Bakı Dövlət Universiteti müharibədən sonrakı illərdə (1945-1959-cu illər)

 

 BDU-100

 

 

1941-1945-ci illərdə universitet müharibə dövrünün qanunları ilə yaşamasına baxmayaraq, çətinliklə olsa da, elmi potensialının bir hissəsini qoruyub saxladı.

 

Elə bu səbəbdən də müharibədən sonrakı dövrdə universitetin elmi və tədris  həyatında böyük canlanma yarandı, təşəbbüskarlıq artdı. O dövrdə müharibənin törətdiyi ağır fəsadları aradan qaldırmaq, elmi və pedaqoji kadr hazırlığının  keyfiyyətini yüksəltmək, aspiranturaya  istedadlı gəncləri cəlb etmək, elmi dərəcəlilərin sayını artırmaq, yeni fakültə və ixtisaslar açmaq, elmi və tədris  laboratoriyalarını yeni avadanlıqlarla təchiz etmək, ümumiyyətlə, universitetin infrastrukturunu yeniləmək qarşıda duran əsas vəzifələrdən biri idi. Universitet kollektivi böyük ruh yüksəkliyi   əzmkarlıqla həmin vəzifələrin yerinə yetirilməsi istiqamətində fəaliyyətə başladı. Qısa bir dövrdə universitet sürətli inkişaf yolu keçdi, ölkədə ən güclü elmi mərkəzə, pedaqoji potensialın cəmləşdiyi tədris ocağına çevrildi. Həmin dövrdə universitetə nüfuzlu təhsil və elm təşkilatçıları olan  akademik Abdulla Qarayevin (1944-1950), professor Cəfər Xəndan Hacıyevin (1950-1954), akademik Yusif Məmmədəliyevin (1954-1958), akademik Şəfayət Mehdiyevin (1958-1965) rəhbərlik etmələri ona yeni inkişaf stimulları gətirdi. Bütün bunlara baxmayaraq, müharibədən sonrakı ilk illərdə bəzi çətinliklər hələ də qalmaqda idi. 1945-1950-ci illərdə universitet iki növbədə işləyirdi. Dərs otaqları, inventarlar, laboratoriya avadanlıqları çatışmırdı. Ştatda olan müəllimlərin sayında da problemlər qalmaqda idi. Elmlər doktorlarının, elmlər namizədlərinin, professorların və dosentlərin çatışmaması xüsusilə kəskin hiss olunurdu. 1945/46-cı tədris ilində ştat cədvəli üzrə universitetdə 52 professor, 137 dosent olmalı idi. Faktiki olaraq, 30 professor 119 dosent işləyirdi. 1949/50-ci tədris ilində 39 professor, 124 dosent var idi. Ona görə də kafedralara rəhbərlik etmək və mühazirələr oxumaq bəzi hallarda baş müəllimlərə, hətta müəllimlərə tapşırılırdı. Həmin illərdə universitetin 53 kafedrasına 3 Azərbaycan EA-nın həqiqi üzvü (Abdulla Qarayev, Mirəli Qaşqay, Yusif Məmmədəliyev), 3 müxbir üzvü (İsmayıl Hüseynov, Aleksandr Makovelski, Məmmədağa Şirəliyev), 14 professor, 27 dosent, 6 baş müəllim başçılıq edirdi. Müvafiq dərslik və dərs vəsaitlərinin olmaması Azərbaycan dilində tədrisi xeyli çətinləşdirirdi. Tədris planlarının, onlara müvafiq olaraq tədris proqramlarının tez-tez dəyişdirilməsi tədris prosesinin ahəngini  pozur və mürəkkəbləşdirirdi.

1945/46-cı tədris ilində universitetdə 8 fakültə fəaliyyət göstərirdi: Filologiya fakültəsi (tərkibində filologiya, jurnalistika və sənətşünaslıq bölmələri fəaliyyət göstərirdi); Tarix fakültəsi (tərkibində tarix və fəlsəfə bölmələri fəaliyyət göstərirdi); Şərqşünaslıq fakültəsi (tərkibində İran və türk bölmələri fəaliyyət göstərirdi); Geologiya-coğrafiya fakültəsi (tərkibində geologiya, coğrafiya və geofizika bölmələri fəaliyyət göstərirdi); Hüquq fakültəsi; Fizika-riyaziyyat fakültəsi (tərkibində fizika, riyaziyyat və mexanika bölmələri fəaliyyət göstərirdi); Kimya fakültəsi; Biologiya fakültəsi.

