Göz yaşıyla axan
şair
Görkəmli şair, Əməkdar incəsənət xadimi Vaqif Bayatlı Odərin "Bəy Atlı şeirlər"
kitabı (Dövlət
Tərcümə Mərkəzi)
işıq üzü
görüb.
Kitaba şairin "Sən məni tanıyırdın,
Əbədiyyət", "Gəlin yalanları gerçəklərdən də
gözəl eləyək...",
"Gülümsəyən doğma üz", "Qurbanlar cəlladları ağlayar", "Sevgidən
dəli olmağa bu dünyada eşq azımış",
"Ölümsüzlük gəlməz, gedilər"
kimi 250-dən çox
şeiri daxil edilib.
Şeirlərə dair rəsmlərin müəllifi - Antalya Akdeniz
Universitetinin professoru Məzahir Avşardır.
Xalq yazıçısı
Afaq Məsudun kitabın əvvəlində
verilmiş "Göz
yaşıyla axan şair" essesini təqdim edirik.
Bir göz yaşında azmışam,
üzlə axıram
aşağı,
ancaq üzü tanımıram...
Bu göz yaşı
məndən axır?
Mən bu gözü tanımıram...
Qəfil sevgi etirafı, canıyaralı adamın sızıltısı təəssüratını
yaradan bu təsirli misraların müəllifi Vaqif Bayatlıdır. Bu dünyaya gəlişi, təqribi hesablamalara görə, oktyabr ayının ilk ongünlüyünün hansısa
naməlum gününə,
ya bəlkə, ondan da bir
az əvvələ
- sentyabr ayının
sonlarına təsadüf
edən bu söz sahibi, ilahi eşq təmaslarından yaralı
canlarıyla dünya şeir xəzinəsinə
dərin hikmət, sirli həqiqətlər dolu, mistik Şərq
ecazı bəxş etmiş söz dahilərimizin davamçısı
- onlardan biridir.
Vaqifin doğum günü, anası Dursun xanımın xatırlamalarına
görə, "əncirin
qurtaran vaxtı"na təsadüf etsə də, biz (Vaqifin qələm dostları) bu əlamətdar günün
tarixini oktyabr ayının 1-nə müəyyənləşdirdik.
Niyə məhz oktyabr ayının 1-nə,
səbəbini özümüz
də bilmədik...
...Əslində bu,
belə də olmalıydı. Dünyanın qəbulolunmuş məkan
və zaman anlayışlarına heç
cür uyuşmayan, qaydalar və çərçivələr aləminə
heç bir vəchlə sığışmayan
Vaqifin doğum tarixi də, görünür, Yer ölçüləriylə müəyyən
edilmiş zaman və məkan kateqoriyası üzrə yox, onun "Vaqif Cəbrayılzadə"
kimi bizlərin arasında - zaman və məkan ölçülərinin işləmədiyi,
əlahiddə Söz
Ərazisində zühur
etdiyi məqamla müəyyənləşməliydi. Lap əslinə qalanda,
Vaqifin doğulduğu
ilin özü də - həmin o naməlum payız gününün təsadüf
etdiyi ilin dəqiq tarixi də şübhə doğurur. O səbəbdən
ki, gecə-gündüz
şəhərin hansı
naməlum səmtlərindənsə,
hansısa daha naməlum istiqamətlərinə
üz tutub yeriyə-yeriyə, yüyürə-yüyürə
yaşayan, küçələri
Günəş şüalarının
saçma bucağı,
küləyin səmti,
havanın temperaturu üzrə eninə-uzununa
ölçə-ölçə, Kainat qanunlarını mövsümlər üzrə
dəyişib, öz daxili qanunları və arzularıyla yeniləyən, Yer kürəsini gah ayağının altına
ilişən bir parça torpaq, gah Allahın tək bir ibadətdən
ötrü yaratdığı
"Müqəddəs Ulduz"
elan edən bu Duyğular Sultanının özünün
də reallıq, ya görüntü olduğu dərin şübhələr oyadır.
