Bir ömrə sığmayan Mirzə Cəlil
sevdalısı
Hər bir yaradıcı insanın fəaliyyəti onun
yaşadığı zamanın müəyyən dövrlərində
yaradıcılığının əhatə dairəsində
olan qələm sahibləri tərəfindən yada
salınır.
Bəlkə də əlamətdar günlərdə
geriyə dönüb arxaya baxmaq, keçmiş zamana xəyalən
dönmək üçün bu, bir fürsətdir.
Çünki illərin bir-birini qovaraq yaşın üstə
yaş gətirdiyini ancaq onda hiss etmək mümkündür.
Azərbaycan elmi mühitində özünəməxsus
yeri olan İsa Həbibbəyli yaradıcılığı
da bu mənada digərlərindən fərqli deyil. Mən,
İsa Həbibbəylinin elmi yaradıcılığına dəyərli
elm adamlarımız, yaratdığı elmi məktəbin
davamçıları, tələbələri, təsirində
olduğu ictimai mühitin qələm sahiblərinin
yazdıqlarının ahəngində nəsə söz demək
fikrindən uzağam. Əsla, bu, qələm
əhlinin işidir və bu meydanda kifayət qədər sanballı
fikirlərin fonunda dəyərli nəsə ortaya qoymaq olduqca
çətindir. Sadəcə
ömrünün yeddiyə çatan onilliklərindən
dördünün şahidi kimi bir övlad olaraq bəlkə
də tədqiqatçılarının görmək
imkanı olmadığı bəzi məqamları
bölüşmək niyyətindəyəm. İnanıram ki, bu bölüşdüklərim
İsa Həbibbəylinin daxili dünyasına boylanmaq
üçün əlavə bir imkan olacaq.
İlk növbədə niyə 70 illik ömrün məhz
Mirzə Cəlillə bağlılığına toxunmaq istədim. Bu məsələyə
aydınlıq gətirməzdən əvvəl İsa Həbibbəylinin
ədəbi tənqid, nəzəriyyə, yaxud ədəbiyyat
tarixinin hansının təmsilçisi olmasından
başlamaq lazımdır. Əslində,
onun yaradıcılığına baxdıqda hərtərəfli
alim kimi hər üç istiqamətdə çoxsaylı
araşdırmaları olduğu və hər birində də
fərqli baxışın izləri görünür. Hətta özünəməxsus şeiriyyəti də
var. Doğrudur, özü şeiri ancaq həvəs sayır,
amma şeirlərində belə hər sözün hikməti
onun dərinliyində olur.
Zənnimcə, onun çoxcəhətli fəaliyyətində
"Romantik lirikanın imkanları" ilə başlayan nəzəri
baxış hər zaman dominant olmuşdur. Bu mənada
1984-cü ildə işıq üzü görən eyni
adlı kitabdan lap bu yaxınlarda 2019-cu ildə ərsəyə
gələn "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə
konsepsiyası və inkişaf mərhələləri"
monoqrafiyası arasında keçən yol nəzəri
baxışların fundamental konsepsiyaya çevrilməsi
istiqamətində bir təkamül trayektoriyasıdır. İsa Həbibbəyli realizm dövrünün tədqiqatçısı
kimi daha çox görünsə də, romantizm heç vaxt
onun yaradıcılığından kənar
qalmamışdır. Bu mənada onun tədqiqatlarında
ədəbiyyat nəzəriyyəsi və ədəbiyyat
tarixi daim yanaşı olublar. Çünki
satiradan tutmuş, yeni ədəbi növlərin təsnifləşdirilməsinə
kimi bir çox ədəbi proseslər onun
yaradıcılığında nəzəri süzgəcdən
keçirilməklə yanaşı, ayrı-ayrı görkəmli
şəxslər və ədəbi proseslər daim tədqiqatlarının
hədəfində olmuşdur. Tənqidi realizmə həsr
olunan tədqiqatlar çox böyük ehtimal kimi say etibarilə
üstünlük təşkil edir. Əsas hədəf isə
heç bir zaman dəyişməmişdir: Azərbaycançılıq,
yenilik, klassik dəyərlərə dəyər verməklə
novatorluq və dərinlik. Ümumilikdə
İsa Həbibbəylini ədəbiyyat nəzəriyyəsi
məktəbinin nümayəndəsi hesab etmək daha
doğru olar. Onun
yaradıcılığında nəzəri baxış ədəbi
tənqidi də, ədəbiyyat tarixini də hər zaman
üstələyib. Bu, mənim fikrimdir və
yəqin ki, özünün də.