Həmin illərdə məşğələlər SSRİ XKS yanında Ümumittifaq Ali Məktəb İşləri Komitəsinin təsdiq etdiyi tədris planına əsasən keçirilirdi. Həmin tədris planlarına rus bölməsində Azərbaycan dili, Azərbaycan bölməsində rus dili, Filologiya fakültəsində Azərbaycan ədəbiyyatı tarixi, Tarix fakültəsində Azərbaycan tarixi fənləri daxil edilmişdi. 1947-ci ilin yanvarında Hüquq, Filologiya,Tarix və Geologiya-coğrafiya fakültələri üçün yeni tədris planları təsdiq edildi. Əvvəllər təhsil müddəti 4 il olan bu fakültələr 5 illik təhsil müddətinə keçirildilər. 1947/48-ci tədris ilində Filologiya fakültəsinin nəzdində kitabxanaçılıq şöbəsi fəaliyyətə başladı. 1962-ci ildə kitabxanaşünaslıq şöbəsi müstəqil fakültəyə çevrildi. Fakültənin yaranmasında və sonrakı inkişafında tarix elmləri doktoru, professor Abuzər Xələfovun böyük xidmətləri olmuşdur.

1948-ci ilin noyabrın 16-da AK(b)P MK bürosu universitetin rektoru, professor Abdulla Qarayevin məruzəsini dinləyib universitetin işini yaxşılaşdırmaq tədbirləri haqqında qərar qəbul etdi. Qərar universitet Elmi Şurasının geniş iclasında müzakirə olunmuş və müfəssəl qətnamə qəbul olunmuşdu. Rektor özünün 1949-cu il yanvar tarixli xüsusi əmrində siyasi-tərbiyə və elmi-tədqiqat işini yaxşılaşdırmağa dair göstəriş verdi və onların icra müddətlərini müəyyən edib, yerinə yetirilməsinə məsul şəxsləri təyin etdi. 1948/49-cu tədris ilində yeni kabinetlər və laboratoriyalar yaradıldı. Bunlar rus dili, paleontologiya, kriminalistika kabinetləri, çökmə süxurlar, rentgenostruktur analizi laboratoriyaları və üzvi sintez üzrə xüsusi laboratoriya idi.

1951-ci ildə AK(b)P MK "Respublikanın ali məktəblərində ictimai elmlərin tədrisi vəziyyəti və onu yaxşılaşdırmaq haqqında" qərar qəbul etdi. Həmin illərdə universitet qarşısında duran ümdə vəzifə tədris prosesini təkmilləşdirməkdən, tələbələrin elmi, peşə və ideya-siyasi hazırlığını daha yüksək səviyyəyə qaldırmaqdan ibarət idi. Bu vəzifənin həyata keçirilməsi tədrisin elmi və ideya-siyasi səviyyəsinin yüksəldilməsi ilə bağlı idi. Mövcud müəllim heyətinin ixtisasının artırılmasına, elmlər doktorlarının və namizədlərinin hazırlanmasına xüsusi  əhəmiyyət verilirdi. Tədris işlərinin səviyyəsini yüksəltmək məqsədilə universitetdə 1949-cu ildə Tədris-metodiki şura yaradıldı. Bu şura universitetdə tədris-metodik işin təkmilləşdirilməsində mühüm rol oynayırdı. Şuranın sədri, tədris işləri üzrə prorektor, dosent Maqsud Cavadov idi. Şuranın tərkibinə fakültə dekanları, kafedra müdirləri, görkəmli mütəxəssislər, professor və dosentlər daxil edilmişdi. Tədris-metodik şuranın 6 bölməsi var idi: filologiya elmləri, tarix-fəlsəfə elmləri, hüquq və iqtisad elmləri, fizika-riyaziyyat elmləri, təbiyyat elmləri, hərbi-bədən tərbiyəsi elmləri.

Metodik iş fakültə və kafedralarda aparılırdı. Aparılan tədris-metodiki işlər Tədris-metodiki şura ilə əlaqələndirilirdi. Tədris-metodiki şuranın tövsiyəsi ilə universitetdə "Açıq mühazirələrin" keçirilməsinə başlanıldı. Mühazirələrdən sonra onun geniş təhlili keçirilir, üstün və nöqsanlı cəhətləri qeyd edilir, müəllimin işinə qiymət verilirdi. Universitetdə ilk açıq mühazirə 1949-cu il martın 29-da Fizika-riyaziyyat fakültəsinin II kursunda Həndəsə kafedrasının müdiri, dosent Maqsud Cavadov tərəfindən oxunmuşdu. İkinci mühazirəni 1949-cu il aprelin 5-də Biologiya fakültəsinin III kursunda professor Abdulla Qarayev oxumuşdu. Həmin tədris ilində 12 açıq mühazirə keçirilmişdi. Təcrübə göstərdi ki, "Açıq mühazirə"lərin keçirilməsi tədrisin keyfiyyətinə nəzarətin ən səmərəli formalarından biridir. Bu ənənə indi   universitetlərimizin bəzilərində yaşayır. Qarşılıqlı dərsdinləmə adı ilə keçirilən belə mühazirələr öyrətmək, öyrənmək və fikir mübadiləsi aparmaq baxımından səmərəli forma olmaqla yanaşı, həm də ali təhsilin keyfiyyətinə müsbət təsir göstərir.