Sözün, şeiriyyətin ən əlçatmaz qatlarında səyriyən,
oraların çəkisiz
ənginliklərindən asılı
qalan bu adamın, həm də necəsə, aşağılarda - bu dünyanın tutqun, kobud reallığında yaşamaq bacarığı
da eyni müəmmanı
doğurur. Həmin bu
sirli müəmmanı
yaradan digər məqam - Vaqifin yaşa dolduqca ağırlaşıb bükülmək
əvəzinə, nazilib
incələn yeniyetmə
qaməti, seyrəlib nazilmək əvəzinə,
qalınlaşıb codlaşan
gur saçları,
"bu, əslində,
bığlarımdı, yeri
səhv düşüb"
- dediyi qalın, qara qaşları, körpə sevincini, bəzən qüssə dolu, səbəbsiz uşaq incikliyini qoruyub saxlayan üzüdür.
Çəkisiz bədəninin pərvazından,
yoxsa pərvazlı ruhunun çəkisizliyindən,
az qala, havayla yeriyən, əynindəki geyimləri
ən küləksiz havalarda belə necəsə, öz-özünə
dalğalanan, düz getdiyi yerdə səmtini qəfil küləyin, ya buludların istiqamətiylə
dəyişən bu əbədi səyyahı
şəhərin küçələrində,
dənizkənarı parkda
görənlər bir
qədər aramlı
olub, diqqətlərini
toplasalar, onun yeriyib yüyürə-yüyürə
üz tutduğunun heç hara yox, göylər - sonu, sərhəddi bilinməyən səmavi ənginliklər olduğundan
duyuq düşərlər...
Göy üzündə qaça-qaça
hara gedir bu uşaq?!ı.
Bu uşaq hamıdan qoca,
xəbəri yox, qaçdıqca
sınır göyü,
sınır yolu,
xəbəri yox,
ürəyi sınıq
sevgiylə,
ovcu sınıq göylə dolu.
Toxunuram
sınıqlara,
sınıqlar quşlara
dönür,
ürəyim bir ovuc dənə,
quşlar ürəyimə
qonur
ürəyimi dənləməyə...
Dənizkənarı parkda Vaqifin öz iş otağı var. Bu, üst budaqları onu güclü yağışlardan, alt qolları - xəzri küləklərindən qoruyan, nəhəng palıd ağacının altıdır. Vaqif dəniz və palıd qoxulu bu sehrli "otağa", nə palıd yarpaqlarının "xəfif pıçıltısını" dinləyib ilhamlanmaqdan, nə sahilboyu dalğalanan "qəmli Xəzərin mirvari köpüklü suları"nı seyr edib vəcdə gəlməkdən ötrü gəlir. O, bu "otağa" tüksüz, lələksiz quş balası, məhrəm, isti yuvasına sığınantək sığınmaqdan, orada öz-özünə bürünüb, öz içində səssiz-səmirsiz əriməkdən ötrü gəlir...
Ölsəm, bir də min il sonra
dirilsəm,
Bu dünyada hər şeyin sonunu bilsəm?!.
...Bir çölün düzündə bir qara kolla
qəflətən tapışıb
qalsam baş-başa,
baş-başa qaldığım
o qara kol da
kolluğundan çıxıb
dönsə qardaşa,
nə desəm, nə sorsam, cavab yerinə
tikanlı üzünü
sürtsə üzümə,
hər tikan ucundan, tikan canından
bir damla göz yaşı baxsa gözümə,
bir dəniz də gəlsə, üzündə gəmi,
hey sürtsəm üzümü
divarlarına,
uzanıb qollarım,
bitib qollarım
dönsə o gəminin
avarlarına,
sular qollarımı yuduqca yusa,
saçlarım yosuntək
axdıqca axsa...
Sonu, qurtaracağı olmayan bu misralar - olanların,
ya hələ min ildən sonra ölüb, bir də diriləcək Şairin qəlbində baş verməkdən ötrü yol gələnlərin sonsuzluğa
qədər elə beləcə müəmmalı
şəkildə havadan
asılı qala-qala dəyişən sirli əvəzlənmələr olduğu
kimi, insan ruhunun bu dünyadan
əxz etdiyinin də beləcə - ilk baxışda, hər hansı real məntiqi səbəbə dayaqlanmayan,
lakin hansısa taleyüklü, əlamətdar
hallar yaratmağa qabil, ələgəlməz,
izaholunmaz "duyğu
hadisələrindən" ibarət olduğunu anladır.
Zahirən aydın, axıcı
ədəbi dildə yazılsa da, dərki, anlamı fövqəlduyum və intellekt tələb edən bu şeiriyyətin
müstəsna özəlliyi
- alt qatı ruhun hallarıyla bağlı, yalnız onun özünün (ruhun) dərk edə biləcəyi sirli, ilahi hikmətlər gizləməsidir...