Əlbəttə ki, İsa Həbibbəyli
yaradıcılığında ədəbiyyat tarixi, daha dəqiq
desək, ədəbi şəxsiyyət özünü daha
qabarıq göstərir. Yəqin ki, ədəbiyyat
tarixinin elə bir dövrü yoxdur ki, həmin dövrün təmsilçiləri
ilə bağlı onun tədqiqatları olmasın. Dahi Nizami Gəncəvidən başlayaraq müasir
dövrün nümayəndələrinə Rəşad Məcidə,
Asim Yadigara qədər çoxsaylı şəxslərin
yaradıcılığına həsr olunmuş
kitablarını və məqalələrini sadalamaq
mümkündür. Ən əsası isə
hər birinin yaradıcılığında adi gözlə
görünməyən, ancaq duyula bilən məqamları
üzə çıxarmasıdır. Bu mənada
İsa Həbibbəylini ədəbi mühitdə
bütün zamanlarda özünü göstərmiş xəlvətizmin
də davamçısı hesab etmək olar.
Bir anlıq fikirləşirəm, görəsən, onun
yaradıcılığında kimlər yoxdur? Əslində, sualın
özündədir cavab: kimlər var yox, kimlər yoxdur. Yəqin ki, bu cür çoxprofilli tədqiqat
yanaşması səbəbsiz deyil. Bu mənada onun
"Cəlil Məmmədquluzadə: mühiti və
müasirləri" mövzusundakı doktorluq dissertasiyası
üzərində işlədiyi dövrlərindən
uşaqlıq xatirəmdə qalanları yada salmaq istərdim.
Həmin dissertasiya işində Mirzə Cəlillə yaxından-uzaqdan
əlaqəsi olan, hətta bəlkə yazışmada adı
keçən, ancaq ədəbi mühitdə heç bir
xüsusi izi qalmayan bütün şəxsləri nəinki tədqiq
edir, hətta həmin şəxslərin Naxçıvanda və
digər ölkələrdə yaşayan nəslinin nümayəndələrini
də axtarıb tapırdı. Eləcə də,
Mirzə Cəlil haqqında tədqiqatları olan digər
müəlliflərin nəslinin davamçılarına
münasibətdə də belə idi. Bəlkə də
buna görədir ki, bizə həmişə belə gəlmişdir
ki, Əziz Şərifin, Məmməd Cəfər Cəfərovun,
Abbas Zamanovun, Kamran Məmmədovun, Hüseyn İbrahimovun və
digərlərinin qohumları elə bizim öz
qohumlarımızdır. Hətta bununla
bağlı uşaqlıq illərinin hafizəsində indi təbəssümlə
xatırladığımız bir hadisə də bu hissimizin nə
qədər təbii olduğunu göstərir. Qardaşım birinci sinifə Naxçıvan şəhər
1 nömrəli orta məktəbdə
başlamışdı. Həmin dövr Bakıdan məktəbə
hansısa komissiya gəlir və suallardan biri həmin dövrə
respublika rəhbərlik edənin kim
olması olur. Komissiya üzvünün
"Kamran Bağırov kimdir" sualına
qardaşımın "Atamın dostu" cavabı uzun
müddət yaddan çıxmadı. Əslində, o,
Kamran Bağırovu yox, ədəbiyyatşünas Kamran Məmmədovu nəzərdə
tuturdu. Çünki bizim gözümüzdə
Cəlil Məmmədquluzadənin tədqiqatçısı
da, yaxud İsa Həbibbəylinin Mirzə Cəlil sevdası
ilə axtarışlar apardığı zaman evimizdə
adları çəkilən alimlər də elə ən
böyük adamlardan sayılırdı.