40-cı illərin ikinci yarısında universitetdə aparılmış genişmiqyaslı işlərin nəticəsində Azərbaycan dilində yeni dərslik və dərs vəsaitləri yarandı. Professor Abdulla Qarayevin "Hissiyyat orqanlarının fiziologiyası", Həbib Məmmədbəylinin "Sinxron cədvəllər", Həsən Dadaşovun "Siyasi iqtisad kursu", Əli Sultanlının "Antik dövrdə estetika və ədəbiyyatşünaslıq", Maqsud Cavadovun "Vektor hesabı və onun analitik həndəsədə tətbiqi", Azərinin "Fars dili müntəxəbatı" və "Fars dili" dərsliyi belə kitablardandır.

1949-cu ildə akademik Zahid Xəlilovun "Funksional analizin əsasları", Maqsud Cavadovun "Vektor hesabı", M.Əhmədlinin "Keyfiyyətli kimyəvi analiz", Mehdi İrəvanskinin "Qədim dünya tarixi" kitabları çap olundu. 1950-ci ildə Məmməd bəy Əfəndiyevin "Diferensial tənliklər", Abdulla Qarayevin "Mərkəzi sinir sisteminin fiziologiyası", Cəfər Xəndan Hacıyevin "XX əsr Azərbaycan ədəbiyyatı" dərslik və dərs vəsaitləri nəşr olundu. Rus dilindən Azərbaycan dilinə xeyli dərslik və dərs vəsaiti tərcümə edildi.

Müharibədən sonrakı illərdə ictimai elmlərin tədrisinin əsaslı şəkildə yaxşılaşdırılması, tələbələrin ideya-siyasi tərbiyəsində onların rolunun artırılması xüsusilə aktual bir vəzifəyə çevrildi. İctimai kafedralar arasında Fəlsəfə ən nüfuzlu kafedra idi. Həmin kafedraya müxtəlif illərdə elm aləmində böyük nüfuz sahibi olan professorlar Heydər Hüseynov, Aleksandr Makovelski, Mehbalı Qasımov rəhbərlik etmişdir.

Müharibədən sonrakı ilk illərdə universitetdə Hüquq təhsilinin təşkilində də ciddi problemlər var idi. 1946-cı il mayın 23-də respublika ədliyyə naziri Respublika Nazirlər Sovetinin Sədrinə yazdığı məktubda qeyd edirdi ki, universitetin Hüquq fakültəsinin hazırladığı kadrlardan məhkəmə və istintaq işində istifadə etmək mümkün deyil. ADU-nun Hüquq fakültəsinin 27 müəllimi arasında bir nəfər də olsun elmlər doktoru, professor yox idi, yalnız 5 dosent, hüquq elmləri namizədi var idi. Bu da təbii ki, kadr hazırlığına mənfi təsir göstərirdi.

