Ədəbiyyat təəssübkeşi:
İsa Həbibbəyli
Uzun illər
yazılarımda, müsahibələrimdə dediyim bir fikir
var: Dostlarımın bir hissəsini ölüm aldı, bir
hissəsini həyat.
Son illərdə
isə bu, artıq çox işlətdiyim fikrə kiçik
və kədərli bir əlavə də etmişəm:
Çox yaşamağın çətin tərəfi odur ki,
yaxınlarını, dostlarını bir-bir itirirsən. Bəlkə
də axır vaxtlarda bir neçə dostumu, mənə əziz
olan insanları itirdiyim üçün belə bədbin
fikirlərə qapılıram. Amma bununla belə illərin,
zamanın bizə qazandırdığı qiymətli, gerçək
sənət, həyat dəyərlərini hər şeydən
üstün tutan insanlar da az deyil. Bu mənada alim, akademik
İsa Həbibbəylinin yubileyi ərəfəsində təbrik
məqaləsi yazmağı özümə borc bildim.
Hələ
Sovet dövründə ədəbi tənqidin əsas yolu,
istiqaməti mübahisəli olanda bu haqda fikirlərimi müxtəlif
yerlərdə demiş, yazmışdım. Yəni o zamanlar
bir qayda olaraq rejimə və onun qaydalarına uyğun gəlməyən
əsərlər kökündən
"baltalanırdı", ya da xoşbəxt sovet cəmiyyətini
tərənnüm edənlər dağ başına
qaldırılır, müəlliflər Tolstoy, Şekspir səviyyəsində
dahi, əsərlər isə şedevr elan olunurdu. Şübhəsiz,
istisnalar vardı, yəni ədəbiyyata gerçək sənət
meyarları ilə yanaşan tənqidçilərimiz də
az deyildi. Bizim nəsl ədəbiyyata gələndə məhz
mətni təhlil edən, şəxsi münasibətlərin
fövqündə duran, siyasi səbəblərdən azad olan
ədəbi tənqidçilərin arzusunda idik. Yəni təriflənmək
yox, sadəcə mətnlərin təhlil olunması, onlara
bütöv yanaşılması vacib idi. Misal
üçün, Yaşar Qarayevin təhlilləri bizim
üçün çox maraqlıydı... Və ölkəmiz
müstəqil olanda mən məhz bu yönün, bu istiqamətin
inkişaf edəcəyini, ədəbi tənqidin yeni və
azad bir mərhələyə keçəcəyini gözləyirdim.
Bu mənada 70 yaşı tamam olan dostumuz, akademik İsa Həbibbəylinin
xidmətlərini xüsusi vurğulamaq istərdim. Həmçinin,
bizi istər ictimai həyatda, istərsə də ədəbiyyat
müstəvisində yaxınlaşdıran əsas məqamları
yada salmağım da bu yubiley yazımda yerinə düşər.
Əlbəttə, bütün mövzulardan, hadisələrdən,
İsa müəllimin rəhbərlik etdiyi Nizami Gəncəvi
adına Ədəbiyyat İnstitutu ilə Azərbaycan Yazıçılar
Birliyinin birgə layihələrindən də öncə dahi
Mirzə Cəlil Məmmədquluzadəni - bizi birləşdirən
ən böyük dəyəri qeyd etməliyəm. Məsələ
burasındadır ki, Mirzə Cəlil Məmmədquluzadə
Azərbaycan ədəbiyyatında özümə ən
doğma, ən yaxın bildiyim yazıçıdır və
hələ uşaq yaşlarımdan onu oxuduqca ruhən
yaxınlığı hiss edirdim. Sonra bunu "Anlamaq dərdi"ndə
də yazdım. Sonralar da Mirzə Cəlil haqda "Qəm pəncərəsi"
filmini çəkməklə, "Sizi deyib gəlmişəm",
"Nigarançılıq" pyeslərini yazmaqla bu dahi
mütəfəkkiri öz gördüyüm,
anladığım şəkildə çatdırmaq istədim.
Amma bütün hallarda, Mirzə Cəlil
yaradıcılığının bütöv tədqiqi və
araşdırılması, yazıçının şəxsiyyəti,
mühiti, həyatı ilə əsərlərinin paralel təhlili
çox mühümdür və elmin əsas vəzifəsidir.
Bu mənada İsa müəllimin Mirzə Cəlillə
bağlı araşdırmalarına böyük dəyər
verir və onun "Cəlil Məmmədquluzadə: mühiti
və müasirləri" monoqrafiyasını ayrıca qeyd
etmək istəyirəm. Həmçinin, onun "Görkəmli
Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə"
kitabının müxtəlif dillərə çevrilməsi
də mənə görə böyük
yazıçının dünyada tanıdılması
baxımından çox vacibdir. Onu da bilirəm ki, İsa
müəllim əsl Mirzə Cəlil təəssübkeşi
kimi onun əsərlərinin də müxtəlif dillərə
çevrilməsinin təşəbbüskarıdır. Və
elə bu faktın özü vətənpərvərliyin,
millətinə, xalqına münasibətin, sevginin ən
gözəl təzahürüdür.