İkinci
bir suala cavab verməyə çalışıram: Görəsən,
onun yaradıcılığında ən böyük yer kimə
məxsusdur? Əslində, adlarını belə
sadalamaqda çətinlik çəkdiyim çoxsaylı ədəbi
şəxsiyyətləri sıralamaq mümkün deyil və
həm də bunu yalnız özü edə bilər. Mən sadəcə öz duyduğumu dilə gətirə
bilərəm, bəlkə də yanılıram. Əgər
ilk üçlüyü qeyd etməliyəmsə: Cəlil Məmmədquluzadə,
Məhəmməd ağa Şahtaxtılı və Məmməd
Araz. Niyə sualına cavab isə birmənalıdır: Azərbaycançılıq.
Cəlil Məmmədquluzadə "vətən, vətən,
vətən; dil, dil, dil; millət, millət, millət!.. Dəxi bu dairələrdən kənar bəni-növibəşər
üçün nicat yolu yoxdur" deməsi, XX əsrin əvvəllərinin
ilk anadilli mətbuat orqanının naşiri olan Məhəmməd
ağa Şahtaxtılının siyasi mübarizəsi və ədəbi-publisist yaradıcılığında azərbaycançılığın
inikası, vətənimiz Azərbaycanın hər bir nöqtəsinin
vurğunu olan Məmməd Arazın "Vətən
daşı olmayandan olmaz ölkə vətəndaşı"
fəlsəfəsi İsa Həbibbəylinin fəlsəfi
baxışı və idealıdır.
İsa Həbibbəylinin
Mirzə Cəlilin Azərbaycançılıq
konsepsiyasına baxışını ən yaxşısı
onun öz sözləri ilə ifadə etməkdir:
"Anamın kitabı" dramı azərbaycançılığın
ədəbi manifestidir. Bu dahiyanə əsər
Azərbaycanın tale kitabıdır. 1917-ci
ildə yazılmış "Azərbaycan" məqaləsində
Mirzə Cəlil vaxtilə Şah İsmayıl Xətainin
qılıncı ilə çəkdiyi Azərbaycan xəritəsini
böyük məharətlə qələmi ilə
cızmışdır. "Azərbaycan"
məqaləsi Cəlil Məmmədquluzadənin azərbaycançılıq
konsepsiyasının bəyannaməsidir".
Beləliklə,
heç şübhəsiz, Mirzə Cəlil Məmmədquluzadənin
şəxsiyyəti və yaradıcılığı
İsa Həbibbəylinin tədqiqatının tam mərkəzində
dayanır və buna görə də bu onluqların yeddincisinə
yaxınlaşdıqda onun bu sevdasının geniş ictimaiyyət
üçün açıq olmayan yalnız evimizdən
görünən və duyulan bir neçə məqamını
paylaşmaq istədim.
Bu
yaxınlarda Abid Tahirli "Ədəbiyyat qəzeti"ndə
"Mirzə Cəlil nəslinin davamçılarının
sorağında" adlı yazısında İsa Həbbibbəylinin
fəaliyyətinə işıq salmışdı. Həmin hadisə 1992-ci ilin yanvar ayında
olmuşdu. İndi həmin hadisənin,
hansı ki, mənim yaddaşımda özünəməxsus
izi qalıb, görünməyən və ya ancaq evimizdən
görünən tərəfinə toxunmaq istərdim. Məlumdur ki, 90-cı illərin əvvəllərində
Naxçıvan blokada dövrünün ən çətin
vaxtlarını yaşayırdı. Nə
təbii qaz, nə işıq, nə normal su təchizatı.