1950-ci ildə universitetin rektoru vəzifəsinə professor Cəfər Xəndan Zeynal oğlu Hacıyev təyin edildi. Universitetin rektoru SSRİ ali təhsil nazirinə yazdığı 1951-ci il 10 mart tarixli məktubunda yazırdı ki, son illər ərzində Hüquq fakültəsində əsaslı müsbət dəyişikliklər baş vermiş, ötən beş il ərzində fakültənin tələbə, müəllim və aspirant kontingenti xeyli artmışdır. Fakültənin iki dosenti doktorluq dissertasiyası, səkkiz müəllimi isə namizədlik dissertasiyası müdafiə etmişdi. Fakültədə üç professor (Q.D.Cəfərov, İ.M.Datiyev, Vahid Qəhrəmanov), 9 nəfər hüquq elmləri namizədi (Əziz Əsədov, B.P.Hüseynov, B.X.Haşımzadə, K.M.Məmmədov, K.Məmmədov, Ş.D.Mirzəyev, F.Ş.Şabanov və b.), 9 baş müəllim, 10 müəllim və 17 aspirant çalışır. Rektor xahiş edirdi ki, hüquq fakültəsində dissertasiya müdafiəsi şurasının təşkil edilməsinə və ona mülki və cinayət hüququ ixtisasları üzrə namizədlik dissertasiyasının müdafiəsi hüququ verilməsinə razılıq bildirsin. Rektorun bu xahişi yerinə yetirilmişdi. 50-ci illərin ortalarından başlayaraq Hüquq fakültəsi universitetin qabaqcıl fakültələrindən birinə çevrilmişdi. Fakültə müəllimllərinin və məzunlarının respublikanın elmi-ictimai həyatındakı fəaliyyəti xeyli artmışdı. Fakültənin alimlərindən professor Vahid Qəhrəmanov, dosentlər Murtuz Ələsgərov, Əziz Əsədov, Tofiq Qafarov, İşa Məmmədov, Qasım Manayev, Cəfər Mövsümov, Məmməd Xələfov, Lidiya Şuster və başqaları mülki, cinayət, mülki-prosessual və cinayət-prosessual məcəllələrinin, habelə digər vacib hüquqi aktların, dövlət sənədlərinin layihələrinin hazırlanmasında fəal iştirak edirdilər.

1950-ci ilin oktyabrında ali məktəblərdə "Tarix fənlərinin tədrisini yaxşılaşdırmaq" haqqında respublika tarixçilərinin iştirakı ilə keçirilmiş müşavirə bu sahədə elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsinə, tədrisin keyfiyyətinin, ilk növbədə Azərbaycan tarixinin tədrisinin yaxşılaşdırılmasına səbəb oldu. Universitet Elmi şurasının 1950-ci il dekabrın 21-də keçirilmiş iclasında fakültənin dekanı dosent Əlövsət Quliyevin bu istiqamətdə qarşıda duran vəzifələr haqqında məruzəsi geniş müzakirə edilmişdi.

Həmin illərdə Şərqşünaslıq fakültəsinin işinə də xüsusi diqqət yetirilirdi. Fakültədəki vəziyyət respublika rəhbərliyinin razılığı ilə yaradılmış komissiya tərəfindən hərtərəfli araşdırılmış, aşkar olunmuş nöqsanların qısa müddətdə aradan qaldırılması üçün tədbirlər planı hazırlanıb rektorluğa təqdim edilmişdi. Universitet rəhbərliyinin fakültənin işini yaxşılaşdırmaq istiqamətində həyata keçirdiyi tədbirlər tezliklə öz nəticələrini verdi. Elmi dərəcəsi olmayan fakültə dekanı və 4 nəfər əvəzçi müəllim işdən azad edildi, elmlər namizədi R.Rüstəmov fakültənin dekanı vəzifəsinə təyin edildi.

Universitetə tələbə qəbuluna ciddi fikir verilirdi. 1945/46-cı tədris ilində universitetə 742 nəfər qəbul edilmişdi, onların 142 nəfəri müharibə iştirakçısı idi. Universitet həmin il məşğələlərə 2044 tələbə ilə başlamışdı. Beş il (1946-1950) ərzində universitetə 3397 nəfər qəbul edilmiş, 1515 tələbə bitirmişdi. Tələbələrin sayı ilbəil artırdı. 1949/50-ci tədris ilində 3155 nəfər tələbə adını qazanmışdı.

Həmin illərdə ADU-da üç fakültədən ibarət qiyabi şöbə fəaliyyət göstərirdi: Filologiya və Şərq fakültəsi; Tarix fakültəsi; Fizika-riyaziyyat fakültəsi. Həmin fakültələrdə təhsil alan qiyabiçi tələbələr arasında Gürcüstanda, Ermənistanda, Özbəkistanda, Türkmənistanda, Dağıstan və başqa respublikalarda yaşayan azərbaycanlılar və digər millətlərin nümayəndələri də var idi. Qiyabi şöbənin fakültələrinə əyani şöbənin kafedraları xidmət göstərirdi. Qiyabi şöbənin fəaliyyəti də rektorluğun diqqət mərkəzində idi.1948-ci ilin mayın 19-da rektorluğun iclasında qiyabi şöbə üzrə prorektor, dosent C.Qasımovun məruzəsi və şöbənin işini yoxlamış dosent H.Məmmədov, Səidə İmanzadə, C.İbrahimovdan ibarət komissiyanın əlavə məruzəsi dinlənilmişdi.