Mətbuatı, qəzetləri, jurnalları yaxından izləyən adam kimi İsa Həbibbəylinin ardıcıl və yorulmadan işləməsinə həmişə yaxşı mənada təəccüblənirəm. Axı bu qədər ictimai işlərin, tədbirlərin içərisində yazmağa zaman tapmaq sadə məsələ deyil. Lakin yubileyi ərəfəsində bioqrafiyasına nəzər saldıqca, kitablarını oxuduqca başa düşürəm ki, yazmaq və dəyərli bildiyini təhlil, təbliğ etmək onun üçün həyat tərzidir. Və mənə görə cəmiyyətdə, ictimai mühitdə tanınan, söz sahibi olan İsa Həbibbəylinin əsas sirri ictimai işlərlə elmi, yaradıcılığı yanaşı, hətta iç-içə yaşaması, yazmasıdır. Misal üçün, Milli Məclisin deputatı və "Elm və təhsil" komissiyasının rəhbəri kimi gördüyü işlər Ədəbiyyat İnstitutundakı tədbirlərin, görüşlərin, qurulan ədəbi əlaqələrin davamıdır. Yaxud müxtəlif ədəbi tədbirlərdə etdiyi çıxışlar da yeni yazılacaq məqalələrin tezisi kimi səslənir və tez-tez mətbuatda məhz gündəmlə bağlı bu cür yazılarını oxuyuruq. Bu sırada İsa müəllimin Müstəqillik dövrü Azərbaycan ədəbiyyatının araşdırılması ilə bağlı gördüyü böyük işlərin və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəşri olan "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" üçcildliyinin ayrıca yeri var. 90-cı illərdə 20 Yanvar, Qarabağ müharibəsi bütün sahələrdə durğunluğa, bədbinliyə səbəb olmuşdu. Söz, sənət adamları da daha çox ictimai hadisələrin izləyicisinə çevrilmişdilər. Amma şübhəsiz, zamanla bu tarixi hadisələr də ədəbiyyatın mövzusu oldu. Eyni zamanda, internetin, sosial şəbəkələrin dəyərləri dəyişməsi, kütlənin marağını ayrı tərəfə yönləndirməsi də gerçək sənətə diqqəti azaltdı. Və müxtəlif, heç ədəbiyyatı izləməyən, təzə əsərlərdən xəbəri olmayan adamlar - yeni əsərlər yazılmır, bu günün ədəbiyyatı yoxdur - kimi fikirlərlə ittiham etdilər yazıçıları. Zənnimcə, "Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı" üçcildliyi bu dövrdə yazan qələm adamlarının yaradıcılığını və yeni əsərləri təhlil etməklə əsassız ittihamlara cavab vermiş oldu. Bu üçcildlikdə mənim haqqımda geniş oçerkin, həmçinin, yubileylərim ərəfəsində yazılmış bir neçə məqalənin də müəllifi İsa müəllimdir. Hekayə, povest və romanlarım barəsində araşdırmalara görə minnətdarlıq öz yerində, amma elə bu yazıların nümunəsində İsa Həbibbəylinin elmi məqalələrinin bir üstünlüyünü vurğulamalıyam. Doğrusu, son illərdə ədəbi tənqidin "dilinə düşmüş" bəzi terminlərin mənasını anlamaqda çətinlik çəkirəm. Səmimi söyləyirəm ki, bəzən haqqımda xeyirxahlıqla yazılan məqalələrdə də müəyyən fikirlər tam aydın olmur. Sanki bəzi ədəbi tənqidçilər "nə qədər qəliz olsa, o qədər səviyyəli görünər" düşüncəsindədilər və çətin elmi terminləri ard-arda düzməklə bu prinsipə yüksək səviyyədə əməl etməyə çalışırlar. İsa müəllimin araşdırmaları yüksək elmiliyi, akademizmi ilə bərabər dərinliyi, orijinallığı ilə seçilir, həm də bütün bunların anlaşıqlı dildə yazılması da mənə görə əsas müsbət cəhətlərdəndir.
