Tuğrul Tanyol: "Bütün
dövrlərdə sevgi şeirləri daha təsirli olub"
"Yaşlı şair
hələ də gözəl şeirlər yaza bilir və gənc
nəsildən sevgi görürsə, bu, onun ən böyük
mükafatıdır"
Gün soldu, ətəklərindən
qızıl parıltılarla
damlarkən su,
Bir at kişnərtisi, təzə
gül qoxusu,
Mən çatanda
yox idi bütün
qapılar.
Mən itmiş zamanın altında qaldım,
Silindi qapılar,
mən çöldə
qaldım.
Bu soyuq, bu kimsəsiz
qaranlıqda,
Yalnızam,
əllərimdən başqa
yoxdu fənərim.
Bu misraların müəllifi
Türkiyə ədəbiyyatının
ustad şairlərindəndir. Özünəməxsus, orijinal poeziyası, bəzək-düzəkdən uzaq,
həyatın özündən
gələn şeirləri
hər zaman təkcə Türkiyə
deyil, eləcə də digər ölkələrdə həm
oxucuların, həm də ədəbiyyatşünasların
diqqət mərkəzində
olub. Tuğrul Tanyolla bu günlərdə
Bakıda keçirilən
"LiFFt-2019" IV Avrasiya ədəbi festivallar festivalında tanış
olduq. Şeirlərindəki sadəlik görünüşünə,
davranışına, hərəkətlərinə
də yansıyıb sanki. Dünyadan 150-dən çox şair və yazıçının qatıldığı
festivalın qalibi seçilərək belə
bir nüfuzlu tədbirin 2020-ci ildə Türkiyədə keçirilməsini
təmin etməyinə
baxmayaraq, o qədər
sakit, hətta bəzən vecsiz idi ki, kənardan
onu sadəcə heyrət qarışıq
təbəssümlə seyr
edə bilirdim.
Axşamdır, festivalın bağlanış
mərasimi bitib, qaliblər mükafatlandırılıb,
hər kəs yavaş-yavaş Heydər
Əliyev Mərkəzini
tərk edir. Tuğrul bəydən
festival sonrası təəssüratlarını
öyrənmək, eləcə
də ədəbiyyatla
bağlı söhbətləşmək
üçün Türkiyə
səfirliyinin Mədəniyyət
və Tanıtma Müşaviri, çox hörmətli İrfan Çiftçinin vasitəsilə
razılıq almışam.
Elə İrfan bəylə birlikdə kənarda dayanıb onu gözləyirik. Tuğrul bəy
isə onunla şəkil çəkdirmək
istəyən gənclərin
telefonlarına gülümsəyir.
Kimsəni qırmır, hiss olunur ki, qıra
bilmir. Nəhayət, onu sevənlərindən
ayırıb bir kənara çəkirəm.
Mənə də gülümsəyib
sualımı gözləyir.
Şairi
daha da çox
yormamaq üçün
birbaşa müsahibəyə
keçirik. Deyir
ki, Azərbaycana ilk gəlişidir:
- Azərbaycana ilk dəfədir
gəlirəm. Çox təəssüf
ki, gələndən
səhhətimlə əlaqədar
oteldən çölə
çıxa bilməmişəm.
Bu dəfə Bakını ürəyim
istəyən kimi gəzib görmək qismət olmadı. Gələcək səfərə, inşallah.
Cəmi
yarım saat öncə dünya ədəbiyyatının ən
nüfuzlu festivallarından
birinin qalibi kimi səhnəyə dəvət olunan müsahibimin səhnə arxasında mükafatlarla bağlı söylədikləri
çox maraqlı idi:
- Bundan əvvəl İtaliyada da beynəlxalq mükafat qazanmışdım. "Həyat boyu uğur" mükafatını
vermişdilər. Məndən sonra isə o mükafatı dayandırdılar.
Məndən öncə
bir farslı şairə vermişdilər,
sonra mən, sonra isə heç kim.
Əsas odur ki, biz qeydə
alındıq (gülür).
İtaliyada yayımlanan
kitabıma oranın Mədəniyyət nazirliyi
ən yüksək mükafatı verdi.
Mükafatlar əsasən siyasi xarakter daşıyır. Bu mükafata layiq olmadığımı deyə
bilmərəm. Burdakı ən
yaxşı şair bəlkə də mənəm. Amma insanların
beynində bunların
gerçək olduğuyla
bağlı nə qədər inam var, onu bilmirəm.
Əslində mükafatları sevmirəm, çox da qatılan deyiləm. Amma onlar da lazımdır. Xüsusən hər ölkədə gənclərin adlarını
önə çıxara
bilmək üçün
mükafata ehtiyacları
var. Orda da münsiflər ədalətli
olmalıdırlar, tərəf
tutmamalıdırlar. Ona görə
də həmişə
münsif olmaqdan qaçmışam, heç
vaxt razılaşmamışam.