1950-ci illərdə universitetin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi sahəsində mühüm dəyişikliklər baş verdi. Belə ki, 1952/53-cü tədris ilində Hüquq fakültəsinə bina verildi. Həmin vaxta qədər Hüquq fakültəsi orta məktəb binasında yerləşirdi və fakültədə dərslər ancaq axşamlar, məktəbdə dərslər qurtarandan sonra başlanırdı. Bu hadisə fakültə kollektivinin böyük sevincinə səbəb oldu. 1952-ci ildə ADU-da və Ümumittifaq Qiyabi Hüquq İnstitutunun Bakı filialında hüquq təhsilinin təşkili vəziyyəti yoxlanıldı. Komissiya öz qərarında göstərirdi ki, adı çəkilən müəssisələrdə çox vaxt ideya-nəzəri səviyyəsi aşağı olan mühazirələr oxunur, son illərdə ali təhsilli hüquqşünas buraxılışının sayı xeyli aşağı düşmüş, hüquqşünasların praktika ilə kifayət qədər əlaqəsi yoxdur. Bu sahədə elmlər doktoru və elmlər namizədlərinin hazırlanması vəziyyətini komissiya yarıtmaz hesab etmişdi. Nəticədə Bakı filialının fəaliyyəti dayandırıldı, onun 900 nəfərdən ibarət tələbələri universitetin Hüquq fakültəsinə köçürüldülər. Komissiya eyni zamanda, universitetin rektoru Şəfayət Mehdiyevə və prorektor Abdulla Ələkbərova tapşırdı ki, hüquq fakültəsi tələbələrinin məhkəmə və polis orqanlarında, prokurorluqda, vəkillik idarələrində, yerli sovetlərdə gələcək işləri nəzərə alınaraq, ölkədə hüquq mədəniyyətinin yüksəldilməsi, eləcə də əhali arasında hüquqi biliklərin təbliğinə diqqəti artırsınlar.

SSRİ Ali və Orta İxtisas Təhsili Nazirliyinin "Dövlət universitetlərində riyaziyyatçı kadrların hazırlanmasını yaxşılaşdırmaq tədbirləri haqqında" 1952-ci il 11 yanvar tarixli əmri bu istiqamətə yönəldilmiş yeni tədbirlərin hazırlanmasının əsasını qoydu. Universitetə riyaziyyat  ixtisası üzrə qəbul olunanların sayı 25-dən 50-ə çatdırıldı, aspiranturaya qəbul da artırıldı, ən yaxşı riyaziyyatçılar SSRİ Elmlər Akademiyasının və Moskva Dövlət Universitetinin doktoranturasına ezam olundular.

1954-1958-ci illərdə universitetin rektoru vəzifəsində dünya şöhrətli kimyaçı alim, akademik Yusif Heydər oğlu Məmmədəliyev işləmişdir. 1954/55-ci tədris ilində Geologiya-coğrafiya və Biologiya fakültələrinin istifadə etdikləri tədris otaqların sayı artırıldı. 50-ci illərin ortalarında universitetin istifadəsində dörd bina var idi. Bütün bunlara baxmayaraq, bina məsələsi ciddi problem olaraq qarşıda dururdu. Əyani şöbəsində 3200 tələbə, qiyabi şöbəsində 2000 tələbə təhsil alan respublikanın ilk ali təhsil müəssisəsi olan universitet 600 tələbənin təhsili üçün nəzərdə tutulmuş keçmiş realnı məktəbin binasında (İqtisad Universitetinin əsas binası - M.M.)  yerləşirdi. Həmin dövrdə universitet üçün yeni bina tikilməsi dövlət planına daxil edilsə də, bu qərarın icrası uzun illər ləngidi.

50-ci illərin axırlarında universitetdə iqtisadçı kadrların hazırlanmasına başlanıldı. 1959-cu ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun bağlanması ilə əlaqədar olaraq  universitetdə İqtisadiyyat və Əmtəəşünaslıq fakültələri yaradıldı. Universitetdə elmi dərəcəsi və elmi adı olanların sayı xeyli artdı. Əvvəllər Moskva Dövlət Universitetinə, SSRİ Elmlər Akademiyasının elmi tədqiqat institutlarına və müttəfiq respublikaların elmi mərkəzlərinə göndərilən doktorantlar 50-ci illərin birinci yarısında tədqiqatlarını başa çatdırıb vətənə qayıtdılar. Onlardan Vahid Qəhrəmanov hüquq, Muxtar Hüseynzadə dilçilik, Mehbalı Qasımov fəlsəfə, Qasım Gül coğrafiya, Mübariz Əlizadə, Feyzulla Qasımzadə və Məmməd Arif Dadaşzadə filologiya, Qədir Sultanov geologiya, Zahir Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Maqsud Cavadov riyaziyyat sahəsində doktorluq dissertasiyası müdafiə edib elmlər doktorları oldular.

