Ədəbiyyata sədaqətlə
İSA HƏBİBBƏYLİNİN 70 İLLİYİNƏ BİR NEÇƏ SÖZ
60-70-ci illərdə filoloji (həm də nəinki filoloji!) mühitdə iki elmi ocaq öz
rəsmi adı ilə yox, o ocağa rəhbərlik edən şəxslərin
adı ilə məşhur idi: Mir Cəlal müəllimin kafedrası (o zamankı Dövlət Univesitetinində
"Azərbaycan ədəbiyyatı
kafedrası") və
Məmməd Cəfər
müəllimin şöbəsi
(Nizami Gəncəvi adına Ədəbiyyat
İnstitutunda "Ədəbiyyat
nəzəriyyəsi şöbəsi").
Mən aspiranturanı bitirdikdən
sonra Məmməd Cəfər müəllimin
şöbəsində Gülruh
Əlibəyli, Yaşar
Qarayev, Şamil Salmanov, Vəli Osmanlı ilə birlikdə çalışırdım
və yaxşı yadımdadır, aşağı-yuxarı
45 il bundan əvvəl (!) Naxçıvandan gəlib, yenicə
aspiranturaya daxil olmuş arıq, uzun saçları qıvrım bir oğlan bizim Məmməd Cəfər təbəssümlü və
nüfuzlu (çox da məhrəm!) aurası altında cani dildən ədəbiyyatla məşğul
olan kollektivimizin üzvü oldu. Onun səmimiyyəti və ədəbiyyat sevdası bu şöbənin ab-havası ilə üst-üstə düşürdü
və mən burada "ədəbiyyat sevdası" ifadəsini
gəlişi gözəllik
naminə işlətmirəm.
Bu gün o arıq, qıvrım saçlı
aspirant - akademik İsa
Həbibbəyli Milli Elmlər Akademiyasının
vitse-prezidentidir, Ədəbiyyat
İnstitunun direktoru, millət vəkili, Milli Məclisdə Komissiya sədridir, görkəmli pedaqoq və elm təşkilatçısıdır
və bu şərəfli siyahını
xeyli uzatmaq da olar, ancaq
mənim üçün
İsa ilə bağlı ən mühüm cəhətlərdən
biri, bəlkə də birincisi odur ki, harda
işləməyindən asılı
olmayaraq, o, ədəbiyyata
son dərəcə sədaqətli
bir qələm sahibidir. Ədəbiyyat, elə bil,
güclü bir maqnit kimi onu
özünə çəkərək
- bu sözlərin də gurultulu səslənəcəyindən ehtiyat etmirəm - onun bütün varlığına hopub.
Bu sədaqət 40-45 il bundan əvvəl yazılmış
"XX əsrin əvvəlləri
Azərbaycan romantik lirikası"ndan başlayaraq,
lap bu günlərdə
nəşr olunmuş
"Azərbaycan ədəbiyyatı:
dövrləşdirmə konsepsiyası
və inkişaf mərhələləri" adlı
fundamental monoqrafiyasınacan böyük elmi-nəzəri
və ədəbi bir məsafə qət edib. Onun keçdiyi bu uzun ədəbi yol boyu ədəbiyyatın,
o cümlədən, romantik
poeziyanın və satiranın nəzəri problemləri, aktual poetika məsələləri
araşdırılmış, klassiklərimizlə bağlı
tədqiqatlar nəşr
olunmuş, müasir yazıçılarımızın yaradıcılığı təhlil
edilmiş, axtarışlar
aparılmış, ciddi
nəticələr əldə
edilmişdir.
İsa Həbibbəyli vaxt tapıb, nə qədər kitablar tərtib etmiş və onların redaktoru olmuş, onlara ön sözlər yazmışdır
və mən elə yalnız son nəşrlərdən üçcildlik
"Müstəqillik dövrü
Azərbaycan ədəbiyatı"nı, yaxud onun ümumi redaktəsi ilə Nizami İnstitutunun nəşr etdiyi "Azərbaycan ədəbiyyatı
tarixi"nin birinci cildini xatırlasam, güman edirəm ki, kifayətdir. Onun bu istiqamətdə
apardığı işin
bir mühüm cəhətini də ayrıca qeyd etmək istəyirəm: toplayıb, tərtib edib, geniş ön söz yazdığı
Eynəli bəy
Sultanovun "Publisistika"sının
rus dilində nəşri, yaxud Moskvada nəşr olunmuş "Azərbaycan
poeziya antologiyası"
kimi kitabların ədəbiyyatımızı, ictimai fikrimizi başqa xalqlara tanıtmaq, təbliğ etmək baxımından əhəmiyyətli və
əlamətdardır.