Tərslikdən təbiətin də
yazığı gəlmirdi. Həmin
dövrün qarı, şaxtası da sanki indikindən dəfələrlə
çox idi. Bununla belə, İsa Həbibbəyli
İranla sərhədlər açılan ilk gündən
Mirzə Cəlilin İrandakı fəaliyyətinə və
onun oradakı qohumlarının axtarışlarına elə
coşqu ilə başlamışdı ki,
sadaladığım problemlər belə onun gözünə
görünmürdü. Bu barədə bəhs
etdiyim məqalədə ətraflı yazılıb. Bizim uşaq yaddaşımıza isə həmin səfər
zamanı atamın evdə yaratdığı
nigarançılıq iz qoyub. Həmin dövrdə
İrana sərhədyanı bölgələrə səfər
etmək yadımda qaldığı qədər həftədə
cəmi 2 dəfə mümkün idi: Bazar ertəsi və
Cümə axşamı. "Atam Cümə
axşamı qayıtmalı idi. Həmin
gün də çovğunlu, qarlı bir gün idi. Həmin gün axşama qədər soyuq evdə ailə
üzvləri nə qədər gözləsək də gəlib
çıxmadı. O dövrdə mobil telefon və ya hər
hansı başqa rabitə olmadığından
nigarançılıq sabahısı gün artıq öz
evimizdən əvvəl qonşulara, daha sonra kəndimizdəki
baba ocağına qədər yayılmışdı. "Allaha təvəkkül" deyib, artıq
növbəti Bazar ertəsini gözləməkdən
başqa əlac yox idi. Ancaq bu 3-4 gün bizim
gözümüzdə sanki 3-4 il kimi
keçdi. Bazar ertəsi atam qayıdanda məsələ
aydın oldu: Əslində nəzərdə tutulan gün o,
ümidsiz halda Naxçıvana qayıdırmış. Çünki atamın mobil telefonunu əldə
etdiyi şəxs Mirzə Cəlilin qohumu olduğunu boynuna
almırmış. Təbrizdən və Zəncandan
Tehrandakı ünvana edilən zənglər cavabsız
qalıbmış. Nəhayət, 2-3 gün aparılan
telefon danışığından sonra Mirzə Cəlilin
oğlu Ənvər Məmmədquluzadədən olan nəvəsi
İrena Cavaşirinin həyat yoldaşı Əmir Hüseyn
Süleymanidən müəyyən ümidverici vəd
aldığından qar-çovğunlu bir qış
günündə heç nə düşünmədən
uzun müddətdir ki, axtarışında olduğu
nigarançılığına son qoymaq üçün bizə
xəbər vermədən yenidən geriyə qayıdaraq,
onların yaşadığı Tehran şəhərinə
yola düşüb. Nəhayət, axtardıqlarını tapıb,
danışıqlar aparıb, şəkillər çəkdirib
və geri qayıdıb. Uşaq vaxtı
bu mənim üçün olduqca çətin bir dilemma idi.
Görəsən, o tapılanlar kim idi, o
son qoyulan nigarançılıq nə qədər
mühüm idi? Görəsən, bizim həmin
3-4 gündə çəkdiyimiz o nigarançılığa
dəyərdimi? Sonralar anladım ki, dəyərmiş.