Həmin illərdə bir çox azərbaycanlı aspirantlar Moskvada, Leninqradda (indiki Sankt-Peterburq), SSRİ-nin digər şəhərlərində və universitetin özündə müvəffəqiyyətlə namizədlik dissertasiyalarını müdafiə edib professor-müəllim heyəti sıralarına daxil oldular. Onlardan Abdulla Muxtarov, Yühənnəs Seyidov və Bürhan Kərimov nəzəri fizika, Məcid Hüseynzadə və Yusif Əmənzadə nəzəri mexanika, Qoşqar Əhmədov, Əmir Həbibzadə, Rəşid Məmmədov, Rüstəm Sultanov, Bəylər Ağayev, Həşim Ağayev, Tahir Abdullayev, Əli Cəfərov riyaziyyat, Cəfər Mövsümov, Qasım Manayev, Murtuz Ələsgərov, Məmməd Xələfov hüquq, Firudin Köçərli fəlsəfə, Yusif Seyidov filologiya, Cəlal Həsənov, M.Abdullayeva, Şamil Əhmədov kimya, S.Səmədov, H.İsrafilov geologiya-coğrafiya, Sadıq Hüseynov siyasi iqtisad, Ələsgər Məmmədov yaxın şərq dilləri ixtisasları üzrə namizədlik dissertasiyaları müdafiə etdilər.

Müharibədən sonra ilk dəfə 1951-ci ildə Fizika-riyaziyyat və Geoloji-coğrafiya fakültələrində tələbə sıralarına qəbul zamanı müsabiqə tətbiq olundu. Əvvəlki illərdə həmin fakültələrə ərizə verənlərin sayı az olduğundan başqa fakültələrdə müsabiqədən keçə bilməyən abituriyentləri planı yerinə yetirmək məcburiyyətində qalaraq həmin fakültələrə qəbul edirdilər. 1953/54-cü tədris ilində bütün fakültələrdə, xüsusilə Fizika-riyaziyyat, Biologiya, Geologiya-coğrafiya fakültələrində müsabiqə oldu. Həmin dərs ilində 690 yerə 2333 nəfər ərizə vermişdi.

Ölkədə müəllim kadrlarına olan ehtiyac universiteti qarşısında yeni tələblər qoymuşdu. Rəsmi dövlət qərarlarlarında  orta məktəb müəllimləri hazırlamaq universitetin əsas vəzifəsi hesab olunurdu. ADU öz məzunlarının böyük əksəriyyətini Azərbaycan Maarif Nazirliyinin  sərəncamına göndərirdi. Məsələn, 1955/56-cı tədris ilində universitet məzunlarının 78-80 faizi Maarif Nazirliyinin sərəncamına göndərilmişdi. Bu amil nəzərə alınaraq, universitetdə müəllim hazırlayan fakültələrə qəbul artırılırdı. Müəllim hazırlığını həyata keçirən fakültələrin tədris plan və proqramlarında müəyyən dəyişiklik edildi. Yeni proqramlarda nəzəri və ümumi elmi fənlər gücləndirilmiş, ixtisas fənləri sayca azaldılmışdı. Yeni tədris planları hazırlanarkən tələbələrin tədris yükünün azaldılması qarşıya məqsəd kimi qoyulmuşdu. Əgər əvvəllki tədris planlarında tələbələrin həftəlik tədris yükü 40-42 saat təşkil edirdisə, yeni tədris planında tələbələrin həftəlik tədris yükü 40 saatı keçmirdi. 1956/57-ci tədris ilində tədris prosesinin təşkilində ciddi dəyişiklik edildi. Birgə mühazirələrin aparılmasına icazə verildi, bir sıra kursların təkrar edilməsi aradan qaldırıldı, proqram materialının bir hissəsinin tələbələr tərəfindən müstəqil öyrənilməsi planlaşdırıldı. Bu da, təbii ki, tədris yüklərinin azalmasına səbəb oldu. Aşağı kurs tələbələrini həftəlik tədris yükü 36, yuxarı kurs tələbələrinin tədris yükü isə 24-30 saatadək azaldıldı. Pedaqogika, psixologiya, ayrı-ayrı fənlərin tədrisi metodikasına diqqət artırıldı. Universitet tələbələrinin Bakı şəhərinin qabaqcıl məktəblərində pedaqoji təcrübə keçmələri üçün şərait yaradıldı. Tələbələrin pedaqoji təcrübəsinin pedaqoji-psixoloji problemləri ilə bağlı araşırmalar aparıldı.   