İsa Həbibbəyli
inanılmaz dərəcədə
məhsuldar bir qələm sahibidir və əsas da odur ki,
hərdən ədəbiyyatşünaslığımızda
təsadüf etdiyimiz
kimi, bu məhsuldarlıq keyfiyyət
ilə tərs münasib deyil, əksinə, onun imzası izlənilən, maraq doğuran, öyrənən və öyrədən imzadır.
Yəqin
Azərbaycan ədəbiyyatının
tarixən elə bir görkəmli simasını tapmaq çətindir ki, İsa Həbibbəyli onun haqqında sanballı söz deməsin, ancaq bir böyük ədibimiz - Cəlil Məmmədquluzadə onun
nəinki tədqiq, təhlil və təbliğ etdiyi, əsərlərinin elmi nəşrini hazırladığı
əsas ədəbi simadır, hətta məndə elə bir təəssürat var ki, elə
bil, İsa Həbibbəyli ilə Mirzə Cəlil arasında, əgər belə demək mümkünsə, ədəbi-genetik
bir doğmalıq var.
İsa Həbibbəyli
Mirzə Cəlillə
fəxr edir və Mirzə Cəlilə güvənir.
Onun Mirzə
Cəlillə bağlı
tədqiqatları biləvasitə
faktlara, sənədlərə
söykənir və bir çox faktları elə o, özü aşkar edib, sənədləri üzə çıxarıb,
yazıçının naməlum
yazılarını tapıb,
çap etdirib. Mirzə
Cəlilin hələlik
ən mükəmməl
dördcildlik "Əsərləri"ni tərtib edən və geniş elmi izahat yazan da
İsa Həbibbəylidir.
Yeri düşmüşkən
xatırladım ki, onun doktorluq dissertasiyası da - "Cəlil Məmmədquluzadə:
mühiti və müasirləri" - Mirzə
Cəlil haqqında idi və həmin
dissertasiya əsasında
hazırladığı monoqrafiya
bu böyük yazıçımız haqqında
yazılmış ən
yaxşı elmi əsərlərdən biridir.
Mən
"Vətən" Cəmiyyətində
işləyəndə onun
hansı bir həvəs və enerji ilə ədəbi axtarışlar
aparmasının biləvasitə
şahidi olmuşam və o zaman - 88-89-cu illərdə 250 min tirajla
nəşr etdiyimiz
"Odlar yurdu" qəzetinin müəlliflərindən
biri də İsa Həbibbəyli idi. Respublikamızda da, Türkiyədən tutmuş ABŞ-a, Avropaya,
hətta Avstraliyayacan xarici ölkələrdə
yaşayan həmvətənlərimizin
arasında da çox populyar olan "Odlar yurdu" üç qrafikada - kiril, ərəb, 1939-cu ildən sonra Sovet İttifaqında ilk dəfə latın qrafikasında nəşr olunurdu, xarici ölkələrə göndərilirdi
və ikicə günün içində
o boyda tiraj qurtarırdı.
İsa "Odlar yurdu"nda ədəbiyyatımızdan, ilk növbədə Mirzə Cəlildən, onun şəcərəsinin xaricdə yaşayan nümayəndələrindən tamamilə yeni faktlara əsaslanan məqalələr yazırdı və həmin məqalələr xüsusən həmvətənlərimiz arasında böyük maraqla qarşılanır, milli ədəbiyyatdan uzaq düşmüş bu oxucuların maariflənməsində, milli dəyərlərə, ədəbi irsimizə sahib çıxmasında, ədəbiyyatımızın təbliğində ciddi rol oynayırdı, onları hələ də sovet sərhədləri daxilində qalmış vətənə yaxınlaşdırırdı.
Yadımdadır, İsa Həbibbəyli Mirzə Cəlilin izi-sorağı itmiş (itirilmiş!) oğlu Ənvər Məmmədquluzadə haqqında ilk məlumatı "Odlar yurdu"nda oxuculara təqdim etdi və 1979-cu ildə İranda rəhmətə getmiş Ənvərin qəbrini ziyarət etdi, onun övladlarıyla da (Mirzə Cəlilin nəvə-nəticələri ilə!) görüşdü, Fransada, Polşada, İspaniyada yaşayanları da soraqlaşıb, axtarıb, tapdı, onlarla da əlaqə yaratdı.