Bizim nigarançılığımız bitsə belə,
İsa Həbibbəylinin bu sevdası heç zaman bitmədi. Bir neçə il əvvəl Azərbaycanın İrana yenicə
təyin olunmuş səfiri Bünyad Hüseynovla təyinatdan
sonra ilk görüşündə "Mirzə Cəlilin
qohumlarından muğayat ol. Bir müddətdir
ki, onlardan xəbər yoxdur" deməsi mənim
uşaqlıq xatirələrimi canlandırdı. Bünyad müəllim bir müddət deyilən
ünvanı tapmaqda çətinlik çəkdikdə
(çünki ünvan dəyişmişdi) İsa Həbibbəyli
yenə də 1992-ci ildə olduğu kimi həyəcanlı
idi. Yaxud da Cəlil Məmmədquluzadənin
Polşadakı nəslinin davamçıları ilə həmin
vaxt orda Azərbaycanın səfiri olan professor Vilayət
Quliyevlə söhbətləri də yadımdan
çıxmır. Özü də Mirzə
Cəlil dövrünün tədqiqatçılarından
olan Vilayət müəllim Polşada yaşayan nəslin
davamçıları ilə əlaqə saxlamış, onlar
isə bu münasibətə biganə
yanaşmışdılar. Vilayət müəllimin bu
biganəliyə yanaşması "insanın əsas kim olması deyil, özünü kim hesab etməsi"
olmuşdur. Özü-özlüyündə təkzibedilməz
bir arqument olsa belə, İsa Həbibbəyli bununla
barışmır və hətta biganə olanları belə
Mirzə Cəlilin vətəninə dəvət etməkdə
davam edir. Bunun adına Azərbaycançılıq
sevdası deməsək, başqa nə demək olar?
Yeri gəlmişkən bu
"Nigarançılıq" hələ də evimizdədir. 2016-cı ildə
Vilnusda çap olunmuş İsa Həbibbəylinin ön
sözünün müəllifi olduğu və Azərbaycanın
Litvadakı Səfirliyinin dəstəyi ilə Cəlil Məmmədquluzadənin
Litva dilinə tərcümə edilmiş seçilmiş əsərlərindən
ibarət "Nigarançılıq" adlı kitabı evdə
kitab rəfimizdədir. Yenə də xatirəmizi təzələyirik.
Həmin vaxt Azərbaycanın Litvadakı səfiri
Həsən Məmmədzadə İsa Həbibbəyli ilə
bərabər kitabı gözəl tərtibatda nəşr
etdirdikdən sonra akademikin iştirakı ilə bir təqdimat
keçirmək istəyirdi. Bir neçə dəfə
vaxt müəyyənləşdirilsə də, İsa Həbibbəylinin
gərgin iş qrafikində özündən asılı
olmayan səbəblərdən planlar dəyişmişdi. Nəhayət, səfirlik artıq tədbirin 2017-ci
ilin mart ayında dəvətnamələrini
payladığı üçün dəyişmək
imkanının mümkün olmadığını bildirdi.
Sonuncu gün yenə də dəyişiklik və
İsa Həbibbəyli bu qədər zəhməti olduğu
Cəlil Məmmədquluzadə irsinin dünyada
tanıdılması ilə bağlı tədbirə gedə
bilmədi. Tədbir isə Vilnusda baş
tutdu. Lakin orda olduğumuz 2 gündə akademik Teymur Kərimli,
Həsən Məmmədzadə, kitabın tərcüməçilərindən
biri Litvada yaşayan Mahir Həmzəyev, hətta Litvanın
keçmiş səfiri Halina
Kobetskaite də bu nigarançılığı daim xoş
xatirələrlə yad etdik.
İsa Həbibbəyli üçün böyük
demokrat yazıçının əsərlərinin
dünyada tərcümə olunaraq yayılması
özünün qarşısına qoyduğu hədəf və
ən böyük arzularından biridir. İndiyədək onun
müqəddiməsi ilə Cəlil Məmmədquluzadənin
əsərləri Rusiyada (1999), Pakistanda (2004), Misirdə
(2007), Ukraynada (2010), Macarıstanda (2011), Gürcüstanda
(2016), Litvada (2017), Özbəkistanda (2018), Tacikistanda (2019),
Bolqarıstanda (2019) kitab halında müxtəlif dillərdə
nəşr edilib. İsa Həbibbəyli Cəlil Məmmədquluzadənin
2004-cü ildə latın qrafikası ilə
Bakıda çap edilmiş dördcildlik "Seçilmiş
əsərləri"nin müqəddiməsini və
izahlarını yazmışdır. Bu nəşrə
ilk dəfə olaraq İsa Həbibbəylinin tapıb
aşkar etdiyi çoxlu sayda dram əsərləri, məqalələr
və məktublar daxil edilib.