Həmin illərdə tarix və coğrafiya müəllimlərinin hazırlanması işində paralelizmi aradan qaldırmaq məqsədilə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun Coğrafiya fakültəsi universitetə birləşdirildi.

1955/56-cı tədris ilində universitetdə tam ştatda 290 nəfər müəllim çalışırdı, onlardan 21-i professor, 133-ü dosent, 84-ü baş müəllim, 31-i müəllim, 21-i isə assistent idi. Sonrakı illərdə professor-müəllim heyəti həm kəmiyyət, həm də keyfiyyətcə artmaqda davam etdi.

1956-cı ilin əvvəlində SSRİ Ali Təhsil Nazirliyinin komissiyası universitetin işini yoxladı. Komissiya öz işinin nəticələri barədə universitetin Elmi şurasının geniş iclasında məlumat verdi. Komissiyanın arayışında qeyd edilirdi ki, Azərbaycan Dövlət Universiteti Sovet hakimiyyəti illərində ölkənin ən böyük universitetlərindən birinə çevrilmişdir. Hazırda 8 fakültədə 3009 tələbə təhsil alır, universitetdə 325 nəfər professor və müəllim fəaliyyət göstərir. Komissiya müvəffəqiyyətləri göstərməklə yanaşı, bir sıra nöqsanlara da diqqəti cəlb etdi. Komissiya qeyd edirdi ki, humanitar kafedraların çoxunda məşğələlərin ayrı-ayrı növləri, ixtisas kursları, ixtisas seminarları, kurs işi və diplom işi haqqında aydın təsəvvür yoxdur. Mühazirələrin assistentlər və müəllimlər tərəfindən oxunmasını komissiya qeyri-normal hesab etdi, çünki bu, ali məktəb nizamnaməsinə zidd idi. Universitet Nizamnaməsində aydın şəkildə qeyd edilirdi ki, mühazirələri professor və dosentlər oxuyur. Komissiya üzvləri universitetdə dosentlərin sayının həddən artıq olduğunu qeyd edirdilər. Müəllilmlərin əksəriyyəti dosent idilər. Komissiya öz arayışında qeyd edirdi ki, dosent ali məktəbdə görkəmli simadır, sabahın professorudur, bu ad gərgin əmək və ciddi elmi fəaliyyətlə qazanılmalıdır, aspiranturanı bitirib, bir illik stajı olanların hamısına dosent elmi adı vermək, dosentlərə qarşı inamsızlıq yaradır.

Komissiya qiyabi şöbənin işini qeyri-qənaətbəxş qiymətləndirmişdi. Arayışda qeyd edilirdi ki, dərsliklər və fənlərin əksəriyyəti üzrə hətta proqramlar olmadığı halda keyfiyyətli tədrisdən söhbət gedə bilməz. Komissiya universitet nəşriyyatının işini də qeyri-qənaətbəxş hesab etdi. Komissiya göstərdi ki, bir çox müəllimlər dissertasiyaları uzun müddətə (10-15 il) hazırlayırlar və hazır dissertasiyaların müdafiəsini çox gecikdirirlər. Komissiya fakültə dekanlarına müəyyən hüquqlar verilməsi məsələsini də irəli sürdü. Arayışda qeyd edilirdi ki, dekanların heç bir hüququ yoxdur, dekan qrupda hətta qrup nümayəndəsini də təyin edə bilmir.

Azərbaycanda bir sıra sahələr üzrə elmi məktəblərin yaranmasında universitet mühüm rol oynamışdır. Azərbaycan EA-nın həqiqi üzvləri, fizika-riyaziyyat elmləri doktorları Zahid Xəlilov, Əşrəf Hüseynov, İbrahim İbrahimov, Məcid Rəsulov, müxbir üzvləri Maqsud Cavadov, Qoşqar Əhmədov və başqaları riyaziyyat sahəsində elmi məktəblərin baniləri olmuşlar.

Respublikanın ilk kimyaçı alimi Sadıq Hüseynovdan başlanan elmi estafet sonrakı illərdə uğurla davam etdirildi. 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində akademiklər Yusif Məmmədəliyev, Əli Quliyev, Həbib Şahtaxtinski, Murtuza Nağıyev və Soltan Mehdiyev kimi görkəmli alimlərin kəşfləri və elmi tədqiqatları yeni kimya elmi məktəblərinin yaranması ilə nəticələndi.

