaraq, sonda Azərbaycançılıqla
yekunlaşır. Çünki Azərbaycançılıq
estetik idealın fəlsəfəsi və bir dəyər kimi
həm bədii yaradıcılığın, həm də ədəbi-elmi
düşüncənin nüvəsini təşkil etmək
gücündədir.
Kamran
İMRANOĞLU (ƏLİYEV)
525-ci qəzet.- 2019.- 12 oktyabr.- S.17;19.