Mirzə Cəlil sevdası ilə bağlı
paylaşmaq istədiyim ikinci bir xatirə isə yenə də
qış ayına təsadüf edir. "Həmin vaxt mən
yenicə Bakıya gəlmişdim və universitetdə təhsil
alırdım, qardaşım isə Naxçıvanda atamla
yaşasa da, bir neçə günlüyə Bakıya gəlmişdi.
Bir sözlə, atam evdə tək
qalmışdı. Yanvar ayı yenə də
qar-çovğun, digər tərəfdən də
işıq hələ də fasilələrlə verilir, evə
gələn su boruları don olurdu. Bizim
Naxçıvanda yaşadığımız ev
universitet müəllimlərinin yaşadığı inzibati
bina idi və qonşularımızın da hamısı
valideynlərimizlə iş yoldaşları idi. İsa müəllimin evdə tək olduğunu bilən
qonşulardan biri hər ehtimala onu - universitetin rektorunu
yoluxmağa gəlir. Hava qaranlıq,
işıqlar yanmır, lampa işığında İsa Həbibbəyli
öz həmişəki ampulasındadır - nəsə
yazır, araşdırır. Qonşumuz
qapını döyür, evə girir və soruşur ki,
İsa müəllim evdə təksən? Gəlmişəm səni yoluxmağa. Cavab belə olur ki, tək deyiləm, Cəlillə mənəm,
sən də gəl. Qonşu daxil olur, bir az
oturub söhbətləşirlər, amma evdə əlavə
kimsə gözünə dəymir. Axırda
soruşur ki, bəs, İsa müəllim, qonağınız
Cəlil hardadır, niyə gəlib bizimlə oturmur. Cavab belə olur ki, qonşu, Mirzə Cəlil mənim
həyatımdadır, gecə də, gündüz də
fikrimdədir. Evdə heç kəs
olmayanda da Cəlil Məmmədquluzadə mənim yanımda,
qəlbimdə, yaradıcılığımdadır. Qonşularımızın çoxu bu söhbəti
bilir. Bu isə bir həqiqətdir ki,
İsa Həbibbəylinin dünyasında dahi şəxsiyyətlər
çoxdur, Mirzə Cəlil isə daimi sakindir.
Mirzə Cəlil hər zaman İsa Həbibbəylinin
gözündə işığın carçısı
olmuşdur. Bu mənada görkəmli ədibə qarşı bəzən
cəmiyyətdə haqsız deyilən hər bir söz onu
incitmişdir. Bu mənada bir neçə il
bundan əvvəl televiziyaların birində "Dahilərin
divanı" adlı veriliş efirə gedəndə İsa
Həbbibbəylinin həyacanını, təşvişini hər
an yaşayırdıq. Hər bir xalqın
zamanın müxtəlif mərhələlərində
yetişdirdiyi dahilərin heç də hər zaman birmənalı
qəbul edilməməsi kimi hallar məlumdur. Lakin xalqın bütün dahilərinin hər
verilişdə divana çəkilməsi onu çox
darıxdırır, olduqca narahat edirdi. İstər
Mirzə Fətəli Axundzadə, istər Xətai və ya
digər hər hansı bir dahiyə televiziya ekranında
qurulmuş divan həmin dövr onun bütün həyat nəbzini
dəyişmişdi. Nəhayət, divanda
növbə Mirzə Cəlilə çatanda İsa Həbibbəyli
artıq dözmədi. Bir neçə gün sonra
"Azərbaycan" qəzetində "Dahilik divana çəkilməz"
adlı məqalə ilə əsassız mülahizələrə
tutarlı elmi cavab verdi. Mirzə
Cəlilin realist ədəbiyyatın, xalqın milli-mənəvi
özünüdərkində xidmətini, milli istiqlal,
demokratiya hərəkatındakı rolunu ədibin əsərlərinə,
ictimai-siyasi görüşlərinə istinadən
işıqlandıran İsa Həbibbəyli öz
sevdasına olan vəfasını bir daha göstərdi.