Çünki dünyanın hər
yerində bütün
müsabiqələrdə narazılıqlar
olur. Bu, müəyyən vaxtlarda doğru insanın qalib gəlmədiyi anlamını daşımır.
Əlbəttə, layiqli insanlar
da qazanır. Əslində, biz Türkiyədə sosial mediada insanların reaksiyasına
baxırıq. Məsələn, bəzən elə insan mükafat alar ki, 15-20 gün, hətta bir ay insanlar "bu, niyə aldı,
layiq deyildi" kimi şeylər yazarlar, bəzən isə elə şair qalib olar ki, insanlar
"bəli, mükafat
layiq olana getdi" deyərlər.
Sizə deyim ki, bu,
daha böyük mükafatdır. Çünki bunu yazanlar oxuculardır.
Bilmirəm... Mükafatlar var
və olacaq. Amma yaşlı insanlar üçün elə də bir şey
ifadə etmir. Yaşlı şair hələ də gözəl şeirlər yaza bilirsə və gənc nəsildən sevgi görürsə, bu, elə onun
ən böyük mükafatıdır. Amma elə
yaşlı şairlər
var ki, gənclər
onun üzünə də baxmırlar. Bu, qorxunc bir
şeydir. Allah kimsəyə
göstərməsin!
Belə bir deyim var
ki, şairlər, yazıçılar 50 yaşdan
sonra daha yaxşı yazmağa başlayırlar. Amma mən bunun
doğru olduğuna inanmıram. Bu, insana bağlı bir şeydir. Məsələn, Türkiyənin məşhur şairlərindən
Behçet Necatigil
44-45 yaşından sonra
gözəl şeirlər
yazmağa başladı.
Ən gözəl nümunələrini
gec yazdı. Gəncliyində yazdığı şeirlər elə də uğurlu deyildi. Sonradan isə yetkinləşdi.
Bəzi şairlər də var ki, bütün
toplarını gənc
ikən atar, sonra isə bitər. Adətən, bir çox
şairlər cavan olanda yaxşı şeirlər yazırlar, ancaq zaman keçdikcə
özlərini təkrarlayırlar.
Bu tendensiyanı bütün şairlərə
şamil eləmək
olmaz, ancaq əksərən belədir.
Əslində, hər çağda
həyat gözəldir.
Hər dövrün, hər yaşın dadını çıxartmaq lazımdır.
Həyatı olduğu kimi
qəbul etməsən,
yaxşı şeir yaza bilməzsən. Yaşlılar həmişə gəncliyin həsrətini
çəkirlər. Bunu elədikcə
də yaşadığı
yaşın dadını
çıxara bilmirlər.
Bir dəfə 20, 25 yaşında
olduğun kimi, bir dəfə də 65 yaşında olursan. Təkrarı yoxdur. Dadını çıxartmaq və o yaşın psixologiyasının
şeirini yazmaq lazımdır.
Yazanda bir çox şeylərdən
ilhamlanıram. Bu, tərs oxunmuş bir reklam mətni də ola
bilər. Ancaq ilham o qədər
də önəmli deyil. Mənim üçün şeir bir icaddır.
Dildə
icad edə bilən şair mənim üçün məqbuldur. Geri qalanı ustalıq işidir. İcad təkcə şeirdə
yox, bütün sənət sahələrində
önəmlidir. Bethovenin beşinci
simfoniyası, Salvador Dalinin
"İsa" rəsmi
kimi. Əgər kimsə poeziyada
yenilik edə bilirsə, o, mənim üçün şairdir.
Mətni
daha musiqili etmək, ritm yaratmaq isə sonra gələn şeylərdir.
Festivalın ən yüksək mükafatını alarkən
söylədiyi nitqində
bir fikri xüsusən diqqətimi cəlb etmişdi. Dedi ki, Türkiyədə onu ustad şair
kimi qəbul etsələr də, o, özünü ustad hesab etmir. Görəsən, həqiqətən belədir,
yoxsa, bu cümlələr sadəcə
təvazökarlıq xətrinə
söylənmişdi?