İsa Həbibbəylinin ədəbiyyata sədaqətinin əlamətdar bir göstəricisi də odur ki, ömürlərini bu ədəbiyyatın tədqiqinə və təhlilinə həsr etmiş qələm sahiblərinə dərin hörmət və məhəbbət bəsləyir və bu münasibəti daima qələmə alır. Onun Məmməd Cəfər Cəfərov, Abbas Zamanov, Əziz Mirəhmədov, Kamran Məmmədov, Bəkir Nəbiyev, Yaşar Qarayev kimi ədəbiyyatşünasların yaradıcılığından bəhs edən məqalələri həmin hörmətin, məhəbbətin və qədirşünaslığın, eyni zamanda, məncə, ədəbi-mənəvi borcun ifadəsidir.
Mən Məmməd Cəfər müəllimin (mənim də unudulmaz ədəbi-mənəvi müəllimim!) 2003-cü ildə nəşr olunmuş üç cildlik "Seçilmiş əsərlər"inin elmi redaktoru idim, cildlərə ön söz də yazmışdım və həmin nəşrin üçüncü cildinə onun bir neçə hekayəsi də daxil edilmişdi. Ancaq bu gün biz böyük ədəbiyyatşünasımızı məhz İsa Həbibbəylinin xidmətləri sayəsində həm də gözəl bir yazıçı kimi tanıyırıq və bunu da qeyd etmək istəyirəm ki, Məmməd Cəfər müəllim gənc İsa Həbibbəyliyə çox istiqanlı bir münasibət bəsləyirdi, onun gələcəyinə inanırdı və İsa da bu gün onu həmişə ehtiramla yada salır, əsərlərini nəşrə hazırlayır, yeni-yeni əsərlərini üzə çıxarır, kitablarına ön söz yazır.
Ədəbiyyat xalqı ifadə edir və ədəbiyyata sədaqət böyük mənada xalqa sədaqətdir, xalqın tarixinə və taleyinə bağlılıqdır və bu mənada İsa Həbibbəylinin yaradıcılığında da, fəaliyyətində də azərbaycançılıq mühüm yer tutur. Onun Səməd Vurğun yaradıcılığına da, Şəhriyar yaradıcılığına da elmi yanaşmasının arasından Araz çayı axmır, aparılan təhlil və əldə edilən nəticə eyni milli-bədii yaddaşın diktəsi ilə yazılır. Eyni zamanda, onun nəzəri mülahizələri, nəzəriyyə haqqında yazdıqları məhəlli səciyyə daşımır və bu baxımdan, elə bilirəm ki, İsanın yuxarıda da adını çəkdiyim "Azərbaycan ədəbiyyatı: dövrləşdirmə konsepsiyası və inkişaf mərhələləri" monoqrafiyası ədəbiyyat tariximizlə bağlı müstəqillik dövrünün konseptual elmi-nəzəri bəhrəsidir.
İsa Həbibbəyli mənim yazılarım haqqında da az yazmayıb və həmin məqalələrdə söylənən fikirlərin səmimiliyinə heç vaxt mənim şübhəm olmayıb, çünki onun ədəbiyyata sədaqəti həmişə sünilikdən, yalandan uzaq olub.
Mən bu qısa qeydləri Məmməd Cəfər müəllimin şöbəsini (bizim şöbəmizi!) xatırlamaqla başladım, ancaq o şöbəni də, Məmməd Cəfər müəllimi də Nizami adına İnstitutdan ayırı təsəvvür etmək mümkün deyil və mənim üçün olduqca xoşdur ki, bu gün İsa Həbibbəylinin rəhbərlik etdiyi o institut genişlənib, orada yeni şöbələr açılıb, müasir texnologiyadan istifadə olunur, geniş və səmərəli beynəlxalq ədəbi əlaqələr yaranır, ən başlıcası isə institut sanballı elmi bəhrə verir.
Beləliklə də, Nizami adına İnstitutunun ən yaxşı ənənələri nəinki davam edir, onların miqyası genişlənir genişlənir, zənginləşir.
70 illik yubileyində mən İsa Həbibbəyliyə cansağlığı və xoşbəxtlik arzu edirəm. Ədəbiyyata sədaqət isə həmişə onunla və onun qələmi ilə bir yerdədir.
4 oktyabr 2019
Bakı.
ELÇİN
525-ci qəzet.- 2019.- 12 oktyabr.- S.15.