Azərbaycanda geologiya elminin inkişafında ADU əməkdaşlarının böyük payı vardır. 1943-cü ildən fəaliyyətə başlayan Geologiya fakültəsi respublikamız üçün çoxsaylı yüksək ixtisaslı geoloq, geofizik, hidrogeoloq, dağ-mədən mühəndisləri yetişdirmişdir. Bu məzunların arasında böyük elmi məktəblər yaratmış akademiklər Şəfayət Mehdiyev, Musa Əliyev, Mirəli Qaşqay, Ədhəm Şıxəlibəyli, Əzəl Sultanov və b. böyük alimlərin adı vardır.

Respublikada fizika elmi sahəsində baş verən əsaslı dəyişikliklər nəticəsində universitetdə 1958-ci ildə müstəqil Fizika fakültəsi yaradıldı. İlk vaxtlar fakültədə 300 tələbə oxuyurdu.1956-cı ildə dosent Mamed Abdullayevin "Fizika məsələləri" kitabı çapdan çıxdı. Fakültədə yeni dərsliklərin yaradılması ilə bərabər rus dilindən tərcüməsi ilə də məşğul olurdular. Bu sahədə professor Abdulla Muxtarov, dosentlər Mamed Abdullayev və Mehdi Əliyev, Kəriş Köçərli, Məmmədəli Haşımzadə, Əlicavad Cavadov və başqaları daha fəal işləyirdilər.

50-ci illərin ikinci yarısında milli dildə dərslik və dərs vəsaitinin hazırlanması işi qaydaya düşməyə başladı. 30-40-cı illərdə dərsliklərin rus dilindən tərcüməsinə üstünlük verildiyi halda, 50-ci illərdə bu tendensiya tamamilə dəyişdi. Ayrı-ayrı elm sahələri üzrə nüfuzlu alimlər nəslinin  yetişməsi milli dildə dərslik yaradıcılığına güclü təsir göstərdi. Universitetdə elmi-tədqiqat işlərinin genişlənməsi nəticəsində  elmin müxtəlif istiqamətlərində kəşflər etməyə, yeni nəsil dərslik və dərs vəsaitləri  hazırlamağa imkan verirdi. Kitabların sayı artdıqca elmi səviyyəsi də yüksəlirdi. Bunların arasında Maqsud Cavadovun "Determinantlar nəzəriyyəsi", "Vektor hesabı", Əşrəf Hüseynovun "İnteqral tənliklər" və "Çoxluqlar nəzəriyyəsinin əsasları", Məmməd Mustafayevin "Diferensial həndəsə", Cəlal Qasımovun "Ali riyaziyyat kursu", Bəhram Mirzəyev və Abdulla Muxtarovun "Fizikaya dair praktikum", Məmmədəli Haşımzadənin "Astronomiya", Qasım Gülün "Azərbaycan SSR-in fiziki coğrafiyası", P.H.Məmmədovun "Kəşfiyyat işinin əsasları", Tahir Abdullayevin "Diferensial hesabına dair məsələ və misallar", A.İ.Cabbarov və M.S.Rzayevin "Ümumi kimya texnologiyası", H.Səlimxanovun "Minerallar və onların lehim borucuğu vasitəsilə müəyyən edilməsi", Əli Sultanlının "Antik ədəbiyyat tarixi", Həmid Araslının "XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı tarixi", Cəfər Xəndan Hacıyevin "XX əsr Azərbaycan ədəbiyyatının müntəxəbatı", Feyzulla Qasımzadənin "XIX əsr Azərbaycan ədəbiyyatı tarixi", Yusif Ziya Şirvaninin "Osmanlı türk dilinə dair müntəxəbat", Ələsgər Məmmədovun "Ərəb dili", Vahid Qəhrəmanovun "Sovet cinayət hüququ", Əziz Əsədovun "Mülki hüquq", "Ailə hüququ", Abuzər Xələfovun "Kitabxana fondlarının təşkilinin bəzi məsələləri" dərslik və dərs vəsaitlərini göstərmək olar.

Bu dərsliklər sonrakı dövrlərdə universitet alimlərinin elmi-nəzəri və praktik dəyərliliyi ilə seçilən daha mükəmməl dərslik və dərs vəsaiti yazmaları üçün ilkin mənbə və dəyərli məxəz oldu. 

 

 

Misir MƏRDANOV

AMEA Riyaziyyat və Mexanika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor

 

525-ci qəzet.- 2019.- 12 oktyabr.- S.10-11.