- Bəli, özümü ustad şair hesab etmirəm. Çünki ustadların artıq yazacaq bir mətni, mövzusu yoxdur, onlar bir növ tükəniblər və "mənim öyrənəcək bir şeyim qalmadı, mən yazdım" demək hər şeyin bitdiyi bir nöqtədir. Ondan sonra heç nə edə bilməzsən. Bütün sənətlər öyrənməyi tələb edir. Mən bu gün gənc yazarları oxuyuram. Bəziləri o yaşda o cür şeirlər yaza bildikləri üçün məni valeh edirlər. Sənətdə birincilik anlayışı yoxdur, əksinə rəngarənglik və müxtəlif səpkidə gözəlliklər var. Çünki hər bir yazı ayrı dad verir. Qısqanclığa gərək yoxdur. Bethoven musiqisi gözəldirsə, Bax və ya digərlərininki gözəl deyilmi? Xeyr, hamısı öz siniflərində birincidirlər, gözəldirlər. Tək məqsəd var: həyatı gözəlləşdirmək.
Mən daha çox fransız şeirinin təsiri ilə yetişmişəm. Əsas da fransız sürrealistlərin. Ondan sonra Yəhya Kamal, Əhməd Haşim, Nazim Hikmət, Nəcib Fazil, Camal Sürəyya və başqaları. Nazim Hikmətdən o qədər də təsirlənmədim. Camal Sürəyya mənimlə bağlı "heç kimə bənzəməyən şair" deyərdi. Çünki nə "Qərib" şeirini, nə də "İkinci Yeni"ni çox da oxumamışdım. Bircə Atilla İlhanla Oqtay Rıfatı oxumuşdum. Bir dövrdən sonra isə çox təəccüblü şəkildə davamlı "İkinci Yeni" şeirini oxumağa başladım. Onun da təsirləri özünü ikinci kitabım olan "Avqust dəhlizləri"ndə göstərdi. O kitabım "Behcət Necatigil şeir mükafatı"nı aldı. Həmin vaxtlarda təsadüfən Camal Sürəyyayla qarşılaşdıq, mənə "indi birilərinə bənzəməyə başladın" dedi. Yəni "İkinci yeni"yə, bizə doğru meyilləndin. Hələ də təsirlənməyə davam edirəm. Yunan, Latın Amerika, Amerika poeziyasını davamlı oxuyuram.
İndi bəzən gənclərin də məndən təsirləndiyini görürəm. Amma mənim şeirimin birbaşa təsir göstərəcəyini düşünmürəm. Məsələn, mənim Oqtay Rıfata, İlhan Bərkə bir şeir borcum olduğunu düşünürəm, amma şeirlərimiz arasında elə bir bənzərlik yoxdur. Onlardan təsirləndiyimi bircə içimdə mən bilərəm. Çünki bu şairlər birbaşa təsir göstərən şair deyillər. Şeir yazanlar onların qədrini daha yaxşı bilərlər.
Bir də səsiylə təsir göstərən şairlər var. Bir yazımda onlara "təhlükəli şairlər" demişdim. Çünki onların səsiylə yola çıxdınızsa, öz yolunuzu tapmağınız çox çətin olacaqdır. Nəcib Fazıl, Hilmi Yavuz, Ece Ayxan belə şairlərdəndir. Çox tez bir zamanda ətraflarında müridlər toplaşar, hamı onlar kimi yazmağa başlayar. Bunu heç vaxt sevmədim.
"Məni mən edən şeirim "Cem kimi"dir..."
- Tuğrul Tanyolu tanımaq istəyənlər gedib internetə baxsınlar, kitab alıb oxusunlar. Özümü hansısa şeirimlə təqdim edə bilmərəm. Şeirlərim arasında internetdə hit olanlar, çox oxunanlar var. Amma o da nə qədər doğru zövqlə seçilmişdir, ona da qərar vermək olmur. Məni mən edən şeirim "Cem kimi"dir. Onun isə burda heç bir mənası olmaya bilər. Çünki Osmanlıda yarısultanlıq edən, Fatehin oğlu Cemdən və onun sürgünündən bəhs edir.
Bütün dövrlərdə sevgi şeirləri daha təsirli olub. Son şeirlərim çox fərqlidir. Əvvəllər obrazlı şeirlər yazırdımsa, son 10-15 ildir daha sadə şeirlər yazıram, gözəlliyi sadəlikdə axtarmağa başlamışam. Obrazlı şeirdə yazacağımı yazdığımı düşünürəm. Fərqli şeirlərə ehtiyac duydum. Orxan Vəli şeirinə meyilləndim. Həyatım boyunca Orxan Vəlidən heç vaxt təsirlənməmişəm, amma həmişə də həsəd apardığım bir şair olub. Ondakı sadəlik və o sadəliyin arxasındakı dərinlik xoşuma gəlirdi. Mən daha gec yaşlarda o sadəliyə çatdım. Hiss edirəm ki, oxucular da sevgiylə qarşıladılar. Ümumiyyətlə, oxucudan məmnunam, kitablarım satılır. Görünür, yaxşı kitablardır (gülürük).
Şahanə MÜŞFİQ
525-ci qəzet.- 2019.- 12 oktyabr.- S.9.