İsa müəllimin elm, ədəbiyyat təəssübkeşliyindən danışanda "Ədəbi prosess" ənənəsini bərpa etməsi də yada düşür. Uzun illər Ədəbiyyat İnstitutunda olan bu konfranslar, orda səslənən məruzələr hər ilin sonunda ötən ilin ədəbi mənzərəsinə nəzər salmağa, yeni yazılanları küll halda görməyə imkan verirdi. Sonralar nədənsə bu ənənə unuduldu, amma İsa Həbibbəylinin təşəbbüsü ilə, Yazıçılar Birliyinin və Ədəbiyyat İnstitutunun birgə layihəsi kimi keçirilən bu konfranslar son bir neçə ildə alimlərlə yazıçıların dialoquna xidmət edir. Bu isə ədəbiyyatın da, elmin də inkişafı üçün son dərəcə vacibdir.
Sovet sisteminin xalqımıza vurduğu ən ciddi zərbələrdən biri də keçmişimizi, tariximizi, ədəbiyyatımızı yanlış tədris etməsi idi. Ədəbiyyat kitabları Avestadan başlayırdı, türk olmadığımızı beyinlərə yeritmək üçün də daha nələr uydurulmurdu. Bu yubiley məqaləsində bunlar haqda ətraflı yazmaq istəmirəm, amma hər halda bir çox ədəbiyyat tədbirlərində bu narahatlığımı dilə gətirirdim. Yəni bizim ədəbiyyat kitablarından belə çıxırdı ki, İzzəddin Həsənoğluna, yəni XIII əsrə qədər anadilli ədəbiyyat ümumiyyətlə olmayıb, bu isə şübhəsiz ki, yanlışdır. Ona görə dəfələrlə anadilli ədəbiyyatın "Kitabi - Dədəm Qorqud" dastanı ilə başlanması fikrini söyləmişəm. Mənim təklifim və unudulmaz Heydər Əliyevin dəstəyi ilə dastanın yubileyinin keçirilməsi artıq ədəbiyyat tariximizə yenidən baxmaq üçün səbəb idi. Amma nədənsə uzun illər universitet dərslikləri dəyişilmədi, ədəbiyyat Avestadan, anadilli ədəbiyyat İzzəddin Həsənoğlunun "Apardı könlümü" qəzəlindən başladı. Bu isə şübhəsiz ki, hər bir ədəbiyyat adamını narahat etməli məqam idi. İsa Həbibbəylinin bu il çapdan çıxmış "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası ədəbiyyat tariximizə dəyərli töhfədir. Əslində, bu kitabdakı bölümləri mətbuatdan ardıcıl oxuyurduq. Amma indi bütöv halda nəzər salanda İsa müəllimin bir institutun işini gördüyünün və fədakarlığının bir daha şahidi oluram və yaxın gələcəkdə bu kitaba ayrıca münasibət bildirmək niyyətim var.
Mənim yaşımdan baxanda 70 böyük rəqəm sayılmaz, həm də bütün bu sadaladığım və bir təbrik yazısına sığışdırmadığım işləri görmək sadə məsələ deyil. İsa müəllimin gecə-gündüz çalışması öz yerində, amma bu ciddi, fundamental işlərin arxasında müəllifin xeyirxah xarakteri, şəxsiyyəti görünürsə, bu, daha təsirli və cəlbedici olur. İsa müəllimi isə tanıyan, müşahidə edən istənilən adam onun şəxsiyyəti ilə əsərlərinin bir-birini tamamladığını söyləyə bilər. Bu məqamda İsa müəllimin qeyri-adi həssaslığını, kövrəkliyini göstərən kiçik bir hadisə yadıma düşür. Bəzən hansısa tədbirlərdən sonra dostlarla birgə masa arxasında uzun-uzun söhbətlər edib, dərdləşməyimiz də olur. Belə məclislərimizdən birindən sonra İsa müəllimin xidməti maşınında gedirdik. Birdən sürücüyə - saxla burda - dedi. Görünür, birinci dəfə olmadığından sürücü artıq nə etməli olduğunu bilirdi. Maşını saxlayıb düşüb getdi, bir azdan balaca bir budaqla gəldi və İsa müəllim budağı alıb qoxladı, "kəndimizin ətri gəlir, ona görə istədim" - dedi. Dinamik həyatla yaşayan, ardıcıl işləyən, nəfəs dərməyə zamanı olmayan bir alimin, akademikin kəndin qoxusunu özləməsi, arzulaması çox təsirli olmaqla bərabər, həm də xarakter göstəricisi idi mənim üçün...
İstər həyatda, istərsə də
kağız üzərində bütün bu gözəl
işləri, xeyirxah əməlləri davam etdirmək
üçün uzun yaşamaq lazımdır. Mən əziz
dostum, ciddi bir elm, ədəbiyyat fədaisi, akademik İsa Həbibbəylini
70 yaşı münasibətiylə təbrik edirəm və
ona bu şərəfli yolda uğur diləyirəm...
ANAR
Xalq
yazıçısı, Azərbaycan Yazıçılar
Birliyinin sədri
525-ci qəzet.- 2019.- 12 oktyabr.-
S.14.