ANS televiziyasının az qala toxunulmaz
olduğu vaxtda çap olunmuş bu məqalədən sonra
İsa Həbibbəylini dəstəkləyən bir çox
məktublar aldıq, çoxsaylı telefon zəngləri
eşitdik.
Əslində, Mirzə Cəlil Həbibbəylilər
ailəsinin hər bir hadisəsində olduğu
üçün bu xatirələri sonsuz sayda paylaşmaq olar. Lakin oxucunun zaman
ölçüsünü nəzərə alaraq, 2 məqamı
da qeyd edib yekunlaşdırmaq istəyirəm. Birincisi, 17
yanvar 2019-cu il. Həmin
gün Azərbaycan Respublikasının Prezidenti tərəfindən
"Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd
edilməsi haqqında" Sərəncam imzalanmışdır.
Bizim evimizdə sanki toy-bayram idi. Hamı bir-birini təbrik edirdi. İsa
Həbibbəylinin isə telefonu bir neçə gün
ölkədən və xaricdən çoxsaylı təbrik zənglərinə
cavab verməklə məşğul oldu. Böyük
ədibin xatirəsinin dünya və ölkə səviyyəsində
qeyd edilməsi eyni zamanda, İsa Həbibbəylinin
özünü də yeni yaradıcılıq
axtarışlarına səfərbər etmişdir. Tacikistanda, Bolqarıstanda Cəlil Məmmədquluzadənin
əsərlərinin 2019-cu ildə nəşr olunduğu
kitablarla yanaşı, İsa Həbibbəylinin ideya rəhbərliyi
və yaxından iştirakı ilə Mirzə Cəlilə həsr
edilmiş say-seçmə tədqiqatların sanballı
toplusu da bu günlərdə işıq üzü
görmüşdür.
Ən nəhayət, bu günlərdə İsa Həbibbəylinin 65 illiyində nəşr olunan "Yaddaşın işıqları" adlı fotoalbomdakı bir şəkil diqqətimi cəlb elədi. Necə olmuşdusa, bu beş ildə diqqətimdən yayınmışdı. Şəkil təxminən 11 il bundan əvvəl Naxçıvanda Cəlil Məmmədquluzadənin heykəlinin qarşısında çəkilib. Şəkildə İsa Həbibbəyli və onun adını daşıyan, həmin vaxt təzəcə yeriməyə başlayan 1 yaşlı nəvəsi əl-ələ dayanıb. Şəklin altında isə ikicə söz yazılıb: "Əbədi ehtiram".
Ürəyim nə qədər
dolu olsa da, fikirlərimi burda bitirirəm. İstəyim isə
bu əbədi ehtiramın əbədiyyət qədər
davamlı olmasındadır. Çox istərdim ki, İsa Həbibbəylinin
tədqiq etdiyi qəhrəmanı olan Mirzə Cəlil
sevdası zamanın gələn axarında İsa Həbibbəyli irsini tədqiq edən
araşdırmaçılarda olsun. İnanıram ki, mənim
arzularım xəyal deyil. Çünki o, öz yolunun
davamçılarına, tələbələrinə təkcə
bilik və bacarığını deyil, həm də öz
böyük sevgisini ötürüb.
Ərəstü
HƏBİBBƏYLİ
525-ci qəzet.- 2019.- 12 oktyabr.-
S.16-17.