Bayatlı poeziyasına yaxından bələd olanlar bu yaradıcılığın,
ənənəvi baxış
bucağından dərk
edilməsinin mümkünsüz
olduğunu yaxşı
bilirlər. O səbəbdən
ki, Şair insan nəfəsi toxunmayan, hansısa ayrı, səmavi ərazilərdən - sıravi
gözlə görülməyənlərin
görkəmindən, duyulmayanların
ağrısından, izaha
gəlməyənlərin izahından
yazır... Şeirlərində
tez-tez rast gəlinən "min illər",
"milyon illər"
ifadəsi kiməsə
uydurmaçılıq, ya
yaradıcı şövqün
məhsulu kimi görünə bilərsə
də, misraların
alt qatından sızan
şirin və yandırıcı iztirablar
dolu isti nəfəs, bunun əksini - yazılanın,
qədimdən-qədim, min illərlə yaşanmış
uzaq xatırlamalar olduğunu hiss etdirir.
Min ildi, milyon ildi
Sənə sarı qaçıram,
ayaqlarım sevinir,
yolum sevinir, Allah.
hər gün Sənin Göyünə
mismarlanır qollarım
mismarlanır, dincəlir,
qolum sevinir, Allah.
Sevgin, yalnız sevgin var,
qollarımın gözündə.
Bəs nədən əzab gəzir,
qolumu dəlib yaran
mismarların üzündə?..
İllər ötür, bütün vücudu, varlığı və ruhuyla İlahiyə can atmaqdan yorulmayan Vaqifi, yolundan heç nə döndərə bilmədi. Nə bu dünyanın mal-dövləti, nə "var" adlandırdığımız oğul-uşaq, nə şan-şöhrət azarı. Vaqifi, şəhidi olduğu Sözün əlindən almağa heç nəyin və heç kimin gücü çatmadı. Vaqif Sözün xəstəsi, Onun qulu olaraq qaldı. O, indi də belə yaşayır. Sözlərin, misraların arasıyla, əlçatmaz göy pillələrində pay-piyada dolaşa-dolaşa... Yenə misralarla, sözlərlə sevişir, əhd bağlayır, küsüb-inciyir, onlarla, halına, xasiyyətinə bələd olduğu doğmalarıtək, xüsusi ehtiram və ehtiyatla davranır, gizli sövdələşmələr aparır, bir sözün o biriylə yanaşı duranda hansı hala düşməsindən, hansı sözün hansı sözə işıq, hansına kölgə salmasından günlərlə, aylarla zövq alır, əzab çəkir... Bu halıyla Vaqif, bəzən mənə kimsəsizlər evinin əzabkeş dayəsini xatırladır.
Vaqif Bayatlı imzası kifayət qədər tanınır, şeirləri Azərbaycanın hüdudlarından kənarda - Türkiyədə, İranda, İngiltərədə, ABŞ-da, hətta uzaq Avstraliyada da oxunur və sevilir. İl-ildən cücərən, yaşıllaşıb qol-budaq atan bu kütləvi oxucu sevgisi də bizim Vaqifi ovutmur. Onu qışın çovğununda, yayın istisində sərgərdan gəzdiyi küçələrdən, yollardan yığışdıra bilmir. Vaqifin əbədi oyaq qəlbini, ac ruhunu nə geniş xalq kütlələrinin sevgisi, nə əcnəbi millətlərin marağı, nə şan, nə şöhrət doyura bilmir. Onu yalnız bir Sevgi - bir vaxtlar ona "Ol!.." demiş, sonradan gözlərinin dərinliyinə baxıb: "Şair Ol!" demiş Uca Yaradanın qənirsiz şüanı, səbəbsiz nisgili andıran Sevgisi doyurur bircə...
Min ildi, milyon ildi,
bağlayıb yollarımı
bir-birinin ucuna
gəlib çatdım axırı Sənin dar ağacına.
Kəndirin dartıldıqca, boynum dincəlir, Allah.
Boynum dincələn görüb
tez vururlar başımı...
çiynim dincəlir,
Allah...
Şükür, şükür, çox
şükür,
Sən yenə Göy üzündən
mənə sarı
enirsən...
dünya sönüb
itdikcə,
tək bir Sən görünürsən...
Afaq
MƏSUD
525-ci qəzet.- 2019.- 12 oktyabr.- S.12.